Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə

Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
19 oktyabr 2020
# 08:58

Kulis.az Rus Dram Teatrının aktyoru Yaroslav Trifonovla müsahibəni təqdim edir. Xatırladaq ki, aktyorun bu günlərdə Qarabağ müharibəsi ilə bağlı sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarını müdafiə edən video-müraciəti böyük rezonans yaratmışdı.

- Yaroslav bəy, müraciətiniz böyük rezonans doğurdu. O videonu paylaşmağa sizi nə vadar etdi?

- Sentyabrın 27-dən müharibə başlandı. Bir neçə gün özümə yer tapa bilmədim. Gördüm, hamı - bütün incəsənət adamları susurlar. Heç kimin səsi çıxmır. Üç-dörd gün nə yemək yeyə bildim, nə də yata bildim. Evdəkilər də mənə görə narahat olurdular ki, nəsə pis hadisə baş verməsin. Televizoru açan kimi görürdüm, rus kanallarının hamısında erməniləri dəstəkləyən təşviqat xarakterli verilişlər gedir. Onları tərifləyir, azərbaycanlıları pisləyirlər. Mən Azərbaycanda qalan, uzun illər burda yaşayan rus kimi onların danışığından dəhşətə gəlirəm ki, axı bunlar nə danışırlar. Onların deməyindən belə çıxırdı ki, guya burdakı rusları vurublar, onlar da hamısı qaçıb. Axı bütün bunlar yalandır. İndi də Azərbaycanda çoxlu rus yaşayır. Nəhayət, qərara gəldim ki, müraciət xarakterli həmin videonu paylaşım. Bu, mənim özümün, içimdən gələn bir hiss idi. Video da gözləmədiyim halda böyük maraqla qarşılandı. Yüz mindən çox paylaşım oldu. Almaniyadan, Fransadan, Rusiyadan, Sibirdən belə mənə yazanlar, minnətdarlıq edənlər oldu. Ermənilər təbii ki, məni söyüb yamanladılar, profilimi şikayət etdilər. Amma azərbaycanlı dostlarımın, izləyicilərimin sayəsində bir neçə günə profilim blokdan çıxdı.

- Tanıdığınız rusların, əhatənizdə olan qeyri-millətlərin Qarabağ hadisələrinə münasibəti necədir?

- Mənim işlədiyim teatrda daha çox atası azərbaycanlı, anası rus, tatar olan aktyorlar fəaliyyət göstərir. Təmiz rus tək mən qalmışam. İndi elə bir vəziyyət yaranıb ki, xalq hamısı bir olub. 1986-cı ildən Bakıda yaşayıram, burada bugünkü kimi xalq birliyi görməmişəm. İndi görürəm. Öz-özümə deyirəm, doğurdanmı biz indi yumruq kimi birləşmişik. Ona görə də inanıram ki, qələbə bizimlə olacaq.

- Sevinirsiniz?

- Çox sevinirəm. Üç-dörd gün öncə möhkəm ağlamışam. Otuz doqquz yaşım var, Gəncədəki hadisələri, binanın partladılmasını görəndən sonra ağladım. Özümü saxlaya bilmədim. Həmin hadisə vaxtı atası da, anası da həlak olan balaca uşağı gördüm, çox pis oldum. Bu hərəkətin adı terrordur.

- Sizin kövrəlməyiniz, qələbəyə sevinməyiniz həm də onu göstərir ki, yaşadığınız ölkədən, onların insanlarından heç vaxt inciməmisiniz...

- Heç vaxt elə şey olmayıb. Hətta 90-cı illərin ən pis vaxtlarında belə nə ruslara, nə ermənilərə qarşı Azərbaycanda pis münasibət olmayıb. İndi uşaq vaxtı uşaqlar hamısı bir-biri ilə dalaşa, söyüşə bilərdilər. Amma ciddi mənada heç vaxt təzyiq olmayıb. Hətta erməniləri belə o vaxtı azərbaycanlılar, maşınlara qoyub göndərirdilər. Burada çox az ölüm, döyülmə halları olub. Olubsa da, bunu Sumqayıt hadisələrində olduğu kimi ermənilər özləri törədiblər. Onlar çox əclaf xalqdırlar, onlar nəsə qazanmaqdan ötrü hər şeyə gedərlər. Aldadarlar, satarlar, uşaqları belə güllə qarşısına düzərlər.

Bu günə qədər milçək də öldürməmişəm. Baxıram ölən insanların videolarına, dəhşətə gəlirəm. Onların da anası var, bizimkilərin də. Yaşamaq lazımdır. Erməni qadınları niyə oğullarını bu döyüşə göndərirlər, anlamıram. Qoymasınlar də. Erməni anaları küçələrə, meydanlara çıxıb deməlidirlər ki, biz oğullarımızı özgə torpaqları üçün cəbhəyə getməyə qoymuruq. Qarabağın bizim olduğunu etiraf edib bunu etsinlər, qoymasınlar. Ermənilər bizdən üzr istəyə-istəyə Qarabağı geri qaytarmalıdırlar. Bizim uşaqlarımız, azərbaycanlı balaları ölməməlidir. Düzdür, biz vətən uğrunda döyüşürük, torpaqlarımızı işğaldan azad edirik. Ancaq şəhidlərimiz görəndə ürəyim sızıldayır.

- Qarabağ hadisələri haqqında nə bilirsiniz?

- Mən tarixdən çox şeylər oxumuşam. Və bilirəm ki, tarixən bütün bu hadisələrin kökündə Rusiya dayanıb. Ruslar üçün ermənilərin kimliyinin heç bir əhəmiyyət yoxdur. Ermənilər ruslar üçün heç bir əhəmiyyət daşımır. Sadəcə olaraq, Rusiyada da, dünyada da ən güclü diaspora ermənilərindir. Yerevanda heç kim yoxdur, amma dünyada söz deyən, pulu, imkanı yaxşı olan ermənilər çoxdur. Ona görə də indiki zamanda biz mətbuat, televiziya baxımından ermənilərə uduzuruq. Onlar pul gücünə insanları ələ alıb, TV-lərə çıxarıb onlara yalan sözlər dedirdirlər. Ancaq həqiqət bizim tərəfimizdədir. Solovyovun (“Rossiya-1” kanalında yayımlanan “Solovyovla bir axşam” verilişinin aparıcısını nəzərdə tutur - red.) verilişinə baxa bilmirəm. O kimdir axı?! O, danışanda az qalıram televizoru sındıram. Belələri vasitəsi ilə ermənilər dünyaya yalanlar yaymaqla məşğuldurlar. Ümidimiz bircə prezidentimizə və Allahadır. Mən inanıram ki, biz tezliklər torpaqlarımızı azad edəcəyik. Lap az qalıb...

- Azərbaycanın milli bayramları keçirirsiniz?

- Hamısını qeyd edirəm. Uşaqlığım Badamdarda keçib. Balaca olanda Novruz bayramında qonşulara papaq atırdım. Yayda dənizə gedirdim. İndi də gedirəm. Xəzər dənizi olmadan, Bakının, neftin qoxusu olmadan yaşamaq mənə çətin olar. Mənim həm rusdilli, həm də Azərbaycandilli dostlarım var. Onlar çox gözəl insanlardılar. Bu xalq çox mehriban, qonaqpərvər, xeyirxahdır. Heç vaxt ayağı büdrəyən, yıxılan insanın yanından biganə ötüb keçməzlər. Əgər bir insanın küçədə halı pis olubsa, azərbaycanlı onu elə vəziyyətdə qoymaz. Ümumiyyətlə, müsəlmanlar belədirlər. Onlar Allaha daha yaxındılar, daha hissiyyatlıdırlar. Düzdür, hamısı belə deyil, ancaq əsas etibarı ilə mən deyən kimidirlər. Azərbaycanlılar, müsəlmanlar kömək etməyi sevirlər. Burada qonşunun qapısını döyüb onun çaya dəvət edə bilirsən, Rusiyada belə deyil. Çünki orada qonşular illərlə bir-birlərini tanımır. Burada qonaq gəlibsə, ev yiyəsi onu çarpayıda yatırdar, özü isə döşəmədə. Metroda, avtobusda gənclər yaşlı insanlara, uşaqlara, qadınlara yer verirlər. Kartda pul olmayanda başqası öz kartını sənin yerinə vurur və pulu götürmür. Bütün bunlar çox gözəldir. Dünyanın heç bir yerində belə şey yoxdur. Bütün bunları mən görmüşəm. Çünki ömrümün otuz beş ilini burada yaşamışam.

- Dinə münasibətiniz necədir?

- Mən Allaha inanıram. Onun adı ilə durub, onun adı ilə də yatıram. Kilsəyə də tez-tez gedirəm. “28 May” metrosunun yaxınlığında yerləşən provaslav kilsəsinə gedirəm. Mir Möhsün ağanın ziyarətinə də gedirəm. Hər ay onu ziyarət edirəm. Ona inanıram.

- Mir Mövsüm ağa ziyarətgahına gedəndə nə fikirləşirsiniz, necə dua edirsiniz?

- Mən nə rus dilində, nə də Azərbaycan dilində dualar bilmirəm. Xaç çevirmirəm. Mənə görə Allah insanın qəlbindədir. Mən elə öz bildiyim kimi dualar edirəm. Deyirəm, ilahi, sən bizi bağışla. Ona görə ki, biz doğru yaşamırıq. Tanrı yəqin ki, bizi görür və özlüyündə deyir, niyə siz bir-birinizə nifrət edirsiniz? Mən sizə həyat verirəm, amma siz bir-birinizi öldürürsünüz, həyatınızı məhv edirsiniz. Yəqin, o, artıq bizim dəyişməyəcəyimizi görüb, əlini bizim üstümüzdən çəkib. Məncə, tanrı haqlıdır. Ona görə ki, insan yer üzünün ən ali varlığıdır. Ondan üstünü yoxdur. Ancaq düşüncə etibarı ilə hər şeyi məhv edirlər. Mən insanları tanıdıqca, heyvanları daha çox sevməyə başlayıram.

- Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün başqa nələr edirsiniz?

- Mən əlimdən nə gəldisə, etdim. Ötən gün yazıçı Çingiz Abdullayevin, junalist Sədaqət Qədirovanın rus kanalındakı çıxışlarına baxdım. Çox gözəl danışdılar, ancaq onlar təkdirlər. Bizə Şevçenko və İqor Korotçenkodan başqa heç kim dəstək vermir. İki nəfər isə çox azdır. Bizim çox imkanlı, varlı uşaqlarımız, iş adamlarımız var. Yaxşı olardı ki, bu kimi məsələlərə maddi və mənəvi yardım etsinlər, diasporamız gücləndirilsin. Biz doğru olan tərəfik. Amma bu doğruları bacardığımız qədər dünyaya çıxarmağı bacarmalıyıq. Rusiyada, Avropada öz həqiqətlərimizi yaymalıyıq. Hərçənd, bayaq dediyim kimi, ruslar ermənilərin kim olduğunu gözəl bilirlər. Ermənilər düşdükləri yerə yayılıb, oraları qamarlayan millətdir.

Biz güclü təbliğat aparmalıyıq. Bu iş üçün imkanlı şəxslər mütləq öz köməkliyini etməlidir. Rusiyada erməniləri tanısalar da onların təşviqatına inanırlar. Baxmayın, aradan 30 il keçib, nəsillər yenilənib. Xocalı hadisəsi 1992-ci ildə olub. Yeni nəsillərə biz həmin tarixləri öyrətməliyik. Erməni xalqının törətdiyi cinayəti göstərmək lazımdır. Niyə İradə Zeynalova, Samir Əhmədov susurlar? Biz sadə adamlarıq. Biz burda nə desək, danışsaq da elə burda qalacaq. “ORT”, “Rossiya-1” və digər kanallara çıxmayacaq. Hətta gedib çıxsa belə o kanalların redaktor kürsüsündə oturan ermənilər bunların yayımlanmasına imkan verməyəcək. Rusiyada ermənilər çox vacib sahələrdə əyləşiblər. Ona görə də bizim mətbuat təşviqatımız gücləndirilməlidir.

- Şəxsən siz Rusiyadakı soydaşlarınıza ilk növbədə nə çatdırmaq istərdiniz?

- Rusiya bilməlidir ki, Azərbaycanda minlərlə rus yaşayır. Mən təmiz ruslardan bəhs edirəm. Hələ azərbaycanlı, ləzgi, tatarlarla ailə quran rusları demirəm. Ermənistanda isə bircə rus da yoxdur. Rusiya bu həqiqəti bilməlidir. Rusiyadan bura gəlirlər, dincəlib, əylənib gedirlər. Ermənistana heç kim getmir, ora heç kimə lazım deyil. Bizdə xeyli festivallar keçirilir. Rus dilində TV kanalları, teatrlar, məktəblər, kilsələr, rus cəmiyyətləri var. Rusiya bilməlidir ki, Azərbaycan biz rusların dostudur.

- Yaroslav bəy, bəlkə Azərbaycanda qalıb-işləməyinizin tarixçəsini də danışasınız.

- Mən Qroznıda doğulmuşam. Atam Vladimir Yaroslav Rusiyada İncəsənət Universitetini bitirəndən sonra anamla tanış olub. Anam teatrda qrim ustası işləyib. Ailə qurub Bakıya gəliblər. Atam aktyor kimi Rus Dram Teatrından işləməyə başlayıb. Atam dünyasını dəyişib. Anam, qardaşım, bacım və mən Bakıda yaşayırıq. Mən altı yaşımdan teatrda böyümüşəm.

- Babanız sizin aktyor olmağınızı istəməyib, hətta deyib ki, mən Bakıda qalsaydım, sən aktyor ola bilməzdin.

- Elədir. Babam Stavropolda yaşadı, orda da 96 yaşında dünyasını dəyişdi. Həmişə mənə deyirdi ki, mən niyə ölmürəm. Deyirdim, ay baba, niyə ölmək istəyirsən ki, yaşa da. Deyirdi, yox, yorulmuşam, gözüm görmür, qulağım eşitmir, sənin üzünü artıq görə bilmirəm. Niyə yaşayıram axım mən? Yəqin, allah məni sevmir, ona görə məni aparmır. Ya da uşaq vaxtı qorxumdan evimizdəki ikona şəklini cırdığım üçün tanrı məni cəzalandırır, öldürmür, incidir. O, istəyirdi ki, mən hərb sahəsinə gedim, amma mənim atam aktyor idi, mən də teatrda böyümüşdüm, ona görə, bu sahə məni cəlb etdi. Bilirsiniz, aktyorluq sənəti çox çətindir. İntriqasız teatr yoxdur. Ancaq mən belə şeylərlə heç vaxt məşğul olmamışam. Bundan sonra da olmaram. Mənim üçün sənətkar, aktyor nümunəsi Fuad Poladov idi. O, aktyor kimi möhtəşəm idi. Həm də böyük şəxsiyyəti, xarakteri vardı. Onun xasiyyətində intriqa yaratmaq, söz-söhbət etmək yox idi. Fuad Poladovu tamaşa bitəndən beş dəqiqə sonra teatrda heç kim görə bilməzdi. Otağına girib paltarını dəyişib gedərdi. Mən onun kimi olmaq istərdim. Bu əsl kişi xarakteridir.

Babam bu ilin aprelində dünyasını dəyişdi. Mən onun yanına tez-tez gedirdim. Hər dəfə də düşünürdüm ki, heç vaxt Rusiyada yaşaya bilmərəm. Gedərəm, gəzib dolanaram, amma yenə də bura qayıdaram. Burda artıq hamını tanıyıram, məni tanıyırlar. Mən buranın hər daşına bələdəm. Bura mənim vətənimdir. Burada yazın gəlişi də özünə məxsusdur. Başqa yerlərdə belə deyil. Rusiyada yaşamaq mənim üçün darıxdırıcı olar. Hətta mən bir neçə eksperiment də etmişəm orda olanda; insanlardan saatı soruşanda sənə ya cavab vermirlər, ya da çox gec, candərdi deyirlər. Və yaxud da hansısa ünvanı soruşsan, çox acıqla bilmədiklərini deyirlər.

- Son dövrlər Avropa və rus rejissorlarının çəkdiyi filmlər, Andrey Zvyagintsevin “Sevgisizlik” filmi də insanların bir-birinə soyuq münasibətindən, sözün əsl mənasında sevgisizlikdən bəhs edir. Elə yaşamaq çətin olar...

- Onlar artıq öyrəşiblər, çünki soyuq insanlardılar. Günəş işığının azlığından əziyyət çəkirlər. Yeganə məqsədləri işləmək və varlanmaqdır. Bizdə elə deyil. İşləmirsən, pul yoxdu, eybi yox, hər şey keçib gedəcək, yaxşı olacaq deyirik.

- Rejissorların sizi davamlı olaraq əcnəbi rollara çəkməsi sizdə kompleks yaradır?

- Kompleks yaratmır. Bu, birbaşa mənim işimdi. Alnıma belə yazılıb, nə etmək olar. Bu yaxınlarda rejissor İlqar Nəcəfin “Qar” filmində Moskvadan gələn NKVD əməliyyatçısını canlandırmışam. Yəni, mənim filmoqrafiyamda müsbət obraz yoxdur.

Sonralar belə rollara çəkilməkdən imtina etdim. Hətta Vaqif Mustafayev 20 Yanvar haqqında film çəkəndə mənə təklif olunan belə rollardan birindən imtina etdim. Vaqif Mustafayevin “Yaddaş” filmində məscidi partladan terroristi canlandırırdı. Bu filmdəki rolum isə 90-cı ildə şəhərə girib insanları öldürən tank komandiri obrazı idi. Ruslarla bağlı nə qədər mənfi obraz var, hamısını canlandırmışam. Mən başa düşürəm, bunlar tarixdir və kino dili ilə insanlara çatdırılmalıdır. Ancaq daha yorulmuşam, istəmirəm kimsə küçədə tutub məni döysün (gülür).

Amma bu, yenə deyirəm, mənim işim, sənətimdi. Həm də axı burda yaxşı ruslar da vardı, yenə də var. Azərbaycanın Milli qəhrəmanı olan ruslar da çoxdur, indi də döyüşə gedən ruslar var. Onları da canlandırmaq istərdim. İndi məndən soruşurlar ki, döyüşə çağırsalar gedəcəksən? Deyirəm, əlbəttə, gedəcəm. Mən harasa qaçan, anasının arxasında gizlənən adam deyiləm.

Foto: İlkin Nəbiyev

# 10802 dəfə oxunub

Müəllifin son yazıları

# # #