Dərbəndşünas, bu şəhərin tədqiqatçısı deyiləm. Amma dünən məlum olanda ki, Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə Dərbənd şəhərin 2000 illiyinin qeyd edilməsi ilə bağlı fərman imzalayıb, bir az duruxdum. 2013-cü ildə də yox ha, məhz 2015-də.
Hansısa şəhərin təməl daşının qoyulmasını ilinəcən dəqiq müəyyənləşdirmək zor bir işdir. Bəlkə də yaxın yüz illikdə əmələ gəlmiş şəhərlər barədə bunu demək olsun. Məsələn, Peterburqun əsasının 1703-cü ildə qoyulduğu hamıya məlumdur. Tarix üçün o qədər də uzaq məsafə deyil. 400 il keçib. Amma söhbət 2000 ildən gedirsə, bağışlayın, bu, bir qədər şübhəlidir. Ən azı ona görə ki, axı, tarixi mənbələr var, ən azı onlara istinad edib hansısa ortaq nəticəyə gəlmək mümkündür.
Hə, məhz tarixi mənbələr. Elə o tarixi mənbələr-hansı ki bütün dünya tarixçiləri mötəbərliyinə şübhə etmir-onlar Dərbənd haqda başqa şeylər yazırlar. Dəqiq göstərməsələr də, amma bu qədim Azərbaycan şəhərinin tarixinin 20 əsr yox, daha qədimlərə getdiyini təsdiqləyirlər.
Məsələn, qədim yunan mənbələrinə inansaq, - ağzımız nədi, bütün dünya onlara istinad edir-hələ eramızdan əvvəl (I əsr) indiki Dərbənd ərazisində mövcud olmuş üzümlüklər və meyvə bağları dənizə qədər olan ərazini örtmüşdü. Belə bir təbii şərait isə orada yaşayış məskəninin yaradılması üçün əla imkan yaratmışdı. Yeri gəlmişkən, bunu Dərbənd rayonunda aparılmış arxeoloji qazıntılar dar daha sübut edir. Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar olunub. Alman səyyahı Adam Oleari isə yazırdı ki, Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş istehkam e.ə. VIII-VI əsrlərə aid edilməlidir.
Tarixin atası Herodot isə hələ eramızdan əvvəl 5-ci əsrdə mövcud olmuş “Dərbənd keçidi”nin adını çəkirdi. Yeri gəlmişkən, fars dilində olan Dərbənd sözü “dər” və “bənd” kəlmələrinin birləşməsindən əmələ gəlib ki, bu da “darvazalı sədd, keçid, bənd” deməkdir. Roma mənbələri isə Selevkilərin (eramızdan əvvəl 290—281) Dərbəndə yürüşündən bəhs edir. Eyni mənbələr eramızdan əvvəl Lukulla Pompeyin Dərbəndə varid olmasını qeyd edir.
Yunanlar, romalılar bir yana, elə rus arxeoloq Aleksandr Kudryavtsev hələ 41 il əvvəl, 1971-ci ildə, Dərbənddə və Dərbənd qalası ətrafında ilk arxeoloji qazıntılardan sonra belə qənaətə gəlmişdi ki, bu istehkamların tarixi eramızdan əvvəl IV–III minilliyə qədər gedib çıxır. Aleksandr Abakaroviç onu da sübut etmişdi ki, hələ eramızdan əvvəl birinci minillikdə, Dərbənd Qafqaz Albaniyasının əsas şəhərlərindən, siyasi mərkəzlərindən biri olub.
Elə bu mənbələrə əsaslanan YUNESKO Dərbəndi Mədəni İrsi Qoruma siyahısına salıb. Və həmin siyahıda Dərbəndin ən azı 2500 yaşı olduğu deyilir.
Əslində bu siyahını uzatmaq da olar. Mənbə siyahısını. Amma bu nəyisə dəyişəcəkmi?
Fərman verilib, artıq onun icrasına da başlanılmalıdır. Mən demirəm ki, Dərbəndin məsələn, 5000 yaşı var. Amma Dərbənddə çox yerdə “Derbent-5000” yazılmış plakatlara rast gəlmək mümkündür. Deməyimiz odur ki, Dərbəndin tarixini 2000 ildən əvvələ gedib çıxır.
Hər halda normal məntiq bunu deyir.
Bəs dərbəndlilər?