İlk alitəhsilli diplomat, Atatürkün yaxın dostu - O, Naxçıvanı necə xilas etmişdi?

İlk alitəhsilli diplomat, Atatürkün yaxın dostu - O, Naxçıvanı necə xilas etmişdi?
17 avqust 2024
# 12:00

Kulis.az Məcid Rəşadətoğlunun İbrahim Əbilova həsr etdiyi "Atatürkün yaxın dostu, əslən naxçıvanlı olan ilk alitəhsilli diplomat" adlı məqaləsini təqdim edir.

Ötən günlərdə Muxtar Respublikamızda doğulan ziyalılarımız haqqında araşdırma apararkən, təsadüfən bir faktla rastlaşdım. Kitabın, səhv etmirəmsə, 114-cü səhifəsində şıq geyimli, təqribən, 30-40 yaşlarında bir alicənabın fotoşəkli və fotoşəklin aşağısında isə həmin şəxs haqqında cüzi məlumat verilmişdi: “Mustafa Kamal Atatürkün yaxın dostu İbrahim Əbilov”. Hələ ali məktəbdə təhsil aldığım illərdə öyrənmişdim ki, Mustafa Kamal Paşa ilə yaxın münasibəti olan, hətta onunla yanaşı şəkil çəkdirmiş az sayda ziyalılarımız olub ki, onlardan biri də jurnalist Ağababa Yusifzadə imiş. Hazırda oxuduğum faktda isə daha bir görkəmli şəxsiyyətin adına rast gəldim: İbrahim Əbilov.

Azərbaycanımızın milli mətbuatı, mədəniyyəti, ədəbiyyatı, incəsənəti qədər zəngin və keşməkeşli yol keçmiş diplomatiya tariximizdə böyük xidmətlər göstərmiş say-seçmə ziya sahibləri arasında İbrahim Əbilovun da adı çəkilir. O, 1882-ci ildə Ordubad şəhərində, sadə, zəhmətsevər bir ailədə dünyaya gəlib. İlk təlim-tərbiyəsini ata-babasından alan Əbilov daha sonra Məhəmməd Tağı Sidqinin Ordubaddakı “Əxtər” məktəbində oxuyub. Burada təhsilini başa vurduqdan sonra o, ölkənin ictimai-siyasi, sosial həyatındakı müxtəlif hadisələrə maraq göstərib. Belə ki, gənc Əbilov 1903-cü ildən etibarən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşularaq ilk Azərbaycan sosial-demokrat təşkilatı “Hümmət”in üzvü kimi fəaliyyət göstərib. O, 1908-ci ildə Güney Qafqaz və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan “İctimaiyyun-Amiyyun” (“Mücahid”) sosial-demokrat təşkilatının rəhbəri Nəriman Nərimanovun göstərişi ilə İrana göndərilib. Bir il sonra, 1909-cu ildə İbrahim Əbilov Bakıya qayıdıb, mətbuatda müntəzəm çıxışlar etməyə başlayıb, cəmiyyət həyatında baş verən hadisələrdən maraqlı məqalələr, felyetonlar yazıb. Tərcümeyi-halından oxuyuruq ki, o, 1912-ci ildə nəşr olunan “Bakı həyatı” qəzetinin redaktoru vəzifəsində işləyib. Lakin mətbuatdakı fəaliyyəti dövrün hakimiyyəti tərəfindən addım-addım izlənilib, yaradıcılığına senzuralar qoyulub. Hətta İbrahim Əbilov çar hökuməti tərəfindən dəfələrlə həbs də edilib. Bütün bu siyasi təzyiqlərə, hakimiyyətin amansız münasibətlərinə baxmayaraq, o, məqsədindən və məramından əl çəkməyib. Haqqında yazılmış xatirələrdən onu da oxuyuruq ki, Əbilov Tiflisdə menşevik “Hümmət”çilərin menşevik qolunun seçkin xadimlərindən biri kimi fəaliyyət göstərib.

1918-ci ilin sonlarında Bakıya gələn görkəmli dövlət xadimi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilir və onun sosialist fraksiyasına rəhbərlik edir. Bu elə bir dövrdə baş verir ki, artıq Şərqin ilk demokratik cümhuriyyəti – Azərbaycan Xalq Cümhuriyyəti öz azadlığını elan etmiş, Azərbaycan ziyalıları çox çətinliklə də olsa, bu və ya digər siyasi-sosial, mədəni sahələrdə müstəqil fəaliyyət göstərə bilirdilər. Belə bir zamanda siyasətlə yaxından maraqlanan İbrahim bəy həm də paralel olaraq 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan “İskra” qəzetinin redaktoru işləyir. Çox keçmədən, elə həmin ildə o, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Daxili İşlər Komissarının müavini təyin olunur, Şərq xalqlarının Bakıda çağırılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilir. 1921-ci ilin iyun ayında isə Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak edir.

İbrahim Əbilovun siyasi fəaliyyətə başlamasının da maraqlı tarixçəsi olub. Belə ki, 1920-ci ilin 23 aprelində Ankarada Türkiyə Böyük Millətlər Məclisinin ilk toplantısı keçirilir, milli hökumət təşkil olunur. Bu vaxt Azərbaycanda bolşeviklər hakimiyyəti ələ keçirmiş, Moskvaya bağlı yerli hökumət də meydana çıxmışdı. Bu hökumətə Azərbaycanın görkəmli dövlət xadimi, həkim, görkəmli yazıçı Nəriman Nərimanov başçı təyin edilmişdi. Yeni qurulan Ankara hökuməti isə Rusiya ilə siyasi əlaqələrə böyük önəm verməkdə idi. Bununla yanaşı, həmin illərdə Türkiyə-Rusiya əlaqələrində Azərbaycan, xüsusilə də Bakı şəhəri önəmli yer tuturdu. Bu səbəbdən Bakıda nümayəndəliyin açılması vacib məsələ kimi qarşıya qoyulmuşdu. Türkiyə Böyük Millət Məclisi hökuməti öncə bu əlaqələri ayrı-ayrı şəxslər və təşkilatlar vasitəsilə həyata keçirirdi. Hökumət xarici əlaqələrini dövlət sistemi içərisində formalaşdırmaq üçün fəaliyyətə başlayır. Məhz buna görə, 1920-ci ildə 12 avqust tarixli qərarla yazar Məmduh Şövkət Əsəndal Azərbaycan nəzdində Türkiyə səfiri təyin edilir. O, Bakıya gəlir və bu vəzifəni 1924-cü ilə qədər yerinə yetirir…

Bakı və Ankara arasında münasibətlərin genişlənməsində Məmduh Şövkət bəy böyük rol oynayır. Eyni şəkildə Azərbaycanın da Türkiyə ilə münasibətlərini daha canlı tutmaq üçün bir təmsilçiyə böyük ehtiyacı var idi. Azərbaycan bu məsələni bir az sonra, 1921-ci ildə həll edir və Nəriman Nərimanov bu vəzifəyə yaxından tanıdığı, siyasi təcrübəsinə bələd olduğu İbrahim Əbilovu uyğun bilir. Nəriman Nərimanov iyul ayında səlahiyyətli səfir təyin olunmuş Əbilovun hazırladığı 28 nəfərlik heyətin siyahısını 4 avqust tarixdə Xalq Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova təqdim edir. 1921- ci ilin iyulunda isə o, Vladimir İliç Leninin qəbulunda olur, ondan müəyyən tapşırıqlar alır. Və bununla da qardaş Türkiyə Respublikasında Azərbaycanın ilk alitəhsilli diplomatlarından biri olan İbrahim bəy siyasətlə yaxından tanış olur…

Qeyd edilməlidir ki, İbrahim Əbilovun səfirliyi dövründə Anadoluda vəziyyət olduqca qarışıq idi. Xüsusən də, qardaş Türkiyə (Osmanlı) Respublikası siyasi-iqtisadi cəhətdən tənəzzül etməkdə, yarım əsrlik dövlətçilik dayaqları sarsılmaqda, yaxın cəbhədə yunan ordusu irəliləməkdə, türk ordusu isə geri çəkilməkdəydi. Hətta belə bir şəraitdə Türkiyə Böyük Millət Məclisinin Ankaradan köçürülməsi məsələsi belə gündəmə çıxarılmışdı. Mövcud situasiya qarşısında Ankaraya getmək üçün Tiflisə gələn İbrahim Əbilov və heyəti burada bir müddət gözləməli olur. Çünki Azərbaycan hökuməti onu Qars konfransına Behbud bəy Şahtaxtinski ilə birlikdə nümayəndə olaraq göndərmək istəyirdi. Bununla əlaqədar Nəriman Nərimanov Tiflisə gəlmiş, məsələ müzakirə olunmuş, ancaq Əbilovun tez bir zamanda Ankaraya getməsi qərara alınmışdı. Bu görüşdən sonra İbrahim bəy və heyəti Batuma gəlir. O burada yunanlar üzərində türk ordusunun zəfər xəbərini alıb çox həyəcanlanır və Atatürkə təbrik teleqramı göndərir. Əbilov və onunla birlikdə olanlar, dövlət xadimləri 21 sentyabr sabahı “Reno” gəmisi ilə Batumdan ayrılıb Trabzon limanına yetişmişdilər. İbrahim Əbilov Girəsun, Samsun xəttilə 11 oktyabrda səfirlik əməkdaşlarının bir qismi ilə Ankaraya gəlir…

Görkəmli diplomat 1921-ci il 14 oktyabr tarixdə Atatürkə etimadnaməsini təqdim edir. Səfirlik binasının açılışı isə 18 noyabr tarixə təsadüf olunur. Bu möhtəşəm mərasimdə Əbilovun xahişi ilə Azərbaycan bayrağı Türkiyə Böyük Millət Məclisinin sədri və Baş Komandan Mustafa Kamal Paşa tərəfindən qaldırılır. Türk dövlətinin böyük qurucusu həmin tarixi görüşdə deyib: “Əziz yoldaşımız Əbilov həzrətləri! Bu gün Azərbaycanın istiqlalını təmsil edən sancağı çəkərkən əllərimin bir takım hissiyyat və təəssürat ilə mütəhərrik olduğunu duyuram, filhakika sancağı çəkən mənim əllərimdi. Fəqət əllərimi təhrik edən bugünkü bayramda mənən müştərək olan bütün Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq hissiyatı idi. Səfir həzrətləri! Azərbaycan sancağının Türkiyə sancağının yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır. Bizə belə bir bayram günü yaşatdığınızdan dolayı səmimi təşəkkürümü bildirirəm”.

İbrahim Əbilov bu törən sonrası böyük bir ziyafət vermiş və bu sırada Azərbaycan-Türkiyə dostluğunun işarəti olaraq Türkiyə Böyük Millət Məclisinə və Mustafa Kamal Paşaya Azərbaycan hökuməti və xalqı adından müxtəlif hədiyyələr təqdim etmişdi. Bu hədiyyələr arasında “Azərbaycan fəhlə və kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa Kamal Paşaya yadigar” yazısı olan Qafqaz süvari ordusunun qızıl xəncəri də var idi…

Xatirələrdən onu da öyrənirik ki, Türkiyədə Azərbaycan səfirliyinin nümayəndələri çalışdığı illərdə İbrahim Əbilovun ömür-gün yoldaşı Tamara xanımla Atatürkün xanımı Lətifə xanım arasında ailəvi dostluq münasibətləri yaranır. 1922-ci ildə İbrahim Əbilovun ikinci qızı dünyaya gəlir. Həyata yenicə gözlərini açan körpənin doğulmasına böyük türk oğlu Atatürk çox sevinir. O, dostunun qızını bağrına basaraq: “Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram”, – deyir. Atatürk İbrahim Əbilov və körpə Anadolu ilə birgə şəkil çəkdirir. Həmin şəklin arxasına Atatürk bu sözləri yazır: “Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kamal Qazi 12 dekabr 1922-ci il”.

Azərbaycan xalqının dilində Mustafa Kamal Paşaya məxsus bir məşhur ifadə var: Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Xatirələrdən onu da öyrənirik ki, bu məşhur ifadəni Atatürkə söylədən məhz görkəmli diplomatımızın dostluğa sədaqəti, Vətənə, millətə sonsuz məhəbbəti olub. Belə ki, 1922-ci ilin sonlarında İbrahim Əbilovun etibarnaməsini Mustafa Kamal Atatürk qəbul edərkən demişdir: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.

Şərq xalqlarının adət-ənənəsinə yaxından bələd olan, türk mədəniyyətini göz bəbəyi kimi qoruyan İbrahim Əbilov Türkiyədə fəaliyyət göstərdiyi müddətdə Mustafa Kamal Atatürkün dərin hörmətini qazanır. Bu dövrdə Azərbaycan və Türkiyə arasında ticarət və mədəni əlaqələrin yaradılması məqsədilə Türkiyənin Trabzon, Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılır, bir sıra müqavilələr imzalanır. O zaman Türkiyə Amerikaya çox ucuz qiymətə taxıl, tütün ixrac edirdisə, məhz İbrahim Əbilovun səyi nəticəsində həmin məhsullar sonradan Azərbaycana, Rusiyaya satılır. Əvəzində qardaş Türkiyəyə Azərbaycandan neft və neft məhsulları göndərilir.

Ermənilərin Naxçıvana qarşı çirkin niyyətlərinin puça çıxmasında Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovun uzaqgörənliyi müstəsna əhəmiyyət daşıyıb. Məhz 1921-ci il martın 16-da Rusiya və Türkiyə arasında bağlanan müqavilənin III maddəsinin hazırlanmasında İbrahim Əbilovun və Azərbaycan Dövlət Nəzarətinin Xalq komissarı Behbud bəy Şahtaxtinskinin böyük xidmətləri olub. Həmçinin, bu maddəyə əsasən, Ermənistanla Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sərhədləri qəti olaraq müəyyənləşdirilərək Naxçıvanın işğalına son qoyuldu.

Görkəmli diplomatın savadı, uzaqgörənliyi başda ermənilər olmaqla Vətənimizi parçalayıb məhv etmək niyyətində olan düşmənlərimizin qarşısında böyük maneə idi. Mustafa Kamalla yaxın dostluğu da ona qarşı olan münasibətləri daha da kəskinləşdirirdi. Qısa, lakin mənalı, hər iki dost ölkəyə xidmət etmiş İbrahim Əbilovun ömrü cəmi 41 il çəkir. O, 1923-cü il fevral ayının 23-də dünyaya əbədi olaraq gözlərini yumur…

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #