Dəliliyin susmuş halı – Əsəd Qaraqaplanın yeni şeirləri

Dəliliyin susmuş halı – Əsəd Qaraqaplanın yeni şeirləri
12 may 2023
# 16:19


Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.


Daha yaxın olduğumuz bu günlər

və indi –
daha yaxın olduğumuz bu günlər
məni bir az hər kəsdən uzaqlaşdırıb
bir az daha yaxın eləyib sənə...

sakitəm
– heç olmadığı qədər sakit
canım da ağrımır daha
başqa bir uzaqlığın doğmalığını yaşadır
bu ev, bu otaq mənə...

gedəcək yerim də var
sevəcək anam var həm də
doğulacaq uşaqlarım...

yaşamaq...
bəzən yaşamaq
çox şeydən uzaqlaşmaqsa
mən o çox şeyə tapşırdım uzaqları...

bəzən Tanrı yolumu kəsib durur
bəzən öz tənhalığım
savaşa girirəm bəzən
özümə qalib gəlməyə
Tanrını atıb gedirəm
Tanrı məni atıb gedir
səninlə doldururam bu tanrılığı...

fəqət sənin bilmədiyin bir yanım var
bir başqa canım var mənim
Tanrını insan edəcək
insanı Tanrı edəcək...

daha çox böyüdükcə
daha çox Tanrı olduqca
və daha çox dolduqca
heçliyə çəkib gedəcək...

orda uzaqlar da yaxın
orda yaxınlar da uzaq...

orda Tanrının əlimi tutduğunu
duyduqca böyüyürəm
orda dərimi soyunub
orda yaşa dolduğumu hiss eləmədən yaşamaq
orda uşaqlar qoca
orda qocalar da uşaq...

orda sənin baxdığında görmədiyin
bir uzaqlıq da yoxdur
orda tənhalıq da yoxdur
orda Tanrılıq da yoxdur...

orda...
mənim olduğum o yerdə
mən də yoxam.
və bütün yaxınlıqlardan –
uzaqlıqlardan uzağam...

orda sən məni insan
məni Tanrı gördüyündə üzülürəm.
bir az insana bürünüb
bir az Tanrını götürüb
gəlirəm
bir daha ölüb, bir daha doğuluram...


Xoşbəxtliyi çıxarıb

harda xoşbəxt olduğumu
bir kağız götürüb yazdım;

həmin gün
həmin saat
həmin dəqiqə idi
həmin gecələrdən biri
qocaman bir şəhərin susqun divarları vardı
küləyi də kəsmişdi...

mən bir daha ölümə şans verməmişdim
zamanın içindən keçib
zamanı boş vermişdim
susqundum hüzur içində
eşqin ötəsinə keçib küləyə qapılmışdım
yarmışdım buludları
yığmışdım tanrılığı, aşmışdım tənhalığı...

sən deyə bir şey yox idi
hər şey elə sən idin
mən hər şey idim əslində
mən deyə bir şey yox idi...

Soyuq idi
amma içim rahatdı,
savaşlar,
zəlzələlər,
hələ də ətrafımızda
dünya ölüm xəbərini
hər gün ertədən doğurdu.
Hər şey bir yuxu idi
nə gerçəklər gördüksə
nə acılar çəkdiksə
doğru idi...

Bir sən
bir mən qalanacan boşaldı içimdə dünya.
Səni də ordan çıxartdım
məni də ordan çıxartdım
yetim-yesir buraxdım azadlığımı
azaltdim tənhalığımı
çoxaltdım tanrılığımı
səni içimdə çoxaldıb yoxa çıxdım
məni içimdə çoxaldıb.

Və xoşbəxtliyi çıxardıb
o qədər rahatladım ki...


Dostumun otlara hopmuş rəsmi haqda

Hər şey bizdən sonra başladı
öncə səhər günəş doğdu
əlimizi şehli otlara sürtüb sonra üzümüzü yuduq.

Onda zaman yox idi
sadəcə yaşımız vardı
öncə böyümək üçündük, sonra yaşamaq üçün...

canımızı bir od aldı...

Aşiq olduq,
öncə gülləri sevdik,
sonra gül dərən qızları,
öncə sevmədiklərimizlə sevişdik,
sonra sevdiklərimizlə,
deyəsən, biz bu dünyaya daha öncə də gəldik...

Hər şey bizdən sonra başladı
başqa heç nə yox idi –
sevmək xaricində ölmək,
və ölmək yox idi heç də
bəlkə, adı belə idi: "yenidən sevməyə gəlmək...”

Üzülürdük, nə olsun ki...
üzülmək yolçuluq idi
yaşadıqca sadəcə zaman ölürdü
və otların üstündəki cığır dönməmək idi.
Öndə yeriyən dostum
daha hündür otlara rast gəlirdi...

Bir dəfə boyumuzu ötüb keçdi dağ başında
geri qayıtmadıq ki, otlar kiçilməsinlər
hər şey o qədər kiçik,
dünya o qədər böyük,
Tanrı bizi qaldırıb öz yanına çəkəndə
dostum qəzaya düşdü
dostum gənckən öldü ki, bizi qoca görməsinlər...

Hər şey bizdən sonra başladı
öncə dağ yoxa çıxdı ayağımızın altında,
sonra hər tərəfi duman bürüdü,
dostum qəzanı keçirib qollarına
hələ yağmamış yağışın
hələ olmamış suyun üstündə öndə yürüdü.

Elə bir yerə çatdıq ki, nə həyat vardı
nə ölüm.
Az qaldı suya çevrilib
dostumdan öncə tökülüm...

Bir də gözümü açdım, ölümü ötüb keçmişik
nə torpaq var, nə də məzar
nə həyat var, nə də qəza...

Hər şey bizdən sonra başladı,
öncə yağış yağıb otları islatdı,
sonra otlar böyüdülər.
Uclarında su daşıyıb çilədilər
canımdan keçən odlara...

Və birdən hava qaraldı
və birdən səhər açıldı:
dostumun üzüqoylu rəsmi hopmuşdu otlara...


Pəncərəni açdım

Nə var o pəncərədən içəriyə dolanda?
musiqimi, şeirmi?
sənətmi var? ya sənətkar?
Azaqlıqmı var bu qədər?
dəlicə soxulur evə
soruşmur: gələ bilərəm?

Əlimi atıb saçlarımı
geri qaytarmaq istədim
bir də dağıtdı zalım...
qoymadı adam olmağa
elə sərindir qəfəsin istisindən
elə sıyrılıb şəhərin tüstüsündən
özünü təmiz doldurur içəri...

Pərdələr açılır, həyat başlayır
həyatda nə varsa, çöldə
ən çox uşaqların səsi görünür.
– Hər şey hələ yeni başlayır – deyir...

Nə var o pəncərədən içəriyə dolanda?

Pəncərənin tayı yerində durmur
bir az bağlanır, yenidən sonuna qədər açılır,
üşüsəm də, dözmək istəyirəm bunca azaqlığa
bunca dəli bir şeyi haçan yaxalayacam!
Bir də haçan gələcəyəm pəncərənin önünə?

Bəlkə, xəstələnəcəyəm
bəlkə, öləcəyəm hətta
amma olsun...
torpağın üstündəki bunca azadlıqdan bir az
qoparıb apardım, bəlkə
bəlkə, bir misra dəlilik qoyub getdim
bəlkə, bu gün bütün başqa günlərimdən
daha gözəl qalacaqdır yadımda...

Nə var o pəncərədən içəriyə dolanda?
onun adı, həqiqətən, küləkdirmi?

Çöldə damlardan səs gəlir
budaqlardan yarpağın xışıltsı
eləcə içimdən keçib ruhuma rahatlıq verir
bu qədər canlıdırmı bu gözəgörünməz mələk?

Nə var o pəncərədən içəriyə dolanda?

Ya da indi məndə nə var?
həyatmı bunun adı
daha fərqli yaşamaqmı,
sevmək üçün başqa bir bəhanəmi,
ya da doğuluşun yeni bir sayı.

Nə var o pəncərədə,
kimdir bu rəngsiz çiçək.

Hələ yellənir pəncərənin tayı...


Dəliliyin susmuş halı

Hüzurunu payızdan gətirdi bu yaz
gözlərimə baxıram:
dəliliyin susmuş halı,
dərin bir qat çəkib üstünə sevgi
kirpiklərim bu günü alıb götürüb
gözəl günlərə sancıb –
tutunacaq yerlərə...

Mən ölə də bilərdim dünyayla barışmadan,
mən sevə də bilərdim yenidən başqasını
bir adam doğdum özümdən ağrının son halında
otuz yeddi yaşımda
dəliliyi basdırdım, cücərsin yeni sevgilər.
Gəlsin yeni ayrılıqlar, qorxmuram...

Zamanı boş verdim, getdi.
Gələcəyi dünəndən
keçmişi bu gündən verdim.
Baxdım bir az ağacam, bir az çiçək, bir az ot
daha çox qara torpaq,
necə də hüzurluyam göy üzünün altında...

Buludlar qurşağımdandır,
tənhalıq topuğumdan
gözlərimə baxıram:
Dəliliyin susmuş halı
gəlsin yeni ayrılıqlar, qorxmuram...


# 2102 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #