Anar Günel Mövludun istedadını necə etiraf etdi?

Anar Günel Mövludun istedadını necə etiraf etdi?
15 aprel 2011
# 18:48
Axır ki!

(Yazı görkəmli yazıçımız Anarın Günel Mövludun istedadını etiraf etməsi haqdadır.)

Çoxdandır ki, yazıçı Anarın yenilikçi gənclərə qucaq açmasını arzulayırdım. Düşünürdüm ki, bu belə də olmalıdır. Axı vaxtilə bu kişi özü çox təhdidlərə məruz qalmışdı. Arxasında R. Rza kimi bir kişi olsa da o, bu təhdidin acılarından xəbərdardır. Amma Tofiq Qəhrəmanova ölümündən sonra mükafat verilmədimi? Üç görkəmli şairimiz – İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Camal Yusifzadənin bu günlərdə 70 illik yubileyləri təntənəylə qeyd olunmadımı?

Vəfat etdiyi on beş il ərzində çox böyük şairimiz Eldar Baxışın hər ildə bir kitabı çap olunmadımı? “Ulduz”, “Azərbaycan” jurnalaları, “Ədəbiyyat qəzeti” buruq ədəbiyyat nümunələrini çap edən orqanalara çevrilmədimi? (“Buruq” sözünü “axta” sözüylə qarışıq salmamalı. Birinci qansız, ikinci qanlı əməliyyatdır.) Tehran Əlişanoğlu kimi bacarıqlı bir ədəbiyyat adamı AYB-ın bir nömrəli qəzetini qoyub getmək dərəcəsinə çatdırılmadımı?

“Nə qədər sıxsan, inkişaf o qədər çox olar” tezisinə rəğmən, ədəbiyyatımızda 2-ci cəbhə açılmadımı? Və bu cəbhəinin istedadlı uşaqlarına hər cür şərait yaradılmadımı? Nəticədə onların öz qəzetləri, jurnalları, saytları olmadımı? Hətta gözlənilir ki, bu uşaqlar vətənə və millətə arxa çevirdiklərinə görə bu yaxınlarda içlərindən birinə Nobel mükafatı da verəcəklər. Day bundan artıq nə istəyirdilər ki?!

Yox, çox vacib bir məsələ qalır. Bu da ibarət olsun ondan ki, onların istedadlı olub-olmamaları etiraf olunmalıydı. Anar müəllimin özü, yaxud ona yaxın səviyyədə biriləri tərəfindən. Bizdə axı çoxdan qəbul olunmuş, tezis şəklinə salınmış atalar sözləri də bunu diktə edir: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”, “Rəqib səni daşnan, sən onu aşnan”...

Amma bu baş vermirdi. Məsələn, Nərmin Kamal, Aqşin Yenisey, Sevinc Pərvanə, Seymur Baycan kimi yazarlar ( mən bu iki təşkilatı bir-birinə qatmağın tərəfdarı deyiləm... mərc gəlirəm ki, AYB-dəki istedadsızlarla – istedadlılar xaric, AYO-dakı istedadlıları bir-birinə qatsan o məşhur qarışmayan iki dənizin suyu kimi nəticə olmayacaq... qalan odu ki, bir yaxşı kisəçi gərək, bu AYB-ın kisəçiliyini yapsın ki, bəlkə kirə çıxanlar kanalızasiyalara axıdılsın... onda nəsə düşünmək olar...) Anar müəllim, Fikrət Qoca, Arif Əmrahoğlu və sair səviyyədə təqdir edilmirdi ki, bəlkə ara açılaydı, soyuq küləkləri ilıq səmum yelləri əvəz edəydi...

Zarafat öz yerində, mən şəxsən Anar müəllimin bu adını çəkdiyim və çəkmədiyim yazarları görüb ürəyində sevindiyinə yüz faiz əmindim. Amma ürəyində. Bir də axı onlar da azacıq aşın duzu deyildilər. Götürüb Anar müəllim haqqında, onun qəhrəmanları haqqında ağızlarına gələni yazırdılar. Amma bunlar gərək hörmətli Sədri – Anar müəllimi darıltmayaydı. Nədən ki, bu hal tarixən olub, olacaq da. Tolstoy Şekspiri, M.F.Axundov Füzulini, C.Cabbarlı Cavidi danmırdımı? Bu bir qanunauygunluqdur axı. İnkarı inkar qanunu var, və sair, və ilaxır...

...Çox şükür! Mənim gözlədiyim baş verdi. Bu yaxınlarda yeni açılan “Kulis.az” saytında belə bir etirafın şahidi oldum. İnanın sevindiyimdən uçmağa qanad axtarırdım. Anar müəllim mənim də çox sevdiyim və çox bəyəndiyim (yaradıcılığını deyirəm də, nə key-key şinidirsən?) Günel Mövlud haqqında xoş sözlər deyib. Sitatı olduğu kimi verirəm: “...ədəbi zövqümə inanırsınızsa, məncə istedadlı yazıçıdır.” (Söhbət yazıçı Güneldən gedir)

Axır ki!

Deyirəm, bəlkə şələ-küləmi yığıb gedim yazılım AYB-a?

Kulis.az-dan: Dərgimizin elektron poçtuna istedadlı yazıçı Azad Qaradərəlinin yolladığı bu yazını müəllifin şəxsi xahişi ilə üslubuna toxunmadan çap edirik. Lakin nəzərə çatdırırıq ki, yazıda söhbət gedən müsahibədə Anara verilən sual Günel Mövlud haqda yox, Anarın qızı Günel Anarqızı haqqında olub.

Həmin sual və cavab belə idi:

- “Günelin timsalında ədəbiyyata yeni istedad gəlir deyə bilərsiniz?

- O özü özünə yazar yox, həvəskar deyir. Mənim qızımı tərifləməyim düz deyil, amma ədəbi zövqümə inanırsınızsa, məncə, istedadlı yazıçıdır. Meyar istedaddır, kimin övladı olursan-ol, fərqi yoxdur”.

Hörmətli Azad bəy bu sual-cavabı və ondan əvvəl Günel Anarıqızı haqdakı sualı düzgün başa düşməyərək belə bir yazı qələmə alıb.

Biz doğru olmasa belə hər bir yazının yaşama şansı olduğunu nəzərə alıb bu yazını çap edirik.
# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #