Lənətlənmiş dahi - Edqar Allan Po

Lənətlənmiş dahi - Edqar Allan Po
7 oktyabr 2025
# 11:40

7 oktyabr görkəmli ABŞ yazıçısı, şair, dramaturq, esseist Edqar Allan Ponun anım günüdür.

Kulis.az bu münasibətlə Ahmet Ümitin "Lənətlənmiş dahi - Edqar Allan Po" yazısını təqdim edir.

Lənətlənmiş yaradıcılar vardır. Onlar “insan yaxşıdır, gözəldir, mükəmməldir” kimi səfsətələr yerinə öz içlərindəki şəri, dağıdıcı qüvvəni, nifrəti danışırlar. Lakin cəmiyyət bunları oxumaq, bilmək istəmir. İnsanlar eşq, sevgi, gözəlliklə hörülmüş, nə qədər acı olsa belə sonunda ümidlə bitən hekayələr istəyir. Həqiqətdən qaçmaq, onunla üzləşməkdən daha asandır. Odur ki, lənətlənmiş yazıçıların qəbul edilməsi çətindir.

Edqar Allan Po da lənətlənmiş yazıçılardandır. Xəstəlik, yoxsulluq və alkoqolizm içində keçən qısa həyatı boyunca, sarsıdıcı şeirlər, bədii dünyada inqilab yaradan hekayələr və nəzəri yazılar yazmış bu amerikalı müəllifin doğumundan 190 il, vəfatından 150 il keçsə də, o hələ də aktuallığını qoruyur, oxunur, maraq doğurur.

Tam 150 il öncə, bu gün — yəni 7 oktyabrda — Po “ölülər sahilinə” addım atdı. O kül rəngli sahildə, öz təsəvvüründəki “ölüm” atmosferindən daha maraqlı, daha qəribə, daha qorxunc bir dünya tapdı mı, bilmirik. Bildiyimiz odur ki, “ölüm” anlayışı Ponun həyatını üç dəfə kəsdi və ömrünün axarını tamamilə dəyişdirdi. Buna görə “ölüm” obrazı onun düşüncəsində daim, dumanlı bir dəniz fənəri kimi işıq saçdı.

***

Ölümün kölgəsi ilk dəfə Ponun uşaqlıq çağında üzünə çıxdı. Hələ üç yaşında ikən teatr aktrisası olan anasını, sonra da atasını itirdi. Bu böyük itkinin gətirdiyi dağıntı, Con Allan və onun həyat yoldaşının Ponu övladlıq götürməsi ilə bəzi cəhətdən azal¬sa da, şəxsiyyətinin formalaşmasına dərin təsir göstərdi. Ponun həssaslığı, qürur hissi bu erkən ölüm hadisələrinin daimi izlərini daşıyırdı.

Allan ailəsinin Ponu övladlığa götürməsi sayəsində o, yeni dünyanın imkanlarına çıxış qazandı, yaxşı təhsil alma fürsəti əldə etdi. Uşaqlıqda İngiltərə, Şotlandiya və İrlandiyaya səfərlər etdi, Londondakı Stoke-Nevingtonda xüsusi məktəbdə oxudu.

Amerikaya qayıdandan sonra nüfuzlu müəllimlərdən dərs alaraq təhsilini davam etdirdi. 1826-cı ildə Virciniya Universitetinə daxil oldu. Zəkası və istedadı tez nəzərə çarpdı. Lakin içki, qumar kimi vərdişləri və özbaşınalığı ilə diqqət çəkirdi. Məktəbdə ailəsi tərəfindən xəbərdarlıqlar, cəzalar verildi, mübahisələr baş verdi. Təxminən bir il təhsil aldıqdan sonra atalığı Con Allan tərəfindən universitetdən çıxarıldı. Ardınca ABŞ Ordusuna qoşuldu. İki il sonra ordudan çıxdı, amma ailəsinin istəyi ilə Vest Point Amerikan Hərbi Akademiyasına daxil oldu.

Akademiyaya qədərki illərdə Po İngiltərədə və Amerikaya qayıtdıqdan sonra klassik ədəbiyyat, latın, fransız, yunanca, fizika və riyaziyyat dərsləri almışdı. Allan ailəsinin ona verdiyi bu imkan onun yaradıcı potensialının üzə çıxmasını asanlaşdırdı. 1827-ci ildə “Tamerlan və digər şeirlər” nəşr olundu.

Ponu səmimiyyətlə sevən Françes Allan 1829-cu ildə vəfat etdi. Və Con Allan tezliklə başqa qadınla evləndi. Yeni həyat yoldaşından uşaqları olan Con Allan oğulluğu Edqardan uzaqlaşdı. Ailə içində ciddi mübahisədən sonra Po ailədən tamamilə ayrıldı. On səkkiz il sonra ölüm yenidən onun yaşamını alt-üst etdi.

Elə əslində, on səkkiz il əvvəl valideynlərini itirdiyi kimi yenidən yalnız qaldı. Bu dəfə onu övladlığa götürmək istəyənlər də yox idi. Müxtəlif işlərə qoşuldu, ögey atasına məktublar yazdı, qəzəbləndi, yalvardı, amma nəticə əldə edə bilmədi. Con Allan 1834-cü ildə Poya heç bir vəasit miras qoymadan vəfat etdi.

Gənc şair yenidən başa düşdü ki, sadəcə istedad kifayət etmir, o, bu istedadı tanıtdırmalı idi. 1833-cü ildə “The Baltimore Saturday Visitor” qəzetinin “Şüşədəki mesaj” adlı hekayəsi ilə açdığı müsabiqəni qazandı, bu, yazı dünyasında ona yeni qapılar açdı. Beləliklə, müsabiqəni qazandıqdan cəmi iki il sonra “Southern Literary Messenger” jurnalında redaktor köməkçisi vəzifəsinə gəldi. Jurnal onun rəhbərliyi altında inkişaf etdi.

Görünürdü ki, işlər yoluna düşəcək. Bir il sonra — Maria Klemm ilə birlikdə yaşadığı dönəmdə — onun 14 yaşlı qızı Virciniya Klemm ilə evləndi. İki il ərzində “Southern Literary Messenger”da çalışaraq bir çox hekayəsini ilk dəfə burada yayımladı. Amma ədəbiyyat çevrələri və jurnal rəhbərləri ilə fikir ayrılıqları, maliyyə problemləri səbəbilə jurnaldan və Riçmonddan ayrıldı, Nyu-Yorka getdi.

Bundan sonrakı dövrdə şəhərdən-şəhərə dolaşdı, müxtəlif jurnallarda redaktor oldu, konfranslar keçirdi. Amma maddi sıxıntıları bitmirdi. Qüruru, alkoqolizm və nizamsız həyat tərzi onun əsas “düşmənləri” idi. Yoxsulluq içində cəmiyyətə qarşı qəzəbi daha da dərinləşdi. Ard-arda hekayələr, şeirlər yayımladı, tənqid yazıları yazdı. Bu əsərlər onun şöhrətini artırırdı, amma ona gündəlik yaşamaq üçün lazım olan pulu qazandırmırdı. Dövrün qəzetlərində Po və həyat yoldaşının yoxsul, xəstə halda yaşadığı bildirilirdi.

1847-ci ildə həyat yoldaşı Virciniya vəfat etdi. Sevdiyi gənc həyat yoldaşını itirəndən sonra Ponun səhhəti daha da pisləşdi. Həyat yoldaşından 2 il sonra - 1849-cu il 7 oktyabrında Po da ölümə məğlub oldu.

Bəzi tənqidçilər Ponun ölümə olan obsessiyasını dövrün tibb elmi çatışmazlıqlarıyla— canlı xəstələrin diri gömülməsi kimi hallarla — izah etməyə çalışsalar da, onun dərin bədbinliyinin əsas səbəbi uşaqlıq, gənclik və yetişkinlik dönəmlərində qarşılaşdığı ölüm hadisələridir. Ölüm onun taleyinə müdaxilə etmiş, onu etinasız, ümidsiz, kimsəsiz bir həyata məhkum etmişdi. Xəstəlik, alkoqol bataqlığı, dəlilik böhranları arasında Po özünü kənardan seyr edə bilirdi. Ölüm duyğusuyla birlikdə yaşaması o qədər idi ki, karısının ölümündən iki il əvvəl yazdığı “Qarğa” şeirində — onun ölümündən sonrakı hissləri, ümidi, acını ironiya dolu bir dillə çatdırdı.

Onun əsərlərini tərcümə edib Amerikadan kənarda tanıdan Şarl Bodler Ponun ölümsüzlük ideyasını belə ifadə edib: “Bizi dünya və onun sərgilədiklərini Tanrının bir neməti saymağa və Cənnətdən bir parça olduğunu düşünməyə itələyən gözəlliyə həssas olan, yüksək dəyərləndirilməli o ölümsüzlük instinktidir. Qarşımızda uzanan və həyatın açdığı hər şeyə qarşı duyduğumuz doymayan susuzluq, ölümsüzlüyümüzün ən canlı sübutudur. Ruh qəbrin o tayında yatan möhtəşəmliyə şeir ilə, şeirin içindən, musiqi ilə və musiqinin içindən baxa bilər...”

Ponun dühası ziddiyyətlərlə doludur. Po bir tərəfdən öz dönəmindən nifrət edirdi — onu maddiləşməkdə, incəlikləri, gözəlliyi, mistikanı məhv etməkdə suçlayırdı. Amma digər tərəfdən yeniliyin cazibəsinə də müqavimət göstərə bilmirdi. Məktəb illərindən etibarən fizika və riyaziyyat sevdiyi fənlərdən idi.

Elm onun üçün yalnız sənətin materialı idi — qorxular, mistika, elmi ideyalar onun bədii ilhamının qaynağı oldu. Po daha çox qorxu və qotik janrı ilə tanınsa da, əsərləri çox daha geniş spektrdədir.

Beləliklə, Ponun hekayələrini müxtəlif qruplara ayırmaq mümkündür. Amma tərk etmədiyi, yenidən və yenidən işlədiyi mövzu vardı - ölülər, gənc qadın ölülər... “Uşer malikanəsinin süqutu,” “Oval portret,” “Morella” kimi əsərlərində bu obrazlara rast gəlinir. Şeirlərində də uğursuz gənc qadınları anlatmağa davam edirdi. “Annabel Lee” və “Qarğa” şeirləri erkən getmiş sevgiliyə ağılarla doludur.

Ölü gənc qadın motivindən vaz keçməməsi, yazının əvvəlində qeyd etdiyim kimi, Ponun həyatında dərin iz buraxmış üç qadının — anası Elizabetin, ögey anası Françesin və həyat yoldaşı Virciniyanın ölümünün onun ruhunda yaratdığı çatışmazlıq və boşluqla əlaqədardır.

Ponun qadın sevgisi ilahi sevgi ilə yaxındır. Bu yaxınlığı yaradan da ölüm anlayışıdır.

Poenun qadınlara incə yanaşmasının səbəbi, sevdiyi qadınların erkən ölümüydü. O, ən çox ehtiyac duyduğu anlarda itirdiyi qadınlarla əsərlərində yenidən görüşürdü. Onların ölümünü təkrar-təkrar yaşamaqla, tabutlarından qızıl səs-küylə çıxardıqları düşüncələri eşidərək, titrək bir qorxu içində yazardı. Bəzi mülahizələrə görə, bu yazı prosesi Ponun ruhi sağlamlığını yıxmış, onu dəliliyə doğru sürükləmiş, içkiyə daha çox meyl yaratmışdır.

Amma əslində yazmaq Po üçün tək qaçış yoluydu, hamıdan gizlənə biləcəyi, üsyan edə biləcəyi, özgə dünyadan uzaqlaşa biləcəyi yeganə məkan idi. Yazmaq, onun üçün yeni bir dünya idi — nəfəs alacağı bir məkan, həyəcan duyacağı dünya. Hər şeirə, hekayəyə başlayanda ətrafdakı mənasız materiya silinir, hərflərin arasından açılan sirli yol onu xəyalındakı reallığa aparırdı.

Ona yönəldilən əsas ittihamlardan biri içki içməsi idi. Həqiqətən də şair çox içirdi. “Qarğa” nəşr olunanda hamı onun əsərini müzakirə edirdi, o isə sərxoş halda Brodveyi keçərək evinə gedirdi. Dövrün nüfuzlu ədəbiyyat dairələri ölümündən əvvəl və sonra onu kiçiltmək üçün bu zəif tərəfini tez-tez gündəmə gətirirdi.

Onun qəlibə sığmayan ruhu insanlığın üstünə geydirilən saxta əxlaq paltarını qopardı, qəlbimizdəki qaranlıq sahili göstərdi və bunu etdi ki, cəmiyyət özünə yalandan biçdiyi parlaq, çəhrayı libası rədd etsin, öz qaranlığını qəbul etsin.
Müasir mədəniyyətin gətirdiyi dağıdıcı qüvvələri gördükcə, Ponu daha yaxşı başa düşməyə başlayırıq...

# 104 dəfə oxunub

Oxşar xəbərlər

Mühafizəkarlıqla  müasirliyin tən ortasında  - İndiki kişilərdə nə çatmır?

Mühafizəkarlıqla müasirliyin tən ortasında - İndiki kişilərdə nə çatmır?

14:00 7 oktyabr 2025
“Yaxın Şərq, uzaq Qərb”  adlı Kiyev biennalesi açıldı

“Yaxın Şərq, uzaq Qərb” adlı Kiyev biennalesi açıldı

11:56 7 oktyabr 2025
Fironun məzarı yenidən ziyarətə açıldı

Fironun məzarı yenidən ziyarətə açıldı

11:52 7 oktyabr 2025
“Səssiz ünsiyyət” filminin təqdimat mərasimi keçirildi

“Səssiz ünsiyyət” filminin təqdimat mərasimi keçirildi

11:32 7 oktyabr 2025
Braziliyalı pianoçunun qatili bəlli oldu

Braziliyalı pianoçunun qatili bəlli oldu

11:03 7 oktyabr 2025
Üzeyir Hacıbəylinin 140 illiyi Qazaxıstan mətbuatında

Üzeyir Hacıbəylinin 140 illiyi Qazaxıstan mətbuatında

10:42 7 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər