Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə
19 iyul 2024
# 09:00

Kulis.az Qustav Floberin "Ölüm saatı" novellasını təqdim edir.

1837-ci ildə Floberin on altı yaşı vardı və o vaxta qədər artıq, qələmini ədəbiyyatın müxtəlif formalarında yoxlamışdı. Əlbəttə, çox da ciddi yazılar deyildi, amma hamısında gələcəyin böyük yazıçısının nəfəsi və axtarışları hiss olunurdu. Aşağıda sizə təqdim etdiyimiz bu novella da həmin dövrün məhsuludur. Flober bu novellanı 1937-ci ilin yanvar ayında yazmağa başlayıb, amma müəyyən səbəblərdən yarımçıq qalıb. Yüz altmış dörd il çap olunmağı gözləyən novella 2001-ci ildə gün işığına çıxıb.

Ölüm saatı

- Sizin ağlınız nə kəsir? – rahib soruşdu. – Sizcə bu sirr özündə nəyi gizlədir?

Rable. “Qarqantüa və Pantaqrüel"

Ömrümə nə qədər qaldığını öyrənmək üçün saata baxdım. Təxminən bir saat. Masanın üstündə isə həyat adlanan acılı-şirinli sarsaq günlər silsiləsini təşkil edən hadisələri əks etdirmək üçün kifayət qədər kağız var.

Darısqal otağımın tavanı alçaqdır, pəncərələr bərk-bərk bağlanıb, qapıdakı açar deşiyinə də xəmir tıxamışam. Közlər alışmağa başlayıb, demək, ölüm tezliklə gələcək. Mən həyatın məni dəqiqəbədəqiqə necə tərk edib, əbədiyyətə yaxınlaşdırdığını sakitcə izləyə bilərəm.

I

Əgər adamın iyirmi beş min livri varsa, yaraşıqlıdırsa, hündür boyludursa, mütənasib quruluşa malikdirsə, ailədə onu sevirlərsə, hər axşam teatra gedirsə, zövqünə görə yaşayırsa, iştahla yeyib rahat yatırsa, onda həmin adama xoşbəxt deyirlər. Köhnə məsəldir, amma yalandır.

Mənim iyirmi beş min livrim var, doğmalarım məni sevir, Avropanın az qala bütün teatrlarında olmuşam, iştahla yemişəm, rahat yatmışam, heç vaxt mədəm ağrımayıb, axsaq, qozbel deyiləm – və o qədər xoşbəxtəm ki, bu gün, on doqquz yaşında özümü öldürürəm.

II

Bir dəfə - yadımdadır, onda mənim on yaşım vardı – anam mənə dedi ki, qəsrin yanındakı gölün ətrafında bitmiş şabalıd ağacların yanına oynamağa gedim. O ağaclar indiyə nə qədər böyümüş olar! Mən getdim, amma Leliya yanıma gəlmədi, qorxdum ki, birdən xəstələnmiş olar. Evə qayıtdım, heç kim yox idi. Qapıdan böyük qara parça asmışdılar. Bacımın otağına gedə-gedə yadıma düşdü ki, bir həftədən çoxdur bacım mənimlə oynamır.

Onun otağına qalxdım. İçəridən iki qadın vardı, onlar tez-tez qəsrimizə nəzir üçün gəlirdilər. Əllərində ağ mələfəyə bükülmüş ağır bir şey tutmuşdular.

Bu, o idi.

O vaxtdan tez-tez nə üçün kədərli olduğumu soruşurlar.

III

Bu, o idi, mənim bacım! Ölmüşdü, nəfəs almırdı!

Tezliklə gecə düşdü. Həmin gecə necə də uzun və acı idi!

Qara geyimli arvadlar bacımın meyitini çarpayıya uzatdılar, üstünə gül ləçəkləri və müqəddəs su səpdilər. Günəşin ölü baxışları kimi soyuq, qırmızı şüaları pəncərədən yoxa çıxandan, gün batandan sonra isə iki dənə balaca şam yandırıb gecə masasının üstünə qoydular, diz üstə çökdülər, mənə də dedilər ki, onlarla bir yerdə dua edim.

Mən dua edirdim. Bacardığım qədər ürəkdən dua edirdim. Amma əbəs yerə... Leliya tərpənmirdi!

Uzun müddət başımı soyuq mələfəyə söykəyib diz üstə qaldım. Sakit-sakit ağlayırdım, amma qorxu içində idim. Mənə elə gəlirdi ki, ağlaya-ağlaya, canımı dualarla incidə-incidə mələfənin altından başı və ayaqları qabarmış bu bədənin tərpənməsinə, hərəkət etməsinə nail olacağam.

Yazıq, sadəlövh uşaq! Duanın ölü bədənə həyat qaytara biləcəyinə inanırdım – nə qədər axmaq idim!

HEÇ NƏyi ayıltmaq ümidi ilə dua edib ağlaya-ağlaya meyitin yanında keçirtdiyi gecənin uşağa necə təsir etdiyini heç kim bilə bilməz! O uşağın iki şam işığında, pulla tutulmuş iki qadının əhatəsində, onların yalançı göz yaşlarının, monoton səslərinin, naşı dualarının əhatəsində keçirtdiyi gecənin nə qədər ağır olduğunu da heç kim bilə bilməz.

Səhər açıldı.

Dan söküləndə, şamlar yanıb qurtaranda qadınlar məni tək qoyub getməyə hazırlaşdılar. Mən də onların dalınca qaçdım. Ayaqlarından, ətəklərindən yapışdım, bədənimi soyuq tər basdı, qışqırmağa başladım:

- Bacım! Mənim bacım! Hə, Leliya! Hanı o?

Qadınlar təəccüblə mənə baxdı.

- Mənim bacım! Siz dediniz dua edim, mən də dua etdim ki, o qayıtsın. Siz məni aldatdınız!

- O dua bacının ruhunu rahatlatmaq üçün idi.

Onun ruhu? Ruh nədir? Mənə tez-tez Tanrı haqqında danışmışdılar, ruh haqqında isə heç vaxt.

Tanrı. Bunu başa düşürdüm, ən azı, kimsə məndən Tanrının kim olduğunu soruşsaydı, Leliyanın sarıköynəyini götürüb boğazını üzərdim və deyərdim: “Mən də Tanrıyam!” Amma ruh. Ruh? O nədir?

Bunu onlardan soruşmaq istədim, amma qadınlar getdilər.

Onun ruhu! Bu qadınlar məni aldatdı. Axı mənə lazım olan tək şey Leliya idi! O mənimlə çəməndə, meşədə oynayırdı, otların üstündə uzanırdı, gül ləçəklərini yolub küləyə sovururdu. Mənə Leliya lazım idi, mənim mavi gözlü, qəşəng bacım. Sevimli oyuncağını, quzusunu və sarıköynəyini öpdüyü kimi məni də öpən Leliya. Yazıq bacım! Mən ağlaya-ağlaya sənin haqqında soruşurdum, amma qəddar adamlar deyirdi: “Yox, sən onu görməyəcəksən, sən onun üçün yox, onun ruhu üçün dua edirdin! Sənin duan görünməyən, bilinməyən bir şey üçün idi!”

Ruh! Onun ruhu! Mən onu qəbul etmirəm, onu qınayıram, onun haqqında fikirləşmirəm. Onun ruhu nəyimə lazımdır? Siz onun ruhunun nə olduğunu bilirsiniz? Mənə onun özü, bədəni, baxışları, həyatı lazımdır! Siz onu mənə qaytara bilmədiniz.

O qadınlar məni aldatdı, mən də onları lənətlədim.

Lənət mənim – axmaq filosofun üstünə düşdü. Mən sözləri oxumamış başa düşə bilmərəm, ruhu hiss etməmiş başa düşə bilmərəm, mən Tanrıdan qorxa bilmərəm. Mən də Esxilin Prometeyi kimi, ona meydan oxuyurdum. Mənim ona olan qınağım və nifrətim lənətdən daha böyükdür.

IV

Tez-tez günəşə baxıb özlüyümdə ona müraciət edirdim: “Nə üçün hər gün bu qədər əzabı aydınladırsan, bu qədər ağrı-acını aşkara çıxarırsan?”

Tez-tez özümə müraciətlə deyirdim: “Sən nə üçün mövcudsan? Sən ağlayırsan, bəs onda nə üçün göz yaşlarını bircə əmin hərəkətlə qurutmayasan? Heç Tanrı özü də sənə mane ola bilməsin”.

V

Mən çıxış yolu tapdım və bu mənim təəssüfləndiyim yeganə şeydir, çünki təəssüflənməli başqa heç nəyim yoxdur. Mən adamları nə pis, nə yaxşı, nə təmiz, nə də günahkar hesab etmirdim və bilirdim ki, bu mənim iradəmdən asılı deyil, instinktə boyun əyirəm, mən taleyə qarşı çıxa bilmərəm, o məndən daha güclüdür, buna görə də düşmənimin axmaqlıqları mənə təsir etmirdi. Və qərara gəldim ki, mən elə beləcə də yaşamalıyam, indi öldüyüm kimi – şən və rahat. Tanrını lənətləmək yerinə onu ələ salmalıyam, ona meydan oxumalıyam, göz yaşlarımı gülüşümün arxasında gizlətməliyəm, rahat olmalıyam, hər şeyi yaddan çıxartmalıyam və sevgini tapmasam, özümü həzzə təslim etməliyəm.

VI

Adamları tanıyan kimi xəyal qırıqlığı yaşadım.

On iki yaşım olanda məni kollecə göndərdilər. Dünyanı orda tanımağa başladım: axmaqlıqlar, ehtiraslar, intriqalar, qəddarlıq. Mən orda gücün hakimiyyətini gördüm – Tanrının böyüklüyünün gizli sirrini. Adamları günahlara aparan şeyləri tanıdım, bir də böyüyüb yetkinləşən uşaqları.

VII

........

Yanvar 1837

Tərcümə: Həmid P.

# 3884 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #