Asif Atanın davamçıları necə evlənirlər - REPORTAJ FOTOSESSİYA

Asif Atanın davamçıları necə evlənirlər - REPORTAJ FOTOSESSİYA
21 may 2011
# 10:38
Əslində məqsədimiz başqa idi, sadəcə, müsahibə üçün Asif Ata ocağının ruhanilərinə müraciət etməyi planlamışdıq. Amma təsadüf bizi daha maraqlı mərasim üçün bir araya gətirdi. Zəngimizə cavab verən İşıqlı Atalı “İnam Ocağı”nda bu gün ilk “Beşikbaşı”, yəni toyu olacaq oğlan və qıza xeyir-dua məclisinin baş tutacağını bildirdi və məni tədbirə dəvət etdi. Getdim. Düzü “ocaq” adlandırılan məkana çatana qədər bir az qayğılı idim. Qayda-qanunlarını bilmirdim, vəzifəmi yerinə yetirmək üçün nə qədər imkanımın olacağını isə heç bilmirdim...

İşıqlı Atalı ilə Keşlə məscidinin yanında görüşdüm. Ən tez bir zamanda xəyalımda canlandırdığım, daha doğrusu, görməyə adət etdiyim türbəsi allı-şallı, nəzir qutusu böyük, binası bərq vuran Ocağa çatmaq istəyirdim. Yalan deməyim, məni ən çox nə qədər pul “qırdıqları” maraqlandırırdı. Bu maraq da özbaşına yaranmayıb – ölkəmizdə əksər ocaqlarda qapının ağzında adamdan da böyük nəzir qutuları, yanında da saqqalı düyülü, əli təsbehli mollalar tüğyan edir.

“İnam Ocağı”na qədər az getmədik. Qapıdan girəndə öyrəndim ki, ocaq Safruh Atalının öz evi imiş. Artıq təəccüblənməyə başlamışdım, darvaza rəngsiz, həyət balaca, “İnam Ocağı” yazılan ev isə çox olsa, 25 kv.metr idi. Nə nəzir qutusu vardı, nə də bər-bəzək. Hər şey sadə idi.

Gözlədiyimin əksinə olaraq mərasimə çox az, cəmi 4 ocaqçı, bəy və gəlin qatılmışdı.

Ocaqçılar növbə ilə ruhani paltarlarını geyindilər və nəhayət, mərasim başladı. Ayinləri düşündüyüm qədər qəliz deyildi. Bu barədə bir qədər sonra geniş danışacağam. Hələliksə bəy və gəlin haqda qısa məlumat verim.

Bəy - Tuncay Ağca - Türkiyənin Kayseri bölgəsindəndir, Azərbaycanda bizneslə məşğul olur. Gəlinin adı Leylidir. O, Şəmkirdə yaşayan Mütləqə İnam Ocağının övladı Yolnur Atalının qızıdır.

Salamlaşma xüsusi qaydada ayaq üstə həyata keçirildi. Daha sonra ocağın bayrağı otağa gətirildi. Bundan sonra Mütləqə İnam Ocağının ruhani başçısı Safruh bayrağı öpərək evlənənlərə uğurlama dedi. Həmin uğurlamanı qısa, lakin əsas hissələrinə toxunmadan diqqətinizə çatdırıram.

“19 işıq ayı 33-cü (19.05.2011) ildə ailə qurmaq istəyən iki gənc – türkiyəli Tuncay Ağca və şəmkirli Leyli İslamzadə Mütləqə İnam Ocağının ruhani başçısı Safruhdan uğurlama (xeyir-dua) almaq üçün İnam Evinə gəlmişlər”.

Mütləqə İnam bayrağının ayaq üstə qarşılanması ilə törən başlayıb. Mütləqə İnam Ocağının ruhani başçısı Safruh ailə qurmaq istəyən gənclərə Ocağın evlənmə qaydalarına uyğun uğurlama verib: “Bu, indiyə kimi görünməmiş bir gələnəyin başlanğıcıdır. İndiyəcən, başqa xalqlarda olduğu kimi, türklərdə də evlənənlərə xeyir-dua verilib. Ancaq xalqımızın tarixində özümüzün yaratdığımız ruhaniyyət əsasında evlənənlərə xeyir-dua vermək ənənəsi olmayıb. Atanın başladığı iş bəşər miqyasında ciddidir. İnsanlar çox zaman qurduqları ailəyə ciddi yanaşmırlar. İnsanın məsuliyyətini itirməsi ailənin dağılmasına gətirib çıxarır. İstəyirəm ki, evlənənlər özlərini ailə qarşısında məsul hiss eləsinlər. Evlənənlərin hər biri öz azadlığından o birinin xeyrinə müəyyən qədər keçməlidir. Əgər keçməsə, ailə alınmaz. Ailədə hər kəsin azadlığının ölçüsü var. Məhdudlaşdırma səviyyəsində yox, ailənin tələb elədiyi gözəllik və gərəklilik əsasında”.

Ruhani başçı ailədə insanların bir-birinə yanaşmasının müqəddəsliyə əsaslandığını söylədi: “Evlənənlər başqası qarşısında yük altına girmiş olurlar. Oğlan deyir ki, əlindən tutduğum qız mənim üçün müqəddəsdir. Qız da onu müqəddəs saymalıdır. Bu müqəddəs duyğu ilə dünyaya gələn çocuq artıq birlik deməkdir. Sizə belə bir ailə müqəddəsliyi yolunda uğur, xoşbəxtlik, ləyaqət diləyirəm”.

Ruhani başçı çıxışını bitirib Ocağın bayrağını bir daha öpdü.
Çıxışda diqqətimi çəkən əsas məqam Azərbaycan dilinin imkanlarından ən ali səviyyədə istifadə edilməsi idi. Doğrusu, bu çox xoşuma gəldi.

Safruh Atalıdan sonra Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı da söz aldı. O da eyni qayda da bayrağı öpdü və çıxışa başladı: “Türk xalqı özündən uzaqlaşanda itirir, yazıqlaşır, var olmur. Bu, əslində inamsızlıq məsələsidir. Mütləqə İnam dünyabaxışı ilə xalq ola bilmək imkanımız yaranır. Dünyabaxışımızla yaşamımızın bütün sahələrinə işıq düşür, çünki İnamın istəyi insan yaratmaqdır. Mütləqə İnam bizə var olmaq imkanı verir. Var olmayan insan ailə yarada bilməz. Ulus var olursa, bəşəriliyimiz də təsdiq olunur. Əgər türk ailəçiliyi yaşayırsa, bunun özü möcüzədir. Mütləqə İnam bu imkanları tam aşkarlayır. Ata deyir, kişi ailədə ağa olmamalıdır, ata olmalıdır, qadın xanım olmamalıdır, ana olmalıdır”.

Çıxışını tamamlayan İşıqlı Atalının bayrağı öpməsindən sonra növbə çatdı evlənənlərin Mütləqə İnam bayrağının qarşısında Ataya, Ocağa sədaqət andı içmələrinə: “Ata Ruhu, Mütləqə İnam Ocağı qarşısında and içirəm: - Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi dəyər səviyyəsində yaşatmağa çalışacağam!”

Ocaqda olduğum müddətdə öyrəndim ki, Mütləqə İnam Evində təxminən 10 belə tədbir keçirilib. Amma bu nikahlardan yarısı uğurlu olub. Ocaqçılar bildirdilər ki, artıq Azərbaycanda Ocağın təqdim etdiyi Evlənmə qaydaları üstə beşikbaşı mərasiminin (toy) keçirilməsi sorağı yayılmaqda, ömürləşməkdədir. Qaydaya görə, evlənənlər toydan qabaq İnam Evinə gəlir, Ocağın Ruhani başçısından uğurlama (xeyir-dua) alırlar. Evlənənlərə Ocağın adından beşik bağışlanır.

Əgər evlənənlər istəyərsə, İnam Evində də beşikbaşı mərasimi keçirilir. Habelə onların yaşadıqları ünvanda da bu sayaq tədbir düzənlənə bilər.


Vüqar Qurdqanlı
# 1561 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #