Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi
17 noyabr 2025
# 10:40

17 noyabr xalçaçı-rəssamı, xalçaşünas, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür.

Kulis.az bu münasibətlə Vahid Məhərrəmovun "Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi" yazısını təqdim edir.


Azərbaycanın mədəniyyət və incəsənət tarixində elə insanlar var ki, adları çəkiləndə gördüyü işlər, yaratdığı sənət nümunələri kino lenti kimi gözlərimiz önündən gəlib keçir.

Belə sənətkarlardan biri də Azərbaycan xalçaçılığının inkişafında böyük xidmətləri olmuş Lətif Kərimovdur. L.Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyəni paralel inkişaf etdirmişdir.

Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Onların nəsli - bütün "Allahverənlər" tayfası toxuduqları bənzərsiz xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdu.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdü. Xalça sənətinə olan məhəbbət Lətifi məşhur xalçaçı Mirzə Ələkbər Hüseynzadənin şəhərdəki emalatxanasına gətirib çıxarmışdı. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənir, bu sahəyə böyük maraq göstərirdi. Bir müddət sonra onlar geriyə - vətənə dönmüşlər.

Şuşa şəhərindəki "Qarabağxalça" artelində təlimatçı işləyən Lətif Kərimov yerli xalçatoxuma işlərinin sirlərini dərindən mənimsəyirdi. Getdikcə bilik və bacarığını təkmilləşdirən, zənginləşdirən L.Kərimov 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışmağa başlamışdı. İlk dəfə olaraq məhz onun təşəbbüsü ilə Bakıda və Qubada xalça məktəbləri açılmışdır. Sənətinin bilicisi olan Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də çalışır, uğurlar qazanırdı.

Ömrünün 1930-1940-cı illəri Lətif Kərimovun yaradıcılığında mühüm yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izləri açıq-aydın görünür.

Həmin illərdən başlayaraq Lətif Kərimovun xalçaları Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun böyük şair Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə keçirilən dünya sərgisində nümayiş etdirilmiş və böyük uğur qazanmışdır. Böyük əziyyətlərə qatlaşan sənətkar əsrlərin dərinliklərindən üzü bəri Azərbaycan xalçalarının növlərinə aid müxtəlif kompozisiya və naxışları toplamış, beləliklə, Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyasını hazırlamışdır. Onun bu tədqiqat əsərləri Azərbaycanın xalça sənətinin tarixinə qızıl hərflərlə yazılmışdır.

Lətif Kərimov tanınmış rəssamlarımız K.Kazımzadə, İ.Axundov və başqaları ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Baxanların, görənlərin diqqətini çəkən bu xalçalarda böyük Azərbaycan şairinin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş bir-birindən maraqlı epizodlar təsvir edilmişdir.

Lətif Kərimovun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. 1972-ci ildə Bakıda Xalça muzeyinin yaradılması da L.Kərimovun təşəbbüsü ilə olmuşdur.

Lətif Kərimov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında və rəhbərliyi ilə "Əfşan" (1931, 1957), "Qonaqkənd" (1939), "Ləçəkturunc" (1952, 1982), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1967, 1977), "Ağaclı" (1974) "Şəbi-hicran" (1975) və onlarca başqa süjetli xalçalar toxunmuşdur. Görkəmli xalçaçı rəssam və xalçaşünas alimin üçcildlik "Azərbaycan xalçası" adlı kitabı, xüsusən də birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmış və sənət biliciləri arasında yüksək rəğbət qazanmışdır. Avropa, Amerika, Şərq ölkələrindən məşhur xalçaşünas alimlər və ekspertlər ona çoxsaylı məktublar göndərərək kitab haqqında qiymətli fikirlərini bildirmişdilər.

Böyük sənətkar Lətif Kərimovun xidmətləri layiqincə qiymətləndirilmişdir. Müxtəlif illərdə "Azərbaycan SSR Xalq rəssamı", "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adlarına, "Stalin" mükafatına, 2 dəfə "Qırmızı Əmək Bayrağı", həmçinin "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenlərinə, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medallarına və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

1991-ci il sentyabrın 8-də vəfat edən dəyərli alim Lətif Kərimov 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını  niyə “lənətli fəlakət” adlandırmışdı?

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı?

10:00 17 noyabr 2025
XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

17:15 14 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

15:08 10 noyabr 2025
Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

10:00 10 noyabr 2025
Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı

18:15 6 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər