Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
16 aprel 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən səkkizinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

I HİSSƏ

II HİSSƏ

III HİSSƏ

IV HİSSƏ

V HİSSƏ

VI HİSSƏ

VII HİSSƏ

VIII HİSSƏ

IX HİSSƏ

Xalamgildə günlər çox darıxdırıcı və usandırıcı oldu. Onların yaşam tərzi monoton idi. Hər gün səhər xalam oğlu universitetə dərsə, xalamın əri işə gedərdi. Əlini ağdan-qaraya vurmayan xalam qızı geyinib-keçinib xalamla birgə musiqi texnikumuna dərsə gedirdi. Xalam qızını dərsə özü aparıb gətirərdi. Günorta saat 2-yə qədər qardaşımla qalardıq evdə. Televizora, radioya, musiqi alətlərinə, kitablara əl vurmaq qəti qadağan idi. Günüm saatlarca eyvandan qarşı binadakı yəhudi ailəsini izləmək və qəfəsdəki tutuquşularla söhbətləşməklə keçirdi. Qardaşım şahmat taxtasını qarşısına qoyub özü ilə şahmat oynayardı. Hərçənd, şahmat taxtasına əl vurmaq da yasaq idi.

Qarşı mənzildə daha çox kor və yaşlı qadını izləyirdim. Bu səssiz-səmirsiz ailə dörd nəfərdən ibarət idi. Ər, arvad, oğul və bibi. Yaşlı və kor qadın bibi idi. O, səhərin erkən saatlarında yuxudan qalxıb əllərini aynabəndin sürahisinə, divarlara sürtə-sürtə gəzişirdi. Uzun, nazik saçları vardı. Hər gün iki dəfə - bir səhərlər, bir də şər qarışandan sonra saçlarını darayardı. Heç vaxt yığmazdı saçlarını. Ardınca hansısa vəzifədə çalışan balacaboy, ciddi görkəmli, qırmızısifət qardaşı yuxudan qalxardı. Onun ardınca isə oğlu...

Onlar stolun ətrafında əyləşib səhər yeməyi yeyərkən evin sısqa, xəstə sifətli xanımı onlara qulluq edər, tez-tez məktəb yaşlı oğlunun sarı saçlarından öpərdi. Oğlanın on-on iki yaşı olardı. Yaraşıqlı idi. Etiraf edim ki, ona vurulmuşdum. Amma aramızdakı fərqli dünyagörüşü tez anladığımdan, onu eyvandan izləyib pərəstiş etməklə kifayətləndim.
Oğlanı məktəbə xüsusi maşın aparardı. Stoldan qalxan kimi bayaqdan mətbəxdə eşələnən ana tələsik gəlib onu qucaqlayar, sarı, pişik başına oxşayan yumru başını sinəsinə sıxıb çoxlu-çoxlu öpürdü. Qadının bu hərəkəti mənə ifrat sevgi nümunəsi kimi görünsə də, xoş gəlirdi.

Oğlan anasının bu hərəkətlərinə müti bir sakitliklə boyun əyər, anasının öpüşlərinə cavab verərdi.

Hansı günsə qucaqlaşıb öpüşmə səhnəsi uzandı. Siqnal səsi onları bir-birindən ayırdı. Ata maşında idi və görünür tələsirdi. Oğlan anasının qoynundan çıxıb tez-tələsik pillələri düşməyə başladı. Qucağı boş qalan qadın uzun zaman yerindən tərpənmədi.

Bir gün mənzildə iki-üç qara paltarlı qadın və kişi gördüm. Elə bildim kor qadın rəhmətə gedib. Çünki o, həm yaşlı, həm də xalamın dediyinə görə, şəkər xəstəsi idi. Birdən bibi də, ata da gözə dəydilər. Görünməyən oğul və ana idi. Günortaya yaxın oğlan da göründü. Ana yox idi… Günortadan sonra qəhvəyi laklı tabutu pilləkənlərdən düşürüb maşına qoydular. Bütün ev səssizliyə büründü. Mənə elə gəldi ki, ana yenə pəncərə önündə, əlləri uzalı vəziyyətdə dayanıb oğlunu harasa yola salır.

Anasız evdə heç nə dəyişmədi. Hər şey öz axarı ilə gedirdi. Bir ay keçməmiş mənzildə 35-40 yaşlarında ağ önlüklü qadın peyda oldu. Bir müddət sonra isə o, önlükdən istifadə etmədi. Çünki, sakit və mütəvazi bir şəkildə evin kişisinə ərə getdi.

Xalamgildə bizə münasibət günü-gündən soyuyurdu. Ev əşyaları qadağası sərtləşmişdi. Hətta xalam qızı pianino dərslərimin yarımçıq qaldığını bilə-bilə məni pianinoya toxunmağa qoymurdu. İnsafla deyim ki, buna mən özüm də elə həvəsli deyildim.

Axşamlar xalam oğlunun alıb gətirdiyi videokasetlərə bir saat, iki saat baxmaq icazəmiz vardı. Həmin vaxtı bütün ailə balaca “Sony” markalı televizorun qarşısına yığışırdı. Xalamın qızı duzlu suda isladıb qovurduğu tumları fəxrlə nəlbəkilərə töküb bizə verirdi. Yalnız həmin vaxt bizə az da olsa maraqlı anlar yaşadan xalamız oğluna minnətdar olurduq.

Bir səhər qardaşımın qulağı möhkəm ağrıdı. Qulağından çirk axırdı. Xalam əvvəllər tibb bacısı işləmişdi. Qardaşımın qulağına dərman tökdü, lakin köməyi olmadı. Sabahısı yuxudan oyananda mənə doğma olan səs eşitdim. Əvvəl yuxu sandım. Görəndə gözlərimə inanmadım. Anam gəlmişdi! Qalxıb onu qucaqladım və hönkürdüm. O ki, var ağladım anamın üstünə. Amma heç nə demədim. Anamın qanı qara idi. O, qardaşımın irinli qulağına baxıb xalama dedi: “Mən sənə belə uşaq vermişdim?!”

Günorta qapının zənginə ilk qaçan mən oldum. Gələn uşaqlıq dostumuz, çoxdan gözlədiyim Vaqif idi.

O, Əhmədlidə yaşayan böyük dayımın bircə oğlu idi. Onu hamıdan çox istəyirdim. Musiqi Akademiyasını bitirmişdi. Təzə-təzə məşhurlaşan müğənni Elçin Cəlilovla yaxın dostluqları vardı. Maraqlı bir şəkli də çəkdirmişdilər. Mən həmin şəkli rayonda qızlara göstərmək üçün Vaqifdən almışdım. Sonralar həmin fotonu qəzetdə iş yoldaşım olan bir xanıma bağışladım. Həmin xanım Elçinlə ailə qurmuşdu. Sonralar Elçin də yüksək dozalı narkotik qəbulundan həyatını itirdi.

Vaqif musiqiylə istədiyi qazancı əldə edə bilmədiyindən, bəlkə də etmək istəmədiyindən üz tutmuşdu xarici ölkələrə. İlk dayanacağı Moskva şəhəri olmuşdu. Hamı elə bilirdi ki, Vaqif Rusiyaya pul qazanmaq üçün gedib. Belə deyildi. Onu bu gedişə həm də nakam məhəbbət sövq etmişdi. Almaniyada hərbi xidmətdə olub geri qayıdanda dünyalarca sevdiyi qızla möhkəm mübahisəsi düşdü. Qız başqasına ərə getdi. Ondan geriyə yığın-yığın fotolar, gündəliklər qalmışdı.

Vaqif qapıdan içəri girən kimi onun həmişəki şıq görkəmi, ətrinin qoxusu bütün evə sirayət etdi. Hətta üzdə olmağı sevməyən xalamın qızı da bər-bəzəklə çıxdı Vaqifin qarşısına.

Biz varımız-yoxumuz olan çirkli paltarlarımız yığılmış çantaları götürüb onunla yola düşdük.

Sevincimin həddi yox idi. Uşaqlığımın qəhrəmanı olan bir insanla, hər addımda qızları ovsunlayan yaraşıqlı oğlanla yanaşı getməkdən fəxr duyurdum. Sanki ətrafdakı gözəl şəhər qızlarına acıq verirdim.

Amma ilk dəfə mindiyim metroda uğursuzluq yaşadım. Eskalatorda qorxudan əsirdim! Yeriyən pilləkənlər məni əməlli-başlı qorxuya salmışdı. Bütün gün ərik, gilas ağaclarının başında oynayan əyalət qızcığazı indi texnikanın nəhəngliyi qarşısında dördgöz olmuşdu. Vaqif bacımın və qardaşımın əlindən tutub onları eskalatordan düşürtdü. Mən anamla yanaşı dayanmışdım. Son pillələr yaxınlaşanda, ayağımın altında düzləşən pillələrin nazik yarıqlarına baxdıqca gözlərim qaraldı. Anam nə qədər çalışdısa da, məni eskalatordan düşürdə bilmədi.

Anamla metal pillələrin üstünə yıxıldıq. Nəzarətçi qadının pillələri saxlaması və anamın əynindəki qalın qış paltosu onun ayaqlarını kəsilməkdən qurtardı. Üz gözüm qızarmışdı. Məni qalxızıb oturacaqlardan birində əyləşdirdilər. Hamı dərin təəssüf içərisində idi, lakin heç kim məni danlamırdı. Anamın gözləri dolmuşdu. Mən hıçqıra-hıçqıra ağlayarkən, Vaqif mənə yaxınlaşıb üzümdən öpdü və anama baxıb dedi:

- Bibi, narahat olmayın, hər şey yaxşı olacaq.

Anam başını bulayıb dedi:

- Qırx ildə qazandığımın hamısını bir günün içərisində itirdim. Bundan sonra heç nə asan olmayacaq!

Dayım evi xalamın eviylə müqayisədə mənə cənnəti xatırladırdı. Onların 4 otaqlı evi işıqlı və sadə təmirli idi. Dayımın xanımı, qızları bizi o qədər ürək açıqlığı ilə qarşıladılar ki, bir anda özümü dünyanın ən xoşbəxti hiss etdim. Anam elə həmin günün səhəri geriyə qayıtdı. Bu dəfə biz üç uşaq dayımın umuduna qaldıq. Günlərimiz yaxşı keçirdi. Dayımın orta məktəbdə kimya müəlliməsi işləyən xanımı bizi övladlarından ayırmırdı. Dayım elm adamı olduğundan səhərdən axşamacan iş otağında oturub yazı makinasında nəsə yazırdı. Bacım və mən gələndən biz dayımgilin yataq otağında bibimlə yanaşı yatırdıq. Bibim hər həftə bizim yataq örtüklərimizi nişastalı, qar kimi ağ örtüklərlə əvəz edirdi. Bizi həftədə iki-üç dəfə çimizdirib paltarlarımızı yuyurdu. Onun bu qayğısı məni çox təsirləndirirdi. O, hətta bir neçə dəfə qardaşımı qulaq həkiminə aparıb dərmanlar yazdırmış, mənim ağrıyan dişimi çəkdirmişdi. Uşaqları dərsə getdiyindən bütün işləri özü təkbaşına görürdü. Mən bibimə kömək etmək üçün səhərlər qardaşımla çörək mağazasına gedər, orda növbəyə durub evə çörək alardım. Su kəsiləndə ağır vedrələri alıb həyətdən su daşıyırdım. Buna məni heç kim məcbur etmirdi. Ancaq sonralar nəsildə-kökdə hamının uzunbpylu olduğun, mənim boyumun isə balaca qaldığını öyrənəndə yadıma daşıdığım vedrələr düşdü. Erkən yaşda qarşılaşdığım qaçqınçılıq yükü ilə su daşıdığım vedrələrin ağırlığı mənim boyumu qısır etmişdi. Bəzən bibimin və dayımın isti münasibətindən təsirlənib bir köşəyə çəkilir, gizlicə ağlardım. Həm də atam yadıma düşürdü. İki aya yaxın idi ki, onu görmürdüm. Çox şeyin xiffətini çəkirdim, amma atam üçün bir başqa cür darıxırdım.

O vaxtlar Sezen Aksu, İbrahim Tatlıses, Ümid Besen və Coşqun Sabah kimi türk müğənnilərinin mahnıları paytaxta ayaq açmışdı. Coşqun Sabahın “Anılar” mahnısı dayımgilin evində çox səslənirdi. Mən hər dəfə o mahnıya qulaq asanda ağlamağımı saxlaya bilmirdim. Dayımın qızları məni lağa qoyub gülürdülər ki, yəqin, sevgilim yadıma düşür. Nədənsə mən o vaxtı onları heç cür inandıra bilmirdim ki, sevgi mahnısına qulaq asıb atanı da xatırlamaq, ağlamaq olar. Anam gələndə, bacım onun yanından bir dəqiqə də aralanmadı. Buna görə anam qərara gəldi ki, səhər tezdən bacım yatılı olanda evdən çıxsın. Biz anamı yola salanda hava təzə-təzə işıqlanırdı. Evdə hamı yatmışdı. Bibimlə məndən başqa…

Bacım evin sonbeşiyi olduğundan anam üstünə həmişə yarpaq kimi əsmişdi. Üstəlik uşaq vaxtı xəstə və zəif idi. Anam qorxurdu ki, ona nəsə olsun. İndi anam məni öpəndə doluxsunmuş gözlərlə baxdı. Əslində kənar adam anama baxsa, ağladığının fərqində olmazdı. Bunu yalnız mən bilirdim. Mən bilirdim ki, o, bizi, bacımı burda qoyub getməklə nə qədər zülm çəkir. Bilirdim ki, o, yol boyu ağlayacaq.

Anam qapıdan çıxanda məni ikinci dəfə öpüb dedi:

- Bacından muğayat ol.

Biz qapını yavaşca örtüb mətbəxə keçmək istəyəndə bacım yatan otağın qapısı açıldı. O, yataq paltarında özünü koridora atıb dedi:

- Ana hanı?

Bibimlə mən bir-birimizə baxdıq. Bibim onun əlindən tutub dedi:

- Ana, çörək almağa getdi, indi gələr.

Bu sözü eşidən kimi dayanacağa baxan pəncərəyə tərəf yüyürdü, kip bağlanmış pəncərədən boylanıb anamı tapdı və “Ana! Ana!” - deyib qışqırmağa başladı. Evdə yatanlar səsə oyanıb eyvana gəldilər. Bacım çığırıb ağlayırdı. Tuman-köynəkdə təntiyib bacımın üstünə qaçan dayım tez pəncərəni açdı. Bacım havası boğulmuş adamlar kimi pəncərədən başını çıxardıb, anamı səslədi. Anamın qaraltısı dayanacağa az qalmış dayandı. O, əlindəki paltar çantasını yerə qoyub geri qanrıldı. Başını qaldırıb bizə baxanda gördüyünə inanmadı.

Bacım yalnız bircə söz deyirdi: “Ana, məni də apar!”

Anam çarəsiz qalıb geri qayıtdı. Qapını açıb içəri girəndə bacım özünü onun üstünə atdı, qucaqlayıb duz kimi yaladı, “Məni də apar” deyib yalvardı. Çarəsi kəsilən anam onu özüylə aparmağa məcbur oldu. Onlar gedəndən sonra biz hamımız ağır döyüşdən çıxan əsgərə oxşayırdıq.

Həftənin altı günü günorta saat ikiyə qədər evdə qardaşımla mən qalırdıq. Amma xalamgildəki kimi darıxmırdıq. Evdə hər şeyə toxuna bilərdik.

İndi o günləri düşünəndə məəttəl qalıram… Necə olub ki, onlar bütün günü həyət-bacada oynayan ərköyün rayon uşaqlarının şıltaqlıqlarına dözüblər. Bizi şəhər mühitinə uyğunlaşdırmaq mümkün deyildi. Dayımgilə təzə gələndə hər addımımızda nəyisə uçurub tökür, sındırırdıq. Onlar isə sadəcə gülümsəyirdilər.

İşdən evə ilk gələn bibim olurdu. İşlədiyi məktəb evin lap yaxınlığında idi. Onun gəlişi ilə üzümüz gülürdü.

Dayımgildə qalanda müharibə haqqında cürbəcür xəbərlər alırdıq. Kimi deyirdi rayonumuz alınıb, kimi deyirdi yalan xəbərdir. Onlarda qaldığımız müddətdə hər həftə ya atam, ya da anam bizi yoxlamağa gələrdilər. Çoxlu mer-meyvə, ət, yağ gətirirdilər. Ancaq artıq iki həftə idi ki, atam gəlmirdi. Növbəti dəfə anam gələndə dedi ki, Əşrəf evdən yük çıxarmağa gedib, dörd-beş gündü heç bir xəbər yoxdu. Dayım və bibim nə qədər anamı dilə tutsalar da rayona atamın ardınca gedəcəyini bildirdi. Həmin səfərə anam özüylə məhz məni götürdü. Niyə? Nə üçün? Bilmirəm. Bəzən fikirləşirəm ki, bəlkə də bu gediş bir zərurət idi.

# 3301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #