Zümrüd Qasımova: “Xərçəngə tutulanda ərimin məni atacağından qorxdum” - Müsahibə

Zümrüd Qasımova: “Xərçəngə tutulanda ərimin məni atacağından qorxdum” - Müsahibə
19 may 2021
# 09:00

Kulis.az “Ulduzlu çərşənbə” layihəsindən Yuğ Teatrının aktrisası Zümrüd Qasımova ilə müsahibəni

- Zümrüd xanım, çox məhsuldar aktrisasınız. Pandemiya dövrünü necə keçirirsiniz?

- Mən hər zaman deyirəm ki, balıq susuz yaşaya bilmədiyi kimi aktyor da teatrsız yaşaya bilməz. Son bir il bizə göstərdi ki, teatr aktyorun həyatında nə qədər önəmlidir. Həmişə deyirəm, mənim iki həyatım var: öz həyatım, bir də teatr. Səhnəsiz, teatrsız, canlı ünsiyyətsiz yaşamaq şəxsən mənim üçün çox çətindir. Yaratmaq üçün darıxmışam. Sərt karantin dövründə əlbəttə ki, mən də hamı kimi evdə olurdum, sonra Qusara getdim, bir ay yarım orda qaldım. Köhnə arxivimi təzələdim...

- Arxivdən nələr tapdınız?

- Uzun illər, özümü tanıyandan gündəlik yazmışam. Hərdən düşünürəm ki, o gündəliklər əsasında nə vaxtsa kitab yazmaq olar. O gündəlikləri oxudum, haqqımda yazılan məqalələri nəzərdən keçirdim. Əslində, faydalı dövr oldu. Amma bir müddətdən sonra adam darıxmağa başlayır.

- Son dəfə nə zaman gündəlik yazmısınız?
- Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra mənim gündəliyim də bitib. Birinci kursdan mən Vaqif müəllimi sevib bu sənətə gəlmişəm. O gündəliklərdə müəllimimə elə etiraflarım var ki...

- Hansı etiraflar?

- Mən birinci kursa gələndə müəllim məni istəmirdi, deyirdi, səni kursdan çıxardacam. Çünki çox həvəssiz, utancaq və tənbəl idim. Gündəliyimdə yazmışam ki, mən özümü ona sübut edəcəm! Sübut edəcəm ki, ona bircə mən lazımam! Onun ən sevimli tələbəsi olacam və s. Bir sözlə, müəllimin itkisinə qədər mən orda hər şeyi yazmışam, sonra isə hər şeyi dayandırdım.

- Vaqif müəllim çətin adam idi. Necə oldu, onunla ünsiyyətiniz, dostluğunuz baş tutdu?

- Bəxtim onda gətirdi ki, mən onun tələbəsi oldum. Bizim bir qonşumuz vardı, Vaqif müəllimin tələbəsi olmuşdu, amma sənəti davam etdirməmişdi. Biləndə ki, mən aktrisa olacam, dedi, əgər qəbul olunsan, çalış Vaqif müəllimin tələbəsi ol. Birinci il kəsildim, ikinci il qəbul olunanda Əliabbas müəllimin kursuna düşdüm. Altı dərsdən sonra yalvar-yaxarla Vaqif müəllimin kursuna keçə bildim. Dedi, sənə bir tamaşada şans verəcəm, özünü təsdiqləyə bilsən, qalacaqsan. Elə o təsdiq, bu təsdiq iyirmi ilə yaxındır teatrdayam. Bizim elə günlərimiz olub, gecə saat on ikinin yarısına qədər teatrda məşq etmişik. Saat birdən yadımıza düşüb. Qaça-qaça gəlib metroya çatmışıq. Bəzən, avtobus olmurdu, evə piyada gedirdim. Evdə o ki, var söyülürdüm. Anam əsəbiləşirdi, deyirdi, qız uşağı, hardasan bu vaxta qədər? O vaxtı anam başa düşmürdü məni. İndi teatrın nə demək olduğunu anlayır. Ona izah edə bilmirdim ki, doğurdan da on birə, on ikiyə qədər teatrda olmuşam. İndi mən müəllimin boşluğunu çox hiss edirəm. Mənəvi atamız yoxdur. Onun siqaret tüstüsü ilə dolu otaqda saatlarla danışdıqlarını həzm etmək çətin idi. Çünki gənc idik. Amma nə əldə etdiksə, o danışıqların sayəsində etdik. Həmişə bizə deyirdi ki, mən aktyor yox, şəxsiyyət yetişdirirəm. Fikir vermisinizsə, insanlar Yuğ Teatrının aktyorları ilə ünsiyyətdə olanda ehtiyatlı olmağa çalışırlar. Düzdür, Yuğ Teatrı müəllif teatrıdır, amma axı biz Vaqif müəllimin tələbələri və onun davamçısıyıq.

- Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra Yuğ Teatrı onunla getdi...

- Əlbəttə, müəllim rəhmətə gedəndən sonra hamımıza çətin oldu. Teatrda şəxsi ambisiyalar yox, teatr olmalıydı. Və o teatrda hər kəs başa düşməliydi ki, biz müəllimin yolunu qoruyub saxlamalıyıq. Müəllim də həmişə deyirdi ki, məndən sonra teatrın rəhbəri Gümrah Ömər olmalıdır. Amma Gümrah müəllim Gəncə Teatrında olduğu üçün ordan beş il sonra gəldi. Teatrımızda söz-söhbət çox oldu. Aktyorları üz-üzə qoydular. Təbii, bu da teatrın ovaxtkı rəhbərliyindən qaynaqlanırdı. O birliyi qoruyub saxlaya bilmədik.

- Vaqif müəllimdən sonra teatr rəhbəri Tərlan Rəsulov oldu, ondan sonra Rəşad Əhmədzadə. Amma Rəşad müəllim səhv etmirəmsə, bir il işlədi?

- Bəli. Rəşad müəllim bizim teatrda işləyəndə, teatrımız çiçəkləndi, aktyorlar yenidən bir-biri ilə mehribanlaşdı. Əvvəlki ailə ortamı yarandı. Rəşad müəllim bir daha bizə göstərdi ki, biz “yuğ”çular birləşəndə edə bilmədiyimiz heç nə yoxdur. Amma Rəşad müəllimdən qabaq, vurğuladığınız kimi, rəhbər Tərlan Rəsulov, baş rejissor isə Gümrah Ömər idi. Onların arasında müəyyən anlaşılmazlıq olurdu, bu da teatrın daxilinə, yaradıcılığımıza təsir göstərirdi. Böyük problemlər yaşayırdıq. Axırda bizim teatrımızın aktyorları bu hala dözə bilməyib xahiş etdilər ki, teatrın qorunması üçün rəhbərlik dəyişilsin. Gümrah müəllimi tirmək istəmirdik. Teatrda bütün baş verənlər bizi çox incitdi, sənətlə məşğul olmaq yerinə başqa işlərlə məşğul olmalı olurduq. İndi çox sevinirəm ki, teatrımız ayağa qalxıb. Tərlan Rəsulov yaxşı insan ola bilər, amma o, Yuğu qorumaq üçün heç nə etmədi. Əksinə, teatrı dağıtmaq üçün çox iş gördü. Bu baxımdan mən bizim rəhbərimizi dəyişən insanlara təşəkkür edirəm.

- İndiki tamaşalara da ağız büzənlər var... Sizi Yuğ teatrının estetikasını pozmaqda günahlandırırlar.

- Həmişə deyirdilər ki, Yuğ Teatrı klassik tamaşa qura bilmir, çərçivəni keçə bilmir. Bizə klassik tamaşa lazım olsaydı, gündə onunu hazırlayardıq. Bizə o estetika maraqlı deyil. Rejissor Günay Səttar həm Çexovun klassik janrda “Təklif” pyesini, həm də psixasof estetika ilə Səidə Haqverdiyevanın “Metamorfoza” pyesini səhnələşdirib. Yəni, tamaşaçı üçün iki seçim təklifi verilir.

- Yuğun əvvəlki binası sizin estetik prinsiplərinizə çox uyğun idi. İndi səhnə sizi qane edir?

- Teatr üçün bina çox önəmlidir. Hər teatrın öz binası olmalıdır. Bizim teatr canlı potensialı olan teatrdır. Ona görə, çox istərdim, bizim binamız olsun. Bizim teatrın üç, dörd xalq artisti, bir o qədər də əməkdar artisti var. Onlar doğurdan da işləmək, yaratmaq istəyirlər. İndi deyirlər, Yuğun aktyorları serial təkliflərinə yüksək qonorar istəyir. Mən başa düşmürəm, başqa necə olmalıdır? Yuğçular özlərinə, sənətlərinə hörmət edirlər. Ona görə də mən demirəm, kimlərsə bizə kömək etsin, amma işimizə də mane olmasınlar. Kimsə bizim iş prinsipimizi, estetikamızı bəyənmirsə, biz kimlərəsə bunu bəyənməyi məcbur edə bilmərik. Mən qızıl parçası deyiləm ki, hamı məni bəyənsin.

- Aktrisa kimi özünüzə qarşı qadağanız var?

- Mənim sənətlə bağlı heç bir qadağam yoxdur. Heç vaxt da olmayıb. Axı mən aktrisayam və bu, mənim peşəmdir. İstedadlıyamsa, səhnədə, kinoda edə bilməyəcəyim heç bir şey yoxdur.

- Baxın, misal üçün, ailəli aktrisasınız, amma səhnədə soyunmaq zərurəti yarandı...

- Söhbət ailəli olmaqdan getmir. Mən bayaq dediyim kimi, aktrisayam. Əgər soyunub çəkiləcəyim film sənət filmidirsə, razılaşaram. Amma məşhur olmaq üçün təkliflər gəlibsə, onda etiraz edərəm və etmişəm. Mənə populyarlıq maraqlı deyil! Zümrüd onsuz da var. Kimsə məşhur olmaq üçün nəsə çəkmək istəyirsə, bu, onun öz işidir, məndən faydalanmasın. Yaxşı film, yaxşı qonorar olsa, çəkilərəm. Yuğ Teatrında tamaşalar olub ki, orda kifayət qədər açıq-saçıq səhnələrim olub.

- Səhnədə öpüşmüsünüz?

- Yox (gülür). Elə bir səhnə olmayıb.

- Bəs zərurət yaransa?

- Bilmirəm. Bu barədə düşünmək lazımdır. Bilirsiniz, bu müsahibə gedəndən sonra müəyyən fikirlər yarana bilər. Mənim üçün əsas ailəmin, həyat yoldaşımın fikri önəmlidir. O da bilir ki, mən sənət adamıyam. O, çox müasir düşüncəli adamdır. Bununla yanaşı, ailə dəyərləri və sənət haqqında onunla çox danışırıq. Yoldaşım başqa sahənin adamı olsa da, sənətə, xüsusilə, mənim sənətimə vurğundur. Bu baxımdan onunla həmişə məsləhətləşirəm. Açıq-saçıq səhnələr tələb olunanda, o, mənə deyir, sənin peşən, sənin seçimindir. Bir həftə səndən danışacaqlar, bitib gedəcək, amma işin qalacaq, ona görə də işinlə məşğul ol. Amma yenə deyirəm, onsuz addım atmaram. Artıq iyirmi yaşlı qız deyiləm, bəlli bir yaşım var.

- Məşhurluğunuz sizə nə zamansa zərər vurub?

- Yox. Mənim məşhurluğum televiziya ilə başlayıb. Çox heyfsilənirəm ki, kino karyeram, demək olar, yoxdur. Kino tarixində qalıcı bir işdən söhbət gedir.

- Niyə?

- Həmişə mənə deyirlər, avropalı qadınlara oxşadığıma görə milli filmlərdəki milli qadın koloritinə cavab vermirəm. Ümumiyyətlə, bizim filmlərdə qadınlara rolu ən axırda verirlər. Kinolarımız daha çox kişi rolları ilə zəngindir. Yaxınlarda bir seriala çəkildim, düşündüm ki, arxivdə bir ekran işim qalsın.

- Vaqif müəllim etiraz etməzdi seriala çəkilməyinizə?

- Yəqin, etiraz etməzdi. Bilirsiniz, bu yaxınlarda mənə sual verdilər ki, o dünyadan kimisə qaytarmaq mümkün olsaydı, kimi qaytarardın. İtirdiyim insanlar çox olsa da ağlıma Vaqif müəllim gəldi. Nənəm, babam, atam gəlmədi. Halbuki mən onları da çox sevirdim. Mən onda atalığı, dostluğu və sevgini görmüşəm.

- Başqa tələbələri də deyirlər, Vaqif müəllim bizim dostumuz, atamız olub. Bu baxımdan bir-birinizi qısqanmırdınız?

- Yox. O, bizi elə birləşdirib dost etmişdi ki, bir ailə olmuşduq. Bizim teatrda on altı nəfər işçi bir-biri ilə ailə qurmuşdu. Səkkiz ailə vardı. Yaqut (Yaqut Paşazadə red.) xanım, Sona (Sonaxanım Mikayılova red) xanım, Gülzar (Gülzar Qurbanova red.) xanım və digər xanım aktrisalarımızla müəllim dünyasını dəyişənə qədər bir ailə olmuşuq. Gülzar və Sona xanımla yenə də eyni münasibətdəyik. Bircə Təranə xanımla (Təranə Ocaqverdiyeva red.)rəqabət aparmışıq. O, məndən həmişə inciyir. Bizim yollarımız həmişə çəp gəlir, amma sonra barışırıq.

- Yaqut xanımla danışırsınız?

- Yox. Yaqut xanım teatrdan gedəndən sonra biz onunla danışmırıq.

- Buna cəhd də etməmisiniz?

- Yox, mənə o, lazım deyil axı. Yaqut xanımın yolu açıq olsun, Allah köməyində dayansın. Onun teatrdan getməyinə görə pis oldum. Çünki teatrımız bir aktrisanı itirdi. Amma teatrda bəzi problemlərin yaranmasında Yaqut xanımın da adı hallandı. Ona görə, ondan bir az incidik. Amma onun getməməsini istərdim.

- Bir aktrisa kimi boşluğu hiss olundu?

- Bunu mən deyə bilmərəm. Mən hiss etmədim, digərlərini deyə bilmərəm (gülür). Siz dediyiniz mənada mən necə hiss edim? Bunun tamaşaçılar daha yaxşı bilərlər.

- Zümrüd xanım, bir müddət əvvəl xərçəng xəstəliyindən müalicə olundunuz. Xəstəliyə qalib gəldiniz. Həmin müddətdə sizə vəziyyətdən çıxmağa nə kömək etdi?

- Birinci dəstəkçim müəllim oldu. Onda mənim 28 yaşım vardı, ailə də qurmuşdum. Həmin ərəfədə Vaqif müəllim də ağ ciyər xərçənginə tutulmuşdu. Mən xəstəliyimi öyrənəndə müəllim Türkiyədə müalicə olunurdu. Ona zəng vurub bu xəbəri deyəndə çox pis oldu, dedi, Züma, sən bunları necə yaşayacaqsan? Onda ona dedim, müəllim, narahat olmayın, yaxşı tələbə müəlliminə oxşamalıdır. Onun ölümünü mən onkologiya xəstəxanasının həyətində eşitdim. Telefonda qurdalananda, gördüm, yazıblar ki, Vaqif İbrahimoğlu vəfat edib. Həmin anı sizə təsvir edə bilmirəm. Özüm öz ölümümü düşünürəm, “ximya” qəbul edirəm və birdən müəllimimin ölüm xəbəri çıxır qarşıma. Ordan çıxıb qədri üstünə getdim. Cənazəsi önündə oturdum, ağladım. Öz canımla əlləşə-əlləşə həm də öz sonumu görürdüm (kövrəlir). O gün mənim üçün faciəvi oldu. Müəllimin getməsi ilə həyat getdi, işıq getdi.

Onunla axırıncı görüşümüz aeroportda olmuşdu. Türkiyədən qayıdırdı, ona demişdilər, müalicənin xeyri yoxdur. Mən isə Türkiyəyə gedirdim. Biz uzaqdan sağollaşıb ayrıldıq. Və mən Türkiyəyə gedib onun qaldığı otaqda qaldım, onun yatdığı çarpayıda yatdım. O zamanlar yoldaşım mənim yanımda qaldı, mənə çox dəstək oldu. O, gecələri mənim yanımda açılmayan kresloda yatırdı.

- Ehtiyat etmirdiniz ki, sizdən ayrıla bilər? Yaxud, özünüz ayrılıq təklif etməmişdiniz?

- Başqa kişi olsaydı, düşünərdim ki, məni atacaq. Amma bizim böyük sevgimiz var. Mən, əlbəttə, onun məni atmasından qorxurdum. Hətta özünə demişdim, məni atacaqsan. O isə dedi, bunu heç vaxt etməyəcəm, çünki səni sevirəm! Mən daxilən güclüyəm, heç vaxt yazıq kimi görsənmək istəmərəm. Bir qadın kimi, çox yəqin, çatışmayan cəhətlərim var, amma bunu heç vaxt yoldaşım tərəfindən hiss etməmişəm. Əksinə, hərdən mənə deyib, filan paltarı geyinmə, çox qəşəng görsənirsən. O, çox qısqancdır. Amma məni həmişə motivasiya edir.

- Övladınız olmadı...

- Olmadı. Amma mən seçim elədim. Övladım olsaydı, xəstəliyim güclənə, hormonlarım arta bilərdi. Ona görə də ya övlad, ya sağlamlıq seçimi qarşısında sağlamlığı seçdim. Əlimi allaha qaldırıb dua etdim, dedim, sən necə məsləhət bilsən, elə yaşayacam. Çox düşünəndən sonra belə qərara gəldim ki, ana olmasam da olar. Çünki yaşamaq istəyirəm. İndi mənim bacımın uşaqları var. Onlar mənə çox böyük təsəllidirlər. Bacımgilə gedəndə o uşaqlar mənim başıma dolanır. Bu baxımdan elə onları öz uşaqlarım hesab edirəm. Sevinirəm ki, həyatımda çox yaxşı dostlarım var. Dostsuz həyat yoxdur. Bir problemim olan kimi ən yaxın dostlarımdan biri Səidə Haqverdiyevaya, digər rəfiqələrimə zəng vururam. Danışırıq, görüşürük. İndi verilişim var, idarə etdiyim mərkəzim var. Yəni həyat, iş-güc başımızı qatır.

- Yoldaşınızda bu xiffəti hiss etməmisiniz?

- Yox, heç vaxt. O, həmişə mənə deyib ki, istəyirsən gedib uşaq götürək. Həmişə mənə deyib, sən olmayandan sonra sənin uşağın olsa belə onu neynirəm? Əslində, mən indi surroqat ana ola bilərəm, amma bunu da edə bilmərəm. Çünki əsas mənim sağlamlığımdır.

- Ədəbiyyat oxuyursunuz?

- Bəli. Kitab oxumağı çox sevirəm. Əgər mənim evimə gəlsəiniz, görərsiniz ki, evin böyük hissəsi kitablardan ibarətdir. Dünya, rus, Azərbaycan ədəbiyyatından olan kitablar...

- “Yuğ”çuların qəribə Ramiz Rövşən sevgisi var...

- Ramiz Rövşənin ruhu bizə çox yaxındır (gülür). Mən onu çox sevirəm, əzbərimdə də çoxlu şeirləri var. Çexovu, Dostoyevskini, Markesi, Kafkanı da çox sevirəm. Düzdür, Kafka bir az ağırdır, amma mən oxuyuram. Öz ədəbiyyatımızdan isə Cəlil Məmmədquluzadəni, İsa Muğannanı sevirəm. Mənə elə gəlir ki, İsa müəllim böyük və hələ kəşf olunmamış yazıçıdır. Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin şeirlərini çox sevirəm.

- Müasir yazıçılarımızdan kimləri oxuyursunuz?

- Seymur Baycanı, Şərif Ağayarı oxumuşam. Mirmehdi Ağaoğlunu, Kəramət Böyükçölü çox bəyənirəm. Kəramət yaxşı yazıçı ola bilərdi. Amma düzünü deyim, gəncləri çox oxumuram. Bu, bəlkə də, mənim səhvimdir. Seymur Baycanı əvvəllər bəyənirdim, amma bir dəfə Yuğa qarşı yanlış mövqe göstərdi. Bilmirəm, o vaxt üçün bu mövqe yanlış, ya doğru idi, amma bütün hallarda içimdə ona qarşı xoş olmayan hislər yarandı və yazdıqlarını da bəyənmədim. Yuğa qarşı xoş olmayan şeylər deyiləndə, mən onu heç vaxt içimdən ata bilmirəm.

Foto: Nicat Əlili

# 7207 dəfə oxunub

Müəllifin son yazıları

# # #