Qazaxda hələ də Stalinə şeir yazan şair var - PROJE

Qazaxda hələ də Stalinə şeir yazan şair var - PROJE
26 may 2011
# 14:00
Sovetlər qurulandan sonra hökumət təhlükə gördüyü hər yerdə əhalini başını bir başqa türlü işlərlə qatmağı planladı. Məsələn, Qarabağ üsyanını görəndə Qarabağı musiqiçilər diyarı elan etdi. Gəncə üsyanında qazaxlıların qəhrəmanlıqlarını görüb Qazaxı da şairlər diyarı elan etdi.
Guya burda hamı şairdi. Guya bu torpaq generallar yetişdirə bilməz…

…Səməd Vurğun “şair Məmməd” adlı bir söz cütləyəni Bakıya aparıb məhşur yazar etmək istəmişdi. Bakıya çathaçatda “şair Məmməd” neft buruqlarına baxıb bədahətən bir “şeir” deyir:

“Vışka-mışka” deyəllər,
Altında oturub, pendir-əppək yeyəllər


Səməd Vurgun görür ki, daha bu adamdan məşhur şair-filan olan deyil, elə ordanca “şair”i geri qaytarır.

Bir dəfə Həmid Herisçi zəng etdi ki, Kəmərli hadisləri haqda yazı yazmaq istəyirəm, ordan tanışın varmı? Dedim, nə qədər istəsən. Əlbəttə, mən tanış şairlərə güvənirdim. Amma nə olsa yaxşıdı, 1984-cü ildə edilən qəhrəmanlıqdan danışmağa qorxdu güvəndiyim şairlər. Gedib öz qafiyələrində gizləndilər. Di gəl ki AzTV gəlsəydi çəkiliş var deyə, görün necə qəhrəmanlıqdan basıb-bağlayardılar.

Qısası, vəziyyət belədir, azacıq müxalif mövqedə olan qəzetdə heç kim adının hallanmasını istəmir. Amma di gəl ki yazdıqları qəhrəmanlıqdandır, vətənpərvərlikdəndir.

İnanmazsınız, Qazaxda hələ də Stalinə şeir yazan şair var. Amma AYB-nin Qazax zona şöbəsinin e-mail-i yoxdur. Sədr Barat Vüsal deyir ki “qoy kopoğlu Con məni oxumasın…”

Bu filialda hər şey AYB-nin rüblük hesabatlarına hesablanıb. Təki hesabat kitabçasında bunların tədbirlərindən yazılsın. Odur ki, bu tədbirlərdə kəmiyyətə üstünlük verilir.

Tədbirlər necə keçirilir: bütün şair xaylaqları tədbirə şeirlə gəlir. Tutaq ki, sənin kitabın çıxıb. Hamı sənə şeir yazıb gələcək. Heç üçsaatlıq kaset də sənə bəs etməyəcək. Sonra da gərək bu şeirlərə cavab yazasan.

Bəzən daha iri çaplı tədbirlər keçirilir. Məsələn, bir dəfə Nazim Hikmət haqda tədbir keçirilmişdi. Amma şairlər Nazim Hikməti tanımırdı. Odur ki, türk qardaşlığına aid hərə bir-iki şeir yazıb tədbirə gəlmişdi. Sonda şairlərdən biri üzünü divardan asılan şəkilə tutur deyib ki, ey Nazim Hikmət, mən də haqsız yerə zindanlarda yatmışam. Şəkildəki isə Nazim hikmət yox, Məhəmməd Əmin Rəsulzadə idi.

Ağstafada da nəsə bir şairlər məclisi mövcuddur. Deyilənə görə, yüzdən artıq üzvü var. Amma orda da vəziyyət Qazaxdakı kimidir. Ancaq rayon əhəmiyyətli tədbirlərdə iştirak edirlər şairlər. Bir dəfə tanışlar dedi ki, “Sezar” restoranının açılışında bir xeyli şair xaylağı vardı.

Hərdən də şairlər yığılıb “sabrazim” edirlər – bir şeir iki manatdan. Yəni almanax buraxılır. İstəyirsən almanaxda şeirin çox olsun, gərək əlin cibində ola. Odur ki keyfiyyətə fikir verən yoxdur.

Dindar bir şairin “Bəxtəvər eşşək” adlı şeiri də yayınlanıb. Şeirdə eşşəyin bəxtəvərliyi vəsf olunur: ay eşşək, sən nə bəxtəvər məxluqatsan. Bu bulaq başında sənin başına gör nə qədər qız-gəlin yığışıb, kaş sənin yerinə mən olaydım…

Və yaxud bir başqası yazır ki, “Zağalarda mal gecələr”. Deyirəm, a kişi, bu inəkdi, ya porsuqdur, gecə vaxtı inəyin zağada nə işi var? Müəllif ilan kimi quyruğunun üstünə qalxır: “Sən uşaqsan, mən Ermənistanda qalan dağlarımızı deyirəm. Orda filan dağda belə bir zağa vardı”.

Bu şairlərin mərkəzə çıxışı yoxdur. Buna görə də hər hansı “obyekt qəzeti”ndə dərc olundularmı, vəssəlam, o adamı artıq ən müqddəs bir zatdır.

Vəziyyət beldir. Hamı şeir yazır, heç kim dərc olunmur. Ən yaxşı tanınma üsulu aşıqlarla barterdir. Məlumdur ki, biz tərəfdə aşıqlar boldur. Barter üsulu: şair aşığa bir neçə şeir yazır, onu tərifləyir. Aşıq da onun şeirini məclislərdə oxuyur.

Və yaxud tamadalara şeir paylamaq adəti var. Şeirin mənzili məclisə, toyxanaya qədərdir.

Dərd odur ki Bakida yaşayan bir qədər tanınmış şairlər də bu vəziyyətlə barışırlar. Lap Rüstəm Kamalından, Məmməd İlqarından tutmuş Nizami Cəfərova, Nəriman Həsənzadəsinə qədər. Onlar da deyir ki, şair Qazaxdan çıxar, vəssalam.

Qazaxda Fuad Babanlı adlı şair yaşayir. Adamın yazı qrafiki belədir: saat 6-da yuxudan oyanmaq. Bir saat idman. Sonar iki saat şeir yazmaq. Norma –günə azı beş şeir. Və kitabına da Nizami Cəfərov ön söz yazır.

Cümşüd İsgəndər isə Bakida yaşayır. Dünya haqda bir kitabı var. Türkçülük sahəsində elə “fontan vurub” ki, yazır hətta Argentina da türk sözüdür. Yazır ki, “Ər gen tun - Ərlər yaşayan gen dağlar” deməkdi. Bu kitaba da ön sözü Nizami Cəfərov yazıb. Çünki o da sidq-ürəkdən inanır ki, şair ancaq Qazaxdan çıxar.

Poeziyada novatorluq etdiyini iddia edən Vaqif Səmədoğlu da bu gündədir. Adamın ən böyük arzusu Qazaxda heykəlinin və yaxud büstünün qoyulmasıdır. Bu məqsədlə tədbirlərin birində RİH başçısından rica etdiyi məlumdur. Halbuki “Məni öləndə, baş daşı əvəzi ayaqqabılarımı qoyarsız, bir yetim geyib gedər” - yazıb. Yalan deyir, öləndən sonra heykəlinin olmasını sidqi-ürəkdən arzulayır. Amma bilmir ki onun pendir iyi verən poeziyası çoxdan bədəninə də hopub. Ayaqqabılarından gələn iyə görə heç kim yaxın getməz. Lap o şeirlərə bəstələnmiş mahnıları Teymur Əmrah oxusa da. Əslində. bu şerlərə Teymur Əmrahlar yox, Teymurov mazı lazımdır.

Teymur dedim Teymur Bünyadov yadıma düşdü. O da deyilənə görə qoca vaxtında girişib poeziyaya. Bir neçə bayatı kitabı buraxdırıb. Onun da işi “qullabıdır”. Elə ona da Teymurov mazı lazımdır.

Qoca vaxtı şeir yazan bir odur ki?!

Uzun müddət zootexnik işləyib və qoca vaxtında şeir yazan tanıyıram. Özünü də Aytmatovla müqayisə edir. “Xoruz İli”nə də şeir yazır -“xoruzlaşaq, əzizlərim” - deyə millətə yol göstərir.
Pensiyaya çıxarılarkən ilk şeiri də rayon qəzetində çıxmış adam pensiyaya göndərilməsinə etiraz edərək demişdi: “Məni hara çıxarırsınız, mən hələ təzə çiçəklənirəm”.

Bu günlərdə isə Qazax zəhmətkeşləri Barat Vüsalın 60 illiyini qeyd etdi. Baratın poeziyaya gedən yolu bağlanan kimi bir neçə saatlığına mərkəzi yola giriş-çıxış bağlanmışdı. Şəki zəhmətkeşləri Barat üçün Şəki halvası göndərmişdilər. Deyəsən, bu Şəki zəhmətkeşləri də öz zarafatlarından qalmıllar. A canuuzu yiyim, bu adamın şeirləri ölü şeirlər zaddı ki, bunun üstünə halva göndərirsiniz? Siz Teymurov mazı göndərin, o lap yerinə düşərdi.

Tədbirin sonunda Barat Vüsala avtomobil hədiyyə olundu ki, sürət əsrində piyada qalmasın. Amma bilmillər ki ona sürət əsrinin vəsiqəsini heç kim ürək edib verə bilməz. Axı zülmət təfəkkürlü adam qırmızı işığı və yaxud yaşıl işığı fərq edə bilir.

Sonda ürəyi istəyəni Qazaxda “Poeziya Halal Xaş” adlı xaşxanaya dəvət edirəm. Bir az da oturub halal poeziyadan danışarıq…

Bəxtiyar Hidayət
# 2938 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #