Andrey Tarkovski: “Nüvə müharibəsi şeytan üçün belə qələbə olmaz” – Müsahibə

Andrey Tarkovski:  “Nüvə müharibəsi şeytan üçün belə qələbə olmaz” – Müsahibə
10 dekabr 2022
# 16:00

Kulis.az dünya kinosunun nəhənglərindən biri hesab olunan Andrey Tarkovskinin 1986-cı ildə Tomas Consona verdiyi müsahibəni təqdim edir.

– İnsan və insan nəsli qarşısında məyusluğa məruz qaldığınız hiss olunur. Hətta filmlərinizi seyr edərkən insanlığın bir parçası olmaqdan utanmaq olur. Quyunun dibində işıq varmı?

– Nikbinlikdən, bədbinlikdən danışmaq axmaqlıqdır. Bunlar mənasız məfhumlardı. Üzərlərinə nikbinlik yorğanı çəkənlər bunu siyasi və ya ideoloji əsaslarla edirlər. Əslində isə nə düşündüklərini bildirmək istəmirlər. Qədim rus atalar sözündə deyildiyi kimi, "bədbin, yaxşı bilən nikbindir". Nikbinin mövqeyi ideoloji olaraq fırıldaqçılıqdır; teatraldır, səmimiyyətdən məhrumdur. Ümid isə əksinə daha insanidir, insanlıq halıdır. İnsanlar ümidlə doğulurlar. İnsan həqiqətlə qarşı-qarşıya qaldıqda ümidini itirməz. Çünki ümid rasional deyil. Məntiq nə qədər irəli gedirsə getsin, qarşısında ümid var. Tertullian "inanıram, çünki inanmaq səfehlikdir" deyəndə çox haqlı idi. Ümid, həyatın ən acı həqiqətləri qarşısına səpilərək inkişaf prosesindədir. Bu məhz qorxu və dəhşətə görə görə belədir. Eynilə gözəllik kimi qorxuya inanan biri də ümiddən bəhrələnir.

– Həyatınız boyu sizi ən çox hansı yuxularınız təsirləndirdi? Yuxu görürsünüz?

– Yuxularım haqqında çox şey bilirəm. Yuxu mənim üçün əhəmiyyətlidir. Amma onlar haqqında çox danışmaq istəmirəm. Sizə yalnız yuxularımı iki qrupa ayırdığımı deyə bilərəm. Bizə məlum olmayan o biri aləmdən, o tərəflərdən gələn vəhiyvari yuxular, bir də həqiqətlə təmasımdan yaranan yuxularım var.

Vəhiyvari yuxularımı yenicə yuxuya gedən zaman, ruhum yer üzünün düzənliklərindən ayrılıb dağın təpəsinə doğru qalxanda görürəm.

İnsan gündəlik həyatdan uzaqlaşanda, yavaş-yavaş oyanmağa başlayır. Oyandığı zaman ruhu hələ də saf olur. Yuxusundakı görüntülər də mənayla dolu olur. Bizi azad edən şeylər yuxarılardan gələn bu cür mənzərələrdi. Amma məsələ burasındadır ki, bu mənzərələr sürətlə yerdəki görüntülərə qarışıb gedir, geri qaytarılması isə çətinləşir. Dəqiq olan bir şey var ki, o da budur: Orada, yuxarıda zaman tərsinə çevrilə bilir. Bu da mənə zamanın və məkanın yalnız maddi reallıq içərisində var olduğunu göstərir. Zaman obyektiv deyil.

– "Solyaris" filmini niyə sevmirsiniz? "Solyaris"in kədərli olmayan tək filminiz olması buna səbəb ola bilərmi?

– Güman edirəm, şüura çatma, dərk etmə fikri "Solyaris"də çox gözəl ifadə edilir. Problem bundadır ki, filmdə elmi baxımdan dəbdə olan çoxlu gözəl cihazlar var. Orbitə daxil olan kosmos stansiyaları, texnologiya, bütün bunlar məni hədsiz formada qəzəbləndirir. Məncə müasir, texnoloji mexanizmlər insan səhvinin simvollarıdı. Müasir insan, maddi inkişafıyla nəyin arxasınca gedəcəyini bilməyən yırtıcı heyvan kimi həqiqətin praqmatik hissəsi ilə çox məşğul olur. İnsanın qədim və naməlum bir dünyaya duyduğu maraq itib getdi. Bu gün insan bir növ soxulcana çevrilməkdədir. Onu, bunu udub arxasında kiçik tullantı qalıqları qoyan bir həşərat kimidir. Bir gün dünya insan onu udduğu üçün yox olub getsə, heç təəccüblənməyin. Özümüzü insanın əsas məsələsindən, mənəvi dünya ilə, maddi dünya arasında uyğunluq təmin olunması məsələsindən uzaqlaşdırmaq üçün kosmosa gediriksə, bunun bizə nə faydası var?

Modernizm baxımından özünüzü harda görürsünüz?

– Bir ayağı bir qayığın kənarında, o biri ayağı da başqa bir qayığın kənarında olan adam kimi görürəm. Qayıqlardan biri dümdüz irəli gedir, biri də sağa dönür. Yavaş-yavaş suya düşməkdə olduğumu anlayıram. İnsanlıq indi tamamilə bu vəziyyətdədir. İnsan özünü aldatdığını başa düşməsə, gələcəyinin çox qaranlıq olacağını düşünürəm. Amma gec-tez bunu anlayacağını bilirəm. Yatmazdan əvvəl bir tərəfini çərtdiyi üçün qan itkisindən ölən bir hemofiliya xəstəsi kimi insan da eləcə yox olub gedə bilməz. Sənətin, insana mənəvi bir varlıq olduğunu, sonunda geri dönən nəhayətsiz genişlikdə ruhun bir parçası olduğunu xatırlatmaq üçün var olması lazımdır. İnsan bu suallarla məşğul olursa, özünə bu cür suallar verirsə, deməli mənən xilas olmuşdur. Cavabın olub olmaması o qədər də əhəmiyyətli deyil. Çünki özünə bu cür suallar verməyə başlayan andan etibarən insanın keçmişdəki kimi yaşamayacağını bilirəm.

– Qəribədir, sizin filmlərinizi sevənlər Spilberqin filmlərini də sevirlər, həm o, da uşaqları çox sevir. Spilberqin filmlərinə baxmısınızmı? Necə qiymətləndirirsiniz?

– Bu sualı verərək, nədən bəhs etdiyiniz haqqında heç bir fikriniz olmadığını göstərirsiniz. Spilberq, Tarkovski sizin üçün hamısı eynidi. Səhviniz var! İki növ rejissor var: Kinonu sənət növü kimi görüb özlərinə şəxsi suallar yönəldənlər, işi əzab, lütf, zərurət kimi görənlər, bir də kinonu pul qazanmaq vasitəsi kimi görənlər. Bu kino ticarəti adlanır.

Misal üçün "Yadplanetlilər" xeyli sayda insanı məmnun etmək üçün yüksək səviyyədə hazırlanıb çəkilmiş filmdir. Spilberq bu filmi ilə məqsədinə çatdı. Əhsən. Ancaq mənim çatmaq istədiyim məqsəd heç vaxt bu olmayıb. Maraqlanmamışam da. Sizə bir misal çəkim. Moskvada, turistlərlə birlikdə 10 milyon insan üçün yalnız üç klassik konsert zalı var: “Çaykovski” salonu ilə konservatoriyanın böyük və kiçik salonları. Çox az yerdi, amma hamını qane edir. Buna görə heç kim musiqinin artıq Rusiyanın həyatında bir rolu olmadığını söyləmir. Əslinə baxsanız, mənən güclü, ilahi, bu möhtəşəm musiqi sənətinin varlığı artıq kifayətdir. Məncə, populist sənət söhbəti cəfəngiyyatdır. Sənət hər şeydən əvvəl aristokratikdir. Musiqi sənəti ancaq aristokratik ola bilər, çünki yaradıldığı anda, kütlənin şüursuz olaraq içinə çəkildiyi mənəvi səviyyəni ifadə edir. Əgər hər kəs bu cür əsərləri anlasaydı, o zaman çəmənlikdə bitən zəmi kimi ortalıq şedevr əsərlərlə dolu olar, həmin əsərlər üçün edilən həmlələri yaradan potensial fərqliliyi olmazdı.

– Ancaq siz Rusiyada çox məşhursunuz. Filmlərinizin biletləri çox yaxşı satılır.

– Əvvəla onu deyim ki, mən Rusiyada qadağan olunmuş bir rejissor kimi qəbul olunuram. Bu da xalqı həyəcanlandırır. İkincisi də ifadə etməyə çalışdığım mövzuların ruhumun dərinliklərindən gəldiyini zənn edirəm. Bu mövzular mənim üçün vacib olduqları qədər yəqin ki, başqaları üçün də önəmlidir. Üçüncüsü də filmlərim fərdin özünü ifadəsi yox, bir duadır. Film çəkdiyim gün müqəddəs gün kimi ötüb keçir. Həmin gün sanki ikonanın qarşısında şam yandırıb, oraya bir dəstə çiçək qoyuram. Tamaşaçı isə ona deyilənlərin nə zaman səmimi olduğunu həmişə anlayır. Daha sadə, axmaq, ya da ağıllı görünmək üçün yeni bir dil icad etmirəm. Həqiqətdən cüzi formada uzaq olmaq belə dialoqu pozar.

Zaman mənim lehmə işlədi. İnsanlar mənim təbii bir dildə danışdığımı, rol oynamadığımı, onları axmaq yerinə qoymadığımı, sadəcə düşündüklərimi dediyimi başa düşdükləri zaman mənimlə maraqlanmağa başladılar.

– Siz də Soljenitsin kimi Qərb dünyasının tənəzzülə uğradığını, həqiqətin ancaq şərqdən çıxa biləcəyini düşünürsünüz?

– Mən bu cür proqnozlar verməkdən xeyli uzağam. Bir pravoslav olaraq Rusiyanı mənəvi evim hesab edirəm. Rusiyanı bir də heç vaxt görməsəm belə əsla qınamaram. Bəziləri həqiqətin qərbdən, bəziləri isə şərqdən gələcəyini deyirlər. Amma işə baxın ki, tarix sürprizlərlə doludur. Rusiyada mənəvi və dini oyanışın şahidi oluruq. Buna ancaq yaxşı inkişaf demək olar. Lakin, üçüncü bir yolun tapılması üçün hələ çox uzağıq.

– Ölümün digər tərəfində nə var? İçinizdə o biri tərəfə keçmisiniz kimi hiss varmı? Nələr gördünüz?

– Bir tək şeyə inanıram: İnsan ruhu ölümsüzdür, yox edilməzdir. O biri tərəfdə heç nə olmaya da bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. Əslində isə ölüm dediyimiz hər nədirsə bu ölüm deyil. Oyanışdır. Bir qurd baramaya çevrilir. Güman edirəm ki, ölümdən sonra həyat var və insanın cəsarətini qıran da budur. Özümüzü naqildən aralanmış telefon xətti olaraq görmək çox asan olardı. O zaman istədiyiniz kimi yaşaya bilərdiniz. Tanrının isə heç bir əhəmiyyəti olmazdı.

Tamamlamaq məcburiyyətində olduğunuz bir missiyanız olduğunu, bunun insanlığa qarşı vəzifəniz olduğunu nə zaman anladınız?

– Bu tanrıya qarşı vəzifədir. İnsanlıq sonra gəlir. Sənətkar insanların fikirlərini toplayıb yoğurur və insanların səsinə çevirir. Ardı işləmək və xidmətdən ibarətdir. Mənim estetik və etik söhbətim bu vəzifə ilə tamamlanır.

– Bu dünyadan ayrılmazdan əvvəl insan övladına demək istədiyiniz son şey nədir?

– Söyləmək istədiyim hər şey filmlərimdədir. Mənim üçün hazırlanmamış kürsüyə çıxmaq imkansızdır.

– "Möhürlənmiş Zaman" adlı kitabınızda "Qərb daim səslənir: Bax! Bu mənəm! Bax necə əzab çəkirəm! Necə sevirəm! Mən! Mən! Mənəm!" deyirsiniz. Məşhur bir sənətkar olaraq eqo problemini necə həll etdiniz?

– Bu problemi hələ də həll edə bilməmişəm. Amma hər zaman şərq mədəniyyətinin gücünü, təsirini üzərimdə hiss etdim. Şərq insanı özünü mövcud olan hər şeyə bəxş etməyə çağırır. Qərbə isə əhəmiyyətli olan özünü göstərmək, özünə dəyər verməkdir. Bu mənə yazıqca, sadəlövh, iyrənc, mənən aşağı və insanlıqdan uzaq olmaq təsiri bağışlayır. Bu mənada getdikcə daha çox şərqli oluram.

– Niyə "Qurbanvermə" filminizin sonunda deyildiyi kimi "başlanğıcda söz vardı?"

– Sözdən səhv formada istifadə edirik. Söz, yalnız həqiqət olduqda sehrli qüvvəyə malik olur. İndi söz, fikirləri gizlətmək üçün istifadə olunur. Afrikada yalan danışmağın nə olduğunu bilməyən bir qəbilə var. Ağ adamlar onlara yalanın nə olduğunu izah etməyə çalışmış, lakin, onlar bunu anlamayıblar. Bu ruhların sirrini anlamağa çalışın, o zaman nə üçün başlanğıcda söz olduğunu anlayarsınız. Sözün vəziyyəti dünyanın mənəvi vəziyyətini göstərir. Bu gün artıq söz ilə sözün izah etdiyi şey arasındakı uçurum getdikcə dərinləşir. Çox qəribədir. Bir müəmmadır!

– Dünyanın, daha doğrusu müəyyən olunmuş bir dünyanın sonuna yaxın bir dövrdəmi yaşayırıq?

– Nüvə müharibəsini qəsd edirsiniz? Bu şeytan üçün belə qələbə olmazdı. Nüvə bombası ilə dünyanın məhvi kibrit çöpləri ilə oynayan bir uşağın evi yandırmasına bənzəyərdi. Onu oda qarşı ehtiraslı olmaqda belə günahlandıra bilməzsiniz. İnsan kifayət qədər təcrübəli deyil. İnsanın tarixi öyrənməsi lazımdır. Tarixdən öyrəndiyimiz bir şey varsa, o da bizə heç nə öyrətməməsidir. Çox pessimist bir nöqtəyə gəlirik. İnsan öz səhvlərini dəfələrlə təkrarlayır. Dəhşətdir. Bu da başqa bir müəmmadır! Tarixin daha yüksək səviyyəyə keçməsi üçün çox əhəmiyyətli mənəvi səfərbərlik etməyimizin lazım olduğuna inanıram. Ən əhəmiyyətli şey elm əldə etmə azadlığıdı. İnsan sərhədsiz formada elm, savad əldə etməlidi. Yeganə müsbət vasitə budur. Sərhədsiz həqiqət başlanğıc nöqtəsidir.

# 2967 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #