Ququşun həyat hekayəsi: Dörd nikah, 3 ay həbs

Ququşun həyat hekayəsi: Dörd nikah, 3 ay həbs
24 sentyabr 2012
# 05:00
Əslən azərbaycanlı olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. Tale onu imtahana çəkirdi; həyatının ən uzun gecələri başlayırdı artıq…

1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı ”fərari mələk“ Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.

Yeni doğulan körpəyə Faiqə adını verdilər. Günü-gündən böyüyürdü qızcığaz. O qədər gözəl idi ki, Tehranda qonşuluqda yaşayanlar onu Qu quşuna bənzədirdilər. Başqa bir versiyaya görə atası Sabirin restoranı olub. Əylənmək üçün xarici qonaqlar tez-tez buraya gələrdilər. 2-3 yaşı olan balaca Faiqə də qonaqları əyləndimək üçün müxtəlif mahnılar oxuyarmış. Bir dəfə kafedə əylənən fransızlar Faiqənin səsinə heyran qalırlar və onu əzizləyərək «Ququş» deyə müraciət edirlər. Bu ehtimallardan hansı daha doğrudur, bilmirik, amma sonradan bu bənzətmə müğənninin səhnə adına çevrilir. Amma taleyin işi elə gətirir ki, Faiqənin 2 yaşı olanda valideynləri Sabir və Nəsrin Atəşinlər bir-birindən ayrılır.

Balaca Faiqə böyük yolçuluğa addımlarını kəndirbaz olan atası ilə birlikdə atmağa başlayır. Azyaşlı qızının istedadını görən ata onu tez-tez özü ilə səyyar səhnələrə çıxarır, ona mahnılar oxutdurur. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanırdı Faiqə, amma özünün dediyi kimi, zaman hər şeyi həll edir, səhnəyə çıxmaq, geniş auditoriya qarşısında çıxış etməyə üzü-gözü öyrəşir. Atası akrobatik hərəkətləri ilə insanları əyləndirir, balaca, 3 yaşlı Faiqə isə müxtəlif müğənnilərin mahnılarını oxuyurdu. Gələcəkdə isə Ququş şah sarayında təşkil edilən məclislərdə çıxış edəcəkdi…

Valideynlərinin ayrılması Ququşun həyatına təsirsiz ötüşmədi. Həyat onun üçün bundan sonra başlayırmış... Tezliklə atası Sabir başqa bir xanımla ailə həyatı qurur. Ququşun 3 ögey qardaşı doğulur. Doğma anasından ayrılan Ququş ikinci dəfə anasız qalmaq istəmirdi. O, ev işlərində analığına kömək eləyir, qardaşlarından birinə baxmağı öz öhdəsinə götürür. Yeniyetmə Ququş sanki öz doğma övladı kimi baxırdı kiçik qardaşına. Eyni zamanda təhsilini davam etdirir, səhnələrdə çıxış edərək çörəkpulu qazanırdı. İsti ana qucağına həsrət qalan Ququş ögey anasından təsəlli alırdı. Artıq onun 13 yaşı var idi. Bu yaşa qədər bir dəfə də olsun anasını görməmişdi. Elə bilirdi ki, anası artıq dünyasını dəyişib. Yoxsa niyə bir dəfə də olsun gəlib onu görməsin ki? Bağrına basıb, şirin-şirin “qızım” deyə söyləməsin? Fikirləşirdi… Bununla anasına haqq qazandırmağa çalışırdı. Ta o günə kimi…

- Qızım, Faiqə!

- Bəli, ata!

- Anan üçün darıxırsan? - Sabir başını qaldırmadan, bir az da kövrək səslə qızının fikrini öyrənməyə çalışdı.

Qızın bədənini üşütmə aldı. İllərdir bu mövzu ilə bağlı evdə bir kəlmə də olsun danışılmamışdı. Birdən-birə atasının bu sualı onu çaşdırmışdı.

- Çox darıxmışam… - titrək səslə ancaq bunu söyləyə bildi.

- Mən də darıxırdım, - deyə Sabir pıçıldadı, amma darıxma, unut onu, - israrlı şəkildə sözlərinə əlavə etdi.

- Axı, niyə, ata, - qız atasının dediklərini başa düşməyə çalışırdı.

- Onun artıq öz ailəsi - həyat yoldaşı, bir oğlu və bir qızı var, - dedi və qızını bərk-bərk qucaqlayaraq sanki ona təsəlli verməyə çalışdı.

Başını atasının sinəsinə sıxan Ququş artıq heç nə fikirləşmirdi. Anasına haqq qazandırmağa çalışmırdı. Artıq anlamışdı nəyə görə anası ötən illər ərzində onu bir dəfə də olsun görməyə gəlməmişdi…

Zirvəyə doğru

Ququşun gəncliyi İrandakı şah dövrünə düşür. Qərb sivilizasiyasının hökm sürdüyü bu dövlətdə “bəxt quşu” Ququşun başına 1957-ci ildə qonur. 7 yaşlı Ququş “Qorxu və ümid” filminin çəkilişlərinə dəvət alır. Obrazı uğurla canlandıran balaca Faiqəyə 1960-cı ildə “Fərari mələk” filmində çəkilmək üçün təklif gəlir. Və yavaş-yavaş Faiqənin ulduzu parlamağa başlayır.

21 yaşı olanda Fransanın Kann şəhərində təşkil edilən ənənəvi festivalda fransızca ifa etdiyi “Retour de la vie” («Həyata dönüş») və “J`entends crier je t`aime” ( «Səsini eşitdim - mən səni sevirəm») mahnılarına görə birinci yeri tutur. Qələbə sevinci ilə Tehrana qayıdan gənc müğənniyə maraq gözlənilməz dərəcədə artır. Kiçik yaşlarından pul qazanmaq üçün ən adi səhnələrdə belə çıxışlar edən Ququş artıq çıxış edəcəyi səhnələr arasında seçim etməyə başlayır.

Artıq hər kəs onu sevirdi. Şöhrət qapısını döyməkdə idi. Qızlar-qadınlar, müğənnilər, aktrisalar Ququşun geyindiyi paltarlardan geyinir, onun jestlərini təkrarlayırdılar. O zaman hakimiyyətdə olan Məhəmməd Rza şah Pəhləvinin bütün məclislərində çıxış edən Ququşun qonorarı artır, şöhrətin zirvəsinə ucalırdı. Ona bir-birinin ardınca müxtəlif filmlərdə baş rollarda oynamaq təklifləri gəlir, Ququş isə rejissorlara qrafikinə uyğun olarsa, çəkilə biləcəyini deyirdi. Dözülməz kaprizləri ilə bəzən yaxın ətrafını belə bezdirən Ququş 70-ci illər İranında ən bahalı müğənni və aktrisa idi.

Ququşun ard-arda uğur qazanmasında onun həyat yoldaşı Mahmud Qurbaninin də böyük rolu olub. Qurbani konsertmeyster idi və İranın musiqi meydanında ayaq üstə durmaq üçün həyat yoldaşına yaxından kömək edirdi. Qurbani uğurlarıyla birlikdə, eyni zamanda əzablarına da hamilik edirdi.

Onlar 1967-ci ilin fevralında ailə həyatı qururlar. Kəmbiz adında bir oğulları olur (hazırda o, Los-Ancelesdə yaşayır və musiqi ilə məşğuldur-red.). Ququş sənət dünyasında parlasa da, ailə sarıdan bəxti gətirmir. Evliliklərindən 6 il sonra 1972-ci ilin sonlarında Qurbani ilə boşanmağa qərar verirlər.

Bir vaxtlar Ququş anasının başqası ilə ailə həyatı qurduğunu eşidərkən yıxılmadığı kimi, bu dəfə də ayaqları üstündə dayanmağı bacarır. Qurbani onu sevməsə də, artıq onu sevənlər var idi. Tehran və digər şəhərlərdəki kinoteatrların dəyişməyən bir afişası vardı... “Ququş!”. Çox vaxt çəkildiyi filmlərin adı afişaya yazılmır, təşkilatçılar sadəcə, onun adını yazmaqla kifayətlənirdilər. Halbuki Ququşun çəkildiyi bütün filmlərin adı artıq tamaşaçıya nə isə izah edirdi. Səhnənin və ağ pərdənin ehtiraslı qəhrəmanının adı afişalarda yazılmasa belə, filmlərin adı tamaşaçıya gəl-gəl deyə bilərdi… “İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979)…

Ququşun şöhrəti qısa müddətə ölkə sərhədlərini aşır. “Uzun gecə” filmi isə karyerasının pik nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərilir. İran mətbuatı hər gün Ququşla bağlı baş xəbərlər dərc edir, guya “Uzun gecə” filminin müğənninin sifarişi ilə çəkildiyini yazırdılar. Mətbuat hesab edirdi ki, həmin filmdə əslində, Ququş Pərvanə rolu ilə öz taleyini oynayırdı...

Ona qibtə edənlər “necə də xoşbəxtdir!” - deyirdilər. Ququş sonralar etiraf edirdi ki, həyatda ən nifrət etdiyi sual xoşbəxtliklə bağlı olub. Dörd dəfə rəsmi şəkildə ailə həyatı qursa da, tale Ququşun üzünə gülmədi. Təsəllisi isə yalnız birinci nikahından olan oğlu Kəmbiz oldu. Qəribə burasıdır ki, “xoşbəxtsiniz?” - sualına cavab verməyən Ququş “bədbəxt” olduğunu da etiraf etməyib. Ona bəxtəvərlik oxuyanlara isə gülümsəyərək cavab verdiyindən, heç kim Ququşun daxilən bədbəxt olduğunu hiss etməyib.

1975-ci ildə Ququş İran aktyoru Bəhruz Vüsuqi ilə ailə qurur. Cəmi 14 ay bir yastığa baş qoyurlar. 1976-cı ildə boşanırlar.

1978-79-cu illərin sonlarında Ququş Humayun Müstəqi ilə eşq macərası yaşayır. 1979-cu ildə ölkədə İslam inqilabı baş verir, üsyançılar Rza şah Pəhləvini devirirlər. İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nikaha girmədən yaxın əlaqə qurduğuna görə üç ay müddətinə həbs edilir. Həbsdən çıxandan sonra da onlar bir müddət birgə yaşayırlar.

“Bu gecə kimsə ağlayır”

Çox maraqlıdır ki, hər kəsi gözəlliyi ilə özünə cəlb edən Ququşa İslam inqilabından bir neçə ay əvvəl yeni bir filmə çəkilmək üçün təklif gəlmişdi. Ququş 1979-cu ildə çəkildiyi “Bu gecə kimsə ağlayır” filmini görə bilmədi. Həmin filmin çəkilişləri bir il əvvəldən başladığına görə 1979-cu ildə təhvil veriləcəkdi. Lakin yeni molla rejimi filmin göstərilməsini qadağan edir və Ququşu sıxışdırmaqda davam edir. Ququş isə yeni filmlərə çəkilmək istəyirdi. Lakin yaxşı başa düşürdü ki, artıq inqilabdan əvvəlki filmlərdə aldığı rolları bir daha oynaya, əvvəlki kimi geyinib səhnəyə çıxa bilməyəcəkdir.

Dörd divar arasında

Təzyiqlər isə davam edirdi. Ondan müsahibə almağa da qadağa qoymuşdular. Alaqaranlıq otağında pəncərənin yaxınlığındakı divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi. Qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? 1979-cu ilin fevralında baş verən İslam inqilabı Ququşun həyatını əbədi puç etmişdi. İllərlə ev dustağı olan müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu. Hətta kiçik pəncərəsi olan darısqal otağında belə oxumaqla özünü ovuda biləcəyini hiss etsə də...

Yeni həyata başlamalı idi. 1990-cı ildə Məsud Kimyayi ilə tanış olur. Məsud bir zamanlar dünyanın ən xoşbəxt adamı hesab edilən Ququşun çox pərişan olduğunu görür.

- Ruhun solğun çiçək kimi görünür, - divanda əyləşib otağın kiçik pəncərəsindən yarpaqları solmuş ağaca baxan Ququş Məsudun sözlərinə heç bir reaksiya vermədi.

- Sənin bu vəziyyətdə görməyə dözə bilmirəm, - Məsud əlini uzadaraq Ququşun saçlarını oxşamaq istədi. Amma buna cəsarət etmədi. Nədənsə qorxurdu.

Otağa sakitlik çökür. Bir neçə dəqiqədən sonra səssizliyi Ququşun pıçıltısı pozur.

- İçimdəki o solğun çiçəyi yalnız sən görə bilirsən, Məsud, - Ququş gözlərini ağacın solğun yarpaqlarından çəkib Məsudun parlayan gözlərinə baxır.

Məsud Ququşu qucaqlayaraq “O, solğun çiçəklər yenidən açacaq” deyir və qolundan tutub onu səsyazma studiyasına aparır.

Məsud Ququşun hər addımında yanında idi. Ona yaşamaq, çalışmaq üçün stimul verirdi. Məsud fərari mələyini sevirdi. 1991-ci ildə cütlük arasındakı münasibətlər məntiqi sonluqla nəticələnir. Onlar ailə həyatı qururlar.

Bir neçə il sonra onun oxuduğu “Qəribi aşina” mahnısı “BBC” tərəfindən Orta Şərqin ən tanınmış mahnısı elan edilir. Müğənni həmin titulu gecikmiş ehsan kimi qəbul etdiyini bildirməkdən çəkinmədi.

Bir vaxtlar fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və s. dillərdə mahnılar oxuyan Ququş bu gün nostalji hisslərlə yaşayır. Gəncliyində dünyanın bir çox ölkəsində mahnıları, filmləri ilə uğur qazanan Ququş bu gün də İtaliya və Cənubi Amerika ölkələrində ən çox sevilən müğənnilərdən biridir. Ququş gəncliyində yüksəldiyi zirvəyə yenidən can atmağa çalışsa da, əlbəttə, onun bu cəhdi ürəkaçan nəticə vermir.

21 il ev dustağı olan Ququş-Faiqə Atəşin molla rejimi tərəfindən edilən təzyiqlərə dözməyib 2000-ci ildə «Dünya turu» adı altında doğma vətənini tərk edərək Amerika qitəsini özünə sığınacaq seçir. Orada verdiyi ilk müsahibədə sonuncu filminin adında redaktə etmək lazım olduğunu deyir. Göz yaşlarını saxlaya bilməyən Ququş 1979-cu ildə sonuncu dəfə çəkildiyi, lakin senzuranın ləğv etdiyi «Bu gecə kimsə ağlayır…» filminin adını dəyişib “Bütün ömür boyu kimsə ağlayır” adlandırır…

Qürbətdə yaşasa da, onu qanadlarından vuran rejimə qarşı mübarizəsini davam etdirirdi. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bəyan etdi. Aclıq aksiyası üç gün - iyulun 22-dən 24-dək davam edəcəkdi.
Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısı idi. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirdilər.

Ququş öz bəyanatında bildirirdi ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: “Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik”.

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda insanların qətlə yetirilməsindən, həbsə atılmasından son dərəcə sarsıldığını söyləyirdi: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

Aman ayrılıq…

Qanadlarından vurulmuşdu Ququş. Ölkəsinə dönə bilmirdi. Fərhad İbrahiminin sözlərinə Əli Səliminin yazdığı mahnını - «Ayrılıq» mahnısını yenidən ifa etdi acı-acı, gözüyaşlı. Gəncliyində də oxumuşdu. Amma o “Ayrılıq”la indi oxuduğu “Ayrılıq” arasında dağla daş qədər fərq vardı...

Qərib ölkədə yaşayan Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə “Ayrılıq” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilmir.

2009-cu ildə qəzetlərin birinə müsahibə verir. “30 ildir ki, Vətənimdən ayrılmışam və İrana gedə bilmirəm” deyən Ququş müxtəlif ölkələrdə verdiyi konsertlərdə «Ayrılıq» mahnısını göz yaşları ilə ifa edir.

…Uzun gecənin son dəqiqələri. Hər kəs uzun gecənin sonunun necə olacağını düşünür, gözləyir.

Nəhayət, təyyarə havaya qalxmağa başlayır. Sevgilisinin səhhəti getdikcə ağırlaşırdı. Əllərindən tutur. Əlləri buz kimi idi.

- Əllərin buz kimi olub, əzizim, - qorxu və həyəcanla söyləyir.

- Bilirəm, başımı çiyinlərinə qoya bilərəm?

- Əlbəttə, əzizim.

Sevgilisinin əllərini ovcunda bərk-bərk sıxmışdı. Onu buraxmaq, heç kimə vermək istəmirdi. Öldüyünü anlamışdı, lakin onlara yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyirdi. Stüardessa başını çiyinlərinə qoymuş sevgilisinin halını soruşur. O isə onun yaxşı, özü də lap yaxşı olduğunu söyləyir.

Və… təyyarə səmada gözdən itir…

Yəqin, oxucuya aydın oldu ki, təsvir etdiyimiz bu hadisə «Uzun gecə» filmindəndir. Sanki öz həyatını oynayırdı Ququş-Faiqə xanım. O təyyarə bir daha geri dönəcəkmi? Bilmirik. Bəlkə də heç dönməyəcək. Amma o təyyarə artıq düz 12 ildir ki, geriyə qayıtmır. O təyyarə özü ilə Ququşu apardı. Vətənindən, elindən-obasından ayrı saldı:

Fikrimdən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm.
Neyləyim ki sənə çata bilmirəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq!

“El” jurnalı
# 6386 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #