Psixiatr Orxan Fərəcli: “Bizim insanlarda depressiya ruhda yox, bədəndə özünü göstərir…” – Müsahibə

Psixiatr Orxan Fərəcli:  “Bizim insanlarda depressiya ruhda yox, bədəndə özünü göstərir…” – Müsahibə
8 oktyabr 2025
# 10:00

Kulis.az Sevinc Mürvətqızının psixiatr Orxan Fərəcli ilə müsahibəsini təqdim edir.


- Hazırda hansı sosial qruplar daha çox psixoloji yardıma ehtiyac duyur?

- Pasiyentlərim arasında əsasən gənclər üstünlük təşkil edir. Gənc və orta yaş qruplarında müxtəlif psixiatrik problemlər müşahidə olunur. Əslində, illər keçsə də, bəzi həqiqətlər dəyişmir: ümumi psixi xəstəliklərin faizində kəskin artım yoxdur. Təxminən əhalinin 1 faizi psixi problemlərlə üzləşir. Psixi xəstəliklərin qadın və kişi arasında bölgüsü demək olar ki, bərabərdir. Sadəcə, bəzi xəstəliklərin başlama yaşı cinslər arasında fərqli ola bilər. Cəmiyyətdə belə bir mif də var ki, guya çox oxumaq və ya beyin yorğunluğu psixoloji xəstəliklərə səbəb olur. Bu, elmi əsası olmayan yanlış fikirdir.

Bəzi tədqiqatlarda müəyyən mövsümi təsirlər qeyd olunur – məsələn, payız və yaz aylarında doğulan insanlarda bəzi psixi pozuntuların daha çox rast gəlindiyi deyilir. Amma bu da mübahisəlidir. Ümumilikdə, gənclər və orta yaşlılarda təşviş və depressiya halları daha çox müşahidə olunur. Yaşlılarda isə əsasən yaşa bağlı xəstəliklər üstünlük təşkil etsə də, təşviş pozuntuları da artır.

- Pandemiya və sosial təcrid dövrü bu vəziyyətə təsir edibmi?

- Bəli, təsiri oldu. “Kovid-19” başlananda ciyər xəstəliyi kimi tanınırdı, bitəndə isə psixoloji problemə çevrilmişdi. Postkovid dövründə təşviş və depressiya şikayətlərində artımı gördük. Amma qeyd etməliyəm ki, bu artım pandemiyadan əvvəl də müşahidə olunurdu. Mən 2011-ci ildən həkim işləyirəm və pandemiyadan əvvəl də xəstə sayında davamlı artım vardı. Əsas səbəblər Bakıda sürətli həyat tempi, hədsiz rəqabət və kapitalist yanaşmadır. Serotonin balansı, yuxu rejiminin pozulması, fiziki aktivliyin azalması, iş rejiminin ağırlığı, gecə növbələri, şəhər tıxacları, piyada gəzinti imkanlarının azalması psixi sağlamlığa mənfi təsir göstərir.

Bakıda həyat tempi çox sürətlidir. İnsanlar getdikcə daha çox istehlakçıya çevrilirlər və sanki bundan qaçış yolu qalmayıb. Bəzən öz-özünə deyirsən ki, bu axına qoşulmayacağam, amma elə bir an gəlir ki, fərqinə varmadan özünü həmin rəqabətin içində tapırsan. Hər gün istəməsən belə, yenidən o yarışın bir parçasına çevrilirsən. Məsələn, bölgələrdə həyat tempi daha yavaşdır, əhali sıxlığı azdır, buna görə də təşviş və depressiyanın səviyyəsi də orada fərqli ola bilər.

Bakı isə böyük bir meqapolisdir, bu baxımdan “nevrotik şəhər” adlandırıla bilər.

- Azərbaycanda psixiatrik xidmətlərin səviyyəsində dəyişiklik varmı?

- Son 20 ildə psixiatrik xidmətlər xeyli inkişaf edib və daha əlçatan hala gəlib. Əvvəllər psixiatrik yardım əsasən xəstəxana şəraitində göstərilirdi və insanların təsəvvüründə psixiatr yalnız həmin mühitlə assosiasiya olunurdu. O dövrdə panika, təşviş və depressiya kimi problemlərlə daha çox nevroloqlar və digər ixtisaslı həkimlər məşğul olurdu. Son illərdə isə ambulator psixiatrik xidmətlər genişlənib, özəl müəssisələrdə də fəaliyyət göstərməyə başlayıb ki, bu da əlçatanlığı xeyli artırıb. Bununla belə, problemlər hələ də qalmaqdadır.

Ən böyük çətinliklərdən biri psixiatrik yardımın baha olmasıdır və bu, təkcə Azərbaycanda deyil, bütün dünyada mövcud olan bir problemdir. Xidmətlərin yüksək qiyməti, dərmanların bahalığı və sığortanın bu sahəni tam əhatə etməməsi xəstələr üçün ciddi çətinlik yaradır. Məsələn, təəssüf ki, stasionar müalicənin sığorta paketlərinə daxil edilməməsi bəzən xəstələr üçün psixiatrik müalicəni əlçatmaz edir.

- Bu sahədə stasionar müalicə alanlar çoxdur?

- Azərbaycanda xəstəxanada yataraq stasionar müalicəyə ehtiyac duyan psixiatrik xəstələrin sayı çox deyil. Bəzən cinayət işi ilə bağlı məcburi müalicə hallarına rast gəlinir, amma bu da geniş yayılmayıb. Psixiatrik xəstəliklərlə bağlı mövcud miflərdən biri də budur ki, guya şizofreniya, bipolyar pozuntu kimi xəstəlikləri olanlar birbaşa cinayətkarlıqla bağlıdır. Bu yanlışdır. Doğrudur, bəzi xəstələr xəstəliklərinin təsiri altında yanlış qərarlar verə bilərlər, lakin bu ümumi hal deyil və belə hallar nadirən baş verir. Əksər hallarda bu xəstələr cinayət törətmirlər. Amma cinayət törədənlər də istisna deyil.

Məsələn, bir pasiyentim yanlış düşüncələrdən əziyyət çəkirdi və həyat yoldaşının ona xəyanət etdiyinə inanırdı. Halbuki əlində heç bir sübut yox idi. Onun gətirdiyi yeganə “dəlil” bu idi ki, kənd camaatı onunla əvvəlki kimi görüşmür, ona hörmət etmir, gələndə üzlərini yana çevirirlər. Bunu isə həyat yoldaşının xəyanətinə sübut kimi göstərirdi.

Müalicəyə başladıq, vəziyyəti xeyli yaxşılaşdı. Lakin 4-5 ay sonra yaxınları pasiyentin kökəldiyini görüb müalicəni dayandırdılar - psixiatrik dərmanların çəki artımı kimi yan təsiri ola bilər. Simptomlar yenidən qayıdanda isə onu vaxtında müalicəyə gətirə bilmədilər və nəticədə pasiyent həyat yoldaşını yatdığı yerdə baltayla öldürdü. Bu, onun yanlış düşüncələrinin və müalicənin yarımçıq qalmasının faciəvi nəticəsi idi. Yaxınları bu barədə mənə xəbər verdilər. Belə xəbərləri eşitmək son dərəcə ağırdır. Burada həm mənəvi aspekt var, həm də işin qanuni tərəf var – prokurorluqda ifadə vermək və sair.

Hər dəfə mətbuatda intihar xəbərləri yayılanda həyəcanla izləyirəm: “Görəsən, mənim pasiyentlərimdən biri deyil ki?” Bizim sahəmiz çox həssasdır, burada intihar riski yüksəkdir, hərçənd cinayət riski intihara nisbətən xeyli azdır.

Buna baxmayaraq, şizofreniya yayılmış "miflər"də təsvir edildiyi qədər qorxulu bir xəstəlik deyil. Statistikaya görə, şizofreniya xəstəliyi olanların içində mində bir nəfər cinayət törədə bilər. Əslində, cinayətlərin çoxunu tamamilə sağlam hesab edilən insanlar törədirlər. Qatillər arasında daha çox şəxsiyyət pozuntusu olan və ya psixopatiyadan əziyyət çəkən şəxslərə rast gəlinir. Cinayətə meyilli şəxslər əsasən antisosiаl tipli insanlardır. Belələrində empatiya hissi olmur, onlar üçün müqəddəs dəyərlər və müqəddəs insanlar anlayışı mövcud deyil.

Psixiatrik ədəbiyyatda, dərsliklərdə belə bir ifadə var: “Böyük şəhərlərin kasıb bölgələrində doğulanlar cinayətə daha meyilli olurlar.” Yəni gecəqondu məhəllələrində böyüyənlər. Məsələn, Nyu-Yorkun arxa küçələrində böyüyən bir insan həm şəhər mühitinin çətinliklərini yaşayır, həm də sosial iyerarxiyanın ən aşağı halqasında yer alır. Əgər onda psixopatiyaya müəyyən meyillilik də varsa, məktəbdən, təhsildən, düzgün tərbiyə imkanlarından uzaqdırsa, cinayət üçün münbit şərait yaranır. Doğrudur, həmin mühitlərdən uğurlu insanlar da çıxır, lakin faciəvi istiqamətə yönələnlər də az olmur.

- Psixopatları da müalicə edirsinizmi?

- Adətən psixopatlar özlərini xəstə hesab etmirlər. Onlar daim ətrafı günahlandırır, yalan danışır və heç vaxt öhdələrinə məsuliyyət götürmürlər. Onlara problemləri olduğunu qəbul etdirmək çox çətindir.

- Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri də narsisizmdir…

- Narsisizm hər kəsdə müəyyən dərəcədə mövcuddur. Amma bu, yalnız həyat keyfiyyətinə mənfi təsir göstərdiyi zaman xəstəlik kimi qiymətləndirilir. Əgər insan daim özünü hamıdan üstün görür və həyatını bunun üzərində qurursa, bu, artıq narsistik şəxsiyyət pozuntusu ola bilər. Bu diaqnozun qoyulması üçün simptomların yeniyetməlikdən başlaması və ömür boyu davam etməsi vacibdir. Və məsələ burasındadır ki, heç bir narsist gəlib demir ki, məni müalicə edin.

- Məşhur bir deyim var ki, psixiatrın yanına daha çox əsl xəstələrin xəstə elədikləri insanlar gəlirlər...

- Ola bilər. Zaman-zaman psixiatriyada müəyyən xəstəliklər sanki “dəb” və ya tendensiya halında yayılır. Bir dövrlər depressiya geniş yayılmışdı, sonra bipolyar pozuntu “dəbə mindi”. Daha sonra “hiperaktivlik sindromu” gündəmə gəldi. İndi isə narsisizmlə bağlı çox danışılır. Hansısa film çəkiləndə və ya bir mahnı populyarlaşanda həmin mövzu birdən-birə aktuallaşır və cəmiyyətin diqqəti ora yönəlir. Bu səbəbdən psixiatr olaraq belə məsələlərə yanaşarkən maksimum etik kodeksi qorumağa çalışırıq.

- Son dövrdə intihar halları - xüsusən də gənclər arasında xeyli artıb. Bu tendensiyanın sosial və psixoloji səbəbləri haqqında nə deyə bilərsiniz?

- Sual yaxşı qurulub, çünki intihar təkcə tibbi problem deyil, eyni zamanda sosial bir problemdir. İntiharın yalnız tibbi deyil, sosial səbəbləri də mövcuddur. Hər intiharın özünəməxsus fərdi hekayəsi, individual səbəbləri var. Gənc olanda sanki bu mövzularda daha rahat danışa bilirdim, amma yaş və təcrübə artdıqca məsələnin nə qədər mürəkkəb olduğunu daha yaxşı anlayıram. İntihar elə bir mövzudur ki, haqqında rahat danışmaq olmur. Bu sahədə məlum olan bəzi fenomenlər var. Məsələn, intihar “yoluxucu” xarakter daşıyır.

Məşhur bir şəxsin intiharı və ya hansısa tendensiya bir növ “sirayət” edir, cəmiyyətdə yayılır. Bu, mediada intihar xəbərlərinin verilmə forması ilə də əlaqədardır. Biz Azərbaycan Psixiatriya Assosiasiyası olaraq bu məsələni nəzərə alıb, mətbuatda intihar xəbərlərinin necə verilməli olduğu barədə tövsiyə xarakterli yazılar yayımlamışıq. Ümumiyyətlə, bu mövzu ən həssas nöqtəmdir. İntihar mövzusu hər bir ruh sağlamlığı mütəxəssisinin çəkinərək toxunduğu bir sahədir. İntiharın əsas səbəbi çox vaxt depressiyadır. Lakin ani intiharlara aparan başqa faktorlar da var – məsələn, sürətli borclanmalar, qumar, oyun asılılıqları və ya maliyyə böhranları.

3-5 il əvvəl borca görə intihar edən insan demək olar ki, yox idi, amma indi vəziyyət dəyişib. Borclanmaq depressiyanı tətikləyir, depressiya isə insanı çıxılmazlığa və nəhayət, intihara aparıb çıxara bilir. Ona görə də hər intihar hadisəsi fərdi və çox mürəkkəbdir. İntihar riski olan şəxslərin yaxınları diqqətli olmalıdır. İntiharın əvvəlcədən müəyyən siqnalları ola bilir: ani yaxşılaşma, borcların qaytarılması, qohumlarla halallaşma, sosial şəbəkələrdə ölüm, intihar, vida mövzusunda paylaşımlar…

- Son dövrlərdə “maskalanmış depressiya” ifadəsi də meydana çıxıb. Depressiya niyə “maskalanıb”?

- Bu, həm şəxsi müşahidəmdir, həm də tibbi ədəbiyyatda təsdiqini tapmış bir həqiqətdir: Şərq insanı, xüsusən də bu coğrafiyanın adamları - türklər, azərbaycanlılar depressiyanı daha fərqli yaşayırlar. Bizim insanlarda depressiya, klassik tibbi ədəbiyyatda təsvir olunduğu kimi yalnız ruhi çöküşdə deyil, daha çox bədən üzərində özünü göstərir. Sadəcə kürəyi ağrıyan bir pasiyent olur, amma müayinə etdikdə görürsən ki, əslində o, depressiya xəstəsidir. Bizdə depressiya artıq klassik “ruhi çökmə” obrazından uzaqlaşmağa başlayıb. Aparılan tədqiqatların əksəriyyəti Qərb mədəniyyəti və Avropa yaşam tərzi üzərində qurulub. Oradakı depressiya təsvirlərində dəyərsizlik hissi ön planda dayanır. Pasiyentlər “özümü dəyərsiz hiss edirəm” deyirlər.

Amma bizim insanlarımızda bu, çox da müşahidə olunmur. Müayinə zamanı “özünü dəyərsiz hiss edirsənmi?” deyə soruşanda cavab çox vaxt “yox” olur. Lakin klinik olaraq baxırsan ki, bu insan depressiyadadır. Bunun səbəbi bizim sosial bağlarımızdır. Bizdə insanların halını soruşan, söhbət edən o qədər adam olur ki, o, özünü tam dəyərsiz hiss etmir. Elə buna görə də depressiya bizdə klassik anlayışından bir qədər uzaqlaşıb. Burada dini və mental faktorların da rolu böyükdür. Amma nə qədər maskalansa da, depressiya mövcuddur və özünü müxtəlif formalarda göstərir.

- Bayaq onlayn oyun və qumar asılılıqları haqqında söz açdınız, bu problemlərin kökündə hansı tibbi-psixoloji səbəblər dayanır?

- İnternet, oyun, qumar, porno, maddə və bu kimi bütün asılılıqların kökündə bir anlayış dayanır – beynin mükafat sistemi. Normal halda beyində dofamin adlı maddə var, o həzz alma prosesini tənzimləyir və beyin onu çox qənaətlə işlədir. Amma asılılığı olan adamlarda vəziyyət tamamilə fərqlidir: dofamin birdən-birə güclü ifraz olunur, ani və böyük həzz yaşanır. Ona görə də həmin adam artıq beynin qənaətlə verdiyi kiçik dofamin miqdarına qane olmur, getdikcə daha böyük doza axtarır. Məhz buna görə də asılılıq davam edir. Qumar asılılığı olan insanlarda maraqlı bir paradoks var: adam daim uduzur, amma içində böyük bir inam daşıyır ki, bir gün mütləq udacaq, bütün borclarını qaytaracaq, varlanacaq.

Onların məşhur bir ifadəsi var: “Baxarsız siz, axırda görərsiz necə olacaq...” Amma nəticə, əksinə, daha da böyük bataqlıq olur. Mən artıq uzun müddətdir belə pasiyentlərlə işləmirəm. Müraciət edən olanda isə onları sırf asılılıqların müalicəsi ilə məşğul olan həmkarlarıma yönləndirirəm. Çünki belə xəstələrlə işləmək çox çətindir, yorucudur və paralel terapiyalar tələb edir. Asılılıqların tibbi-bioloji tərəfi də var. Dofamini bloklayan dərmanlar mövcuddur və müəyyən hallarda onların köməyi ilə vəziyyəti sabitləşdirmək olur. Amma məsələ bununla bitmir. Asılılığın əlçatanlığı çox yüksəkdir. Onların telefonunu əlindən alsan, kompüterdən oynayacaq, kompüterini alsan, televizordan internetə qoşulub oyunlara və ya onlayn qumara davam edəcək. Bu adamlar həmişə öz aləmlərində ailələrindən “daha çox bilirlər”. Burada ilk və ən vacib addım pasiyentin öz vəziyyətinə tənqidi yanaşa bilməsidir.

Bir dəfə 30 min qumar borcu olan bir pasiyentimə dedim: “Əgər indi dayandırsan, hələ də qurtuluş şansın var”. Amma təəssüf ki, belə adamlar adətən borcu qaytarmaq üçün yenidən o bataqlığa sürüklənirlər. Nəticədə həmin 30 min borcun 60 minə çevrilməsi sadəcə an məsələsi olur. Bu, eynən bataqlığa düşmək kimidir: nə qədər çox çabalasan, bir o qədər dərinə batırsan…

- Son dövrlərdə psixiatra müraciətlərin sayı artıb, yoxsa azalıb?

- Artıb. Hətta pasiyentlər bəzən 20–25 gün sonraya yazılır. Amma bu, xəstəliklərin çoxalmasından çox insanların psixoloji fərqindəliyinin artması ilə bağlıdır.

- Ümumiyyətlə, sizcə, indi psixiatra getmək tabusu qırılıbmı?

- Bəli, əvvəlki dövrlərlə müqayisədə xeyli qırılıb. İnsanlar artıq bilirlər ki, psixiatr yalnız şizofreniyanı deyil, panik atak, depressiya, nevrozu da müalicə edir.

- Psixiatrik yardıma ehtiyacı olan, amma bunun fərqində olmayan insanları necə müəyyənləşdirmək olar?

- Bu hallar daha çox ağır psixi problemlərdə – məsələn, şizofreniya kimi xəstəliyi olanlarda müşahidə olunur. Belə pasiyentləri müalicəyə razı salmaq çox çətin olur. Onların müalicəsində ailələrin rolu xüsusilə böyükdür, çünki xəstə ilə daha çox onlar ünsiyyətdə olur.

Eyni çətinliklər OKB (obsessiv-kompulsiv pozuntu) diaqnozu qoyulan xəstələrdə də rast gəlinir. Bu insanlar gündə dəfələrlə əllərini yuyur, təmizliklə həddindən artıq məşğul olurlar. Onları həkimə aparmaq istəyən yaxınları ilə dalaşaraq “siz pintisiniz” deyə irad bildirirlər.

Yaxud “yığıcılıq”la məşğul olanlar var: paltarın etiketlərini atmaq istəmirlər, köhnə torbaları, qutuları saxlayırlar. Səbəb kimi isə “bir gün lazım olar” fikrini əsas gətirirlər. Bu cür pasiyentlərlə işləmək çox çətindir, çünki onlar özlərinə tənqidi yanaşa bilmirlər. Həkim olaraq onlara verdiyimiz ilk sual budur: “Sən bu vəziyyətinə necə baxırsan? Bunu problem kimi görürsənmi?”

- Çağımızın bəlalarından sayılan stress, təşviş və depressiyadan əziyyət çəkənlər üçün sadə, gündəlik tətbiq oluna bilən hansı məsləhətləri verərdiniz?

- Mənim əsas tövsiyəm yuxu rejiminə diqqət yetirməkdir. İnsan gecə yuxusunu normallaşdırmalıdır: səhər tez oyanmaq, oyanan kimi yataqdan qalxmaq və gündəlik 6–8 saat yuxunu təmin etmək vacibdir. Əks halda bioloji saat düzgün işləməyəcək. Digər mühüm məqam isə neqativ informasiyadan uzaq qalmaqdır. Qəza, cinayət, xəstəlik, intihar xəbərləri, təşviş və qorxu yaradan filmlər və kitablar insan psixikasına mənfi təsir göstərir. Mən özüm bu cür məzmunlardan tamamilə uzağam. Dəhşət janrında film və kitablarla heç vaxt maraqlanmamışam, daha çox absurd komediya janrında çəkilən əsərləri izləməyi xoşlayıram.

- Mütaliə edirsinizmi, son oxuduğunuz kitab hansıdır?

- Hazırda “Yaradıcı beyin” kitabını oxuyuram. Ondan əvvəl “Türklərin psixologiyası” kitabını bitirmişəm. Ağır əsər sayılsa da, Dino Bussatinin “Tatar çölü” əsərini sevirəm. Mütaliə vərdişim və söz ehtiyatım pasiyentlərimə, işimə yaradıcı yanaşmağımda mənə çox kömək edir. Zənnimcə, yeniyetməlik böhranlarını idarə etməyin ən yaxşı yollarından biri uşağı kitaba yönəltməkdir. Yaxşı roman və povestlər yeniyetmənin həyatında psixoloji yardım rolunu oynaya bilir.

Məsələn, mən özüm yeniyetmə vaxtlarımda oxuduğum kitablarda cəmiyyəti ideal görürdüm: fərqli, amma yaxşı insanlar, ümid dolu münasibətlər... Sonradan reallıqla üzləşəndə bunun tam belə olmadığını anladım. Amma həmin kitablar içimdə yaxşı insani keyfiyyətlərin formalaşmasına böyük təsir göstərmişdi. Doğru kitab seçimi və mütaliə zövqü, əslində, yaxşı musiqi zövqünün də formalaşmasına təsir edir. Bunların hamısı bir-biri ilə sıx bağlıdır.

- Tarixən yaradıcı insanlar müəyyən psixoloji xəstəliklərdən əziyyət çəkib. Sizcə, bu, sadəcə təsadüfdürmü, yoxsa yaradıcılıqla psixoloji həssaslıq arasında müəyyən bir bağlılıq var? Ümumiyyətlə, psixoloji problemləri olan insanlar daha yaradıcı olurlar, yoxsa əksinə – yaradıcı insanlar psixoloji problemlərə daha çox meyllidirlər? Onlar emosiyalarını necə idarə etməlidirlər ki, həm məhsuldarlıq, həm də psixoloji sağlamlıq qorunsun?

- İnsanları bədii və təfəkkür tiplərinə bölürlər. Təfəkkür tipli insanlar rasionallığa, dəqiqliyə üstünlük verirlər, həyatlarını daha real əsaslarla qururlar. Bədii tipli insanlar isə hisslərin, emosiyaların idarəsində yaşayır, yaradıcı proseslərlə məşğul olurlar. Onlar nə qədər həssasdırsa, psixoloji müqavimətləri də bir o qədər zəif olur. Bu səbəbdən incikliyə, küsəyənliyə, depressiyaya və asılılıqlara meylləri daha çoxdur. Bəzən cəmiyyətdə belə bir yanlış fikir yayılıb ki, guya psixoloji xəstəliklər yaradıcılığı gücləndirir. Mən bunun əksini düşünürəm.

Axı xəstəlik yaradıcılığa necə müsbət təsir göstərə bilər? Əksinə, sağlam beyin daha məhsuldar işləyir. Yaradıcı insanların bir qisminin sərgərdan, alkoqol və ya başqa maddə asılılığından əziyyət çəkməsi onların istedadının ifadəsi deyil, zəifliyidir. Ola bilər ki, belə vəziyyətlərdə şüuraltında saxlanılan duyğular üzə çıxsın, amma nəticədə ortaya çıxan işin dəyəri sağlam düşüncə ilə yaradılan qədər dolğun olmur.

Ona görə də mənim qənaətim budur: yaradıcı insanın ən böyük dayağı sağlam beyindir. Əgər o, emosiyalarını idarə etməyi bacarırsa, həm psixoloji sağlamlığını qoruyar, həm də yaradıcılıqla daha məhsuldar məşğul olar.

- Dünya təcrübəsində bir çox psixiatrlar pasiyentlərinin həyat hekayələrini ümumiləşdirərək kitab şəklində nəşr etdirirlər. Belə bir layihə barədə heç düşünmüsünüzmü?

- Bəli. Artıq bəzi hekayələr üzərində işləyirəm, bunlara "həkim qeydləri" də demək olar. Mətbuatda “Ağrı” adlı hekayəm dərc olunub. Ağrılar bəzən təkcə bədənin deyil, ruhun da səsi olur. Bir gənc qız süd vəzilərində keçməyən ağrılarla həkimə müraciət etmişdi. Hərtərəfli müayinələr aparılsa da, heç bir fiziki xəstəlik aşkarlanmadı. Lakin psixiatrik müayinədə məlum oldu ki, ağrıların kökündə sadəcə bədən deyil, dərin bir gərginlik və depressiya dayanır.

Qız rayondan Bakıya köçmüşdü, burada tək yaşayırdı. Bir oğlanla tanış olub sevgili olmuşdu, oğlan daim ondan bədən şəkillərini istəyirmiş. Oğlanı itirmək qorxusu ilə qız ona sinəsinin şəkillərini çəkib göndərirmiş. Amma hər dəfə bu addımı atdıqca vicdanı ilə üz-üzə gəlir, öz dəyərləri ilə ziddiyyət yaşayırdı.

Günahkarlıq duyğusu və daxili təlatüm onun psixikasını yükləyir, bu ağır iztirab isə bədənində keçməyən ağrılar kimi təzahür edirdi. Belə həyat hekayələri çoxdur. Pasiyentlərin adlarını dəyişməklə onların həyat hekayələrindən ibarət kitab nəşr etdirməyi düşünürəm. Belə kitablar cəmiyyətdə psixoloji şüurluluğun artırılması baxımından önəmlidir.

- Son dövrlərdə insanlar psixoloji dəstək üşün süni intellekt botlarına üz tuturlar, “ChatGPT” ilə “söhbətləşib dərdləşirlər”. Sizcə, süni intellekt psixoloji yardımı tam və ya qismən əvəz edə bilərmi?

- ChatGPT-dən müəyyən məsələləri öyrənmək mümkündür. Sadəcə sualı düzgün vermək kifayətdir və vaxt itirmədən konkret cavab almaq olur. Çünki o, qaynaqlara əsaslanaraq əksər hallarda doğru məlumat təqdim edir. Bu baxımdan ilkin tanışlıq, istiqamət almaq və hansı mütəxəssisə müraciət etməyi bilmək üçün çox faydalıdır. Lakin süni intellekt psixoterapiyanı əvəz edə bilməz. Çünki terapiya yalnız rasional məntiqlə deyil, emosional yük və hisslərin ötürülməsi ilə bağlıdır, burada “transfer” və “kontrtransfer” deyilən çox həssas proseslər mövcuddur.

Psixoterapiya ruhla bağlı bir sahədir, süni intellektin isə ruhu yoxdur. ChatGPT hər dəfə xatırladır ki, “mütləq həkimlə məsləhətləşmək lazımdır”, “dərmanı yalnız həkim yazıbsa, qəbul edin” və sair.

Yəni insan süni zəka ilə danışıb bunu “terapiya” adlandıra bilər, amma əsl terapiyanın mahiyyəti hisslərdə, empatiyada, ruha olan toxunuşlardadır. Süni intellekt isə bu hissləri təqdim edə bilmir və böyük ehtimalla heç vaxt da edə bilməyəcək...

Fotolar: Rüfət Mustafayev

# 514 dəfə oxunub

Oxşar xəbərlər

Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi

Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi

12:00 8 oktyabr 2025
Məşhur müğənni diz qapaqlarından zinət düzəltirdi

Məşhur müğənni diz qapaqlarından zinət düzəltirdi

12:00 8 oktyabr 2025
“Şükriyyə”  Tbilisidə nümayiş olunacaq

“Şükriyyə” Tbilisidə nümayiş olunacaq

11:33 8 oktyabr 2025
Bakı neftinin Nobel mükafatına töhfəsi İsveç mətbuatında

Bakı neftinin Nobel mükafatına töhfəsi İsveç mətbuatında

11:08 8 oktyabr 2025
Tanınmış hind aktyor vəfat etdi

Tanınmış hind aktyor vəfat etdi

10:50 8 oktyabr 2025
Gündüz gördüklərini gecəyəmi danışır? - Günün mahnısı

Gündüz gördüklərini gecəyəmi danışır? - Günün mahnısı

10:45 8 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər