Tofiq Quliyevə görə kimdir mənə pul verən?

Tofiq Quliyevə görə kimdir mənə pul verən?
6 iyul 2011
# 06:00
Bir vaxtlar Azərbaycan televiziyasında kiçik həcmli yumoristik süjetlər meydana gəldi. O telekanalın rəsmi verilişlərindən doymuş tamaşaçı üçün bu səhrada bir damla su idi. Elə içinə çəkmişdi ki, indi xatırlatsam ki, söhbət tramvay məsələsindən gedir o anda hə... deyəcək. Həmin süjetdə şifonerdə oturub tramvay gözləyən oğlan söhbət açacağımız əyləncə verilişinin rejissoru Siyavuş Hüseynli idi. Veriliş isə məşhur “Çal-çağır Dilarə”nin “Burda və indi” əyləncəli verilişidir. Daha doğrusu verilişin kulisi, yəni çəkiliş zamanı tamaşaçıların görmədiyi, bilmədiyi məqamlar.


“Burda və indi” SOY-un üçüncü balasıdır


“Burda və indi”də SOY şirkətinin “İşdən sonra” , “Kim kimdir?”, “Söz oyunu”, “Zəhmətkeş ulduzlar”, “Yeni ulduz”, “Xalq ulduzu” kimi layihələrindən biridir. Dövlət televiziyasında kiçik yumoristik süjetlərlə fəaliyyətə başlamış (1998-ci ildə-verilişin adı Virtouz) sonradan SOY adı ilə genişlənən şirkəti üç nəfər həvəsli və istedadlı gənc birləşib yaratdılar. SOY onu yaradan üç nəfərin adlarının baş hərifləridir – Siyavuş, Oqtay və Yaşar. Siyavuş Hüseynli rejissor, Oqtay Əliyev layihənin rəhbəri Yaşar isə kommersiya işlərinə baxır.

Layıhənin rəhbərini də iş başında gördük.

“Azərbaycan televiziyasında qısametrajlı, yumoristik filmlər çəkirdik. Bir müddət belə çalışdıqdan sonra qərara gəldik ki, müstəqil bir şirkət yaratmaq lazımdır. Sonra Space-də “Komedi-del-arte” yaratdıq. Bizə təklif etdilər ki, mədəniyyət verilişi yaradaq, amma yeni formada olsun. “Həftə çal-çağırı”nı yaratdıq. Onun içində “Pıçhapıç” da vardı. İndi həmin layihədir ki, “Burda və indi” adı ilə gedir”. Oqtay Əliyevin dediyinə görə, bu layihənin analoqu yoxdur. Almaniya və Rusiya telekanallarında buna bənzəri var, amma eyni deyil. “Burda və indi” daha rəngarəngdir. Layihə rəhbəri deyir, istəyimiz odur ki, klassik mədəniyyəti təbliğ edək, daha səviyyəli və mənalı gülüş yaradaq, amma bu həm də dəvət olunan qonaqdan asılıdır:

“Burda isə iki amil var. Biri odur ki, nədənsə bizim sanballı mədəniyyət adamlarımız çəkilib bir kənara dəvət olunduqları verilişlərə də gəlmirlər. Biz də kimisə dəvət etməliyik axı, məcbur olub o birisini çağırırıq. O gəlmir onun yerini arzu olunmayan tutur. Bir də reytinq məsələsi var, görkəmli sənətkarların iştirak etdiyi verilişlər reytinq vermir. Biz yenə ümumi mənafeyi üstün tutub iki verilişdən bir sanballı sənətkarları gətiririk.

Bir-neçə həftə əvvəl qonaqla Qalileydən, Cordano Brunodan danışmaq istədik, qonaq qayıtdı ki, onlar kimdi e? Mən də çəkilişi dayandırıb söhbəti dəyişməli oldum. Yaxud deyirik, Tofiq Quliyevin mahnılarına niyə müraciət etmirsiniz? Çəkilişdən kənarda deyir ki, başqa söhbət edək də, Tofiq Quliyevə görə kimdir mənə pul verən? Səməd Səmədov Azərbaycanın himnini kim yazıb bilmədi, dedi ki, məni loru dildə başa sal. Bilmədi, noolsun nə dəyişdi. İşimizin çox böyük çətinlikləri var”.


Toppuş az qala salyarkalı meyvə yeyəcəkdi


Biz Oqtay Əliyevlə söhbətdə ikən verilişin çəkilişə hazırlığı gedirdi. İşıqlar qurulur, iştirakçılar məşq edir, səhnəyə əl gəzdirilirdi. Tamaşaçılar isə artıq bayaqdan yerlərini tutublar. Məşqi də müşahidə edirlər. Gecikənlər stul hayında qalıblar. Texniki işçilərdən, prodüserdən stul istəyirlər. Prodüser isə gecikən qonağa zəng vurmaqdan onsuz da dilxor olub, bir tərəfdən də gecikən tamaşaçının stul problemi. Biz də söhbəti yekunlaşdırdıqdan sonra Oqtay Əliyev pult arxasına keçir. Tamaşaçıları da yenidən göstəriş verib yerbəyer edir, kameraları, işıqları nəzərdən keçirir. Rejissor stulların bir santı o yan-bu yan olmasına da fikir verir. Hamı otursun ki, səhnəyə hərəkət edənlərin kölgəsi düşməsin.

“Tünzalə, mizin üstündəki meyvələri yemə, üstünə salyarka səpmişəm”. Bunu məşq prosesində hərdən meyvələrdən ağzına atan Toppuşu gözdən qaçırmayan rejissor deyir. Oqtay Əliyev isə öz pultundan düşüb gəlib səhnədə tullanır, sən demə, səhnənin dözümünü yoxlayır ki, çəkiliş vaxtı Toppuş yıxılmasın. Həm də yalnız Toppuş yox.


Əliyevlərin şousu

“Əliyev” dedim bir məqam yadıma düşdü. Verilişin aparıcısı Dilarə də Əliyevadır, çünki o, Oqtay Əliyevin həyat yoldaşıdır. Bəs, görəsən, işçilərin niyə əksəriyyəti bu soyadın daşıyıcılarıdır? Tünzalə və Ülviyyə Əliyevalar hərəsi bir teatrın aktrisalarıdır. Özləri də həmin verilişdən teatrda aldıqlarından ikiqat artıq məvacib alırlar. Verilişin koordinatoru Nurlan Əliyevin də qalan Əliyevlərlə qohumluq əlaqəsi yoxdur. Prodüser Təranə Əliyevadır. Axtarsam yerinə bu soyaddan tapmaq olar, amma 6 nəfər Əliyev bəsdir.


Stul oğurluğu


Dekorçular arzuladılar ki, onların adlarını yazım. Yazmasam bir də saytımızı oxumuyacaqlarmış. Yazaq də, Zamiq Əlibəyov, Qəhrəman Qasımov, Hüseyn Qasımov. Bu adamlar səhnə quranlardır. Belə qəbul ediblər ki, elə ən yaxşı sənət də onlarınkıdır. Səs rejissoru Teymur Məmmədov isə elə SOY yaranandan onlarla işləyir. Operatoru tanımayan yoxdur, ATV kanalının gözü Şahin Ağayev.

Artıq çəkiliş başlayıb, amma başlamazdan əvvəl tamaşaçılara o ki var əl çaldırdılar. Layihə rəhbəri deyir ki, biz əl çalmağa da tənbəllik edən xalq olduğumuzdan bunu əvvəlcədən etdirib çəkirik ki, lazımi məqamlarda istifadə olunsun.

Tamaşaçı demiş, bayaq stul axtaran tamaşaçı başının çarəsini tapıb pult arxasında oturan texniki işçilərdən biri yerindən qalxar qalxmaz onun stulunu götürüb və elə yerdə yerləşib oturub ki, yerinə qayıdan nə stulu tapır, nə də onu götürən tamaşaçını.

Toppuşla Keyxanımın nə hoqqalardan çıxdığını biz gördük, siz bir həftədən sonra şahidi olacaqsınız. Onu deyə bilərik ki, qonaqları Mübariz Tağıyevlə, Nərgiz Cəlilova idi. Çox gecikdiklərindən çəkiliş, çəkiliş gecikdiyindən isə bizim işimiz yubandı. İşi yubanan adamın da üzünün ifadəsini Dilarə görməsə yaxşıdır. Yoxsa deyəcək, üzündə insan əzabının son həddini gördüm. Bu da aparıcı ilə qonağın eyni kulisdən çıxıb çəkiliş vaxtı yenidən öpüşüb görüşməsi qədər xoşagəlməzdir...

Nə isə, sonda o qalır ki, deyək, bu getdikcə təkmilləşən baxımı əyləncə sentyabrdan yeniliklərlə gələcək tamaşaçıların görüşünə.


Ramilə QURBANLI
# 1578 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #