Sevgilisinin bacısına göz dikən şair - ARAŞDIRMA

Sevgilisinin bacısına göz dikən şair - ARAŞDIRMA
7 may 2011
# 14:10
Mirmehdi Ağaoğlu

Kulis.az intihar etmiş yazıçılar haqda silsilə yazıları davam etdirir. Bu dəfə Vladimir Mayakovski haqda danışacağıq.


Vladimir Mayakovski sosialist inqilabının çılğın təbliğatçısı idi. Bolşeviklərin silahla gördüyü işi o qələmlə görürdü. Zavodlara, fabriklərə gedir, fəhlələrin qarşısında şerlər söyləyir, onları işıqlı gələcəyə ruhlandırırdı. Ağır məhrumiyyətlər bahasına yeni dövlət quran Sovet xaqlı onun şerlər ilə qanadlanır, sabaha ümidlə addımlayırdı. 1930 –cu ilin aprel ayının 14-də bütün Rusiyaya və eləcə də Sovetlərə onun intihar xəbəri yayıldı. Bu kütləvi depressiya idi. Bundan sonra necə olacaqdı?

“Mayak” deyə çağırırdılar onu

Vladimir Mayakovski 1893-cü ildə Gürcüstanın Kutaisi quberniyasının Bağdadi kəndində doğulmuşdu. Atası meşəbəyi idi. Kənddə rus yalnızca onlar idi. Mayakovski ailəsi gürcü dilini yaxşı bilirdi.Volodyanın iki böyük bacısı və qardaşı var idi. Atasınının anası tərəfdən Puşkinlə qohumluqları da çatırdı.

1901-ci ilin yazında Mayakovski ailəsi ilə paraxodda Batumdan Suxumiyə gəlir. Suxumuidəki mayaq Vlodoyanı dəhşətli dərəcədə heyrətləndirilir.

Sonralar gimnaziyada oxuyanda yoldaşları familiyasını qısaldıb onu “Mayak” çağıranda bu onun xoşuna gələcəkdi.

Uşaqlar
Mayaq kimi olun
Kim ki üzə bilmir
Gecələr
Alovunuzla
İşıqlandırın yolunu


1906-cı ildə Mayakovskinin atası barmağına iynə batmasından ölür. Bu hadisədən sonra Mayakovskidə bakteriofobiya yaranır, o iynə, sancaq kimi itiuclu əyşalardan qorxur.

Moskva

Atasının vəfatından sonra onları Gürcüstanda saxlayacaq bir şey yox idi. Ailə Moskvaya köçür. Volodya gimnaziyaya daxil olur. Orada Boris Pasternakın qardaşı ilə bir sinifdə oxuyur. Bir il sonra təhsil haqqını ödəyə bilmədiyi üçün məktəbdən xaric olunur.

Butırskaya məhbusu

Mayakovski inqilabçı tələbələrlə tanış olur. Marksist ədəbiyyat oxuyur. 1908-ci ildə RSDFP sıralarına daxil olur. Təbliğatçılıqla məşğul olarkən üç dəfə həbs olunur. Bunlardan ikisində azyaşlı olduğu üçün valideyn himayəsinə verilir. Üçüncü dəfə də isə məşhur Butırskaya həbsxanasında göndərilir. 11 ay həbsdə qalır. İlk şerlərin də orada yazmağa başlayır.

1910-cu ildə həbsdən azad olan Volodya partiya sıralarından çıxır. Mayakovskilər ailəsində hamının rəssamlıq qabiliyyəti vardı. Odur ki, Mayakovski 1911-ci ildə Moskva Rəssamlıq və Memarlıq peşə məktəbinə daxil olur.

Orada futurusitlərin atası sayılan David Burlyukla tanış olur.

Və futurizm

Bir az futurizm haqqında: latıncadan “gələcək” mənasını verən futurizm 1910-1920-ci illərin avanqard cərəyanlarının ümumi adı idi. Futurizm rəssamlıqda təşəkkül tapsa da poeziyada da geniş yayıldı.

Futuristlər ənənəvi qrammatikadan imtina edir, orfoqrafik qanunları inkar edir, yeni söz yaratmağa, sürətə, ritmə üstünlük verirdilər. Onlar avtomobili, təyyarəni vəsf etməyi bir qadının gülüşlərini vəsf etməkdən üstün tuturdular.

Rusiyada futurizmin yaradıcısı rəssam və şair David Burlyuk hesab olunurdu. Mayakovski onun yaratdığı “Qileya” qrupuna daxil olur.

Rədd olsun, Puşkin....

Futuristlər Puşkini, Dostayevskini, Tolstoyu rədd edirdilər. A. Blok, Maksim Qorki kimi müasirlərini isə bəyənmirdilər. Futuristlər öz xarici görkəmləri ilə də ətrafı maraqlandırmağı bacarırdılar. Onlar silindir papaq geyir, üzlərinə cürbəcür şəkillər çəkib camaat arasında dolaşırdılar.Tezliklə futurist olduqlarına görə Mayakovski və Burlyuk peşə məktəbindən xaric olunurlar.

Liliya...

1912-ci ildə Mayakovskinin həyatına bir qadın daxil olur. Əvvəlcə o Liliyanın bacısı, sonralar emiqrasiya etmiş, yazıçı kimi məşhurlaşmış, Lui Araqonun arvadı olmuş Eliza Triole ilə sevgili idi. Bir dəfə Elizanın yanında bacısını görür. Mayakovski ilk baxışdan Liliyaya aşiq olur.

Fəqət
sevinc vermir mənə heç bir cingilti
sənin sevgili adının
cingiltisindən başqa.
Atmayacağam
bir boşluğa özümü,
zəhər içməyəcəm.
Və dayayıb
gicgahıma lüləni
çəkməyəcəyəm tətiyi.
Ağzı heç bir bıçağın
baxışların qədər sənin
kəsəmməz məni.


Üçü birində


Tez-tez ərli qadın olan Liliyagilə gedib gəlməyə başlayır. Liliyanın əri Osip Brik ixtisasca hüquqşünas olsa da ədəbi tənqidlə məşğul idi. O soyuqqanlılıqla Liliya ilə Vladimirin münasibətlərini izləyir. Onlar üçü bir evdə yaşamağa balayırlar. Çox keçmir bütün Moskva 3 nəfərlik qəribə ailədən danışır. Mayakovski ilə Lili ömürlərinin sonundək bir yerdə yaşadılar. Onların münasibətləri ər-arvad münasibəti kimi idi. Mayakovski öləndə isə hamı Liliyaya əri ölmüş dul qadın kimi başsağlığı verirdi.

300 “Mən”

1912-ci ildə Mayakovskinin “Gecə” adlı ilk şeri dərc olunur. 1913-cü ilin may ayında 300 nüsxə ilə Mayakovskinin ilk şerlər kitabı “Mən” nəşr olunur. Şair kitablarını mağazalara paylayan kimi dərhal satılırlar.

Dekabr ayında isə Peterburq Luna-parkında futuristlərin ilk tamaşaları səhnələşdirirlir. “Vladimir Mayakovski” adlanan tamaşa monodram idi. Mayakovski özü özünü oynayırdı. Tamaşanın premyerasında Aleksandr Blok da iştirak edir. Tamaşa uğurla qarşılanır.

1914-cü ildə Mayakovskinin “Şalvarlı bulud” poeması çap olunur. Volodya poemanı “On üçüncü həvari” adlandırmaq istəsə də senzura buna imkan vermir. Mayakovski “Şalvarlı bulud” ilk dəfə Liliya Brikin evində oxuyur.

Maksim Qorki Mayakovskinin şerini çox bəyənir. Onun haqqında yazılar yazır və şairin gələcəyinə böyük ümidlər bəsləyir.

İnanmıram çiçəkli necə deyə bir yerin var olduğuna!
Mənimlə göylərə çıxarılacaqdır yenidən
xəstəxana kimi boyatlaşmış kişilər,
və atalar sözləri kimi yıpranmış qadınlar da...


Şairin fırıldağı


Mayakovski şerdə özünün xüsusi formasını yaratmışdı. Şerlərini “pilləkənvari” yazdığına görə şerləri eyni həcmdə başqa şeirlərdən daha uzun alınırdı. Buna görə həmkarları onu fırıldaqçılıqda ittiham edirdilər. Çünki o zaman qonorar sətrlərin sayına görə verilirdi.
Gənc Nazim Hikmət 1919-cu ildə Rusiyaya gələrkən Batumidə mehmanxanasında bir rus qəzetində Mayakovskinin qəribə görkəmli şerlərinə rast gəlir. Nazim rusca bilmədiyi üçün şeri başa düşmür, lakin bundan sonra şerlərini Mayakovski kimi “piləkənvari” yazmağa başlayır. Nazim bu pillələrlə şerin zirvəsinə qalxır.

Martin İden?

Mayakovski bolşeviklərin inqilabından təsirlənərək incəsənətin bütün sahələrində futurist inqilab etmək istəyir. Özünü şairliklə bərabər rəssamlıq, kinomatoqrafiya sahəsində də sınayır.
Şair 1918-ci ildə Cek Londonun “Martin İden” romanın sujeti əsasında “Pul üçün doğulmamış” ssenarisini yazır. Bu və bir neçə başqa filmlərdə də baş rolda özü çəkilir.“Pul üçün doğulmamış”ın ardınca Mayakovski “Filmlə buxovlanmış”a çəkilir. Filmdə bir balerinaya aşiq olmuş rəssamdan bəhs edilir. Rəssam rolunda Voldoya balerina rolunda isə Liliya çəkilir.

ROST-un afişaları

1920-ci ildə Mayakovski “150000000” poemasını yazır.

150000000 ustadır bu poemanın adı.
Güllədir burda ahəng.
Qafiyəsi bir oddur, kükrəyir, evdən-evə keçərək,
Mənim dodaqlarımla danışır 150000000.


Bu əsərdə təkcə insanlar deyil, bütün canlılar, quşlar, inəklər, balıqlar danışır. Mayakovskinin kosmoqonikqəhrəmanları mifloji obrazları xatırladır.

Mayakovski 1920-ci illərdə rəssamlıqla da geniş məşğul olur. Futurist əsərlər yaradır. İnqilabdan sonra Rusiya Teleqraf Agentliyi ROST-un təbliğat plakatlarını, çağdaş düşüncə ilə desək reklamlarını hazırlayır. “Pəncərə” adlanan bu plakatlara Volodya bəzən misralar da əlavə edirdi. Tezliklə onun “pəncərə”lərinin sayı 1500-ü ötdü və bütün Moskvanın vitrinlərini, dirəklərini sardı.

Futuristlər bir arada

1922-ci ildə Mayakovski Robin Qud sayaq hərəsi Rusiyanın bir əyalətinə səpələnmiş futuristlərin qalıqlarını ( David Burlyuk artıq ABŞ-a emiqrasiya etmişdi) toplayaraq redaktorluğu altında “LEF”(İncəsənətin Sol Cəbhəsi) jurnalını dərc etdirir. Cəmi yeddi sayı çıxan jurnal təbliğat xarakterli idi. Əsas mövzular, incəsənətin sənayeləşməsi, sosial sifraiş, siyasi ideologiyanın təbliğinə hesablanan əsərlərin yazılması kimi məsələlər idi.

1927-ci ildə Mayakovski “Yeni LEF” i təsisi etsə də, bu jurnal da uğursuzluğa düçar olur.

1925-28-ci illərdə Mayakovski Sovet Birliyi boyu çoxlu səyahətər edir. Müxtəlif audotoriyalrda çıxış edir. 1926-cı ildə Bakıda olur, Bakı haqqında şer yazır.

Ona elə gəlirdi, əyalət şəhərlərinin sakinləri onu paytaxt sakinlərindən daha yaxşı anlayarlar. O idaərolunmaz auditoriyanı ələ almağa çalışaraq var səsi ilə qışqırır, bağıra –bağıra futurist, eksperimental şerlərini söyləyir. Onun şerləri mədəniyyət saraylarında ağır çəkiclər kimi əks səda verir. Amma fəhlələr onun şeirlərini anlamırlar. Onlar heç Sergey Yesenini də qavramırdılar.

Bağırırlar şairə:
"Bir də torna dəzgahı başında görəydik səni.
Şeir də nə?
Boş iş.
İşləmək, sizin gö..nüz deyil demək ki..."
Doğrusu
Bizlər üçün də
ən uca dəyərdir işləmək.
Və özümü
bir fabrik hesab edirəm mən də.
Və əgər
bacam yoxsa
İşim daha zor deməkdir bu.
Bilirəm
xoşlanmazsınız boş sözdən
kötük yontarsınız qan tər içində,
Fəqət
bizim işimiz fərqlimi sanarsız bundan:
Kötükdən qafaları yontarıq biz də.


Amerikadan yadigar bir qız uşağı


Mayakovski 1920-1930-cu illər arasında Sovetlərlə yanaşı xarici ölkələrə də səfərlərə çıxır. Bir neçə dəfə Avropada, o cümlədən Ameriakda olur. Avropaya birinci səyahəti zamanı Berlində, Parisdə olur. Burada Jan Kokto, Pablo Pikasso və başqa rəssamlarla görüşür. Marsel Prustun dəfnində iştirak edir.

Avropadan sonra Kuba, Meksika, ABŞ-a səyahət edir. Meksika səfəri sırasında modernist və solçu rəssam Diyeqo Rivera ilə görüşür. ABŞ-da isə rus emiqrantlar və fəhlələrlə görüşür.

Mayakovski kimi, hündürboy, gözəl qamətli bir şair təkcə Liliya ilə kifayətlənməzdi əlbəttə. Burada tərcüməçiliyini edən rus əsilli Elli Consla tanış olur. Və vurulur.

Elli Mayakovskiyə təkcə tərcüməçilik etmirdi. Elli də onu sevirdi. O ərindən gizlin şairlə görüşür. Bu görüşdən bir qızları olur. Sevgililər iki il sonra Nitsada yenidən görüşürlər. Bu dəfə Ellinin yanında iki yaşlı qızı da olur. Cütlük belə qərara gəlir ki, uşaqları olmasını və münasibətlərini gizlətsinlər. Rusiyada onun uşağının olması haqqında xəbər yalnız 2003-cü ildə yayılır.

Mayakovskinin özü kimi ucaboy qızı gözlənilmədən peyda oldu və 1925-ci atasının Ameriaksya səfəri zamanı anası ilə tanış olduğunu, iki il sonra iki yaşı olanda Nitsada atası ilə ilk və son görüşdüyünü söylədi. Voldoyanın fəsləfə doktoru olan qızının adı Helen Patrisiya Cons idi.

Uzun ayaqlar sevdası

1928-ci ildə Mayakovski Fransaya növbəti səfəri əsnasında “Koko Şanel modalar evi”nin manakeni Tatyana Yakovleva ilə tanış olur.

“Təkcə sənsən mənə boyca uyğun...”.

Volodya uzun ayaqlı bu gözələ aşiq olu. Ona evlənmək, Rusiyaya qayıtmaq təklifi edir.

1929-cu ilin oktyabrında bu sevgidən xəbər tutan Liliya Osiplə birlikdə hiyləgər plan qurur. Liliya da artıq bir neçə dəfə Volodyaya xəyanət etmişdi. Lakin onu Vlodyaya bağlayan təkcə sevgi münasibətləri deyildi, Briklər ailəsi Volodyanın mənzilində yaşayır, onun hesabına dolanırdılar. Onlar “yağlı əppək”in əldən çıxmasını istəmirdilər.

Liliyanın bacısı Elzadan aldığı məktubda guya Tatyananın nişanlandığı yazılır. O bunu ucadan oxuyur. Çılğına dönən şair otaqdan qaçır.

Mayakovski yenidən xaricə gedib Tatyananı bu işdən daşındırmağa cəhd etsə də viza vermirlər. Deyilənə görə Briklər “dayday”ları vasitəsilə Volodyanın viza almasına əngəl olurlar.

20 ilə nöqtə

1 fevral 1930-cu ildə Yazıçılar klubunda Mayakovskinin “20 il iş” adlı sərgisi açılsa da yazıçılardan heç kim iştirak etmir. Futuristlər, o cümlədən Nikolay Aseyev onu satqınlıqda günahlandırır, gənc şairlər iclaslarda yaradıcılığını kəskin tənqid edirlər.

14 aprel 1930-cu ildə saat 10 :15 –də Mayakovskinin Lubyanskdakı mənzilindən atəş səsi gəlir. Mayakovski ürəyini nişan almışdı.
Bu hadisədən bütün Sovetlər Birliyi şoka düşür. Beş il əvvəl Sovetlərin başqa böyük şairi Sergey Yesenin də intihar etmişdi. Şair onun ölümünə “Segey Yeseninə” adlı şer yazmışdı.

Yox, Yesenin,
oh
çəkmək deyil mənim istədiyim.
Görürəm mən
Kəsik biləklərinlə səndəliyişini
Və alayla deyil
acıyla
düyünlənir ürəyim.


Mayakovskinin ölümü ətrafında çox şayiələr dolaşdı. Bəzilərinə görə bu sui-qəsd idi. Şerlərində insanlığı işıqlı gəlcəyə, mübarizəyə səsləyən şairin intiar etməsi ən az düşünülən ehtimallardan olsa da artıq şairi son mənzilə yola salmaqdan başqa ediləcək bir şey yox idi. Onun dəfnində 150 mindən çox insan iştirak edirdi.
# 1338 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #