Eliot pis şairdir Seferisin essesi

Eliot pis şairdir Seferisin essesi
27 noyabr 2014
# 16:04

Əcnəbi dostuma məktub

Əziz dost, Eliotdan söz açanda təəssüf ki, özüm haqqında çox danışmağa məcbur oluram. Təəssüf, amma nə etmək olar?! İltifat göstərin, axı mənim burada nə kitabım, nə də vərəqim var.

Eliotun poeziyası mənim həyatıma 1932 – ci ildə daxil olub və bu günə qədər da orada qalmaqdadır. Mən ona çox şeyə görə ona borcluyam, xüsusilə mənə ingilis dili və ədəbiyyatını dərk etməyimə yol göstərdiyi üçün. Bu kimi fənləri öz – özünə öyrənən mənim kimisi üçün bu çox dəyərli bir bəxşişdir. Mən Londonu, bu nəhəng dəniz portunu demək olar ki, kor – koranə özüm üçün kəşf etdiyim dönəmi xatırlayıram. Bu, bizim nitqimizin səsləri ilə müqayisədə dəyişkən olan ingilis dilinin musiqisini öyrəndiyim zamanlarda baş vermişdi. Mən dumandakı ölümün ağızqamaşdırıcı dadını, nəhəng şəhərin damarlarındakı qorxunun gərgin döyüntüsünü hiss edərkən heyrətə gəlmişdim. İndi mənə elə gəlir ki, bu, lap çoxdan baş verib.

Mən ölümün bizim yerlərdə qəfil açılan atəşə, burada isə öz təsirini yavaş – yavaş göstərən zəhərə bənzədiyini düşünürdüm. Həmən vaxtlar kəskin həssaslığımdan və özümə qarşı hiss etdiyim soyuq nəzakətdən yaranan kədər qəlbimi parçalayırdı. Mən İngiltərədə hələ heç kimlə dostlaşmamışdım və yalnız muzeyə qədər olan küçədəki kütləni tanıyırdım. Teyt qalereyasındakı Prerafaelitlər mənə darıxdırıcı gəlirdi. Mən Parfenon heykəllərinə, xüsusilə də (məni niyə görə cəlb etdiyinin səbəbini bilmirdim) İlissom adlanan heykələ, yaxud Milli Qalereyadakı Domenikos Teotokopulosun işlədiyi kiçik portretə yenidən tamaşa etmək üçün dəfələrlə evdən az qala qaça – qaça getmişdim. Məndə heç bir əsası olmayan, amma həmişə beynimdə dolaşan belə bir ideya vardı ki, Teotokopulos üçün model vəzifəsini əslən kritdən olan bir qayıqçı icra edib. 1931 – ci ilin Milad ərəfəsində Oksford – stritdəki kitab mağazasında milad açıqcalarını bir – bir gözdən keçirərkən rənglənmiş qravürlərin içində Eliotun şeirlərini ilk dəfə əlimə götürmüşdüm. Bu, “Ariel nəğmələri” silsiləsindən olan “Marina” idi:

Bu dənizlər, bu dayazlıqlar,

boz qayalar və adalar nədir belə?

Gəmilərin burnunu və küknarların ətrini yalayan

bu su nədir belə...

Həmin vaxtdan düz Keyptaunda “Dray Selvece”si oxuduğum gecəyə və çılpaq çöllüklə əhatə olunmuş bu hündür yayladan sənə yazdığım bu günə qədər həmin tənha, aramla üzən gəmi Eliot poeziyasının parlaq nişanələrindən biri kimi mənim şüurumda dərin iz buraxıb. Qoy bu səni təəccübləndirməsin. Məsələ burasındadır ki, gəmi gövdələri bizim çoxumuz üçün uşaqlıq ikonostaslarımızda eyni yeri tutur. Sözsüz ki, mən evə “Marina” və zənnim məni aldatmırsa “Mənasız insanlar”la bitən bənövşəyi cildli şeir kitabı ilə qayıtdım. Petroniyadan olan “Sivilla, sən nə istəyirsən?” epiqrafı “Bəhərsiz torpağı” oxumaq üçün məndə həvəs yaratdı.

Hesab etmirəm ki, mən bu poemadan çox şey başa düşdüm, çünki onu anlamaq üçün ingilis ədəbiyyatından geniş məlumata malik olmaq tələb olunur. Mənsə həmin vaxt bir o qədər də məlumatlı deyildim. Amma şairin dramatik üslubu məndə dərin maraq oyatmışdı. Fransada müşahidə etdiyim dadaizm fırtınası və sürrealizm eksperimentlərindən, özümdəki bütün qorxunc qurdalanmalardan və yağış mövsümünün əvvəlində tropik atmosferin vəziyyətinə qədərki dövrü həyəcanlandıran “eqo” partlayışlarından sonra Eliotda gördüyüm dramatik ənənələrin dirçəlməsi məni daha bərəkətli torpaqlara tərəf yönəltdi. Mənim bu barədə qurumuş kaktuslar arasında daha çox susuzluq hissini (xoşbəxt illərimizdən yaxşı tanıdığımız) təlqin edən “Bəhərsiz torpaq” kimi bir poemaya uyğun səviyyədə danışmağım yəqin təəccüblü görünəcək. Amma fərq bundadır ki, əgər Fransada bu ümidsizlik axtarışlarda elə özü kimi ümidsiz poeziya texnikası ilə ifadə olunurdusa, Eliot bunu İngiltərədə insan xarakteri vasitəsilə ifadə etmişdi.

...Stetson!

Dayan, sən Mila döyüşündə mənim gəmimdə olmuşdun,

Bir il qabaq sənin bağında basdırılmış o ölü

Cücərdimi görəsən? Bu il göyərəcəkmi –

bəlkə onun yatağını şaxta vurdu gözlənilmədən?

Qoy Köpək uzaq dursun oradan, o insanın dostudur

Bəlkə də dırnaqları ilə qazıb onu yerdən çıxaracaq

Sən, hypocrite lecteur! — mon semblable, — mоn frere! (Sən, ikiüzlü oxucu – mənə bənzəyən – mənim qardaşım! (frans.).)

Mən çoxdan buna bənzər bir şey eşitməmişdim və “İyeronimo yenidən ağlını itirib“ sözləri məni Tomas Kidin (Tomas Kid (1558-1594), İngiltərə dramaturqu və “İspan faciəsi və ya İeronimo yenidən ağlını itirib” faciəsinin müəllifi.) ən azı bir şeirini oxuyana qədər həyəcanlandırırdı. Sadə dillə desək, “Marina”nın “Aralıq dənizi simasından” başqa Eliotun poeziyası mənim üçün daha əhəmiyyətli sayılan faciə janrının təbiətini aşkar etdi. Təbii ki, bu, bir yunana təsir etməyə bilməzdi.

Eliotun mənə olan xüsusi yaxınlığını hiss etdirən başqa bir tanışım vardı. O, fransız idi və mən onu çox sevirdim. Mən Parisə oxumağa gələndə Birinci Dünya Müharibəsi yenicə bitmişdi. Onun adı Jül Laforq idi. Bütün bu başımıza gələnlərdən sonra dönüb geriyə baxanda həmin illər nəyə görəsə mənə Çarli Çaplinin filmləri kimi görünür. “Böyük Berta” blitskriq və bütün mümkün “fau” larla müqayisədə uşaq oyuncağıdır. O zaman hələ şənlənmək mümkün idi. Ağır alman artilleriyası Parisi ilk dəfə bombardman edəndə “Nə oldu, Eyfel qülləsinin kələyini kəsdilər” ifadəsini kim işlətmişdi (Apolliner, yoxsa başqa biri)? O zaman hələ yenicə cazla maraqlanmağa başlayırdılar. Prospektin qurtaracağında mərmi partlayışını görəndə mən küçə tacirindən qoz alırdım. Mən Parisə iyulda gələndə şəhər tamamilə boş idi. Noyabrda isə, atəşkəs bayramı zamanı şəhərdə o qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Mənim otağım bir vaxtlar mənə yaşamağa nəsib olan ən soyuq yer idi. Sərsəri skripkaçı hər gün gəlib öz mahnısı ilə qəlbimi yandırırdı. Gecələr Sen – Mişel körpüsündə bənövşə satan qoca qarı zəhləmizi aparırdı: - "Pourvosamours, ’sieursdames" (“Xanımlar və cənablar, sizin sevgililəriniz üçün” (frans.)). Mən Homeri və ən dəlisov avanqard jurnalları oxuyurdum. Mən son dərəcə tənha idim və xəyallarla yaşayırdım. Elə həmən vaxt mən Laforqu tanıdım. Bizi bir – birimizə yaxınlaşdıran ən birinci səbəb, görünür mənim yaşadığım soyuq tələbəlik hücrəsi idi. İndi çox istərdim ki, onun elə bu cür mənzildən (səhv etmirəmsə Somerar küçəsindədir) bacısına yazdığı məktubu oxumaq üçün həmin kitab əlimin altında olsun. Mən 28 yaşında dünyadan köçmüş bu gənci özümdən on yaş böyük olan qardaş sayırdım. Onun üslubu xoşuma gəlirdi. Onun Fransada məşhur və sevilən olmamasına təəccüb edirdim. O, dəbdə deyildi, Rembo və Lotreamon onu kölgədə qoymuşdular. Yeri düşmüşkən özü də deyirdi ki, "c'était un’ belle ame, comme on’en fait plus aujourd ’hui” (“Bu, indi mövcud olmayan gözəl qəlbdir. (frans.) ). Mən onun demək olar ki, bütün şeirlərini əzbər bilirdim. İndi, pəncərədən simasız, qarlı üfüqə baxıb sənə yazarkən onun yüzlərlə peyzajı həmin qarla yazdığım vərəqin arasında dayanır.

Ciddi ingilis ədəbiyyatçılarının ilk tanışlıqdan “Prufroka”nı çətinlik və anlaşılmazlıqla qəbul etmələri həqiqətən mənə həm qəribə, hə də maraqlı gəlirdi. Alen Furnye kimi fransız zərrə qədər də təəccüblənməzdi. Uzaq başı Laforqun onunla tanış etdiyi gəncin on, yaxud iyirmi il qocaldığını və yavaş – yavaş keçəlləşməyə başladığını hiss edərdi.

Mən bu gün də kitab mağazasındakı həmən naməlum satıcıya mənə “Kül çərşənbəsini” deyil, məhz mənim dediyim şeirləri təklif etdiyi üçün minnətdaram. Əgər mənim Eliotla tanışlığım bu poemadan başlasaydı, yəqin ki, ona olan rəğbətimin ilk qığılcımları, belə hallarda çox mühüm olan Tanrının lütfü həmişəlik itərdi. Nə etmək olar, indi bizim, dünyaya böyük Kilsə Ataları bəxş edən xalqımızın mistikləri yoxdur. Biz dini hiss və ideyalara həddən artıq sadiq olsaq da, ən abstrakt ehkamları “gündəlik Məişətimizə” tətbiq edirik. Halbuki Qərb xristianı bəlkə də bunları bütpərəstlik kimi qəbul edərdi. Bundan savayı biz sözün etimoloji mənasında çox konservativik. İstər xristianlıq, istərsə də xristianlıqdan əvvəlki dövrə aid olan ənənəmizin heç biri əslində məhv olmayıb. Tez – tez Hərarətli Cümə kilsəsinə gedərkən daha çox hansı tanrının – Adonisin, yoxsa İsanı unudulduğunu dəqiq deməyə çətinlik çəkirəm.

Məsələnin iqlimdə ya qanda olduğunu bilmirəm. Qəlbimin dərinliyində bunun səbəbinin rəng çalarında olduğunu zənn edirəm. Ölkəmizin nurunda bizi olduğumuz kimi edən bir şey var. Biz Yunanıstanda kainata qohum kimi yaxınıq. Bunu sözlə ifadə etmək çətindir. Burada ideya qəribə xəfifliklə maddəyə çevrilir. O, demək olar ki, fizioloji mənada günəş şüalarının torunda maddiləşir. Digər tərəfdən sənin qarşında hansı dağın – jest, yoxsa daşın yüksəldiyini anlamaq qeyri – mümkündür. Cismə dönməyən söz bizim imkanlarımızı üstələyir və bizim yerlərdə dəhşət mexaniki dəqiqlik görkəmi alır. Ola bilsin ki, əcnəbilərə aydın olmayan yunan xarakterinin bəzi xüsusiyyətləri bununla izah olunur və yaxud burada qədim faciə janrının strukturu ilə hansısa bir əlaqə var. Bağışla, mən bizim mövzudan uzaqlaşdım. Sadəcə olaraq mən ingilis dostlarımın dəfələrlə müzakirə etdiyimiz ”Kül çərşənbəsi” poemasına bu qədər heyran olduqlarını və Eliotun ən yaxşı əsəri hesab etdiklərinə rəğmən mənim nə üçün bu cür şeirləri qəbul etdiyimi izah etməyə çalışdım.

Bənövşəyi, bənövşəyi

Yaşıl çalarların arasında

Ağır – ağır gedirdi...

Mən autentik obrazdan daha çox gerb sahəsinin rənglənməsini ifadə edən bu cür şeirləri yaxşı anlayıram. Bu cür şeirlərin mənə təsir etmədiyinə görə özümü demək olar ki, günahkar hesab edirəm:

Əgər itirilmiş söz itirilibsə

Əgər xərclənmiş söz xərclənibsə

Əgər eşidilməyən, deyilməyən...

Əgər “çətin” sözünun ümumiyyətlə poeziyaya aidiyyatı varsa, o zaman “Kvartetlər” çox çətin şeirlərdir. Lakin onların quruluşu tam fərqlidir. Ona görə mən hərdən düşünürəm ki, “Kül çərşənbəsinə” yəqin ki, Eliotun Şekspirin “Hamlet” haqqında yazdıqları tətbiq edilib.

Amma çox güman ki, problem mənim özümdədir. Axı, poeziya hamı və hər kəs üçün eyni deyil. Ən azı o hər zaman eyni nəticə vermir, versə belə tamamilə fərqli vasitələrlə verir. Misal üçün “Bəhərsiz torpağ”ı götür. Güman edirəm ki, hər halda “Bəhərsiz torpağın emosiyası” (qısa olsun deyə belə yazaq) pozitiv ya neqativ, bilavasitə və ya dolayı yolla müasir poeziyanın bütün estetikasını özünə hopdurur. Bu emosiyanı yunanca ifadə etmiş insan nəhəng autentik ənənənin dərinliyini təcəssüm etdirən “Qoca”dır – mən az qala “Herontion” (Söz oyunu: yunanca Eliotun şeirlərinin adı “qoca” anlamına gəlir.) deyəcəkdim. Ancaq onun islahatçılığa heç bir meyli yoxdur. Əksinə, o istənilən islahatçıya açıq şəkildə nifrət edir. O sanki bizə belə deyir: “İnsanlar dəyişməzdir, qoy layiq olduqları yerə getsinlər, onları düz yola gətirmək mənlik deyil. O, əla “tarix hissi” olan mifoloqdur (Eliotun təbirincə deyirəm). Onu oxuyanda indiki gənclərin İsgəndəriyyənin dəmir məmulat dükanından çıxıb axşam Ptolomey Lafirin təbəələrinin əyləndikləri əxlaqsızlıq yuvasına yığışmadığını və Axtiox Epifanın (Kavafisin şeirlərinin personajları nəzərdə tutulur “1909, 1910, 1911 – ci illərin günləri”, “antiox Epifana deyilən söz” və s.) sevimlisinin hökmdarla Rommelin hücumu haqqında söhbət etməyə niyyətinin olub olmadığını söyləmək çətindir. O, – Kavafisi nəzərdə tuturam – böyük qəbiristanlıqda məzar və epitafilərin arasında yaşayırdı və orada hüznlə, dayanmadan nakam sevgidən illər boyu alçalmış bir gəncin , Adonisin dirilməyi üçün dua edirdi. Demək olar ki, şairin qəlbi özündən xəbərsiz dirilməkdən məhrum olmuş bir ölüyə ümidsizliklə məlhəm içirir. Bu Qoca Məhşər alovundan xəbərsizdir, bununla belə pravoslav təriqətində nə Məşhər, nə də Cəhənnəm odu mövcuddur. O, öz günahlarını sevir və qocalıq gücsüzlüyünün ona günah işlər görməyə qoymadığına kədərlənir. Onun yeganə şöhrətpərəstliyi özü dediyi kimi “yunan” olaraq qalması – “bəşəriyyətin malik olmadığı şərəfli fərq”dir. Deyilənə görə, səsi tutulduğu dönəmdə (Kavafisdə boğaz xərçəngi xəstəliyi var idi. Ona edilən traxeotomiyadan sonra səsi tutulmuşdu və demək istədiklərini yazmaq məcburiyyətində qalmışdı.) əlində tutduğu sonuncu vərəqdə bir nöqtə qoymuş, sonra gözə çarpması üçün həmin nöqtənin ətrafına çevrə çəkmişdi. Onun həyatı durğu işarələri ilə incələnmiş şeirləri kimi bitdi. Əgər xanım Emiliya Testin (“Xanım Emiliya Testin məktubu” (1924) Polya Valerinin uydurulmuş personajlarını birləşdirən məşhur nəsr əsərləri silsiləsinə daxildir.) ifadələri bir məna verirsə, bu Qrammatik hərdən “mistik – allahsız” təəssüratı yaradır.

Mən Kavafisi ona görə nümunə göstərdim ki, o sənə Eliotun poeziyası ilə yunan poeziyasının bir – biri ilə əlaqələndiyini daha bəsit yolla göstərə bilər. Əgər Kavafisin “Bəhərsiz torpaq” kimi bir əsər yazsaydı, (özünəməxsus üslubda və bütün mümkün dəyişiklikləri etməsi şərti ilə) o, bununla bizə xilas olmaq istədiyimiz yeri göstərərdi – o, heç vaxt “Kvartet”i yaza bilməzdi. Amma dostum Reks Uorner deyir ki, Yunanıstan əslində bir neçə Yunanıstandan ibarət kiçik ölkədir. Kavafis onlardan yalnız biridir. “Kvartetə” hamıdan çox yaxın olan şair (150 il sonra doğulmuş) Dionisios Solomos ola bilərdi. Valehedici “eşitmə təsəvvürü” istedadına malik olan Solomos Eliot kimi Dantenin son dərəcə həssas tədqiqatçısıdır. “İl miglior fabbro del parlar materno” bizim hamımız üçün onun buna nail olduğu kimi deyil, onun etmək istədiyi kimidir. Taleyin sarsıdıcı bir hiyləsi var ki, müasir yunan poeziyası elə bir şairdən başlayır ki, o Bayrondan çox Mallarmenin müasiri kimi daha təbii təsəvvür edilir. Onun bizə saxladığı zəngin miras tamamlanmamış əsərlərin və dəhşətli görüntülərin fraqmentlərindən ibarətdir. Bu miras bizim sərhədlərin çevrəsini cızır. Hər necə olsa da, bugünkü oxucu qəribə hislə şairin ölümündən sonra toplaya bildiyi hər şeyini qoruyub saxlayan yaxın dostunun mündəricatda bu sözləri yazdığını görür: “Onun yaradıcılığı – mütləq həqiqətdə Heraklitin kəlamını təcəssüm etdirəm kimliyini həll etmək üçün uğursuzluğa uğramış son dərəcə səmimi cəhddən başqa bir şey deyil. 1859 – cu ilin oktyabrında yazılmış bu sözlər Eliotun “Ənənə və fərdi istedad” essesində dediyini şübhəsiz sənə xatırladacaq: “Rəssamın tərəqqisi “Kvartet”in epiqrafında işlənmiş Heraklitin kəlamı kimi daimi fədakarlıq, şəxsi olan hər şeyin daima məhv edilməsidir.”

Eliotun yunan poeziyasına olan münasibəti haqqında olan sualına bu cür cavab verə bilərəm; cavabımın tam qənaətbəxş olduğunu yəqin bilmirəm. İndikinə gəldikdə isə, mən özümdə mühakimə etmək üçün haqq görmürəm: Bizim yerlərdə mənim bir çox şeirlərimin Eliotun təsirindən yazıldığını iddia edən tənqidçilər var. Bu məni heç də təəccübləndirmir, çünki mən incəsənətdə partenogenez olmadığına inanıram. Hər bir insan öz mənimsədiyindən ibarətdir. Amma məhz mənimsəmə həqiqətən vacib olduğuna görə bu cür müəmmalı proseslərdən danışmaq çətindir. Bəli, mənim Eliotun “Bəhərsiz torpaq” və bir neçə başqa əsərlərini yunan dilinə tərcümə etməyə fikrim vardı. Güman edirəm ki, bunu etməyimin iki səbəbi vardı. Əvvəla, həmin əsərlərə olan heyranlığımı yalnız bu yolla ifadə edə bilərdim. İkincisi mən öz ana dilimin imkanlarını sınaqdan keçirmək istəyirdim. İndi, həmin hadisədən on iki il keçdikdən sonra mənə elə gəlir ki, bu, uğursuz bir cəhd idi və bu, oxucudan daha çox mənə xeyir gətirdi. Bu, ən azı məni ingilis ədəbiyyatının əhəmiyyətli zəmisini şumlamağa vadar etdi. Mən beş və ya altı ay ərzində tələbə kimi hər gün yeddi saat işləyirdim. “Odlu moizənin” son sözü olan “alışan” ifadəsinin Avqustinə, ya Buddaya aid olduğunu tapana qədər necə əldən düşdüyümü xatırlayıram. Mən heç indi də bunun cavabını tapdığıma əmin deyiləm. Bununla belə, mən bu olanları səmimi hislərlə xatırlayıram. Həmin vaxt sonuncu dəfə idi ki, ədəbiyyatla bağlı bir işlə qayğısız məşğul olurdum. Sonralar hərbi qarmaqarışıqlıq başladı. Amma bu xaosda belə Eliot (vaxtsız gedən Sidni Keyese haqqında düşünürəm) çoxları kimi mənim üçün də zülmətə bürünmüş dünyada sağ qalmış ziya mənbəyindən biri idi:

- Sakit! – qəlbimə söylədim, - ümidsizliklə gözlə,

Çünki qismətimizə ümid etmirik: gözlə sevgisiz,

Çünki biz də qismətimizi sevmirik: hələ inam var

Amma inam, sevgi və ümid hər zaman intizardadır

Gözlə fikirsiz, sən axı hələ fikir üçün yetişməmisən

Və zülmət nura, ətalətsə ritmə dönəcək

Bu misralar mənim yaddaşıma yunan səmasında ilk qasırğanın (Hurricanes) hönkürtüsü ilə həkk olunub. Bu şeir kitabını mənə vermiş ingilis dostum bizim torpaqda öldürülmüşdü. Məncə bu şeirlər insan vəziyyətinə müstəqil baxmağa cəhd edənlərin gücünü və zəifliyini aşkar edir.

Amma sən Eliotun bütün yaradıcılığını bu məktubda şərh edəcəyimi gözləmirsən. Heç mən də bunu etmək fikrində deyiləm. Mənim zövqümə görə oxucunun diqqətini yayındıran lazımi qədər çoxlu şərhlər yazılıb. Məsələn, qulaqlarımla eşitdiyim: “Eliot pis şairdir, çünki başı çıxmadığı halda Taronun oyun kartları haqqında fikir bildirir” kimi mülahizələrin səslənməsi təəccüblüdürmü? Sözsüz ki, Eliotun təcrübələri kifayət qədər mürəkkəbdir. Onları daha da mürəkkəbləşdirmək nəyə lazımdır? Məsələn, bəziləri İst Koukerdən” olan “müflisləşmiş milyoner”in Adəm, başqaları isə Andre Jidin bankir Zevsi olduğunu iddia edirdilər.

Xahiş edirəm, məndən tərcümə tələb etməyin. Mən bu şeirləri yazıldığı kimi görmək istəyirəm. Şair bizə öz təcrübəsi ilə, bizsə öz malik olduğumuz təcrübə ilə ona tərəf hərəkət edirik. Ona görə də, mən oxucunu Eliotun poeziyasına sevinməyə çağırıram (mən Şekspir və Eliotun sözlərini təkrar edirəm). Qoy oxucu poeziyadan həzz almaq üçün ona bəxş edilmiş bütün qabiliyyətlərdən və qəlbindəki hislərdən bütün qüvvəsi ilə istifadə etsin. Hətta bu hislər Eliotun hislərindən fərqli olsa belə. Şairin onu əhatə edən uğursuzluqları dəf edərək inadkarlıq və dəyanətlə həyatın zirvəsinə doğru yüksəlməsinin ardınca getməyə çalışın. Çalışın Lafiglia Che Piange (“Lafiglia Che Piange” – Eliotun “Prufrok” kitabından olan şeir.) bağında başlayıb, “Littl Qiddinq” dəki qızılgüldə bitən yolla gedəsiniz. Mən sadəliyə uyuşmayan heç bir şeyi daha da bayağılaşdırmağa cəhd etmirəm. Amma hərdən düşünürəm ki, bəlkə elə mən özüm də Eliotun poeziyasındakı detalların mənasını aydınlaşdırmağa çalışaraq əməlli – başlı yolumu azmışam? Hesab edirəm ki, poeziyanın özünə ciddi zərər vurmadan bunu etmək mümkün deyil. Mən həmçinin düşünürəm ki, biz “vaxtın geri alınması”nın mənasını aydınlaşdırarkən öz abstrakt fikir ehtiyatlarımızı xərclədikdən sonra, belə bir sualla qarşılaşacayıq: əgər sevginin bizi ram etdiyi zaman əldə etdiyimiz təcrübəyə müraciət etsək, biz onun mənasını anlamağa yaxınlaşa biləcəyikmi?

Sən yanmaq istədikdə. Əlini alova uzatdığın zaman,

nə keçmişi, nə gələcəyi olan,

yalnız indinin işıq şüası olduğunu düşündüyün saatlar var.

Mənim oxuculardan bir xahişim var: Bethovenin “Canzona di ringraziamento” əsərini konsertdə dinlədiyiniz kimi Eliotun “Kvarteti”ni də dinləyin və görün yaralanmış bədənin sağaldığını hiss edirsinizmi? Təbii ki, burada çox şeyi dəqiqləşdirmək lazımdır, lakin onları saxlayaq. Hər halda Eliot həqiqətən qoca Mallarmenin "Reprendreala musique le biendel apoesie” (Lüdviq Bethovenin əsəri.) arzusunu həyata keçirmişdi (düzgün sitat gətirdiyimə əmin deyiləm). Bu arzu bəyaz simvolizmdən nə qədər yalan addımlar, illüziya və nöqsanlar yaratmışdı.

Mən daha bir şey əlavə etmək istəyirəm: unutmaq lazım deyil ki, poeziya qarşısındakı böyük xidmətlərindən başqa Eliot öz yaradıcılığına, özü özünə və başqa insanlara qarşı dürüst olan insani avtoritetə malikdir. Xüsusilə bizim zəmanəmizdə “həqiqət” və “azadlıq” sözlərini yad adama deyilən “Sizinlə tanışlığa şadam” sözlərindəki laqeydliklə işlədən şairlərdə çatışmazlığının olmadığını düşünərkən bu, az şey demək deyil. Biz artıq çoxdan mexanikləşmiş sərsəmlik, fırıldaq və özünüməhv dövrünə qədəm qoymuşuq. Bu çağdaş ixtiraların bəzi məhsullarını biz də Yunanıstanda dadmışıq və bunun hesabını sizin hərb illərində dediyiniz kimi “qanımız bahasına” ödəməkdəyik. Bu yerdə daha heç nə demirəm. Mən xeyli acı söz deyərdim, lakin indi bunun vaxtı deyil:

Diri qurdların təmələrindən

Şahzadələrin şuralarına vurulan naxışlar

Bizim də damarlarımıza və qəlbimizə vurulub

Söhbətimizə qayıdaq. “Marina”nı ilk dəfə oxuduğum köhnə zamanlarda San Xuan de la Krusun bir frazası mənə rahatlıq vermirdi. Mənim fikrimcə həmin qısa fraza poeziyanın yaranış sirrinə alimlərin cild – cild dissertasiyalarından daha çox işıq salır. Həmin ifadə belədir: “Sənətin incəliklərini dərk etməyə səy göstərən insan zülmətdə irəli getməyə məhkum edilmişdir, çünki, onun ibtidai bilgiləri ona heç bir kömək edə bilməz və əgər o, onları geridə qoymasa, o zaman heç vaxt onlardan yaxa qurtara bilməyəcək”. Bu, Eliotun irəliyə getməsini təsvir edən ən yaxşı ifadədir. Yalnız ona görə yox ki, Eliot məhz ustalığın ən mükəmməl sirlərini mənimsədiyi üçün bu qədər irəliləyib, həm də ona görə ki, bu frazadan yaranan sadə və sakit əzabın əhval – ruhiyyəsi ona çox yaraşır. Məgər həyasızlıq dövründə bu qədər əhəmiyyətli olan bir ədibin təvazökarlıq şairi olması heyrətamiz deyilmi? Təvazökarlıq sonsuzdur...

Sonda sənə daha bir şey deyəcəm. Bir yaz axşamı Çelsi küçələrini dolaşarkən qəflətən başlayan çovğundan qorunmaq üçün adını indi xatırlamadığım boş kilsəyə girdim. Mən oranın əlvan pəncərə şüşələrindən dalğın bir ağacın külək və yağışla necə mübarizə apardığını aydın görürdüm. Birdən, xəbərdarlıqsız solo qadın səsini müşayiət edən orqan çalındı və bir neçə saniyədən sonra hər yerə sükut çökdü.

Mən səs gələn tərəfə boylandım, lakin lord Dakranın rənglənmiş sarkofaqından və "Pourbiendesirer” (Burada: “Arzuların gücü üçün” (frans.)) devizi həkk edilmiş gerbdən başqa gözümə heç nə dəymədi. Sarkofaqın qapağının üzərində daşlaşmış kişi və qadın fiqurları və var idi. Bu zaman ya “yalnız külək məskəni” olan boş kilsə, ya da susmuş musiqi məni Eliot ağlının səviyyəsinə gətirib çıxardı. Mən düşündüm: “O "ilabiendesire” (O, çox arzulayırdı (frans.)) olduğu üçün onu sevirlər.

Sənin

Yorqos Seferisin

Ankara , 15 aprel, 1948

# 2625 dəfə oxunub

Müəllifin son yazıları

# # #