Kitab sərgisi

Çiyələkdən çörək çıxardanlar

Çiyələkdən çörək çıxardanlar
29 oktyabr 2012
# 08:00
Tərtər çayının üzərindəki balaca dəmir körpüdən keçib yolumuza davam edirik. Yol boyu pambıq tarlaları, qarğıdalı zəmiləri uzanır. Yolun kənarındakı nişan İrəvanlı kəndinə daxil olduğumuzu xəbər verir. Kəndin sakinləri 1948-ci ildə Ermənistandan qaçqın düşərək Tərtər rayonuna pənah gətiriblər. Daha dəqiqi, kəndin adından bəlli olduğu kimi Yerevan şəhərindən.

Əhalisi 1000-ə yaxın olan İrəvanlı kəndinin əsas dolanacaq mənbələrindən biri də çiyələkdir. Özlərinin dililə desək, çörəkləri çiyələkdən çıxır. Yerli əhali ilə tanış olmaq üçün kəndin kənarındakı çiyələk sahələrindən birinə gedirik. Əllərində qırmızı vedrələr olan 5-6 qadın çiyələk yığımı ilə məşğul olur. Salamlaşıb, çiyələyin dadına baxdıqdan sonra söhbətə başlayırıq. Torpağın sahibi Tamara xanımın dediklərinə görə əvvəllər dolanışıqları xeyli çətin imiş. Əkdikləri yerli çiyələkdən ancaq bir ay məhsul götürə bilirlərmiş. Daha sonra Böyük Britaniyanın Oxfam təşkilatının maliyyə dəstəyi ilə əkin sahəsində fermerlər damcı suvarma sistemi quraşdırır və ərazidə Viktoriya çiyələk növü əkilir. Çiyələyə ciddi şəkildə qulluq edilir. Hətta sınaq müddətində əraziyə heç kim buraxılmır. Və nəhayət sınaq uğurla başa çatır. Bu hadisə kəndlilərin həyatında dönüş nöqtəsi olur. Əvvəllər əziyyətlərinin bəhrəsini görə bilməyən kəndlilər artıq fərqi hiss edə bilirlər.

Tamara xanım deyir ki, əvvəllər əkdiyimiz çiyələk bir ay məhsul verirdi. Viktoriya növü isə may ayından başlayaraq oktyabr ayına kimi məhsul verir. Viktoriya həm də adi çiyələkdən daha iri olduğu üçün qiyməti də iki dəfə yüksəkdir və daha çox gəlir əldə edirlər. Onların həyatında baş verən digər bir dəyişiklik isə icma yaratmaları olur. Tamara xanım öz qonşuları ilə çiyələk istehsalçı qrupu halında birləşərək işləməyə başlayırlar. Sahədəki 5-6 qadının da hərəsi bir ailənin nümayəndəsidir. Birgə əmək nəticəsində əldə edilən məhsul qrup üzvləri arasında bərabər bölüşdürülür. Bu formasiya onların işini xeyli yüngülləşdirir. Digər tərəfdən, bir neçə ailənin dolanışığı təmin olunur.

Oxfam təşkilatının nümayəndəsinin sözlərinə görə, layihənin əsas məqsədi kiçik fermerlərə dəstək verməklə onları müasir çiyələk növləri və becərmə texnologiyaları ilə, məlumatlarla və müvafiq məsləhət xidmətləri ilə təmin etmək və onlara sərfəli biznes imkanları yaratmaqla yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.

Qrup üzvlərindən olan Göyərçin Bayramovanın 64 yaşı var. Ailəli olan oğlu Bakıda fəhlə işləyir, kirayədə yaşayır. Maddi vəziyyəti ürəkaçan olmadığı üçün anasına da kömək edə bilmir. Göyərçin nənə bu yaxınlarda təqaüdə çıxıb, lakin təqaüdü az olduğu üçün yaşayışı bir qədər çətindir. Həyat yoldaşını itirdikdən sonra maddi vəziyyətinin ağırlaşması nəticəsində işləməyə məcbur olur. Pambıq yığmaqla, əkin sahələrini alaq otlarından təmizləməklə dolanır. İcmaya qoşulduqdan və çiyələk becərməyə başladıqdan sonra vəziyyətinin nisbətən yaxşılaşdığını deyir.

Çiyələk cərgələrinin qurtaracağında yeni şumlanmış torpağa iki kişi peyin dağıdır. Kişilərdən biri – Səməd çiyələk sahəsinin sahibi, Tamara xanımın həyat yoldaşıdır. Onlar çiyələk sahəsini böyütmək üçün səylə çalışırlar. Bu il əldə etdikləri yaxşı gəlir onları işə daha da həvəsləndirir. Gələcəyə ümidlidirlər.

Emil Bağırov
# 2367 dəfə oxunub

Oxşar xəbərlər

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

12:45 29 sentyabr 2025
Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

18:05 26 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər