Müharibə haqda yazılan ən gözəl şeir – Günün şeiri

Müharibə haqda yazılan ən gözəl şeir – Günün şeiri
4 avqust 2022
# 11:20

Kulis.az “Günün şeiri” layihəsindən Əhməd Cəmilin müharibə mövzusunda yazılmış ən gözəl şeirlərdən olan “Can nənə bir nağıl de” şeirini təqdim edir.

- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrüm-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...

Əhməd Cəmil — Vikipediya

# 12200 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #