Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?
18 dekabr 2024
# 15:35

Kulis.az Tanrıverdi Əliyevin "Klassik şeir və müasir şeirin təhlil metodları haqqında bir neçə fikir" adlı yazısını təqdim edir.

Poeziya nümunələrinin təhlili zamanı müəyyən metodlar vardır ki, onlardan istifadə edilir. Bu metodlar həmin nümunənin yazılma tarixinə görə dəyişə bilər. Məsələn; Şərqi İslam klassik şeir nümunələrini təhlil edərkən irfan, klassik fəlsəfə ( hikmətil-məşşaiyə, hikmətil-işraqiyyə və hikmətil-mütəaliyyə), əruz vəzni, klassik estetika və poetika, sərf, nəhv, lüğətşünaslıq, kəlam, Quran, Hədis və.s kimi elmlər bizlərin köməyinə çatır.

Məsələn; Məhəmməd Füzulinin bu beytini yuxarıda sadalanan elmlərlə təhlil edək:

"Necə təqrir edəyim vəsfini bir şahin kim,
Ona vəssaf ola Yasin-u müərrifi-Taha".

Beyt əruz vəznində (FəilAtün-FəilAtün-FəilAtün-FAil) təfilələri ilə rəməl bəhrində qələmə alınmışdır.

Göstərilən nümunədə ərəb-fars ibarələri mövcud olduğu üçün mütləqdir ki, tərcümə etməliyik:

"Mən o şahın vəsfini necə yazım ki, onun təfsiri üçün Yasin və tanıtımı üçün Taha sürələri göndərilib" - beytin məzmunu bu şəkildədir.

Biz beytdə irfani alleqoriyalardan istifadə edildiyini müşahidə edirik. Artıq bunun üçün irfan və təsəvvüf bizim köməyimizə çatır. Lakin Məhəmməd Füzuli bilinən heç bir təsəvvüfi təriqətin üzvü olmadığı üçün alleqoriyaları sırf irfan və fəlsəfə üzərindən özü yaratmışdır. Halbuki, təriqət üzvü olan şairlər məxsus olduğu təriqətin ideyalarını bədii təsvir və ifadə vasitələri ilə bəzəyib nəzmə çəkmişdirlər.

Qeyd edilən beytdə Taha, Yasin, Şah kimi irfani anlamlı sözlər istifadə edilib. Biz İbn Ərəbinin Təsəvvüf sözləri lüğətinə nəzər yetirsək görəcəyik ki, şah sözünün mənası könüllər fatehi, yəni könülləri fəth edən şah anlamını ifadə edir. Taha və Yasin sözləri isə Məhəmməd Peyğəmbərin nişanələrindəndir. Beytdə qeyd edilir ki, onun yəni Məhəmməd peyğəmbərin vəsfini vermək çətindir, çünki Allah onun varlığını Taha surəsi ilə mahiyyətini isə Yasin surəsi ilə ifadə edibdir.

Burda Molla Sədranın idealist ontologiyası sadə dildə desək ideal varlıq anlayışı dövrəyə daxil olur. Belə ki, Sədra və digər ontoloqlara görə hər bir varlığı ifadə etmək üçün mahiyyətə ehtiyac vardır. Məhəmməd peyğəmbərin mahiyyətini yəni peyğəmbərlik və məsumluq mərtəbəsini ideal olaraq tanıtmaq üçün Taha və Yasin surələri nazil edilmişdir. Burda da, əslində, hiperbolik simvol ortaya çıxır.

Qeyd etdiyimiz kimi klassik şeirlərdə çox vaxt məna gizliliyi olduğu üçün biz həmin nümunələrin mənalarını açmaq məcburiyyətindəyik. Lakin modern şeirdə məna alleqoriya ilə gizlənmədiyi üçün bir o qədər də təhlil zamanı sıxıntı yaşanılmır. Düzdür, simvolizmdə vizual ya da souns poeziyada mənalılıq səsdə, görüntüdə ya da simvolda ola bilər, lakin həmin mənalar artıq modernizm cərəyanının təsiri ilə oxucunun özünün dərketmə qabiliyyətinə həvalə edilmişdir. Halbuki, biz klassik şeirə subyektiv yanaşa bilmirik, çünki demək olar ki, bütün klassik şeirlərdə irfani mənalandırma metodundan istifadə olunmuşdur.

Biz müasir şeir nümunələrinə nəzər yetirdikdə ilkin olaraq ədəbi-estetik cərəyana, şeirin ərsəyə gəldiyi dövrün ictimai-siyasi vəziyyətinə, sənət sənət üçündür, yoxsa sənət cəmiyyət üçündür nəzəriyyəsinə, müasir fəlsəfəyə, linqvistikaya və s. digər elmlərə nəzər yetirilir.

Məsələn, Vaqif Səmədoğlunun bu şeirinə diqqət yetirək:

"Allah
gündə bir kərpic düşür
ömrümün sarayından...

Allah
gündə bir kərpic düşür
ömrümün...

Allah
gündə bir kərpic düşür...

Allah
Gündə bir kərpic...

Allah
gündə bir...

Allah
gündə...
Allah".

Şeir sərbəst ölçüdə mərtəbəli şəkildə qələmə alınmışdır. Əslində, sərbəst şeirin bu növünün özündə vizual simvolik məna vardır. Belə ki, şeirdə sözlər mərtəbə düşdükcə azalır, bu da insan ömrünün sonlanmasını təmsil edir. Sonda insan öləndə Allahın adını zikr edir. Dolayı yol ilə əslində Vaqif Səmədoğlu öz şeirində termodinamikanın II qanunu olan entropiyaya toxunmuşdur. Alliterasiya və assonanslara nəzər etdikdə görürük ki, şeirdə cingiltili samit səslər və sait səslər çoxluq təşkil edir, bu da şeirin axıcı olmasına dairdir. Şeirin axıcı olmasının səbəbi isə həyatın gəlib-gedərli su kimi axarlı olmağını ifadə edir. Biz bu mərtəbəli sərbəst şeir üslubunu Mayakovskidə və Nazim Hikmətdə də görə bilirik. Nazim Hikmətin "Salkım söğüt" şeirinə diqqət edək:

"Akıyordu su

gösterip aynasında söğüt ağaçlarını.

Salkımsöğütler yıkıyordu suda

saçlarını!

Yanan yalın kılıçları çarparak

söğütlere

koşuyordu kızıl atlılar güneşin battığı yere!

Birden

bire kuş gibi

vurulmuş gibi

kanadından

yaralı bir atlı yuvarlandı atından!

Bağırmadı,

gidenleri geri çağırmadı,

baktı yalnız dolu gözlerle

uzaklaşan atlıların parıldayan nallarına....

Ah ne yazık!

Ne yazık ki ona

dörtnal giden atların köpüklü boynuna bir daha yatmayacak,

beyaz orduların ardında kılıç oynatmayacak!

Nal sesleri sönüyor perde perde,

atlılar kayboluyor güneşin battığı yerde!

Atlılar atlılar kızıl atlılar,

atları rüzgâr kanatlılar!

Atları rüzgâr kanat...

Atları rüzgâr...

Atları...

At...

Rüzgâr kanatlı atlılar gibi geçti hayat!"

Şeirin əvvəlləri tabloaltı poeziya ilə, yəni söyüd ağacının metaforik təsviri ilə başlayır. Şeirdə qızıl atlılar və bəyaz atlılar Sovet Qızıl ordusunu və Çar ağ qvardiyaçılarını simvolizə edir. Şeirdə "birdən birə" misralara bölünmüş şəkildə yazılmışdır. Əslində, bunun səbəbi əsgərin güllə ilə yaralanma anını (slow mothion kimi) izah edir. Yəni sərbəst şeirdə mərtəbəli misra yazmaq təsadüfi hal deyil, hansısa fikiri vizual ya da səsli şəkildə ifadə etməkdir. Daha sonra Vaqif Səmədoğlunda gördüyümüz misra-misra sözlərin azalmasını müşahidə edirik. Burda isə sözlərin azalması atların gedişatına işarədir. Yəni şair atlar gedərkən səslərinin azalmasını göstərir. Burda da Doppler effektindən bəhs etmək olar. Qeyd etdiyimiz bu effektə görə səsin qaynağı olan fenomen müşahidəçidən uzaqlaşdığı zaman dalğalar genişlənir və tezlik azalar, bu da səsin get-gedə azalmasına gətirib çıxardar. Bu misralara biz fenomenoloji aspektdən də yanaşa bilərik. Belə ki, fenomenoloq Edmund Husserlə görə müşahidəçi bir cisimi subiyektiv olaraq müşahidə etdikdə düşüncəsi həmin cisimin varlığına və mahiyyətinə doğru yönələr. Şeirdə də yaralı əsgərin düşüncəsi atların üstündəki suvarilərin döyüşə getməsidir. Şeirin sonlarında "Rüzgâr kanatlı atlılar gibi geçti hayat!" misrası diqqətə çarpır. Bu misrada cingiltili samitlərin çoxluğu və saitlərin yerli-yerində işlənməsi axıcılıq yaradır. Burda da həyatın axıb-gedərli olmasına toxunulur. Əslində, şeirə diqqət yetirdikdə kar samitlərin çoxluğu daha çox diqqət cəlb edir, bu da cəng və müharibə ab-havası yaradır.

Haşiyə:

Sərbəst şeirdə souns poeziyanın təşəkkül tapması Pol Verlenin və Şarl Bodlerin adı ilə bağlıdır. Belə ki, Pol Verlenə görə bir fikirin poetik, estetik və bədii ifadəsi üçün qafiyə sistemi ən böyük maneədir.

Nədir bu qafiyədən çəkdiyimiz zülm,
Hansı kar uşaq ya da cahil zənci,
Müsəllət etdi bunu başımıza.
Xof səslər çıxarır qafiyələr.

Ümumiyyətlə, həmin dövrlərdə souns poeziya yəni səs üstündə qurulan şeirlər fransada yazıldığı üçün qafiyə birmənalı olaraq şeirin estetikasını pozurdu. Əslində, qafiyə özü səs bənzərliyi vasitəsi ilə bədiilik və estetika yaradır, lakin sözügedən dövrlərdəki fransız şairləri səsin gözəlliyini qafiyədə yox, birbaşa şeirin tərkib hissəsindəki sözlərdə axtarmağa başladılar. Məsələn, külək haqqında yazılan şeirlərlə, ah, of, uhh kimi havaaxını nidaları istifadə edilirdi. Qafiyənin yoxa çıxması və şeirin stixometrik baxımdan dəyişməsi enjamben janrının inkişafına və souns sərbəst şeirin yaranmasına səbəb olmuşdur ki, sonralar ekspressionistlər, impressionistlər və kubistlər bu şeiri tabloaltı və vizual poeziyaya çevirməyi bacarmışdırlar.

Pol Verlenə görə sənətkar danışan deyil, hiss etdirəndir, oxucu isə anlayan deyil, hiss edən olmalıdır. Bunu da musiqi və poeziyanı sintez edərək 7,9,11,13 hecalı şeirlər yazıb oxucuya təqdim etmişdir.

Nazim Hikmət və digər sərbəst şeir ustadları Pol Verlenin səs və şeir estetikasından istifadə edərək qafiyəsiz amma musiqili poeziya ərsəyə gətirmişdilər. Salkımlı söğütlər və Allah (şərti olaraq) şeirini təhlil edərkən linqvistikaya, müasir fəlsəfəyə, fizikaya, qərb estetikasına müraciət etdik. Nəticədə onu deyə bilərik ki, klassik və modern şeirlərinin hər birinin özünəməxsus təhlil metodologiyası vardır.

# 2015 dəfə oxunub

Oxşar xəbərlər

Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

17:00 16 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
#
#
# # #