Müəllimi axtarışa verən uşaqlar...

Müəllimi axtarışa verən uşaqlar...
12 avqust 2024
# 12:00

Kulis.az Vüqar Vanın “Nə yazıq bəndəyəm...” adlı yeni yazısını təqdim edir.

Məktəbdə ən hörmət etmədiyim müəllim tarix müəllimi C. müəllim idi.
C. müəllim bizə cəmi iki il dərs dedi. On və on birinci siniflərdə. Məktəbə təzə gəlmişdi. Elə gələn kimi də bizim sinfi ona verdilər. Universiteti bitirib rayona təzə gəlmiş, saf, dürüst, ürəyində müəllimlik peşəsinin ən müqəddəs peşə olduğuna inanan, kimin kim olduğu, kimin hansı evdən gəldiyi, kimin necə oxuduğu haqqında zərrə qədər məlumatlı olmayan, hamıya mehriban və səmimi davranmağa çalışan bir cavan müəllim və məktəbin ən tərbiyəsiz sinfi.

On-on birinci siniflərdə beş oğlan, beş qız qalmışdıq. Qızlar öz işlərində idilər, bəziləri universitetə hazırlaşır, bəziləri də yalandan dərsə gəlib-gedirdilər. Oğlanlardan təkcə mən müəllim yanına gedir, ali təhsil almaq istəyirdim. Biz məktəbə gəlir, ancaq dərslərə girmirdik. Bütün gün stadionda futbol oynayırdıq, balaca sinifləri döyürdük, dərslərdə özbaşınalıq edirdik, uşaqlar aşağı sinfin qızlarına söz atır, onlara sevgi məktubları göndərirdilər, bizdən dərs oxumağı, dərslərə hazır gəlməyi heç kim istəmirdi, hamı bir az ağıllı olmağı, yavaş danışmağı, tərbiyəsizlik etməməyimizi xahiş edirdi.
Bunun əvəzində bizə yaxşı qiymət yazan müəllimlər vardı.

Mən anama görə müəyyən qədər sərhəd gözləyirdim. Amma obiri uşaqlarla bir yerə düşəndə özümü idarə edə bilmir, onlar nə edirsə, mən də təkrarlayır, geri qalmamağa çalışırdım. Uşaqlar elə oyunlar çıxarırdı ki, hərdən özüm də, sadəcə, mat-məəttəl qalırdım.

Kişi müəllimlər bizi təpikləyirdilər, sürüyürdülər, sifətimizə yumruq vururdular, uşaqların gözləri, dodaqları qanayır, burunları sınırdı, yaxamızdan tutub sinifdən qovurdular, onlarla tutaşırdıq, ortada müəllim-şagird münasibətindən söhbət belə gedə bilməzdi, dava-şava, qan-qaraçılıq, qadın müəllimlərin ürəyi gedirdi, şəkəri, təzyiqi qalxırdı, hərdən müəllim bizlə bacarmayıb direktoru çağırmağa gedirdi. Qadın müəllimlər xəstəxanalıq olurdular, bizə dərs deməkdən imtina edirdilər.

Belə bir vəziyyətdə saf, təmiz, mədəni, üzü üz görməmiş, niyyəti bizə dərs öyrətmək istəyən C. müəllimlə tanış olduq. Elə ilk dərsdən C. müəllimin necə bir adam olduğu bizim üçün aydınlaşdı. Bizə dedi ki, “mən şagirdi döyməyin əleyhinəyəm, hər şey danışıqla həll ola bilər. Heyvan yox, insanıq”. Müəllim danışdıqca gözləri parıldayır, bizim isə gözlərimiz gülürdü.

C. müəllimin dərsində biabırçı şeylər baş verirdi. Mən ovaxt Səməd Vurğunun “Vaqif” əsərini oxuyurdum. Əsərdən aşağıdakı hissəni əzbərləyib onu harada görürdümsə, qışqıra-qışqıra deyirdim:

Möhtərəm C. müəllimə salamlar olsun,
Bu dünya durduqca o da var olsun.

Sinifdə üzbəüz oturub bir-birimizə şillə vururduq. Mən ona vururdum, o o birinə vururdu, o biri digərinə vururdu. Özümüz-özümüzü döyürdük. Üzümüz pis günə düşür, qulaqlarımız qanayırdı. C. müəllim bizi bir-birimizin əlindən ala bilmirdi, bizə yalvarırdı, dayanmağımızı xahiş edirdi. Amma kim idi ona qulaq asan?

Uşaqlar dərsdə cürbəcür söyüşlü oyunlar oynayırdılar. Məsələn, kimsə söyüş qoyurdu ki, filankəs C. müəllimin saatını qırmalıdır. Söyüş qoyulan uşaq da min bəhanəylə C. müəllimin saatını qolundan çıxarıb, yerə vururdu. Yaxud söyüş qoyulurdu ki, hamımız eyni anda durub partaların üstünə çıxaq. Hamımız eyni anda durub partaların üstünə çıxanda C. müəllim məəttəl qalırdı, bizi ayaqlarımızdan tutub aşağı salmağa çalışırdı. Kimsə söyüş qoyurdu ki, sinifdən birinci çıxan peysərdir. Beləcə, hamımız otururduq sinifdə. Dərs qurtaranda çölə çıxmırdıq, C. müəllim xahiş edirdi ki, “evə getməliyəm, yalvarıram, çıxın çölə”. Amma heç kim çıxmırdı.

Nə qədər vicdansız, nə qədər mərhəmətsiz, nə qədər şərəfsiz idik...

O bizlə tək-tək tərbiyəvi söhbətlər edirdi, bizdən nəzakətli davranmağı, ağıllı olmağımızı istəyirdi. Bu cür profilaktik söhbətlərdə hamı söz verirdi ki, bir daha tərbiyəsizlik etməyəcək. Amma növbəti dərs yenə eyni şeylər baş verirdi. Mənim xətrimi istəyirdi, bilirdi ki, hazırlığa gedirəm, Tarixi yaxşı oxuyuram. Anamın da kim olmağını öyrənmişdi. Bəzən tərbiyəsizlik edəndə mənə ümidsiz-ümidsiz baxırdı, elə bil hamıdan vəhşilik gözləyirdi, məndən yox. Mən vəhşilik, tərbiyəsizlik edəndə sarsılırdı. Ən birinci məndən xahiş edirdi ki, ədəbli olum. Mənsə...

İndi onun çarəsiz, kədərli baxışlarını fikirləşdikcə, özümü bağışlaya bilmirəm.

Ona qarşı elədiyim bütün tərbiyəsizliklər məni rahat yaşamağa qoymur, onun çıxılmaz vəziyyətini daha dərindən hiss edirəm. Qəribədir... indi dəxlisiz şeylərlə, dəxlisiz vaxtda assosiasiya olunur C. müəllim...

Gah əyri mıx görəndə yadıma düşür, gah qapının cəftəsi köynəyimə ilişəndə, gah corab geyinəndə, gah soyuducunun üstündəki sellofan torbalardan birini götürəndə, gah pəncərəni bağlayanda, gah şalvarımın kəmərini açanda, gah darağı götürəndə, gah qapını bağlayanda, gah maşına minəndə. Heç vaxt dəqiqləşdirə bilmirəm ki, hansı anda o yadıma düşə bilər.

Günlərin bir günü “Odnoklassnik” sosial şəbəkəsində onun profilini tapdım. Şəkli, çox güman, ot biçini vaxt çəkilmişdi. Əlində dəryaz, başında panama vardı. Balaqlarını çirmələmişdi. Götürüb bu şəkli verdim printerin ağzına, hardasa, 50 dənə C. müəllim çıxartdım.

Səhərisi, əlbəttə, gizlincə uşaqlara payladım, uşaqlar da onun şəkillərinin üstünə “AXTARILIR” yazıb sinif otağının qapısından asdılar. Məktəbdəki ən tərbiyəsiz uşaqların əlinə keçdi onun şəkli; Kimisi tualetdən asdı, kimisi yerə atıb ayaqladı, kimisi bığ-saqqal çəkib, məktəbdə hamıya göstərdi, kimsə həmin şəkli təkrar-təkrar çap elədi... Bir sözlə, bu hadisə gözləmədiyim şəkildə böyüdü.

Direktor işə müdaxilə etməli oldu, əvvəlcə bizim sinfin bütün oğlanlarını çağırıb vəhşicəsinə döydü.
Sonda dedi ki, sabahdan dərsə gəlməyək, məktəbdən qovuluruq. Bu dəfə əməlli-başlı qorxduq. Amma heç kim mənim adımı vermədi.

Həmin gün dərslərə buraxılmadıq, həyətdə qalıb, vəziyyətdən çıxış yolları axtardıq. Sonra məlum oldu ki, sinif qızlarından kimsə direktora bu işi mənim gördüyümü deyib.

Direktor məni çağırıb dedi ki, “o uşaqlar qalır, təkcə sən qovulursan. Get evə məktəbin kitablarını gətir, sonra rədd ol bu məktəbdən”.

Evə gedib anama məktəbdən qovulduğumu desəydim, məni öldürərdi. Sözün həqiqi mənasında, qarnıma bıçaq soxub öldürərdi. Ona görə evə getmədim, gedib C. müəllimlə danışmağa qərar verdim.

C. müəllim bu hadisədən çox pis olmuş, dəhşət utanmışdı. Günahımı boynuma aldım, vəziyyətin nə yerdə olduğunu etiraf elədim. Mənə baxdı, susdu, susdu... və otaqdan çıxdı.

Bir azdan direktor məni yanına çağırıb dedi ki, C. müəllim gəlib sənin üçün xahiş elədi, dedi ki, onu bağışlayıram, məktəbdən qovmaq lazım deyil.

C. müəllim o gündən mənlə danışmadı. Mən də vicdan əzabından, utandığımdan onun üzünə baxa bilmədim, dərslərinə girmədim. Yalnız “Son zəng” günü gedib ona yaxınlaşdım, məni qucaqlayıb universitet imtahanında uğurlar arzuladı.

Görəsən, o məni bağışlamışdımı?

# 16169 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #