"Onun adı musiqi kollecindən də götürülüb..." - Asəf Zeynalıyya Fəxri xiyabanda yer yoxdur?

"Onun adı musiqi kollecindən də götürülüb..." - Asəf Zeynalıyya Fəxri xiyabanda yer yoxdur?
5 aprel 2024
# 11:58

Bu gün Azərbaycanın ilk romans müəllifi, nakam ömürlü Asəf Zeynallının doğum günüdür. Bir neçə il əvvəl, pandemiya vaxtı, təxminən, bu vədələrdə Asəf Zeynallının məzarının baxımsız vəziyyətə düşməsi ilə bağlı sosmediada video yayılmışdı.

Həmən vaxtı biz mərhum bəstəkarımızın ailə üzvlərini tapıb danışırdıq. Məsələyə aydınlıq gətirildi.
İzah üçün qeyd edim ki, söhbət bəstəkarın yaşı yetmişi haqlamış qardaşı, bacısı övladlarından gedir. O zaman ailə üzvləri məsələ qaldırmışdılar ki, ilk romansımızın müəllifi olan Asəf Zeynallının məzarı Fəxri xiyabana köçürülsün ki, onun sağ qalan qohumları da dünyasını dəyişəndən sonra (Allah gecindən versin) məzar baxımsız hala düşüb, itməsin.

O vaxt mənim də təşəbbüsümlə bu məsələni Milli Məclisin Mədəniyyət komitəsinin mərhum rəhbəri Qənirə xanım Paşayevaya da çatdırdıq. O da bu işin həllini tapacağını öhdəliyinə götürdü. Lakin sonradan təəssüf ki, nakam ömür Asəf Zeynallı kimi Qənirə xanıma da vəfa eləmədi. Bu məsələ tamamlanmamış qaldı.

Düşünürəm, bəstəkarın ad günündə bu məsələni yenidən aktuallaşdırmaqda fayda var. Ümid edirəm, məsələ tezliklə həllini tapar, mərhum bəstəkarımızın ruhu əbədi rahatlıq tapmaq və gələcək nəsillər tərəfindən xatırlanmaq üçün Fəxri xiyabana köçürülər.

Mirmehdi Ağaoğlu

Kulis.az Asəf Zeynallının ailə üzvləri ilə müsahibəni təqdim edir.

- Bir neçə gün əvvəl mərhum bəstəkar Asəf Zeynallının qəbrinin ot basmış fotosunun yayılması birmənalı qarşılanmadı. Asəf Zeynallının ailəsi kimi, Sizin bu məsələyə münasibətiniz necə oldu?

Arif Zeynalov (Asəf Zeynallının böyük qardaşı Əhədin oğlu): Bu məsələyə münasibət necə ola bilər? Bu belə şeydir ki, heç düşmənimə də belə vəziyyətə düşməyə arzulamazdım. Hamı bilir ki, biz əmimin məzarına bu illər ərzində necə baxmışıq. İndi birdən-birə gəlib bizim haqqımızda danışırlar ki, guya heç bilmirik Asəf Zeynallı harda basdırılıb, yerini də tanımırıq. Bu, insana yaraşan söhbət deyil. Bütün nəsil bizi tanıyır, hər şeyi də bilir. Bizim xaricdə yaşayan nə qədər qohumumuz var, hamısı narahat olub zəng vurur ki, nə məsələdir? Asəfin qəbrinə noolub?

- Yəni Siz qəbri mütəmadi ziyarət edirsiniz?

A.Z.: Əlbəttə, buna söz yoxdur.

- Dedilər, qəbri ot basıb.

A.Z.: Onsuz olmaz ki, adicə bağda dünən təmizlədiyin yerdən bu gün ot çıxır. Mənim 82 yaşım var. Koronavirusa görə bizə küçəyə çıxmaq qadağan olunmuşdu, ona görə də bircə bu dəfə - karantin üzündən aprelin 5-i, Asəf əmimin doğum günündə qəbrini ziyarət edə bilmədik, qalan vaxt həmişə getmişik, bir vaxtlar onun adını daşıyan Musiqi Kollecində hər il təntənəli tədbirlər keçirilib, biz hamımız həmişə o tədbirlərdə iştirak etmişik.

Elşanə Ağasiyeva (Asəf Zeynallının qardaşı qızı Tamaranın övladı): Qəbiristanda qəbirlərə qulluq edən bir kişi var. Biz hər dəfə ona pul veririk, o da bizim qəbirlərə baxır. Bu söhbət çıxandan sonra Tamerlan dayım zəng edib soruşdu, məlum oldu ki, həmin kişi xəstəxanaya düşüb. Təsəvvür edin, o da gedib qəbri təmizləyə bilməyib, biz də hamımız koronavirusa görə gəlib bağa yığışmışıq, burdan çıxa bilmirik. Bu ot da ay yarım ərzində çıxıb. İnsanlar da bu cür reaksiya veriblər. Əslində, bu reaksiya onun ailəsi olaraq bizi həm də sevindirdi. Həqiqətən, biz gördük ki, xalq Asəf Zeynallını çox istəyir.

A.Z.: Biz həmişə oranı ziyarətə gedirik. Orda təkcə Asəf Zeynallı yox, başqa qohumlarımız da dəfn olunub. Vaxtilə ora bomboş yerlər idi, hər tərəf qəbirlərlə dolub, ayaq qoymağa yer yoxdur.

- Bildiyim qədəri ilə Asəf Zeynallı 1932-ci ildə Çəmbərəkənd qəbiristanlığında basdırılıb, sonralar indiki qəbiristanlığa köçürülüb.

A.Z.: Düzü qəbrinin köçürülməsi mənim yadıma gəlmir, onda uşaq idim. Asəf Zeynallı vəfat edəndə əvvəlcə Çəmbərəkənddə, indiki Dağüstü Parkda basdırılmışdı. O vaxt orda park salınanda bütün qəbirlər köçürüldü, o cümlədən də Asəf Zeynallının qəbri. Atamgil onun qəbrini gətirib indiki yerdə basdırdılar. O vaxt ora internasional məzarlıq sayılırdı. Müsəlman, xristian, yəhudi olsun, fikir verən yox idi. Həm də əmim basdırılanda o ərazilər bomboş idi. Atamgilin şəkli də var, qəbrin ətrafında dayanıblar, ətraf isə bomboşdur. Sonralar Böyük Vətən müharibəsi oldu, həmin yerlər müxtəlif millətlərin, əsirlərin qəbirləri ilə doldu.

- Asəf Zeynallı Azərbaycanın ilk peşəkar bəstəkarı, ilk romansımızın müəllifi olub, az yaşamasına baxmayaraq, özündən sonra xeyli əsər qoyub gedib. Nə əcəb bu vaxta kimi onun Fəxri Xiyabanda basdırılması ilə bağlı məsələ qaldırılmayıb?

A.Z.: Biz dəfələrlə yuxarı dairələrə müraciət eləmişik. “Baksovet” də bizə yazıb ki, indi yazıçı, bəstəkar çoxdur, hamısını Fəxri Xiyabanda basdırmağa imkan yoxdur. Hardasa on il əvvəl belə deyiblər.

- Məsələ gündəmə gəlmişkən, bəlkə, yenə də müraciət edəsiniz?

A.Z.: Dəfələrlə müraciət olunub. Demək olar qəzetlərdə onun haqqında gedən bütün yazılarda bu müraciətlər verilib. Elə bir vaxtlar onun adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov özü dəfələrlə bunun üçün çalışıb.

E.A.: Biz onun adının kollecə bərpa edilməsi ilə bağlı da dəfələrlə müraciət etmişik.

- Deyəsən bir dəfə də qəbir daşından Asəf Zeynallının şəkli oğurlanıb.

A.Z.: Hə, elə bir şey olub. Qəbir daşının üstündə bürüncdən barelyef vardı, onu oğurlamışdılar. Biz də Tamerlanla (Asəf Zeynallının qardaşı Cəfərin oğlu) gedib mərmərdən qəbirüstü abidəsini düzəltdirdik. Asəf əmim birinci dəfə dəfn ediləndə qəbri dövlət tərəfindən götürülmüşdü, lakin bu yerə köçürüləndən sonra abidəsini atamgil özü düzəltdirib. Yenə deyirəm, indiyə kimi biz hər dəfə doğum və ölüm günlərində, Novruz bayramında qəbri ziyarət etmişik.

- Maraqlıdır ki, Asəf Zeynallının adı birinci dəfə Üzeyir Hacıbəylinin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına verilib, lakin Üzeyir bəyin vəfatından sonra ailənizə təklif edilib ki, konservatoriyadan Asəfin adı götürülüb Musiqi texnikumuna verilsin, ailəniz də razılaşıb.

A.Z.: Bəli belə şey olub. Azərbaycan Dövlət Konservatoriyası 20 ildən çox Asəf Zeynallının adını daşıyıb. Üzeyir Hacıbəyovun vəfatından sonra onun adını Konservatoriyaya vermək istəyəndə atamdan icazə alıblar ki, Asəfin adını ordan götürüb texnikuma verək, atam da razılaşıb. Lakin 2000-ci ildə Musiqi Texnikumu kollecə çevrildi, Asəf Zeynallının adı da götürüldü. Biz dəfələrlə Musiqi Texnikumuna adının bərpa olunması üçün müraciət etmişik.

E.A: Keçən il Asəf Zeynallının 110 illiyi münasibəti ilə Dərbənd Cəmiyyəti məktubla adının bərpa edilməsi və Fəxri Xiyabanda dəfn edilməsi ilə bağlı müraciət yazmışdı. Amma hələ ki, bir nəticə yoxdur.

A.Z.: İçimdə belə bir istək var ki, heç olmasa indi, Asəf Zeynallının adı təzədən hallanmışkən, bəlkə, bu məsələyə baxıla. Asəf Zeynallı cəmi 23 il yaşayıb, amma nə qədər böyük əsərlər yaradıb, elə təkcə “Ölkəm” romansı hər şeyi deyir.

- Asəf Zeynallı nədən vəfat edib?

A.Z.: Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunublar. Gələndən sonra xəstəxanaya düşdü, qısa müddətdə də öldü.

- Mən bir mənbədə oxumuşdum ki, onun ölümündə erməni barmağı da var.

E.A.: Ola bilər.

Səidə xanım (Arif Zeynalovun həyat yoldaşı): Bizdə Asəf Zeynallının yazdığı məktub var. Həmin məktubda ermənilərdən şikayətlənir. İstəyirsiniz oxuyum.

Məktubu gətirib rusca oxuyur. Mən onu sizin üçün tərcümə etməyə çalışacam.

“Musiqi Məktəbinin müəllimi və Azərbaycan Dövlət Konservatoriyasının dördüncü kurs tələbəsi Asəf Zeynallıdan ərizə. Bir il əvvəl Konservatoriyanın ictimai həyatında aktiv rol alan biri kimi mən müəyyənləşdirdim ki, Texnikumun qaboy sinfinin şagirdi Suren Ayrapetyan fəhlə və partiyalı olmasının nüfuzu arxasında gizlənərək olduqca ehtiyatla Konservatoriyada olan türklərin (azərbaycanlıların - M.A.) təqib olunması siyasətini həyata keçirir. Bu məqsədlə ən müxtəlif şayiə və intriqalardan istifadə edir.

Bundan o qədər əmin idim ki, hətta hamı içində onu tənbeh etməkdən çəkinmədim. Bu cəsarətimin əvəzində mən “şovinist” adı ilə ləkələndim.

O vaxtdan başlayan böhtanla mübarizə aparmağa gücüm çatmadı. Mənim bir əlacım qaldı ki, ictimai arenadan çəkilərək akademik işlərimlə məşğul olum.

Lakin Konservatoriyanın ictimai həyatından çəkilməyim Ayrapetyan üçün qaneedici olmadı.

Ayrapetyan məni bu il, indi konservatoriyadan qovdurmaq istəyi ilə alovlanır, çünki gələn il gec olacaq, mən təhsilimi bitirəcəm”.

A.Z.: Bu məktubun məndə orijinalı qalır. Bax, ermənilər ona qarşı bu işləri görüblər.

E.A.: Ermənilər bəhanə gətirirdilər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə, - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub, daha çox diqqət ayırır, ermənilərə yox. Bir də ki, o Qarabağa ezamiyyətə getmək istəmirdi, deyirdi, bitirmək istədiyi əsəri var.

- “Bakı” simfoniyasının üzərində işləyirdi.

E.A.: Bəli. Deyirmiş ki, qalıb həmin əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. O, çox sağlam adam olub. Anam danışırdı ki, dənizə gedəndə Asəf kilometrlərlə üzürmüş. O dərəcədə sağlam adam olub. Heç vaxt xəstələnmirmiş. Sadəcə, ezamiyyətdə ona bir stəkan su verirlər, içir. O, sudan bir qurtum içəndə deyib ki, su xoşuma gəlmir, yanındakı kim olursa təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də bizimkilərə belə dedilər ki, qarın yatalağından ölüb. Halbuki qarın yatalağı olsaydı, başqalarına da keçərdi. Deməli nəsə başqa səbəb olub.

- Suyu kim veribmiş?

A.Z.: Bu, dəqiq bilinmir.

- Onun cavan ölməyini də hardasa bu məktuba, ermənilərin fəaliyyətinə bağlamaq olar?

A.Z.: Birbaşa demək olmasa da, dolayı yolla demək olar. Mümkündür.

- Ölüm ayağında Asəf Zeynallı “Bakı” simfoniyasının müəyyən parçalarını palatanın divarına yazıbmış. Nə əcəb o vaxt kimsə onun üzünü köçürməyib?

E.A.: O vaxt bütün ailə, dostları bu qəfil ölümdən şokda olub. Kimin ağlına gələrdi ki, gedib divara yazılan notları köçürsün?

Bu vaxt əli əsalı, yaşlı bir kişi içəri daxil olur. Asəf Zeynallının qardaşı Cəfərin oğlu Tamerlan Zeynalov olduğunu deyir. O da söhbətə qoşulur.

Tamerlan Zeynalov: Bilirsən necədi, oğlum? Hər insan bu dünyadan bir iz qoyub gedir. Bu insan cəmi 23 il yaşasa da, ad qoyub gedib. Üzeyir bəyin ən istəkli şagirdi olub. O vaxt bir dəfə Moskvaya uçanda təyyarədə bəstəkar Tofiq Quliyevlə yol yoldaşı oldum. O heç bilmirdi ki, Mən Asəf Zeynallının qardaşı oğluyam. Ondan soruşdum ki, Tofiq Ələkbəroviç, siz o qədər mahnı yazmısız, hamısı dillər əzbəridir, bəs birinci mahnınız hansıydı? Dedi bilirsən nə var, o vaxt bizimlə bir tələbə də oxuyurdu. O adam Allah vergisi idi, tələbə ola-ola bizə dərs də deyirdi. Adı da Asəf Zeynallı idi. Bir gün çağırdı, Sabirin “Dərsə gedən bir uşaq” şeirini mənə göstərdi, tapşırdı ki, buna bir mahnı yaz. Gəldim evə, yazdım-pozdum, səhər konservatoriyada yazdığımı Asəf müəllimə göstərdim. Xoşuna gəldi. Yəni mən Asəf Zeynallının xeyir-duası ilə bəstəkar oldum. Bunu Tofiq müəllim sonralar Asəf haqqında çəkilən sənədli filmdə də deyib. Mən dəfələrlə adamlar görmüşəm ki, deyiblər biz Asəf Zeynallının çörəyini yeyib, bu səviyyəyə gəlmişik. Deməyim odur ki, 23 il yaşayasan, bu boyda iz qoyub gedəsən, hər adama nəsib olmur. İndi internetdə yazırlar ki, Asəf Zeynallının qəbrini ot basıb. Mənim bacım da, əmim də, nənəm də orda, Asəf əmimin yanında dəfn olunub. Mən Novruz bayramında səməni, xonça ilə getmişəm, qəbirləri ziyarət etmişəm. Onda qəbri də təmizlətmişəm. Bizim ailədə bir Asəf də var, mənim kiçik qardaşım, Arif müəllimin atası qardaşıma əmimin adını qoyub. Həmin qardaşımla aprelin 5-i də gedib qəbri ziyarət elədik. Onda qəbir təmiz idi. Sonra araya bu şoğərib koronavirus düşdü.

- Yəni Siz martda da qəbri ziyarət eləmisiniz, apreldə də.

T.Z.: Əlbəttə, nə danışırsan! Hər il oktyabrın 27-si, bir də aprelin 5-i bizim evimiz dolu olub, bəstəkarlar, qohumlar hamısı Asəf Zeynallını yad etmək məqsədi ilə atamın yanına gələrdi. Çünki Arif müəllimin atası da, əmim kimi tez rəhmətə getmişdi, bir dənə atam Cəfər qalmışdı. Hamısı onun yanına gələrdi. İndiyə kimi biz Asəf Zeynallının doğum-ölüm günündə yığışırıq. Atam gedəndən sonra həmin günlərdə bu kişinin başına yığışırıq (Arif müəllimi göstərir). Kimsə deyirsə ki, qohum-əqrəbası Asəfin qəbrini ziyarət etməyə gəlmir, yalan deyir, belə deyil.

- Bildiyim qədəri ilə Cəfər Cabbarlı ilə möhkəm dost olub, hətta tamaşalarının musiqi tərtibatını o verib.

- Atam danışırdı ki, Cəfər Cabbarlı evə gəlib, yoldaşı görüb ki, kefi yoxdur, nə çay içir, nə də çörək yeyir. Soruşub ki, noolub sənə? Cəfər Cabbarlı da deyib ki, Asəfin dəfnindən gəlirik. Cəfər Cabbarlı Asəfin ölümündən o qədər pis olub ki, üç gün dilinə çay-çörək dəyməyib. Özü də Asəfin cənazəsini aparanda adamlar Opera və Balet Teatrının qabağından keçirmiş. Teatrın orkestri balkona çıxıb musiqi ifa edib, yəni o cür ehtiramla yola salıblar.

- Bu cür istedadlı adamın ilham aldığı bir xanım da olmamış olmazdı.

T.Z.: Mən belə eşitmişəm ki, o vaxtı pianoçu Kövkəb xanım Səfərəliyeva ilə bir-birini seviblər.

E.A.: Elə deyil. O, Leninqradda bir qız sevirdi.

T.Z.: Mən belə bilirəm, Leninqrad məsələsini də eşitmişəm, bunu da eşitmişəm.

- Kövkəb xanımın da heç vaxt ərə getməməsi sanki belə düşünməyə əsas verir.

T.Z.: Bəli, heç vaxt ərə getməyib. Mənim qardaşım Asəfi atam o vaxt Kövkəb xanımın sinfinə qoydu. Asəf hər dəfə içəri girəndə Kövkəb xanımı ağlamaq tuturdu. Atam bunu biləndən sonra qardaşımı Kövkəb xanımın sinfindən çıxardı. Yəni bu ehtimal var ki, bir-birini seviblər, Asəf Zeynallının vaxtsız ölümü ona pis təsir edib və heç vaxt ərə getməyib.

E.A.: Mənim anam Arif müəllimin böyük bacısıdır, Asəf Zeynallını görüb. O danışırdı ki, Asəf gecə-gündüz işləyirdi, sutkada iki-üç saat ya yatardı, ya yatmazdı. Ona görə ki, teatr üçün bütün partituraları redaktə edirdi. Harmoniyanı Asəf Zeynallı kimi heç kəs bilmirdi. Təkcə öz əsərlərini deyil, başqalarının əsərlərini də redaktə edirdi, ezamiyyətə gedir, xalq mahnılarını toplayırdı. Anam danışırdı ki, Asəf Leninqradda konsert verəndə yarı alman, yarı rus bir qızla tanış olub. Məktublaşırmışlar. Asəf Zeynallı anama deyirmiş ki, konservatoriyanı bitirim, Leninqrada gedəcəm, onda səni də özümlə aparacam.

- O məktublar qalır?

A.Z.: O vaxt Asəf Zeynallının yaradıcılığını araşdırmaq adı ilə çox adam bizə gəlirdi. Hətta bir nəfər onun arxivindən xeyli sənəd oğurlamışdı. Biz məhkəməyə də müraciət elədik. Lakin sənədləri qaytara bilmədik. Asəf Zeynallının arxivi indi məndədir. Hələ ki, saxlamışam. O vaxtı Asəf Zeynallının ev muzeyini açmaq istəyirdik, lakin onun bir vaxt yaşadığı ev qalmayıb, yerində Azərbaycan Dövlət akademik Milli Dram Teatrı tikilib. Yəqin ki, gələcəkdə arxivi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə verərəm.

- Asəf Zeynallının ailəsi, nəslinin davamçıları olaraq, arzunuz, istəyiniz nədir?

T.Z.: Asəf Zeynallı heç də digər bəstəkarlardan geri qalmır. Yaşasaydı, Azərbaycan musiqisi üçün çox böyük işlər görəcəkdi, ömür vəfa eləmədi. Üzeyir bəyin tələbəsi olmuş böyük bəstəkarların hamısının məzarı Fəxri Xiyabandadır. Asəf Zeynallı da gərək Üzeyir bəyin yanında olsun. Bizim bir ailə olaraq istəyimiz budur. Allah can sağlığı versin, Prezidentimizin sərəncamı ilə 2009-cu ildə Asəf Zeynallının 100 illiyi keçirildi. Çox sağ olsun. Biz inanırıq ki, bu məsələ də həllini tapacaq. Ailəsi olaraq istəyik ki, onun məzarı Fəxri Xiyabana köçürülsün, bir də adı Musiqi Kollecinə qaytarılsın. O, Azərbaycan xalqının sərvətidir. Belə adamlar yüz ildə bir dəfə gəlir. Özünüz düşünün, cəmi 23 il yaşayıb, bu işləri görüb, gör 70-80 il yaşasaydı, nə əsərlər yaradardı. Mən deyərdim ki, o bizim xalqın Bethoveni, Motsartı olub. Onlar kimi cavan vaxtında böyük əsərlər yaradıb. Baxmayaraq ki, biz heç Asəf Zeynallını görməmişik, amma əmimizin gənc yaşda ölməsindən bu qədər illər ötməsinə baxmayaraq, hələ də bizi göynədir, köhnəlmir. Ay keçir, il dolanır, amma o ağrı bizi tərk etmir. Nə qədər biz yaşayırıq, o ağrı da qəlbimizdə qalacaq.

# 2777 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #