“Bu dəfə həyasızlıq edəcəm ” - MÜSAHİBƏ

“Bu dəfə həyasızlıq edəcəm ” - MÜSAHİBƏ
18 aprel 2011
# 11:17
Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasını rektoru, pionoçu, xalq artisti Fərhad Bədəlbəyli ilə Kulis.az-a müsahibəsi


- Musiqi Akademiyasının yenidən Üzeyir bəyin adını bərpa etdirdiniz. Məsələ necə öz həllini tapdı?

- Təmirdən sonra dövlət başçısı bura gəldi, mən də ona izah etdim ki, bu ocağın özülünü o qoyub, Üzeyir bəyin adını da daşımalıdır, yoxsa paradoks vəziyyət yaranır. Prezident həmin gün də fərman verdi ki, Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı bərpa olunsun. Məncə bu informasiyanı ona verən yox idi, yaxşı ki, bura gəldi məlumat verdik.


“Şou – biznesdəkilərin hamısı özfəaliyyətlə məşğuldur ”


- Amerikada Üzeyir bəyin romanslarını Fidan və Xuraman Qasımovalarla birgə ifa etmisiniz, xarici tamaşaçı inana bilməyib ki, bunlar Azərbaycan bəstəkarlarının romanslarıdır?


- Təkcə Üzeyir bəyin yox, Fikrət Əmirovun, Asəf Zeynallının, Tofiq Quliyevin romanslarını ifa etdik, inanmaq istəmirdilər ki, müsəlman ölkəsində romans janrı belə inkişaf edib. Romans elitar janrdır.

- İndi romans yazan yoxdur...

- Çətindir, əruzu bilmək lazımdır, romans yazmaq üçüm hərtərəfli bəstəkar olmalısan. Diringi (ara mahnısı-kulis.az) yazmağa nə var

- Bəstəkarlar bunu bir az da maddi çətinliklə əlaqələndirirlər ki, ciddi musiqi yazmaq üçün maddi təminat lazımdır?

- Bəyənmədiyim Sovet vaxtı ciddi musiqi yazan bəstəkarlara diqqət vardı. Bir ay göndərirdilər istirahətə, bütün şəraiti də yaradırdılar ki, yaz. İndi kim yaradır o şəraiti. Şou-biznesdə çalışanların hamısı özfəaliyyətlə məşğuldu. Romans yazmaq hər bəstəkarın da işi deyil


“Qəhrəmanlar banditlərdir”


- İndi musiqi təhsili də əvvəlki səviyyədə deyil.


- Təhsil sistemi tamlıqda necədirsə, musiqi təhsili də onun bir qoludur. Cəmiyyətin bir qolu da təhsildir, cəmiyyət dəyişir, təhsil də dəyişir. Biz musiqi ilə peşəkar səviyyədə məşğul olurduq, amma tarixi, ədəbiyyatı da öyrənirdik. Xarici ölkələrdən gələn həmkarlarımız bizə həsəd aparırdılar ki, sizdə təhsil hərtərəflidir. Bülbül adına məktəbdə bizə tarixi elə keçirdilər ki, elə bil tarixçi idik. İndiki uşaqlar heç Heraklı, Zevsi tanımırlar. Amerikada çox tanınmış bir professor var, prezidentləri kimdir bilmir, ancaq insanın orqanlarında əməliyyat etməyi bilir. Sovet İttifaqında akademik təhsil çox yüksək səviyyədə idi. Adi peşə məktəblərində peşəkar dülgərlər, çilingərlər fəhlələr hazırlanardı, indi evləri tikənlərin tikintidən xəbəri yoxdur. Yalandan daşı daş üstə qoyurlar. İxtisaslı fəhlə sinfi yoxdur. Hər sahədə özfəaliyyətdir. Jurnalistikada bu yoxdur? Əlbəttə var. O qədər qeyri-peşəkar məqalələr çıxır ki. Rusiyanın özündə də belədir. Qəhrəmanlar banditlərdir. Hamı bir-birini aldadır, kriminal hadisələr hər addımda baş verir. Bizdə də elədir. Altında xarici maşını var, adamın üstünə çıxır, nəzərə almır ki, bura maşın yeri deyil, burda sürmək olar, ya yox. Mədəniyyət yalnız musiqi deyil axı, davranış qaydaları da mədəniyyətdir.


“Qış sarayına hücum gözəl bir əfsanə imiş”


- Hər sahədə qeyri-peşəkarlara meydan vermək, qanmazı başa keçirib səlahiyyət sahibi etmək adama elə gəlir ki, sərhəd rayonlarına sürünənləri gətirib buraxıb, sonra da adını ilanların hücumu qoymaq kimi bir təxribatdır?


- Mən sizinlə tam razıyam. Əgər istəyirik ki, gələcək nəsil təhsilli, vətənpərvər olsun, bununla xüsusi məşğul olmaq lazımdır. Bu böyük problemdir, sonumuz görünmür. Bədii əsərlər, filmlər, hərtərəfli təbliğat maşını işləməlidir. Sovet vaxtı necə Lenin haqqında filmlər çəkirdilər və o işləri peşəkarlar edərdilər. Əksəriyyəti yalan, əfsanə də olsa, sən demə heç Qış sarayına hücum-filan olmayıb, amma...

- Amma gözəl əfsanə idi..

- Bəli, peşəkar əfsanə idi, ona görə də hamımız qəhrəman olmaq, kosmonavt olmaq istəyirdik. Bu gün heç hərbçi olmaq istəyən uşaq yoxdur, müğənni, biznesmen, polis olmaq istəyirlər, çünki qəhrəmanlar bu gün bunlardır.


“Xoreoqrafiya məktəbində peşəkarlar yoxdur”


- Fərhad Bədəlbəyli bu yönümdə nə edə bilər, bəlkə əliniz çatan, ününüz yetən bütün yuxarı mərtəbələrdə, tribunalarda siz bunları desəniz eşidilər?


- Deyirik, nazirliklərdə, Ramiz Mehdiyevin qəbulunda demişəm, mətbuatda deyirəm. Mədəniyyət kanalı açılanda da dedim. İndi şükür ki, Cəmil Quliyev ciddi mədəniyyət verilişləri verir, köhnə tamaşalardan göstərirlər. O tamaşalar çox səviyyəli işlərdir. “Hicran”ı atam qoymuşdu Musiqili Komediya Teatrının səhnəsində anşlaqla keçirdi. İndi nə hazırlayırlar teatrlarda?

- Arif Məlikovun “Məhəbbət əfsanəsi” səhnəyə qoyulmur, deyirlər, bizim opera səhnəsində kadrlar yoxdur?

- Elə bir problem var. Bizim xoreoqrafiya məktəbində peşəkarlar yoxdur ki, peşəkar kadrlar hazırlasınlar. Sovet vaxtı orda yəhudilər, ruslar kadrlar hazırlayardılar. Bizimkilər öz qızlarını balet məktəbinə qoymurlar. Bununla da məşğul olmaq lazımdır. Necə ki, xaricdən futbolçular gətiririk, elə də peşəkar sənətkarlar gətirmək lazımdır. Ciddi sənət heç vaxt pul gətirmir, onun arxasında dövlət vəsaiti durmalıdır. Ya BƏƏ kimi ciddi sənətdən əl çəkməliyik, ya da sadəcə məşğul olmalıyıq. Biz ki, BƏƏ deyilik, bizdə ciddi sənətin tarixi var, məktəbi var, davam etdirmək lazımdır. Bizim dramaturgiyamız var, “İblis”, “Dəli yığıncağı” gözəl nümunələrdir, klassik musiqimiz var

- Yeri gəlmişkən, o əsərlər də indi teatr səhnəmizdə yoxdur. Deyirlər imkan yoxdur, amma 60-cı illərdə həmin imkan olub.

- 60-cı illər Azərbaycan incəsənətinin intibah dövrü olub. İndi böyük problemlər məngənəsindəyik. Qəribə də burasındadır ki, indi tənqid edirsənsə düşmənə çevrilirsən. Müəllimim deyirdi ki, konsertdən sonra qohum-əqrabanı dinləmə, onlar səni tərifləyəcəklər, sən bir yəhudi tap onun fikrini dinlə. Tənqid cəmiyyətin lokomotividir. Bizdə ya tərif var, ya da təhqir.


“Peşəkar həyasızlığa keçmək lazımdır”


- Bu hal da kütləvi xarakter daşıyır. Bir dövr siyasətə qoşulmaq istədiniz, amma iclaslardan birində Xudu Məmmədov sizin qollarınız üstündə dünyasını dəyişdi və siz anladınız ki, siyasət çirkin oyundur. O vaxtdan sonra yenidən siyasətə qoşulmaq fikrinə heç düşmədiniz?


- Mən Qarabağ icmasının üzvüyəm, sadə qarabağlı kimi iştirak edib sözümü deyirəm. Siyasətlə gərək peşəkarcasına məşğul olasan, mənim yerim deyil. Xarici ölkələrdə oluruq, indi qərara almışıq ki, bütün Avropanı gəzib həyasızlıq edək, çünki ermənilər həyasızcasına atdığı addımlar sayəsində dünyaya səslərini çatdırırlar. Onlarda həyasızlıq peşəkar səviyyədədir. Biz isə abırlı tərpənməklə heç nə əldə edə bilmirik. Qənirə Paşayeva sessiyada hayasızlıq elədi, yaxşı iş gördü.

O, deputatdır, mən sadə Qarabağ vətəndaşıyam, deyirəm ki, mənim evimi əlimdən alıblar. Bu fəaliyyət ən müqəddəs fəaliyyətdir. Qarabağla bağlı məsələlərdə nə dövlət adamı, nə müxalifət, nə də siyasətçi olmaq yox, sadə vətəndaş kimi birləşmək lazımdır. Hər görüşdən sonra gərgin yorğunluq hiss edirəm, hər görüş bir mübarizədir. Qayıdıb kabinetə içmək istəyirəm, çünki onlar bir söz deyirlər, başa düşürəm ki, aldadırlar bizi, uzadırlar vaxtı. Neynəyək, hegemon ölkələrdir, Azərbaycanın taleyi belədir, qərbdə düşmən, şimalda düşmən, cənubda düşmən, hamısı da bizdən nefti qoparmaq üçün yola verirlər.

Liviya hadisələrindən sonra siyasətdən əsaslı surətdə zəhləm getdi. Nə qədər ikili standartlarla hərəkət etmək olar. Mənim üçün mədəniyyət daha yaxındır. Din də böyük silahdır. Ondan da istifadə etmək üçün dini lider lazımdır. Bizi din də birləşdirmir. İrandan Qarabağa benzin daşıyırdılar, sürücülər hamısı ordakı azərbaycanlılar idi. Bilə-bilə ki, bunlar o yanacaqla Şuşanı işğal edəcəklər necə onlara yanacaq verə bilirsiniz. Xristianlar bir-birini daha yaxşı tutur.


Ramilə Qurbanlı
# 1833 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #