Azərbaycanlı Sizif - Murad Köhnəqalanın yeni hekayəsi

Murad Köhnəqala

Murad Köhnəqala

17 iyun 2025
# 09:00

Kulis.az Murad Köhnəqalanın "Azərbaycanlı Sizif" adlı yeni hekayəsini təqdim edir.

Şair dostum Səfər Rzasoyluya həsr edirəm.


Qoca ölüm yatağında gənc oğlu Sizifi yanına çağırıb dedi: “Ey oğul, bil və agah ol! Bizim dağın ətəyində böyük bir Daş var. O Daşı mən diyirləyərək itələyib dağın başına qaldırmalı idim. Bütün ömrümü bu işə sərf elədim. Ancaq onu dağın zirvəsinə qaldıra bilmədim. İndi sənin növbəndir. O Daşı dağın başına qaldırsan xoşbəxt olacaqsan. Belə bir ağır taleyi sənə qoyub getdiyim üçün məni bağışla, oğlum!”

Sonra qoca əbədi olaraq gözlərini yumdu.

Gənc Sizif atasının dediyi o qara Daşın yanına gəldi. Daş çox iri, dağ isə həddən artıq hündür idi. Qollarını çərməyib işə girişdi. Daşı itələyə-itələyə diyirləyib dağın ətəyindən dağın döşünə tərəf aparmağa başladı. O, hər dəfə böyük çətinliklə Daşı bu üzündən o biri üzünə itələyib çevirdikcə ağlına müxtəlif fikirlər gəlirdi: “Görəsən, mənim xoşbəxtliyim niyə bu qədər ağır və bu qədər uzaqlardadır?”

Sizif bu fikirləri ağlından keçirirdi, ancaq Daşı da itələməyindən qalmırdı. Ömrün bahar çağı olduğundan hər tərəf yaşıllıq içindəydi. Daş diyirləndikcə xırda çiçəklər, ətirli otlar onun altında qalıb əzilir, ətrafa yaşıl qoxu yayırdı. Sizif isə günü-gündən irəliləyirdi.

“Görəsən, xoşbəxt olmaq niyə bu qədər ağırdır?”

Sizif içindəki gənclik həvəsi ilə daşı irəli aparırdı. “Olmazdımı, bu Daşı dağın başına mənim babam, yaxud elə atam çatdıraydı? Mən də göz açıb görəydim ki, heç kimin üzü əzablı deyil.”
Sizifin yan-yörəsində quşlar uçuşur, küləklər veyillənirdi.

Bir gün aşağıdan onu səslədilər: “Sizif, gəl sən də yumruğunu qaldır! Azadlıq uğrunda mübarizə aparırıq!”

Sizif daşı buraxıb meydana yeridi. Azadlıq uğrunda mübarizə apardı. Sonra yenə öz Daşının yanına qayıtdı. Hər şeyi yenidən başlamalı oldu. Mübarizə onu xeyli geri salmışdı...

Artıq təbiətdə olduğu kimi, ömürdə də yay idi. Sizif Daşı həvəslə irəliyə, öz xoşbəxtliyinə doğru itələyirdi. Ömürdə yay olduğundan günəş tez çıxıb gec batırdı. Sizif isə fikirlərinin içi ilə Daşı itələməyində idi. Bir gün onu yenə aşağıdan səslədilər. Bu dəfə anası idi: “Sizif, gəl, evlənmək vaxtındır!”
Sizif Daşı orada qoyub aşağı endi. Evləndi, ailə qurdu.
Ancaq fikri yalnız o Daşda idi. Daşı zirvəyə qaldırıb xoşbəxt olmaq!..

Sizifin bir uşağı dünyaya gəldi. Uşaq böyüdükcə atanın xoşbəxt olmağa vaxtı daralırdı. Sizif istəyirdi Daşı özü qaldırıb övladının gələcəyini bu əzabdan xilas etsin. Uşaq böyüyür, Sizif isə yaşa dolurdu. Günlərin bir günü onun qoca anası da dünyasını dəyişdi. O anasını dəfn elədikdən sonra bildi ki, artıq, tələsmək lazımdı...

Payız girmişdi. Sizifin də yarpağı saralırdı. Bütün bunlara baxmayaraq o, xoşbəxt olmaqda ümidli idi. Sizif Daşı itələyirdi. Ancaq elə bil Daş əvvəlkindən xeyli ağır olmuşdu. Payızın hökmü ilə hər yan bozarırdı. “Görəsən, atam yaşadığı dövr qəddar olub, yoxsa mənim dövrüm?..”

Daşı itələdikcə Sizifin həyatının hər yeri ağrıyırdı. “Dünyanın ayrı yerlərində də ömrü beləmi yaşayırlar? Yoxsa, bədbəxt bircə bizim torpaqda doğulanlardı?..”

Əvvəlki vaxta baxanda Sizif çox ləng qalxırdı. Vaxt isə ox kimi uçurdu. O, Daşın ağırlığına, yolun uzaqlığına, ömrünün qalan yerinə baxır, götür-qoy edirdi. Bu yerlərdə xoşbəxt olmağın mümkünsüzküyünü duyurdu...

Ömrə qış gəlir, təbiətə qar yağırdı. Sizif qarlı yolla Daşı itələməyində idi. Bir gün sakit səs onu aşağıya səslədi: “Sizif, gəl, artıq vaxtdır!”

Sizif Daşı buraxıb aşağı endi. Bir də baxdı ki, ölüm yatağında uzanıb. Qoca Sizif xəcalətindən vəsiyyət eləmək istəmirdi. Ancaq fikirləşdi ki, burada xoşbəxt olmağın yolunu mütləq övladına deməlidi.

Nəhayət, Sizif gənc oğlunu yanına çağırıb daşın yerini ona pıçıldadı...

# 3239 dəfə oxunub

Oxşar xəbərlər

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər