Sən əzizsən, mən ucuz

Sən əzizsən, mən ucuz
19 avqust 2013
# 10:06

Səhər Əhməd yazır...

Görəsən, Nizami Gəncəvi “Sənsiz”i kimə həsr edib?! Böyük şairin “sən əzizsən, mən ucuz” dediyi qadın kim olub, əcəba?!

Və yaxud da Füzuliyə o qəzəlləri yazdıran qadın...

Məhsətiyə o rübailəri yazdıran kişi...

Ən gözəl sənət əsərlərinin səbəbkarı, “ən böyük sənət olan insan məhəbbətinin” müəllifi kimdir, görəsən, Allahmı, bəndəmi, sevənmi, sevilənmi?!

Bəlkə də Tanrı yaradıcı insanın qarşısına sevilməyə ən çox layiq olanı çıxarır. Bəlkə də heç belə deyil, sadəcə olaraq, yaradıcı insan öz sevgilisini yenidən “yaradır”, fani insandan daha çox öz uydurduğu obrazı sevir.

Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində sevgilisini qətlə yetirmiş Oqtay Allaha müraciətlə belə deyir:

“Sənin yaratdığın Firəngiz indi yoxdur, fəqət mənim yaratdığım Firəngiz əbədidir! Onu kimsə öldürə bilməz, o solmaz, qocalmaz, usandırmaz. Özün söylə, kimdir daha böyük sənətkar? Sən, ya mən?”

Bu fikrin ən poetik ifadəsi isə Aşık Veysələ məxsusdur: “Güzelliyin on para etməz, bu bendeki aşk olmasa”.

Deməli, hər kəsin sevgisi özü boydadır, öz istedadı, fantaziyası boyda.

Deməli, sevgi sevənin əsəridir, sevilənin yox.

Və deməli, əsl böyüklük “sən əzizsən, mən ucuz” deyə bilməkdir.

# 2679 dəfə oxunub

Müəllifin son yazıları

# # #