Çöpçü qadının peşə sirləri - ARAŞDIRMA

Çöpçü qadının peşə sirləri  - ARAŞDIRMA
26 iyul 2011
# 13:00
Bu müsahibə kimdəsə istehza yarada bilər, kimsə düşünər ki, reklam xarakterli yazıdır. Əsla. Sadəcə bir gün üç yaşlı qızım 39 dərəcə temperaturla gecə səhərə qədər ağzına aldığı bir qurtum suyu belə qaytardı. Səhər açılan kimi götürüb qaçdıq xəstəxanaya. Dəqiq diaqnoz qoya bilmədilər, gah dedilər zəhərlənib, gah dedilər soyuqlayıb, sonda heç biri də özünü doğrultmadı.

Dörd gün uşağın mədə-bağırsağını yuyub, iynə-dərmandan, sistemdən yeritdilər bədəninə. Nəticədə uşaq süst vəziyyətdə, gözləri yumulu qaldı. Gördüm artıq çağırışlarıma reaksiya vermir, şənbə gecəsi xəstəxanadan qırğın-dava ilə uşağı götürüb çıxdıq. Təsadüfən bir iş yoldaşım zəng edib məsləhət gördü ki, onu çöpçüyə göstərək.

Evə çöpçü gətirdirdik. Çöpçü xala gedən kimi reaksiyası olmayan uşaq qalxıb oturub yemək istədi. Yeyib üstündən də iki stəkan kompot içib rahatca yuxuya getdi.

İkinci dəfə isə temperaturu qalxan kimi həkimə deyil, çöpçüyə apardım. Evə qayıdanda artıq temperaturdan əsər-əlamət yox idi, qaytarmırdı.

Çöpçü xala adaşım çıxdı: Əhmədova Ramilə 45 yaşı var. Tovuz rayonundan Bakının Əhmədli kəndinə ərə gəlib. İndi üç övlad anasıdır. Qalanını özü danışacaq.

- 22 ildir bu işlə məşğulam. Hələ bir valideyn məndən narazı qalmayıb. Bura gəlin gələndə bacarırdım, amma utanırdım bildirmirdim. Sonra havalandım, başım müsibətlər çəkdi. Mənə dedilər ki, iki səbəbdən bu vəziyyətə düşmüsən: birincisi, sən Tanrı tərəfindən verilmiş verginin daşıyıcısısan, niyə borcunu yerinə yetirmirsən. İkincisi, öz əlinlə içki butulkası götürmüsən. Evdə yoldaşım, iki oğlum var. Mən onlara hökm edə bilmərəm ki, içki içməyin, amma vergili ocağa içki olmaz – günahdır. Sonra yavaş-yavaş elə öz uşaqlarımızın çöpünü çıxartdım, eşidən-bilən gəldi hamısına kömək etdim. İndi yüzlərlə insanlar gəlir, uşaq qaytarır, qızdırmada yanır, baxıram görürəm ki, çöpü var, necə çıxartmayım. Tanrı bu işi mənə həvalə edib, nə karəyəm.

- 5 manat qiymət yazmağı da Tanrı deyib?

- Yox, bir də görürsən ki, dörd uşaq gətirirlər hamısını burun-boğazını təmizləyirəm, çıxardıb bir manat verir. O uşaqların çöplərini çıxartmasam, xəstəxanalıq olacaqlar, həkimlər də “soyacaq”, heç əlacını da tapmayacaqlar. Elə bəri başdan qiymətini bil, ver, uşağı da sapsağlam apar evinə də. Çox tanınmış adamlar evlərinə gəlib aparıblar uşaqlarını çöpünü çıxartmışam. Uşaq poliklinikaları var ki, özləri məni çağırırlar, gedirəm.

- Uşaq həkimləri?

- Hə, zəng edirlər ki, neyləyirik uşaq sağalmır, gəl sənlikdir, gedirəm uşağın çöpünü çıxardıram, onlar da valideynə deyirlər ki, sağaltdıq götür apar.

- Amma bunu heç vaxt etiraf etmirlər, valideynə çöpçünü məsləhət bilmirlər.

- Elə poliklinika var ki, etiraf edirlər. “Semaşko”nun yanında 1 nömrəli uşaq xəstəxanasında dəfələrlə olmuşam. 8-ci kilometr uşaq poliklinikasında bir dəfə sistemin altında uşağın artıq ağzı köpüklənib məni çağırıblar. Gedib çıxartmışam, uşaq özünə gəlib, sistemi açıblar, uşaq qalxıb ayağa. Eləsi olur ki, uşağın boğazını qurdalayır çöp də gedib düşür nəfəs borusuna. O halda mən də yaxın durmuram, çünki ona əlac etmək olmur. Bərk bir şey nəfəs borusuna düşdü, çətin çıxar. Çıxardınca uşaq əldən gedə bilər.

- Dediniz ki, bu sənət sizdə nəsillikcədir?

- Ata nənəmdə olub. Qaynanam da ata nənəmin qardaşı arvadıdır. Mən bu ailəyə gəlin gələndə həm də ona görə işlətmədim ki, qayınanamın qarşısına keçməyim. Sonra qayınanam dedi ki, bala, bu iş sənin nəslindən gəlir, mən də o ocağa düşüb öyrənmişəm, sənin borcundur məşğul ol.

Bir dəfə “Xəzər” televiziyasında səyahətə çıxan eynəkli oğlan var e, bax onun uşağının çöpünü çıxartdım. Dedi ki, Ramilə xala, gəl səndən veriliş çəkim, razı olmadım. Sonra polislər rahatlıq verməyəcək. İndi siz də yazacaqsınız, gələcəklər ki, internetdə səndən yazıblar, bizim də payımızı ver.

- Deyirlər ki, onu bağlatdırmaq da olar daha çöpü qalmasın?

- O özünü doğrultmayıb, mən lap öz uşağımda guya bağlamışam, amma yenə çöpü qalıb. Uşağın orqanizmi güclənənə qədər çöpü qala bilər. O vaxt ki özü udqunub yaxşıca udacaq, o vaxt daha qalmayacaq.

- Böyüklərdə də çöp olur?

- Olur. O da gözdən-nəzərdən olur. Yekə kişilərdə çöp çıxartmağı yoldaşım qoymurdu, sonra oğlum dedi ki, ata, dəymə, onun işidir, qoy işini görsün.

- Dediniz, başqa işlər də bacarıram?

- Boğaz gələndə müalicə edirəm. Göbək götürürəm.

- İndi sizin uşaqlardan kim bu işi bacarır?

- Qızım artıq üç ildir bilir.

- Elə olub ki, çöpü çıxarda bilməmisiniz?

- Olub, bir dəfə şüşəni, bir dəfə də daşı çıxartmamışam. Görmüşəm ki, ağzından qan gəlir uşağın, deyiblər ağzında stəkanın qırağını sındırıb. Demişəm, şüşə qalıb mənlik deyil. Heç daşın üfürmə ilə qalxdığını görən olub?! Qalan hər şeyi çıxartmaq mümkündür, ancaq yolunu biləsən ki, nəfəs borusuna salmayasan.


Ramilə Qurbanlı
# 5783 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
#
#
# # #