Əsrar – Məlik Rzadan yeni hekayə

Məlik Rza, yazar

Məlik Rza, yazar

3 iyul 2022
# 10:00

Kulis.az Məlik Rzanın “Əsrar” adlı yeni hekayəsini təqdim edir.

Günseli üçün, əlbəttə

Unudulmuş sovet binasının qarşısında kimsəsiz bir xəyalat kimi dayandım. Bir mağara kimi qaranlıq pəncərələrə baxdım və dünya dəyişməyə başladı. Dostumla əl-ələ gecənin sonundan cənnət günlərimizə istəklə qaçarkən və içkili başla pivə şüşələrinin ardından dünyadakı şirin kədərlərimizə baxarkən, ağlayarkən, qardaş ruhlarımızın məbədi gövdələrimiz bir-birini cənnətdənqalma xiffətlə qucaqlayarkən, o gözəlim ikindilərdən birində sancılı ruhum bütün dünyanı bətnində daşıyacaq qədər şəfqətlə böyüyərkən və gözüyumulu saçlarımda dalğalanan küləklə gələcəyin cənnət günlərini arzulayarkən bir an pişik balasının günəşə asqırması ilə eyni anda dünyaya açılan gözlərim önündə saatlardır gözlədiyim sevgilimin məchul və məchulluğunda cazibəli gövdəsi sərgilənərkən və o məchul gövdədəki ruhun sevgisi ilə həyatda xoşbəxt olacağıma inanarkən mən, gəlsəydin ey mələk və desəydim ki, dostlarıma de, onları çox sevirəm, bizi ayıracaq gələcək, heç vaxt gəlməyəcək, gözəl qalmaq üçün ölürəm, gözəl qalmaq üçün ölməliyəm, ölməliyəm ey mələk, çünki arzulamaq heç vaxt bu qədər gözəl olmayacaq.

Şüurum beləcə uzun, kobud cümlələrlə axır, Qardaşım Sum. Axsın, Salim, çovğun küləklərinə qarışan qar kimi saflıq və şiddət ifadə etsin, cümlələrin(x2), bir pulemyot kimi amansızlıqla açılsın, nişanlasın oxucunun ənənəvi mətn vərdişlərini! Palçıqlı – gölməçəli, Abşeron bağlarının qürubları kimi kədərli və əfsanəvi bir küçədən izlədiyim qaranlıq pəncərələrin ardında – sarı işıqların bətnində başqa bir Salimi xəyal etdiyim kimi başqa bir Salim də qarın gecəyə şeir kimi yağdığı uzaq rus şəhərlərində tənha və tünd evinin pəncərəsindən kimsəsiz yaşıl gözləri ilə izlədiyi küçədə hara gedəcəyini bilməyən itlərin ambulans sirenaları kimi səksəkəli sədalarını dinləyən sərgərdan – başqa bir Salimi arzulayarkən bir-birindən uzaq müdhiş torpaqlarda eyni anda titrəyən tənha səsimizlə desək ki, Yazmaq və mətnin içində yaşamaq istərdik, ey mələk. Uzaq rus şəhərlərindən birində qar gecəyə şeir kimi yağarkən, yaratdığımız aləmlərdə əbədi dolaşarkən, yüzlərlə kitab oxuyub hekayə ordularının istila etdiyi tükənməz xəyal torpaqlarında gəzərkən həyatımızın əbədiliyinə təvəkküllə inanmaq istərdik.

Bizi anlayan bir ruhu daşıyan vücudunun ölçülü nəfəslərini dinləyərək səni qucaqlamaq, gözlərimizin ardında cənnət küləklərilə müjdələnmiş qırmızı saçlarını görmək, başımızın üstündə bizi şəfqətlə izləyən üçüncü gözün varlığını duymaq istərdik. Röyalarımızı bölüşəcəkdik, yazacaqdıq və qarın hər şeyi sildiyi o saf şəhərlə gözlərimizin ardındakı cənnət torpaqlarında əbədi yaşayacaqdıq.

Arzulamaq heç vaxt belə ağır olmamışdı. Çiyinlərimdə taleyim, ruhumda xiffət küləkləri, kimsəsizliyə qarşı tək, ey mələk! Milyonlara qarşı tək demək istərdin, Salim, meqapolisdə yaşasaydım Qardaşım Sum. Amma bildiyin kimi qəsəbəmizin soyuq gecələri tənha, çox tənha olur. Ölkənin ən böyük üçüncü şəhərinə ucqar qəsəbə damğası vurursan Salim.

Yox, Qardaşım Sum, bu şəhərin yenidən əsrarlı bir qəsəbəyə çevrilməsini istəyirəm. Bir zamanlar həyətiçlərində qardaşcasına yaşayıb şəhərin ruhuna qüvvət verən adamlarımız vardı. Sonra müstəqillik və bütün postsovet şəhərləri kimi yoxsulluq içində uyuyan, keçmişin nostalgiyasının canında daşıyan qəsəbəmiz vardı. Gecənin qəlbində zavod gurultuları, gecənin qəlbində uzaq torpaqlara tələsən qatarların ta-takları və müharibədən qara xəbərlərlə müjdələnən doğmaların canalan sədaları. Gecənin sonunda qəsəbəni tərk edən müxtəlif millətilərin xiffətli adamları. Sonra uzun müddət sovet nostalgiyasını canında dondurmuş, heykəlləşmiş şəhərin ruhu kədərlənərkən və qəzəbli adamlarından iraq düşərkən kapitalist nağıllardan çıxmış qaramat göydələnlərin kabusvari kölgələrində boğulan torpaq rəngli sovet binaları necə də göydələnləri nizə olan başqa bir şəhərin neon işıqlarında ruhları əriyən adamlarımıza bənzədi, ey mələk! Şəhərin ruhu adamlarından uzaq düşdü və mənim kimi bir-birindən xəbərsiz tənhaların bətnində məskən saldı, yaşamaq üçün.

İndi, şəhər ruhunu amansızlıqla ovlayan göydələnlərin ruhsuz kölgələrindən ustalıqla yayınmış adamsız və gecə kimi qara sovet binasının qarşısından şəhərin ruhunun ən əsrarlı yuvasına – sovet attraksionlarına tərəf addmlıyıram, ey mələk! Köşklərdə gözəlim, mürgülü gözləri ilə küçələrin kimsəsizliyinə izləyən keçmişsiz və gələcəksiz və arabesk qəribliyinə məhkum gənclərin çöhrələrinə baxmadan, şəhərdə seyrək qalmış rusların pəncərələrindən qərib bir nəğmə kimi yayılan sovet filmlərinin musiqilərini dinləmədən və içində fevral gecəsinin şaxtasından qaçan tənhaları itkin arzuları, acı içkiləri və başdöndürən ucuz siqaretlərinin tüstülərilə birgə daşıyan kafelərin sarı işıqlarının cazibəli çağırışlarına aldanmadan, addımlayıram.

Bir nağıl varmış Qardaşım Sum. Meqapolisdə ruhlarını böyük şəhərlərə uzaq bir ucqar qəsəbəyə köçürən üç hekayəçi varmış. Hekayələri və gözlərinin mirvarisi dəyərləndirilməyən üç itkin. Ruhsuz insanların burjua nemətlərinə məhkum olduğu illər imiş və parlaqlıqları bətnində daşıyan həyat qatarları ruhlarının önündən başdöndürən cazibəli dəvətlərlə keçərkən onların parlaqlıqlara aldanmayıb indini keçmişə çevirən əsrara inamları varmış. Universitetin boş, toz qoxulu otaqlarında şeirlər dinləyib pəncərələrdən qüruba uçan qarğalara, kədərli ağaclara baxarkən bir-birinə uşaqlıqlarının əkiz əsrar hekayələrini növbə ilə danışarkən bilməzlərmiş ey mələk, onları ayıracaq gələcək, ruhlar itkin düşəcək, amma əsrar əbədi yaşayıb hekayəsini danışacaq və deyəcək ki, ey mələk, uşaqlığımın soyuq qış gecələrində evimizdəki soba əfsanəvi varlıq kimi pıçıltıları ilə ruhumu qucaqlayarkən pəncərənin önünə səssizcə gələr və şüşələr ardındakı dünyaya istəklə baxardım. Dünya ilə aramdakı o kiçik məsafədə pəncərələrin ardındakı aləmləri qarın gözlənildiyi gecələrdə bəyazlıqla xəyal edərdim və o dünyaya qar yağmışsa, sarı işıqların ən fövqəladə sərgisində – aydınlanmış qar səthində ləpirlər görünmüşsə, izlərin sahibi kimi gecənin kimsəsizliyinə izlərimlə qarışmaq istərdim. İzlərin sonunda həyatımı dəyişəcək əsrarlı aləm varsa, Sum, təvəküllə inanmaq istərdim, mən. Gecəyə, gözlərimin ardındakı qar yağmamışsa gecəyə, boz və sükutlu şəhərin görünən işıqsız mənzərəsinin gizlinində – uzaq torpaqlardakı uzun səssizliklərdə içki şüşələri mələklərin gözlərə göründüyü şiddətli qəzalarla birgə qəfil partlayardı, gecəni udan dev hönkürtülər eşidərdim və vaqonlar xəyalətlər kimi zülmətin içindən səssizcə keçərdi. Orda – o aləmlərdə olmaq üçün bir an pəncərədən atılıb şəhərə qovuşmaq istərdim, qorxardım, qorxardım, röyalarıma batardım. Röyalarımda o aləmləri görərdim, görərdim, qorxub aləmlərdən dünyaya qayıdarkən nəğməsiz gecənin bətnindəki ilk nəğməni – sakit və incə bir fit səsini eşidərdim. Pəncərənin önünə yuxumdan əmanət qalmış sərsəmliklə qaçıb mənzərəni boş, küçəni tənha görərdim və təəssüflə gecənin hüznünə batarkən bir an uzaq səssizliklərdən qərib bir nəğmə gecəyə kədərlə yüksələrdi və bilərdim, ey mələk: Gecənin insanları qara xəbərlərlə müjdəlidiyi bir vaxtda evimizdəki telefon ambulans sirenaları kimi qəfil partlasa, dəstəyin ardında ölümü kəşf edənlərin gözlərinə görünən sən – mələk, bir tərəfdə mən, o uzaq aləmdəki müdhiş vücudlardan birinin səsini eşitsəm, nəfəsim çatmasa, arzulamaq heç vaxt bu qədər gözəl olmazdı və sonra birdən, eşq kimi birdən oldu hər şey! Kapitalizmin tankları ruhlarımızı əzib keçdi və iyirimi iki yaşımda həyatımın qəlbi keçmişin bətnində mina kimi partlayırsa, bundan sonra nə qədər yaşaya bilərəm qardaşım, Sum?

Ruhum xatirələrimin ölüm fırtınasında əbədi itkin düşərkən, dostlarım yaşıl gözlərimdən uzaq torpaqlara gedərkən,“Baltika-9” kimi tünd insan qələbəliyinin arasından qaranəfəs xəyalətlər kimi təlaşla keçərkən, dünyanı qəhvəyi şüşələrin ardından baxırmış kimi tünd görərkən və yaşıl gözlərim sarı işıqların hüznlü ötürmələrilə yaşlanarkən, sanki mən, dünyada tək qaldım, ey mələk.

Miki gecə kimi qara gözlərlə və şeytani bir gülüşlə məni qarşıladı. Uşaqlığımda – gündüzlər onla şəkil çəkdirərkən və sonra böyüdükcə, həyatla əzildikcə hər dəfə o rəsmin qarşısından keçərkən keçmişimə – gənc atama, anamın incə çöhrəsinə və itkin uşaqlığıma xiffətlə gülümsədiyim, izlədiyim cizgi filmindəki kimi sevimli olan Miki gecələr necə də qorxuncdur, ey mələk! Sonra təkərləri rezin, pəncərəsiz salonunda keçmişin romantik filmlərini və o filmlərdə dayanmadan siqaret çəkən böyük kişilərin itkin sevgililərilə son görüşlərində eşitdiyim səslərindəki kədəri andıran solğun rəngli toplar asılmış xəyalət avtobuslarda uşaqlığımdakı səyahətləri xatırladım və hər dəfə eyni həyəcanla ağaclarla çənbərlənmiş paslı avtobusda eyni dairədə dayanmadan dövr edib tünd yarpaqların sıxlığını bir pərdə kimi aralayıb keçərkən yeni və əfsanəvi kimyəvi yağışları çətir kimi daşıyan aləmlərlə və vəd olunan cənnətlə qarşılaşacağıma inanardım və onda bilməliydim, mən başqa olacam ey mələk! Arxaya şiddətlə yüksələrkən əlimdən sürüşən dəmirindən möhkəm yapışıb bir anda asfalta gömüləcəyimi, parçalanan vücudumla heç olub dünyadan bağırdeşən səssizliklə ötüb keçəcəyimi düşündüyüm, qorxduğum, irəliyə yüksələrkən isə göyün maviliyənə – ardındakı sirrə qovuşacağıma inandığım Vikinglər, bellərində sürətlə və şiddətlə yellənərkən bir anda gözlənilməz bir təkanla şəhərin fövqündə amansız bir sürətlə süzəcəyimi düşündüyüm dəniz atları və qərib, yorğun simalarını hər zaman yanlarından keçib təyinatlarını bilmədən sevdiyim qəribə papaqlı qardaşım göbələklər! Hər şey bu gecə və hər gecə sevgilililərin dizlərinə baş qoyub gözlənilən bir xəyanətin ağrısı ilə röyalarını yaşayan divlər kimi kədərlə uyuyur və hər şeyin bağrında zərifliklərinə, çöhrələrindəki sükuta uyğun gəlməyən bir amansızlıqla canlarının – göyərçinlərin başlarını üzən sevgililərini izləyən divlərin bağrında piçıltıyla başlayıb böyüyən çarəsizliyin nəhəng bir bağırtısı var, ey mələk və “Qara kitab”dakı qara kadillak kimi əfsanəvi bir varlığa təvəkküllə addımlayarkən anlayıram. Anlayıram ki, dramitizmlə-süni hadisələrlə bizi həyatı anlamağa sövq edən romanlar yox, hadisəsiz, ruhi səyahətlərlə zəngin, müxtəlif, ya da eyni məkanların paradında ayaq çırpan həyatlar, mətnlər və onların ardındakı müdhiş, daim arzulanan əsrar dəyərlidir!
Ağzımda sover peraşkisinin tamı, Osmanlı əsgərlərinə əsir düşüb ölümünü gözləyən Venesiyalı bir gəncə müsəlmanlara əsir düşüb evə qayıtdıqdan sonra bütün ədəbiyyat tarixini dəyişəcək fövqaladə bir roman yazan babası kimi vətəninə qayıtdıqdan sonra cəngavər romanları yazacağını deyən əsir İspantək əsrara inanıram, ey mələk! Otururam başqa torpaqlardan gəlmiş kimi səksəkəli gəmiləri andıran Orbitanın zəif küləklərdə paslı cırıltı ilə süzən yaşılım yelləncəyinə, gözləyirəm astagəlliklə başdöndürən bir sürəti, gözləyirəm həyatın qəlbindən vulkan kimi püskürüb axacaq zülmət şiddəti! Şəhərin Anna Karenina kimi zərif gövdəsilə göylərdə dövr etməyi gözləyirəm, ey mələk, Buendia nəsli kimi cadugər pıçıltıları ilə yer üzündən silinməyi!

Bir pulemyot patronunun sonuncu əsrarlı güllələrini – evdən çıxmamışdan öncə həyatımın dəyişəcəyini hiss etdiyim anda ruhumda cücərən cümlələrimi həyata əmanət edib kənarda dünyaya dişləri ağrıdan zəhərtək atılmaq təlaşilə ilan kimi qıvrılan patronları mətn pulemyotumda ifa edə bilmək üçün Orbitanın bir anda şiddətlə sürətlənən mexanizmi kimi istəklə başlayıram, ey mələk və bitirirəm bu mətndəki səyahətimi, başlamaq üçün.
Bir üzüm, bir hekayəm, bətnində ruhumu daşıyan bir gövdəm vardı. Siqaret qutusunu parçalayıb ilk siqareti şiddətlə çəkərkən qarşımda sərgilənən şəhəri devlər kimi bütüm ruhumla qucaqlayırdım. Torpaq rəngli sovet binaları, binaların üzərindən boy verən və ruhumdakı şiddətə uyğun gəlməyən yavaşlıqla tüstülərini gecənin kimsəsizliyinə yollayan zavod boruları, kədərli ağaclar, palçıq rəngli, ya da gecə kimi qara itlərin səksəkəli yerişləri, döngələrdə görünüb itən xəyalətlərin gövdələri şəhərin ruhundan həyatımın qəlbinə işarələr göndərən nəsnələrə çevrilirdi və mən, ruhumda şəhərimi yazacaq pak gücün işartısını duyurdum. Ruhumun quyusundan kimsəsiz divlərin fağır uğultuları gecənin sonuna acizanə səslənərkən bir an uzun müddətdir çəkmədiyim siqaretin təsirilə fırlanan başım gözlərimə qaranlıq göndərib gövdəmi divara söykədi.

Çölünə yox, içinə inanan gözəl adamlar kimi son anda dünyaya yox, gözlərimin ardına istəklə baxdım və orda – saflıqla şiddətin ağ-qara ekranlarında yeni dünyanın əsrarlı kölgələrini gördüm, kölgələrin ardındakı qaranlıq və təhlükəli vücudlardan qorxdum. Məni itkin cənnətimə yetirəcək əsrarlı bir qadının ölçülü nəfəslərilə ətirlənmiş otaqda yalın və məsum gövdələr gördüm. Uzaq rus şəhərlərində qar gecəyə şeir kimi yağarkən yazı masasında mətnlərini yazan adamın bəyaz çöhrəsindəki aləmləri gördüm. O aləmlərin birinə qovuşmaq üçün gecəyə tələsən ruhumu tənha gördüm və vücudum dünyanı dəyişmək üçün evdən çıxırdı. Eyni anda sanki ikiyə bölünmüş ekranın bir tərəfindəki görüntülər həyatımın qəlbində mina kimi partladı. Qorxdum. Uğursuz eşqlərin paradında əzilən və parçalanıb itən çöhrələrdəki yaşları gördüm. Səhrada ustadına bağıran itkin dərvişlərin yanğın yerinə çevirilmiş bağırlarını, yuxu ilə oyaqlıq arasında gecənin sonunda ağrı və iztirabın beşiyində yırğalanan tənha gövdələri və artıq onların ruhuna sığal çəkə bilməyən qarın səssizliyini gördüm. Həyatı bitmiş xəyalət adamları, şəhər qələbəliyindəki yorğun və ruhsuz üzləri, cənnəti qayıtmamışdan əvvəl hara gedəcəyini bilməyən itləri gördüm. Qorxdum. Qorxdum və gecəyə inandım. Gecənin sonuna səyahətə inandım. Gözlərimi açıb sonunu bilmədiyim səyahət üçün dünyaya qayıtdım.

Bir mağara kimi qaranlıq otaqda bir zamanlar yazılarımı həyəcanla oxuduğum xəyalətlərin sədaları yenidən dirilib ruhuma qüvvət verdi. Yazacaqdım. Amma indi canımdakı şiddətin sürəti məni dünyaya çağırırdı. Getməliydim. Gecədə itkin düşməliydim. İtkin düşməliydim ki, içimdəki işıq bərkisin. Qaçmaq istəyirdim – təpələrdən aşağı qaçan dəli atlar kimi. Günlər kimi. Gecə kimi. Parlaqlıqların yanından inamla ötüb keçmək istəyirdim. Uzaq rus şəhərlərindəki bəyaz adamlar kimi əsrara qovuşub yeni aləmlərə astagəlliklə addımlaya bilmək üçün təvəkküllə getməliydim. Mən və gecə – təkbətək qalmalıydıq.

İşıqları yandırdım və bir an ruhumdakı saflığı itirməkdən qorxdum. Bir vaxtlar soyuq qış gecələrinin bətnində kədərlə addımlayarkən şəhərimizdəki azsaylı rusların şəffaf pərdəli pəncərələrində görüb sevdiyim, şeiri xatırladan sarı işıqlara inanardım. İşıqların ardındakı xoşbəxtliyə inanardım. Sovet filmlərinə inanardım. Amma indi işıqlar kapitalizmin parlaqlıqlarına aldanmış adamların üzləri kimi o qədər boş və ruhsuz göründü ki gözlərimə, ruhumdakı saflıq şiddətlə sarsıldı. Evimlə gecə arasındakı məsafədə içimdə uzun müddətdir xiffətini çəkdiyim işığın əriyib itdiyini təlaşla hiss etdiyim an onu qorumaq üçün babamın dilindən yazıb əzbərlədiyim hekayəmdən bir parçanı səssizcə oxudum və duman kimi astagəlliklə ruhuma yayılan kəlmələr məni şəfqətlə qorudu.
“Tavana baxıram və baxdıqca gözlərimin ardındakı mənzərələr bütün rəngləri ilə zülmətə gəlib tavanı kinoteatr ekranına çevirir. Bir zamanlar yeni tikilmiş Sumun kimsəsiz küçələrində tənha gəzərkən sovet binalarının sarı işıqlı pəncərələrinin ardındakı xoşbəxtliyə inanardım. Sovet filmlərinə inanardım. O kiçik evlərdəki lampalar ətrafına toplanmış adamların pak çöhrələrini xiffətlə xəyal edərdim və beynimin içində yorğun ataların nağıllarını dinləyərək röyalarına batan uşaqlar gülümsəyərdi. Sonra bir gün palçıq rəngli itlərlə dolaşarkən sarı işıqlı pəncərələrin birində bütövləşmiş dev kölgələri gördüm. Kölgələrdən biri şəfqətlə şamları üfürüb söndürərkən yaddaşımın qəlbində ovuclarımdan kül kimi üfürülmüş qadının aşiqliyi partladı və aldandım. Ruhum vücudumu udub gövdəmi xəyal torpaqlarımda yüngüllüklə uçurarkən və palçıq rəngli itlərin sədaları gecənin kimsəsizliyində dəhşətlə yüksələrərkən və şəhər küçə lampalarını bir-bir söndürüb səksəsəli zavod gurulutları ilə məni yıxarkən bilirdim. Bakı geridə qalmışdı, aktyor ola bilməmişdim, qəribliyimdən qorxurdum, zülmətdə tənha qalmışdım. Uzun müddətdir ətrafında dolaşdığım ilğımın içində idim indi. Hər şey qumsal rəngli çılpaq çiyinlərdən başlamış, gecədə bitmişdi. Evlənəcəkdim.

Qafamın içində bir işıq yandı, gözlərimi açdım və yenidən işıqlanmış pəncərədə bir-birindən ayrılmış kölgələrin titrək gövdələrini gördüm. Küçə lampaları yanmış, itlər susmuşdu. Həyatımda sonuncu dəfə xoşbəxt idim – sonsuzluq və bir gün qədər. İnanırdım. Yaşayacaqdım. Qalxdım, palçıq rəngli itlərə gülümsədim. İzlədiyim sovet filmlərinin xoşbəxt sonluqlarındakı kimi kamera hadisələrin qəlbindən yavaşca göyə çəkilərkən toxunulmaz uzaqlıqdan gördüyüm mənzərələrdən biri həyatımın içində bütünü ilə təkrarlanırdı. Xoşbəxtliklə bağırıb itlərlə birgə gecənin bətninə inamla qaçarkən həyatımın ən xoşbəxt anını yaşayırdım və inanın, bilirdim”.

Yaz, Sum! Eyni anda həm yazı masasında, həm də ovuc içindəki sərçə ürəyi kimi səksəkəli şiddətin başdöndürən sürətinin qəlbində yaşamaq istərdim. Amma o qəlbin orta yerində partlayan yeni dünyanın sirli aləmlərinə qovuşa bilmək üçün pəncərələrin ardına – şəhərimə getməliydim, gecədə itməliydim mən – itirilmiş cənnətini axtaran sərsəri itlər kimi. Şiddətdə bərkiməliydim – küçə davalarında bərkiyən qollar kimi. Orda – pəncərələrin ardında – əfsanəvi və kimyəvi yağışları içində, həyatların və tənha xəyalətlərin arasında, torpaq rəngli sovet binalarının bətnində, islaq və hüznlü ağacların gizlinlərində, zibil qutularını çənbərləyən palçıqlı və pis qoxulu gölməcəçələrdəki əksimdə heç vaxt cəsarət etmədiyim bir səyahət vardı.

Əynimdə atamın köhnəlmiş yaşıl paltosu, ayaqlarımda yaşıl çəkmələr, cibimdə siqaret qutuları, kibritlər, son işimdən qalan nəm pullar və babamın hekayəsini yazdığım qara dəftərim və əsrarlı yamyaşıl gözlərimlə nağıllardan çıxan əfsanəvi varlıqlar kimi səyahətə hazır idim. Bilirdim, bir hekayəm vardı və dizlərinə baş qoyub uyuyan aşiqlərini gözəl əllərinə yaraşmayan cəldliklə röyalarında öldürən qadınlar kimi amanısız əsrar bir gün gözlərimin yaşılında canalan raket fırtınaları kimi partlayacaqdı. Amma bir an şiddətin bətnindəki astagəlliyi keçmişsiz kəşf edə bilməyəcəyimi anlayarkən otağımdakı əşyalar şəhərimdəki adamlar, mənzərələr, ağaclar, küçələr və binalar kimi keçmişimə işarələr göndərirdi və mən üç zamanı birgə yaşayardım, Sum! Bir vaxtlar ardımdakı zülmətdə məni gözləyən hekayələrim vardı.

Qarşımda sərgilənən görüntülərin təlaşilə həyəcanla siqaret çəkdiyim eyvandan mənzərələrini izlədiyim şəhərimə atıla bilməməyim, cəsarətsizliyim vardı. Gecənin üçündə kədərli mahnılar dinləyib sevdiyim sən vardın, itkinim. Cənub şəhərində qar gözləyən uşaqlar kimi saflıqla sevdiyim, sən vardın. (Sonra olmadın, birdən) Uzaq kəndlərin qərib axşamlarına köçürdün özünü. Bir də kiməsə belə sevgi ilə baxa biləcəmmi? Atam vardı, tütün qoxulu, gözləri yaşıl. Qərib ikindilər, gözəlim içkilər, günəşli günlər, dostlar, müdhiş kitablar, yuxu ilə oyaqlıq arasında zövqlə itdiyim məhrəm bölgələr vardı. Varmış. Bir zamanlar Şəhərim Sumda “röyalar yaşanar, həyatlar yozularmış” və mən gedirmişəm, qayıda bilmək üçün. Son anda ölçülü nəfəslərilə məni səsləyib röyalarını yaşayan anamı – mənə ağlayan, məni anlamayan cənnətimi izləyirmişəm və analar anlasaydı, səyahət olmazmış, ey mələk, bilirmişəm. Anamın saçlarından öpüb bir kabus kimi səssizliklə evdən çıxırmışam və dünya, dəyişirmiş./partizan.az/

# 3132 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #