“Onlar mənə toxunmağa izn verdilər”

“Onlar mənə toxunmağa izn verdilər”
4 sentyabr 2013
# 11:03

Kulis.Az yunan şairi, Nobel mükafatı sahibi Yorqos Seferisin şeirlərini təqdim edir.

Əsl soyadı Seferiadis olan Yorqos Seferis (Γιώργος Σεφέρης – yunanca) Yunanıstanın görkəmli şairlərindən biridir. 1900-1971-ci illərdə yaşayıb-yaradıb. İxtisasca hüquqşünas olan şair 1957 – 1962-ci illərdə Yunanıstanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyində mühüm vəzifədə çalışıb.

Yunan ədəbiyyatının novator şairlərindəndir. O, köhnə üsulları rədd edərək yunan ədəbiyyatına yeni modernist üslub gətirmişdir.

1963 – cü ildə Nobel mükafatına layiq görülmüşdür.

“Döngə” (1931) , “Məşq dəftəri” (1940) , “Kixli” (1947) , “Üç sirli poema” (1966) və başqa kitabların müəllifidir.

Səhər

Aç gözlərini.

Qara yelkənləri də aç bu cür

və onları çək, üfür

Geniş aç gözlərini,

Nəzərlərini ayırmadan bax beləcə.

Bax, sən indi bilirsən ki,

qara yelkənlər açılır necə.

və bilirsən ki, onlar nə yuxuda,

nə suda,

nə də qırışmış,

və sanki dəniz (çanaqları) kimi əyilmiş göz qapaqları yumulanda açılır...

İndi sən

qara təbil dərisinin sirrini də bilirsən,

Odur sənin üfüqlərini büsbütün görünməz edən

sən gözlərini açan anda...

Qoy olsun elə bu sayaq.

Bahar və payız gecə və gündüz bərabərliyi arasındakı sular, bağ,

budaqlarda arıların vızıltısı

bir körpənin qulaqlarında cingildəyir və cənnət quşları və böyük günəş,

işıqdan da parlaq

İmtina

Göyərçin kimi bəyaz

və gizli sahilboyu...
Gündüz çox susamışdıq,
ancaq, duzlu idi su

Qızılı qum üstündə
yazdıq onun adını.
Gözəl dəniz küləyi əsib
pozdu həmin yazını

Hansı qəlblə, nəfəslə
Hansı istək, ehtirasla
Həyatımızı yaşadıq: səhv!
Buna görə həyatımızı dəyişdik.

Afinalı Evripid

O, Troya yanğınları içində

və Siciliya karxanalarında böyümüşdü.

Sahildəki mağaraları

və dəniz rəsmlərini sevirdi o.

O, elə gəlirdi ki, insan damarları

Allahların, bizi vəhşi yırtıcılar kimi tutmaq üçün yaratdığı şəbəkələrdir.

Məhz onlardan xilas olmağa çalışırdı o.

O, adamayovuşmaz idi,

ətrafında dostları az idi.

Gəlib çatdı vaxtın sonu

və itlər parça-parça etdilər onu.

Qaya çiçəkləri

(Yay planları silsiləsindən)

Yaşıl dəniz qarşısında qaya çiçəkləri...

Onların damarları mənə xatırladır,

unudulmuş sevgiləri...

Aramla yağan yağışlarda bərq vurur onlar.

Qaya çiçəkləri, gələn simalar,

Onda heç kim danışmadı,

danışmadı mənimlə

Onlar mənə özlərinə toxunmağa izn verdilər

sükutdan sonra

Küknar, oleandr və çinarlar arasında

# 1732 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #