“Özündən söz çıxartma”. Yəqin sizlərə də belə müraciət edən çox olub. Bəzən yalan danışanda, qeyri-adi bir olaydan söhbət açanda eşitdiyimiz sözlərdir.
Hə, bir də var özündən sözdüzəltmə. Yox, söhbət leksikadan-filandan da getmir. Bu gün 3-cü sinif şagirdi də bilir ki, söz quruluşu nədir, sadə, düzəltmə, mürəkkəb sözlər nə olan şeydir. Biz başqa sözdüzəltmələrdən danışacağıq. Düzdür, dahi Fizuli çox gözəl demiş,
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Amma başqa bir dahi , fransız yazıçı Jan Labruer də pis deməyib: “Səmimiyyətlə deyilən söz, ürəklərə tez yol tapar”. Biz də yazımızı elə bu səmimi sözlərə həsr etmişik. Səmimi, qəfil, necə deyərlər gözlənilmədən, ekspromt alınan sözlərə. O sözlərə ki bəlkə də ilk dəfədir eşidirsiz.
Başlayaq “mızqlet”dən. Bu sözün yaradıcısı mərhum jurnalist Elçin Səlcuqdur. Elçin “mızqleti” əşyaya da ithaf edə bilərdi, insana da. Hətta baş vermiş bir hadisəyə də. “Mızqlet” çox universal bir söz olaraq ötən əsrin 90-cı illərində meydana gəlib. Və Elçinin kəşf etdiyi bu söz qısa zamanda jurnalist cəmiəsində populyarlıq qazanıb. Qısaca desək, “mızqlet” mənasız, məzmunsuz şeyləri bildirir.
“Əmcuqi”. Bu sözlə bərabər “əməvisən?” ifadəsi də yaranıb. Hər iki sözün yaradıcısı şair Akif Əhmədgildir. Bu sözlər də ötən əsrin 90-cı illərində, özü də “Müxalifət” qəzetinn ofisində, amma “525-ci qəzet”in redaksiyasında yaranıb. Düzdür, “əməvilər” sözü yeni deyildi, amma Akifin təbirincə, bu söz hansısa ərəb sülələsinə yox, tamam başqa şeyə ünvanlanırdı. Elə bu sözdən də “əmcuqi” sözü yaranmışdı. Bəs, bu söz necə əmələ gəlmişdi? Həmin vaxt ağır dönəmlərdə, hər gün nahar etmək üçün mücadilə verən günlərdə kənar bir adamın necə deyərlər araq və yeməyə “qabırğa” olması bizim üçün böyük təhlükə idi. Araq proporsiayaya uyğun adama 250 qram həcmində hesablanırdı. Əsas da bu məqam idi. Çünki yemək ikinci dərəcəli məsələydi. Kənar bir adamın gəlib şərik olması isə Akif tərəfindən qəti etirazla qarşılansa da, amma adamı süfrədən qovmaq da olmazdı. Onda Akif müdrikcəsinə bu sözü kəşf etdi: “əmcuqi”. Yəni qoyun kimi gəlib südümüzü - oxu arağı - əmir. Bu tip adamlara isə Akif Əhmədgil sanki “əməvilər” sülaləsindəndir deyirdi. Və bu sözlər o dövrdən gündəmə mindi.
“Məməzok”. Bu sözləri ən çox bəndəniz işlədir. Amma bu söz insanlara yox, əşyalara aiddir. Bu əşyalar isə hər şey ola bilər. Məsələn, qələm, stəkan, lap elə kompüter. Bəs niyə “məməzok”? Bunun da izahı yoxdur. Yəni izahlı da , izahsız da “məməzok”dur ki, “məməzok”.
Bu söz isə şair-yazıçı-jurnalist-gəmi kapitanı-DSK üzvü-VHP rəsmisi Faiq Balabəyliyə aiddir. Hə, “insanə" adlı sözdən gedir söhbət. Faiqin bu ifadəsi “mızqlet” və “əmcuqi” kimi populyar olmasa da, amma bir ilkdir. İnsan sözünü kişi cinsinə aid edən həmkarımız və gəmiçi, “insanə”ni də məhz qadınlara ünvanlayır.
Mənası konkret əşyalara ünvanlıq sözlər də var. Məsələn “mərcok” və “şəbəzgül”. Bu sölzər haqda APA TV-nin keçmiş operatoru Fuad Kərimovdan eşitmişəm. “Mərcok” yaxaya vurulan kiçik mikrofona, “şəbəzgül” isə diktofona deyilirmiş. Amma niyə belə, Fuad özü də bilmir.
Növbəti sözlərdən biri də “kəntoş”dur. Savadsız, dünya görüşü olmayan adamları belə çağırırlar. Bu sözü kim ilk dəfə deyib, məlumat yoxdur.
“Piyançı” sözünün müəllifi isə bəndənizin sinif yoldaşı Rafael Qəhrəmanovdur. Yenə həmin 90-larda demək olar ki, hər gün yeyib-içən vaxtlarımzda Rafael dözəməmişdi:
- Biz burada jurnalist, sürücü, mühasib, filan deyilik ee. Biz artıq piyançıyıq…
Yəni “sərxoşçu”. Sanki bir peşə kimi…Onda uğunub getmişdik bu sözə…
Elçinlə başlamışıq, elə Elçinlə bitirək. Rəhmətliyin bir sözü də var idi: “Qurumpet”. Sağ olsaydı bilərdik nəyə və kimə ünvanlayıb... Amma yaxşı insanlara ünvanlamırdı bu sözü…