Əbülfəz Qarayevin qızı Məhsəti Gəncəvini niyə "bar qızı" kimi təqdim edir?

Əbülfəz Qarayevin qızı Məhsəti Gəncəvini niyə "bar qızı" kimi təqdim edir?
4 dekabr 2025
# 21:17

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub.

Filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qaradır.
Mədəniyyət Nazirliyi açıqlama verib ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi yolverilməzdir. Geniş ictimaiyyət, eləcə də ziyalılar tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.

Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Elə buna görə film Bakı Film Festivalının proqramından çıxarılıb.

Azərbaycan mədəniyyətinin, klassik şeirinin ən zərif simalarından biri olan Məhsəti Gəncəvi min illik poeziyamızın şərəf səhifəsində dayanır. Hörmət bəslədiyimiz, balalarımızın şeirlərini əzbərlədiyi bir obrazın ekrandakı təqdimat forması hər birimizin mədəni məsuliyyətinə daxildir.

Tarixi şəxsiyyətlərə fantaziyalarla, siyasi-ictimai manipulyasiyalarla, qərbpərəst estetik eksperimentlərlə yanaşmaq tariximizə ləkə yaxmaqdır.

“Məhsəti” adlı qısametrajlı filmin Bakı Film Festivalına buraxılmaması xəbəri yayılanda ictimaiyət arasında suallar yarandı. Çoxları bunu nazirliyin senzurası hesab elədi. Filmə baxan, haqqında məlumatı olanlar üçünsə hər şey aydın idi.

Mədəniyyət Nazirliyi bu dəfə düz eləmişdi. Amma onu da vurğulamağa ehtuyac var ki, filmin maliyyələşməsini də elə Mədəniyyət Nazirliyi təmin edib.

Film təkcə Məhsəti Gəncəvini təhrif etmir, ümumilikdə, Azərbaycan mədəniyyətinə, mənəviyyatına, tarixi yaddaşına qarşı açıq hörmətsizlik nümayiş etdirir.

Məhsəti adlı obrazı dəyişmək, onu uydurma davranışlarla təqdim etmək yüzillərlə formalaşmış poetik ənənəni, qadın lirikasının mahiyyətini ayaqlamaq deməkdir. Məhsəti bizim poeziyanın, qadın sözünün, zəriflik və mərifət ənənəsinin simvoludur. Biz onun şeirlərində bunu görürük. Onun obrazını estetik eksperimentlərin, Qərb festival klişelərinin oyuncağına çevirmək Azərbaycan mədəniyyətinə “sənə nə var, belə də olar” deməkdir.
Bu isə artıq yaradıcılıq yox, düşünülmüş və ya düşünülməmiş mədəni hörmətsizlikdir.
Acınacaqlısı isə budur ki, addımı atan təsadüfi bir rejissor deyil. Bu filmi ərsəyə gətirən şəxs uzun illər Azərbaycan mədəniyyətinin taleyini həll edən, mədəniyyat siyasətini yönləndirən, yüzlərlə layihəni təsdiq edən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. Yəni mədəniyyətin içində böyümüş, illərlə Azərbaycanda mədəniyyət siyasətini həyata keçirən quruma rəhbərlik edən şəxsin ailə üzvüdür.

Bu paradoks mədəniyyətə münasibət problemidir. Sanki kiminsə estetik zövqü, yanaşması, Qərb auditoriyasına iddialı görünmək arzusu dövlətin və xalqın mədəni dəyərlərinin üstündə dayanır. Sanki Məhsəti Gəncəvinin adı, onun min illik poetik irisi bir kənara atılıb, rejissorun şəxsi həyat fəlsəfəsi ön plana çəkilib.
Bu mədəniyyətə deyil, özünə işləməkdir.

Məsələnin maraqlı tərəfi odur ki, bu film Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib, yəni dövlət pulları hesabına çəkilib. Əbülfəz Qarayev isə inzibati yollarla onu keçirtməyə çalışıb.
Suad Qarayevanın təhsil və iş təcrübəsi ilk baxışdan nümunəvi görünə bilər. Londonun Ali İqtisadiyyat Məktəbində fəlsəfə və dövlət siyasəti üzrə magistr təhsili, daha sonra iri investisiya banklarında maliyyə sahəsində fəaliyyət, “Sotheby’s” kimi dünyada məşhur hərrac evində layihə menecerliyi… Bütün bunlar onun fərqli estetik və mədəni mühitlərə yaxın olduğunu göstərir. Problem də elə buradadır; Qərb mədəni mühitinə yaxınlığı onun milli mədəniyyətlə məsafəli yanaşmağına, yad qalmasına səbəb olub.
Bu məsafə “Məhsəti” filmində özünü daha açıq göstərir. Rejissor, görünür, Qərb festivallarının tələb etdiyi provokativ formaya uymaq istəyib, Azərbaycan klassik irsini də bu kontekstdə “yenidən oxumağa” cəhd edib. Amma bu “yenidən oxuma”nın altında milli irsdən uzaqlaşmaq, ədəbiyyat və tariximizin köklərinə bələd olmaq yerinə, Qərb klişelərinə arxalanmaq özünü göstərir.

Suad Qaranın filmin yayımına icazə verilməməsi ilə bağlı yazdığı açıqlama isə onun obrazını yaratdığı Məhsəti, şairənin yaşadığı dövr, həmin dövrün saray əxlaqı, dövrün azadlıq anlayışı ilə bağlı məlumatlı olmadığını açıq-aşkar göstərir.

Çox bariz şəkildə görünür ki, Suad Qara Məhsəti yaradıcılığındakı " mey", "saqi", "meyxanə" anlayışlarını öz həyat tərzindən bildiyi Avropa barları, müasir içki məclisləri və "cool varlı gəncliyin məşğuliyyətləri" ilə paralelləşdirib. İnterpretasiyalar isə adətən dövrü nəzərə alınmaqla edilir.

Bununla bağlı müasir dünya ədəbiyyatında və kinosunda çoxlu nümunələr var.

İslahat, müasirlik və yenilik əhvalı yaratmaq üçün interpretasiya etmək alqışlanandır. Amma bu tarixi reallığı, milli dəyəri, toxunulması az qala tabuya çevrilmiş obrazları tamamilə dağıdıb, yerində böyük bir çuxur yaradılmaqla edilmir.

Daha doğrusu, edilir, lakin bunu edənlər o millətin nümayəndələri olmurlar. Məsələn, Mixalkov bizim tariximizlə bağlı buna cəhd edirdi, bunu başa düşdük. Amma Suad Qara niyə? Edirsə, Mixalkovdan nə fərqi var?


... Məhsəti bizimdir. Onu anlayan da biz olmalıyıq, qoruyan da. Heç kim onun adını festival uğuru üçün, şəxsi populyarlıq üçün, qərb simpatiyası üçün alçalda bilməz.

***
Məhsəti Gəncəvi yazırdı:

Meyxanə önündə xumar gözlərin
Dün müjdə verirdi aşiqə min-min.
Zülfünə fərman ver, ağır zəncirdən
Xilas etsin canın bu divanənin!

Bu, sən bilən meyxanələrdən deyil, Suad Qara. Öyrənmək heç vaxt gec deyil...

# 30 dəfə oxunub

Oxşar xəbərlər

Əbülfəz Qarayevin qızı Məhsəti Gəncəvini niyə "bar qızı" kimi təqdim edir?

Əbülfəz Qarayevin qızı Məhsəti Gəncəvini niyə "bar qızı" kimi təqdim edir?

21:17 4 dekabr 2025
"Nasistlər heç də anadangəlmə cəllad deyildilər" - İsrailə nifrət eləyən yəhudi filosof

"Nasistlər heç də anadangəlmə cəllad deyildilər" - İsrailə nifrət eləyən yəhudi filosof

18:47 4 dekabr 2025
"Onun üçün ədəbiyyat əvvəlindən sonunacan yuxudu..." - Nəriman Əbdülrəhmanlı

"Onun üçün ədəbiyyat əvvəlindən sonunacan yuxudu..." - Nəriman Əbdülrəhmanlı

17:00 4 dekabr 2025
Əxlaq da, ədalət də qorxunun nəticəsidir - Totalitarizmin "atası" haqqında

Əxlaq da, ədalət də qorxunun nəticəsidir - Totalitarizmin "atası" haqqında

16:57 4 dekabr 2025
“Məhsəti” filminə erotik səhnələrə görə lisenziya verilmədi

“Məhsəti” filminə erotik səhnələrə görə lisenziya verilmədi

15:49 4 dekabr 2025
Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub

Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub

15:30 4 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər