Qarımış qızın sevgi hekayəti

Qarımış qızın sevgi hekayəti
28 iyul 2011
# 11:00
Onunla ilə ilk “tanışlığım” 18 yaşıma təsadüf edir. Kədərli gözləri, dalğınlığı, üzünün qeyri-müəyyən ifadəsi diqqətimi çox çəkmişdi. Sonra öyrəndim ki, o, dahi italyan rejissoru Mikelancelo Antonioninin muzası Monika Vitti, qəlbimi ovsunlayan film isə “Alatoranlıq”dır.

Ailə qurmayacağına and içdi

Mariya Luiza Siciliyada - qadınların həmişə kişilərə tabe olduğu ailədə doğulmuşdu. Valideynləri qardaşlarını ondan daha çox sevirdi. Mariyanın ailədə özünü artıq adam kimi hiss etməsi qəlbini ağrıdırdı.

14 yaşı olanda o, aktirsa olacağına və heç zaman ailə qurmayacağına and içdi. Qardaşları Amerikaya pul və xoşbəxtlik, Mariya isə Romaya şöhrət arxasınca və özünütəsdiq üçün getdi.
Dram Sənəti Akademiyasında Mariyanı zəif səs tellərinə görə qəbul etmədilər. Yalnız bir il sonra o, Akademiyaya qəbul ola bildi.

Seks simvol roluna yaramayan sarışın

O özünə daha gözəl səslənən ad da tapdı: Monika Vitti. Bununla da özünü yeni həyatın başlanğıcına inandıra bildi.

Yeni həyat ağır sınaqlarla başladı. Monika şirniyyatı sevirdi, amma kasıb tələbə həyatı üzündən bu zövqdən məhrum idi. Gün ərzində bir dəfə yeməli olurdu: o da adətən, pendir və soğandan ibarət buterbrod.

Onunla bir kursda oxuyan qızlar aktyorlarla və zəngin insanlarla eşq macəraları yaşayırdı. Akademiyanın ən gözəl qızı Ramoni isə Heminqueyin sevgilisi olması ilə fəxr edirdi.

Monika heç vaxt belə söhbətlərə qatılmırdı. Onun bir dəfə də olsun sevgi macərası olmamışdı.

O zaman şabalıdı saçlı, iri sinəli, incə belli qadınlar daha çox uğur qazanırdı. Monika isə ucaboylu, arıq, kədərli gözləri olan sarışın idi. O, seks simvol roluna yaramırdı.

Uğursuz cəhdlər

Monika axşamlar teatrda oynayır, gündüzlər isə kinoda rol almaq üçün yollar arayırdı. Tanış agentlər Monikaya onun zahiri görünüşünün kinoya yaramayacağını deməkdən yorulmuşdu. Yalnız bir rejissor Monikanı filmə çəkməyə razı oldu. Amma bir şərtlə - Monika plastik əməliyyat keçirərək burnunun formasını dəyişməlidir.


Dahi Antonioni ilə tanışlıq


1957-ci ildə Vittini “Çığırtı” filmində ingilis aktrisası Dorian Qreyin obrazını səsləndirməsinə dəvət etdilər. Monika filmin rejissoru Mikelancelo Antonioninin inadkar və təkəbbürlü oması haqda eşitmişdi.

Onlar montaj otağında tanış oldular. Fasilə zamanı assistentlər siqaret çəkməyə və qəhvə içməyə getdiyi halda, Monika növbəti monoloqa hazırlaşırdı.

Antonioni birinci danışdı və Monikaya aşağı səs tonunun, xırıltılı səsinin xoşuna gəldiyini dedi.

Karıxmış Monika komplimentə görə təşəkkür etdi, sonra cəsarətini toplayaraq onu işlədiyi teatra dəvət etdi.

”Mən artıq sizi yeni tamaşada görmüşəm”, - deyən Antonioni gülümsədi: “Bilirsiz, mənə elə gəlir ki, üzünüz məhz mənim uzun müddət axtardığımdır”.

Monika qulaqlarına inanmadı...

Aristokratların ağlını alan ecazkar Mikele

Dostları onu “Mikele” adlandırırdı.

Ferraredə anadan olan Antonioninin atası fabrikdə kuryer işləyirdi.

Gənc Mikele aristokrat ailələrin sevimli qonağı idi. Varlı qadınlar onun nəzakətli davranışından və skripkada virtuoz ifasından heyrətlənirdilər.

Sevgi onu dəyişdi


Mikeledən fərqli olaraq Monika özünün sevgi təcrübəsi ilə lovğalana bilmirdi və ona soyuq, hissiz görünməkdən qorxurdu. Amma Mikele ilə tanışlıq onu dəyişdi. O, Mikeleyə füsunkar və seksual görünməyə çalışırdı. Birinci dəfə onun qarderobunda hündürdaban ayaqqabılar və açıq əlbisələr yer aldı. Mikele günlərin birində ona yay tətilini birgə keçirməyi təklif etdi.

Körfəz sahilindəki ən bahalı oteldə cəmiyyətin məşhur adamları toplaşmışdı: nüfuzlu vəkillər, bankirlər və b.

Mikele iti ağlı və zərifliyi ilə onların hamısını kölgədə buraxırdı.

Monika Mikelenin yanında özünü arzuedilən və sevimli qadın kimi hiss edirdi, onun yeganə arzusu bu şirin yuxunun çox davam etməsi idi.


“Bağışla, özümü səfeh apardım”

Amma Antonioni Romaya film çəkməyə tələsirdi. Monika ona daha bir neçə gün qalması üçün yalvardı. Amma Antonioni fikrindən dönmədi. Monika küsdü və bütün günü tək-tənha sahildəki mağaraya çəkildi. O, otelə qayıdanda Antonioni onu səssizcə qarşıladı. Monika onun qucağına atılaraq “Bağışla, mən özümü səfeh kimi apardım”, - dedi. Mikele onu qucaqladı: “Bilirsən, biz bu haqda film çəkirik”.


Qarımış qızın qadına çevrilməsi

Bir həftə sonra Romaya tamam başqa Monika qayıtdı. Dostları onu tanımırdı: o, 30 yaşlı qarımış qızdan qadına çevrilmişdi. Mikele onun üçün hər şey idi: dost, ər, sevgili, ata və rejissor. Antonioni onu sanki yenidən yaratdı. O, Monikaya gəzməyi, nəfəs almağı, şərab badəsini düz tutmağı öyrətmişdi.
Monika səylə çalışan şagird idi. O, Mikelenin yanında özünü qızcığaz kimi hiss edirdi. Mikele isə özünü qadın və aktrisa yaradan Tanrı kimi.

Mikeleni gözəl qadınlar maraqlandırmırdı

Antonionini qüsursuz gözəlliyi olan qadınlar cəlb etmirdi və təxəyyülünə ilham vermirdi. Bunun isə səbəbi vardı.

Bir neçə il əvvəl Mikele “Miss İtaliya” adını qazanmış Luçiya Bozeyə “Bir sevginin xronikası” filmində baş rolu vermişdi. Bozenin istedadsızlığı az qala bütün filmi məhv etmişdi. O vaxtdan gözəl qadınlar rejissoru maraqlandırmırdı. O indi yalnız Monika ilə film çəkmək istəyirdi.

“Macəra” və “naməlum” Antonioni

”Macəra” filmi İtaliyanın cənubunda çəkilirdi. Çəkilişlər Monika üçün ciddi sınaq oldu. O, Antonionini tanıya bilmirdi. Həmişə yumşaq, diqqətli Antonioni çəkilişlərdə soyuqqanlı idi. O, filmləri ürəyi ilə yox, beyni ilə çəkirdi. Hamı ona sözsüz itaət edirdi. Aktyorlara siqaret çəkmək, ucadan danışmaq, kinokamera üçün nəzərdə tutulmuş xüsusi döşəməni korlamamaq üçün ağır ayaqqabı geymək qadağan edilmişdi.

Çəkilişin birinci günü Monika onunla rolu haqda danışmağa cəhd etdi. “Yadda saxla, mən aktyorlara heç vaxt nəsə anlatmıram, personajın psixologiyasını unut və öz fantaziyana arxalan, əlbəttə ki, o səndə varsa”. Monika sakitcə bu təhqiramiz eyhamı uddu. Artıq anladı ki, onunla mübahisə etmək olmaz və onun üçün birinci yerdə həmişə iş olacaq.
Monikanın çalışmaları nəticəsiz qalmadı. Mikele ilə işbirliyi ona şöhrət gətirdi. Filmin premyerasından sonra Vitti məşhur aktrisa kimi ayıldı.

Alen Delona rədd cavabı

11 illik birgə həyatlarında Antonioni onu 4 filmə çəkdi. Bu filmlərdən hər biri intellektual publika və mətbuat tərəfindən məftunluqla qarşılanırdı. “Alatoranlıq” filmində o, Alen Delonla tərəf müqabil idi. O zaman Delon Monikanı özünə cəlb etməyə çalışsa da, onun cəhdləri məyusluqla nəticələndi. Monika Alenə laqeyd idi. Bu illər ərzində o yalnız bir kişiyə - Mikeleyə sadiq idi.

İlk çat

Mikeleni qadınlar hər addımda təqib edirdi. Mikele fransızca əla bilirdi və tez- tez Parisə gedirdi. Franszılar Antonionini sevir, onu ziyafətlərə dəvət edirdilər. Monika həmişə hansı qadının Mikeleyə göz qoyduğunu səhvsiz müəyyənləşdirirdi.

Gənc parisli qızlar Mikeledən gözlərini çəkmirdi. Ziyafətlərdən birində gənc bir qadın heç cürə Mikeleni gözdən qoymurdu. Mikelenin onunla isti görüşü onların tanış olduqlarını bəlli edirdi. Adətən, Monika və Mikele otelə bir qayıdırdılar.

Amma həmin gecə Monika başının ağrıdığını bəhanə edərək otelə tək qayıtdı. Monika səhərə kimi gözünü də qırpmadı, Mikelenin gəlişini gözlədi. Mikele isə yalnız səhər 9-da döndü.
Vanna otağında ağlamaqdan şişmiş üz- gözünü ənlik kirşanla gizləməyə çalışan Monika Mikeleni xəyanətdə ittiham etməsə də, daxilən buna əmin idi.

Nadir qadın

Bir neçə gün əvvəl isə o, Mikeleyə əminliklə “bizim hər birimizin şəxsi həyata haqqı var” deməklə onu təəccübləndirmişdi. Mikele ona “Əzizim, sən doğrudanmı belə düşünürsən” sualını verəndə Monika bunu təsdiqləmişdi. Onda Mikele sevgilisinin alnından öpərək ”Əzizim, sən nadir qadınsan”, - demişdi.

...Monika özünü tez ələ aldı. O, qalmaqal etmyəcək qədər ağıllı idi. Gec-tez bu baş verməliydi. Mikele bütün ömrü boyu ideyalarına, özünə, əyləncələrinə aid olacaq. Onu əldə saxlamağın yeganə yolu onu azad buraxmaqdır.

Bir neçə saat sonra isə Monika “Mond” qəzetinə heç nə olmamış kimi müsahibə verirdi. Jurnalisiti hər şeydən çox onun Antonioni ilə münasibəti maraqlandırırdı. Monika gülümsəyərək cavab verdi: “Biz qapı qonşuyuq. Mənzillərimizin qapısı nadir hallarda bağlı olur. İndi münasibətlərimiz haqda özünüz qərar verin”.

Obrazlarının həyatını gerçəkdə yaşayırdı

Antonioninin yeni filmində Monika əsəb sarsıntısı keçirən qadın obrazını yaratmışdı. Mikeleyə həmişə insan psixikası ilə eksperimentlər aparmaq xoş gəlirdi. O özünü bu sahədə kifayət qədər inamlı hiss edirdi. Hətta Amerikada psixoloq və psixiatrların beynəlxalq konqresində ona elmi dərəcə verilmişdi.

Mikele Monikanın aktyor imkanlarına şübhə etmirdi. Monika onun bütün ümidlərini doğruldurdu. Amma Monika tədricən hiss edirdi ki, o qəhrəmanlarının həyatını yaşayır.
Antonioninin filmlərində qadınlar bədbəxt idi və tənhalıqdan əziyyət çəkirdi. İndi gerçəklikdə onu belə təhlükə gözləyirdi.

Qadın yox, aktrisa

Məşhur cütlük italyanların xoşuna gəlirdi. Taksi onlardan pul almırdı, mağazalarda Monikaya gül dəstələri hədiyyə edilirdi. Cütülyün həyatı maraqlı keçirdi. Bütün günü bir yerdə olsalar da, gecə hərə öz mənzilinə çəkilirdi.

Monika artıq belə həyatla barımışdı. Əlbəttə, o, gizlində şəxsi ev, uşaqlar, ailə arzulayırdı. Mikele isə öz ideyalarına o qədər aludə idi ki, Monikada sevən qadın yox, yalnız aktrisa görürdü.

”Bu sənin günahın deyil”

İngilis rejissoru Cozef Louzi Monikaya “Modesti Bleyz: qatil gözəlçə” filminin ssenarisini gönədərəndə o, düşünmədən buna razılaşdı və müqavilə imzaladı. Mikele onun bu addımını sakit və laqeyd qarşladı. Monika “bunu etməmliydim ki” sualını verəndə, o, belə cavab verdi: “Başqa filmlər sənin istedadını açacaq. Mənim filmlərimdə isə sən bunu edə bilmirsən. Bu, sənin günahın deyil”.

Monikasız

Antonioni növbəti filmini artıq Monikasız çəkdi. O, yeni filminə ingilis aktrisası Vanessa Redqreyvi dəvət etmişdi. Mikele qısqanclıqdan dəli olan Monikanın zənglərinə cavab vermirdi. Monikaya elə gəlirdi ki, Mikele ona aktrisa kimi xəyanət edib.

Günlərin birində Mikele gözlənilmədən peyda oldu və Monikanı özü ilə Nyu-Yorka “Fotoböyütmə” filminin premyerasına apardı. Premyerada onlar sakit və xoşbəxt görünürdülər.

Evlilik təklifindən imtina

Amma ikilikdə Monika hey ağlayırdı. Mikele onun ağlamasının səbəbini soruşmurdu. İdeyalarına, ssenarilərə və futbol oyunlarına aludə olan Mikeleni Monika artıq maraqlandırmırdı. Bununla belə Mikele ona evlənmək təklifini etdi. Gözlənilməz təklifdən Monika özünü itirdi.

O, 10 il bu təklifi gözləmişdi. Antonioni ona yeni tale bəxş etmisdi. Onların münasibəti daha çox dost münasibəti idi. Həm də Monika bu illər ərzində gözləməkdən yorulmuşdu. Təklif çox gec edilmişdi. Monika “Mən bacarmaram, bəlkə, bir ildən sonra” - deyə bildi. Bir il sonra isə onlar ayrıldılar.

”Bu gözəl idi”

Ayrılıqdan sonra Antonioni yeni şedevrlər yaradır, Monika isə başqa filmlərdə rol alırdı. Bir dəfə o rəfiqəsinə etiraf etdi ki, “Əgər Mikele məni çağırsa, hər şeyi ataram”.

1990-cı ildə Monika özünün ilk və son filmini “Sirli qalmaqal”ı çəkdi. Filmdə gənc qadın kamerayla ərlərini və sevgililərini lentə alır. Kann festivalında göstərilən filmin tamaşaçıları arasında Antonioni də vardı. Onlar təsadüfən keçiddə rastlaşdılar. Saçları ağarmış, iflic olmuş Mikele Monikanın yanağını tumarlayaraq pıçıldadı: “Bu, gözəl idi”.

Pərəstişkarları Monikanı əhatəyə alıb ona komplimentlər yağdırırdı. Monika isə gənc, sarışın arvadının müşayiəti ilə zalı tərk edən belibükük, əldən düşmüş qocaya baxırdı.

Sevda Sultanova
# 1235 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
#
#
# # #