Elçibəy: “Mən mütləq prezident olacağam” – CİZGİLƏR

Elçibəy: “Mən mütləq prezident olacağam” – CİZGİLƏR
24 iyun 2011
# 08:00
Azadlıq Meydanındakı qələbəlikdən seyrək bir kütlə qalmışdı. Meydanın təxminən yüz addımlığında üçnəfərlik çevrədə gəzişdiyim vaxt qulağımı bir səs dəldi. Səsgücləndirici ilə kütləyə xitab edən şəxsi axşamın alatoranında görmək mümkün deyildi. Yanımdakılardan soruşdum: “Danışan kimdir?” “Əbülfəz Əliyev”.

Böyük Bəylə ilk tanışlığım belə başladı.


Xalis Şərq adamı



Səhv etmirəmsə, Böyük Bəy elə ömrünün sonunadək “Əliyev” soyadında qaldı. Məhz buna görə bəzi hüquqşünaslar hakimiyyətdə olduğu dövrdə “Elçibəy” ismi ilə imzalanmış fərman və sərəncamları hüquqi qüvvəyə malik olmayan sənəd adlandırırdı.

Bu mühüm pasport qeydi – “Əliyev” soyadı Əbülfəz Elçibəyin, gərək ki, heç vecinə deyildi. Bəlkə də heç özü əsas sənəddə soyadının necə yazıldığını xatırlamırdı. “Elçibəy”, yaxud çox sonralar deyildiyi kimi, “Böyük Bəy” çağırışına cavab verirdi.

Ümumiyyətlə, kim olursa-olsun, inqilabçını rəsmi qaydalara itaətkar, yazılı təlimatları pozmaqdan çəkinən, çox uzatmayım, ütülü şəxsiyyət kimi qavramaq – yox, bu, təsəvvürdən kənardır.

Başlanğıc Əbülfəz Elçibəyə başqa bir gələcək vəd edirdi. Universitet təhsili. Tez də haşiyəyə çıxım: o, şərqşünaslıq fakültəsinə elə açıldığı ildə daxil oldu. Azsaylı tələbələrin hamısı Azərbaycanın sayılıb-seçilən ailələrindən idi. Müharibədən qayıtmamış Qədirqulu Əliyevin oğlu Əbülfəz Elçibəy bu sıraya necə düşmüşdü, - şəxsən mənim üçün bu, hələ də müəmmalıdır.


Əbülfəz Elçibəy diplomatik fəaliyyətdə olmuşdu, az zamanda siyasi karyera qurmaq imkana malik idi, lakin dissidentliyi, rejim əleyhdarlığını tərcih etdi. Niyə?

O, xalis Şərq adamıydı, xətləri gendən bilinən çərçivəli həyat tərzi, dəbli geyim üslubu, qəlib zövqü yoxuydu, onun şairanə-dərvişanə görkəminin ilk və ən məntiqli izahı bunda idi, digər izah peşəsindən – şərqşünaslıqdan irəli gəlirdi, bir başqa izahı da şəcərədə – Ərdəbil şeyxzadələri ilə bağda axtarmaq lazımdır.

Mən heç vaxt Əbülfəz Elçibəy pərəstişkarı olmamışam. Siyasətçi ilə nə qədər yaxın olsam da, həmişə aramızda ən azı bir metr məsafə qalır. Amma Böyük Bəylə bir məqamda yanaşı durmuşam: son gününə qədər bu siyasətçi ailəsini cəmiyyətə açmadı. Hətta xanımını belə yalnız dəfn günü gördük və bu bircə kərəlik qarşılaşma ilə onu yadda saxlayan olmadı. O cümlədən mən də. Və elə bu fakt da Əbülfəz Elçibəyin xalis Şərq adamı olduğunu isbatlayır.

Ruhun könüllü itaətində

Mir Şahinlə söhbəti xatırlayırsınızmı?

“Mənim içimdə bir sıra ruhi məsələlər var. Bu belə çıxmasın ki, mən də ruhlarla məşğul oluram, yox. Мәn Məhəmməd Peyğəmbərin (s.) məntiqinin güclü olduğunu qəbul edirəm, buna inanıram. Qurandakı böyük məntiqə inanıram. Orada bir cümlə var, Peyğəmbərə (s.) deyirlər: “Səndən ruh haqqında soruşanda, de ki, Allahım bu haqda mənə az şey öyrədib...”

Əbülfəz Elçibəy – Ruh adamı. Bir az qəribə, qulağın vərdiş etmədiyi şəkildə səslənir, deyilmi? Amma şəkk etməyin, məhz belədir.

Vaqif Səmədoğlu, Ramiz Rövşən və ən çox da qəribə gələn Vaqif Ваyatlı Önərin şeirlərini xoşlaması, poeziyadan dinclik tapması da Böyük Bəyin Ruh adamı olmasına işarədir. Bəlkə də elə Ruha, yəni irreal dünyaya bağlılıq onun real dünyada çətinlikləri, uğursuzluqları, məğlubiyyətlərinin, ən əsası da hakimiyyətdən uzaqlaşdırılmasının yeganə düzgün izahı idi.

Həlim, üzüyola və... sərt “Qoca”

“Ruh adamı”nın görünüşü onun səciyyəsi haqqında hər şeyi deyirdi. Həlim, üzüyola... Hərdən adama elə gəlirdi ki, “Qoca”nı aldatmaq çox asandır. Əslində, tez-tez aldadılırdı da. Amma hərdən siması o qədər sərt sima alırdı ki, zəhmi yer yarırdı. Əbülfəz Elçibəy bəzən hətta öz siyasi cəbhədaşlarına qarşı amansız ola bilirdi. Öz dövrünün siyasi məhsulu kimi, o, tez alışan (həm də tez yandıran), tez cırnayan, amma cığal olmayan siyasətçiydi və düz “onluğa” dəyən iti ifadələri ilə az adamın kefinə soğan doğramamışdı. Yadımda, bir dəfə Şeyxin hansısa sözünə qatıq çaldırmışdı. İnanın, mən Allahşükür Paşazadənin bu qədər inciyəcəyini təsəvvürümə gətirməzdim.

Əhvalı təlx halda oturmuşdu, qarşısında köhnə ağ-qara fotoda prezident Əbülfəz Elçibəyin Təzə Pir məscidinə qəfil gəlişi əks olunmuşdu. Böyük Bəyin onu təltif etdiyini də xatırladan Şeyx incik səslə “Axı mən ona nə pislik etmişəm?!” - dedi.

2000-ci il. 22 avqust. Elmlər Akademiyasının zalından çıxarılan cənazəni müşayiət edən kütlə Fəxri Xiyabana istiqamətlənəndə, təsadüfən Şeyxlə üz-üzə gəldik. Allahşükür Paşazadə dəfn komissiyasının üzvü idi, - bunu öncədən bilirdim. Amma tabutun arxasınca gedən izdihamın lap göbəyində onu görəndə nədənsə özümü itirdim. “Şadlıqlarda görüşək!” - dedi. Şeyxin üzündə səmimi bir kədər vardı. O, necə deyərlər, vəzifə başında idi. Amma sanki hüzr sahibiydi, doğma bir adamını son mənzilə yola salırdı.

Bir faktı da yada salım. “İslam təməlçiliyi” termini təzə-təzə dövriyyəyə buraxılanda məhz Əbülfəz Elçibəy öz məqaləsi ilə bu anlayışın arxasında duran məkri ifşa etmişdi.

Mən onun o illərdə qələmə aldığı məqalələrin hamısını oxumuşam. Səlis dil, güclü məntiq. Siyasi publisistikaya gərəkli olan bu iki keyfiyyətin ikisi də o yazılarda var. Və Böyük Bəyi başqa, sağa-sola müsahibə paylayan, özləri bir cümlə də yazmayan siyasi xadimlərdən fərqləndirən bir mühüm cəhət də budur ki, o, özündən sonra kiçik də olsa, bir yazılı miras qoydu. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadənin irsinə qatqı olacaq miras. Və tələsik qeyd edim: şübhəsiz, Ədalət Tahirzadə və qeyrilərin sonradan onun adına çıxdıqlarını kənara atıram.

“Xərçəng”in qısa hakimiyyəti

Sizə bir sirr açım: 1993-cü ili dövlət quruculuğu ili elan edən prezidentin hakimiyyətdə çox qalmayacağını Azərbaycanda vur-tut iki nəfər bilirdi: mən və Şahvələd Çobanoğlu. 1992-ci ilin prezident seçkisi başa çatmışdı. Şahvələd Çobanoğlu Elçibəy haqqında yazı hazırlayırdı və haradansa tapdığı amerikalı qadın-astroloqun kitabında “Xərçənglər”in (24 iyun 1938 – Böyük Bəyin təvəllüdü – Xərçəng bürcü, Pələng ili) səciyyəsini yazıya əlavə etmək istəyirdi. Ucadan oxuduğu xarakteristikadakı bir əlamət ona xoş gəlmədi: ““Xərçənglər” hakimiyyətdə çox qala bilmirlər...” O, udqundu, pərişanlığını güclə gizlədərək “Gəl, bunu yazmayaq”, - dedi.

Şahvələd Çobanoğlu yazılanı “pozdu”. Amma “yazıya pozu yoxdur” məsəli də elə-belə deyilməyib ki! Onun “pozduğunu” tale yerinə qaytardı. Əbülfəz Elçibəy hakimiyyətdən getdi. Bu birillik hakimiyyətdən miras qalan nə oldu: Rusiya qoşunlarının Azərbaycandan çıxarılması, yarımçıq təşkilatlanmış, qiyamçı ordu, milli valyuta – manat, latın əlifbasına keçid, test imtahanları...

Böyük Bəyin Kələkiyə gedişini, yaxud qaçışını – nə cür istəyirsiniz adlandırın, - müxtəlif cür yozdular. Ən çox da qorxaqlıq və gizli sövdələşmə kimi. Bunun hər ikisini nə isbatlayacaq, nə də inkar edəcək dəlillər var. Yalnız quru mülahizələrə əsaslanan yozumlar. Amma bunu da etiraf etmək gərəkdir ki, Heydər Əliyevlə arasında olan bütün umu-küsülər, qarşılıqlı ittihamlar, barışmaz mövqelər bir gündə aradan qalxdı. Məhz avqustun 22-də.

Əbülfəz Elçibəyin bütün rəsmi qaydalara uyğun dəfn ediləcəyini deyəndə, mənimlə mübahisəyə qalxanlar olmuşdu. Amma Elmlər Akademiyasının önündə üzləşdiyimiz an utancaq, pərt baxışlar kimin haqlı olduğunu isbatlayacaq sözə ehtiyac saxlamırdı.

Yadınızdadırmı o səhnə? Heydər Əliyev hüzr yerinə gəldi, zalı bürümüş uğultunun altında Böyük Bəyin cənazəsi qarşısında ona ehtiram əlaməti olaraq dayanıb baş əydi və mərhumun ailəsinə başsağlığı verib getdi...

Əgər o, praqmatik, rasional düşüncə sahibi, yəni hisslərin yox, zəkanın əsiri olsaydı, Napoleon kimi, ilk sürgündən hakimiyyətə qayıdışını yüz günə təmin edərdi. Yox, o, qeyri-bərabər, qanlı davadan məğlub qayıdan, müridlərinin qutlu şah inancı sarsılmış, xanəgahına qapanmış mürşidi-kamilin – Xətainin aqibətini bölüşdü. “Mən prezident olacağam. Мәn prezident ola bilmədim axı... Мәn prezident olacağam... Mən prezident olacağam və Siz də görəcəksiniz ki, Azərbaycan nə cür idarə olunur” – bunu deyəndə artıq Mir Şahinlə telesöhbət bitmişdi və aparıcı “Çox sağ olun...Təşəkkür edirəm...” - deyə proqrama nöqtə qoymaq istədikdə, Böyük Bəy yenə də israr edirdi: “Olacağam. Siz buna inanın. Buna bir az qəribə baxırsınız, amma inanın. Mütləq prezident olacağam. Mən prezident olacağam. Mən hətta inanıram və fikirləşirəm ki, Azərbaycanda yaxşı bir mühit olacaq. Azərbaycan xalqı öz taleyini mərd-mərdanə, öz əxlaqına, ləyaqətinə uyğun yaradıb idarə edəcək. Və о ləyaqətdən, mərdi-mərdanəlikdən kim qazandı, o, xoşbəxt adamdır”.

Bu sözlərdə qətiyyət, aydın istək var. Amma onu başqa bir etirafı xarakterindəki davamsızlığı, qətiyyətsizliyi isbatlayır: “Vaxtilə bir sıra idman növlərinə marağım var idi. Universitet illərində güləşlə məşğul olmuşam, hətta universitet çempionluğunu da qazanmışam. Sonra bir hadisə məni güləşdən saxladı. Gördüm ki, Azərbaycanın güləş ustaları və çempionlarının qulağı əzilib. Fikirləşdim ki, qulağımı о cür əzdirə bilmərəm. Güləşə hobbi kimi baxırdım. Məqsədim güləşçi olmaq deyildi. Elə olsaydı, lap qulağımı da əzdirərdim...”

Yeganə varis

Və bir daha Mir Şahinlə söhbətə qayıdıram. O söhbət artıq Böyük Bəy Kələkidən qayıtdıqdan sonra baş tutmuşdu. Amma, məncə, Bakıya gəlib çıxan Əbülfəz Elçibəyin cismi idi, ruhu elə orada qalmışdı.

Amerikalı astroloqun rəyinə inansaq, ona ikinci yer daha çox yaraşırdı. Yəni kənar müşahidəçi, mənəvi atalıq, siyasi ağsaqqallıq. Əbülfəz Elçibəy bu mövqedən daha böyük, əzəmətli görünürdü. Və hər kəs, istər partiyadaxili rəqibləri, istərsə də müttəfiq partiyaların liderləri onun yanında olmaqdan fəxr duyurdu.

Böyük Bəyin Azərbaycan tarixindəki yerini isə bir zamanlar YAP Siyasi Şurasının üzvü Səyyad Aran dəqiq və biryolluq ifadə edib. Unudanlar üçün xatırlama: 1999-cu il. Şəhriyar adına Mədəniyyət evi. AXCP-nin qurultayı. Təbriklər səslənir. Tribunaya çıxan YAP təmsilçisinin sözləri: “Əbülfəz Elçibəy Azərbaycan milli-azadlıq hərəkatının əvəzsiz və şəriksiz lideridir”. Ardınca gurultulu və sürəkli alqışlar...

Nəşi Azərbaycana gətirilib evinə qoyulanda bir foto çəkilmişdi. Tabutun başı üzərində tək-tənha dayanmış Aqil Səmədbəyli. Bu foto məni həmişə hiddətləndirib. Çünki kürəkənin Elçibəy varisi olmasını qəbul etməmişəm. Özünü elçibəyçi adlandıran siyasətçilərin də heç biri onun həqiqi varisi ola bilmədi. Bunu da hər zaman demişəm. Onun yeganə varisi olacaq şəxs bir nəfərdir – oğlu Ərtoğrul.

...Bu yaxınlarda Cənnət Səlimova ilə təsadüfən görüşmüşdüm. Soruşdum: “Sizdən sonra yolunuzu davam etdirəcək varis yetişdirmisinizmi?” Dedi: “Nə varis? Bu nə söhbətdir? Mənim ölümümlə teatrım da öləcək!”

Əbülfəz Elçibəyin ölümü ilə də onun mənsub olduğu dövrün siyasi tamaşası bitdi. İndi səhnədə yeni quruluş və nə təəssüf ki, gənc rolları oynayan, özünə elçibəyçi deyən qoca aktyorlar var...


Əziz Rzazadə
# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #