Yaltaq axund, ləyaqətsiz Hacı

Yaltaq axund, ləyaqətsiz Hacı
28 yanvar 2015
# 11:07

Əncir ağacının altında oturub Aşıq Alının “Bir gün yarananlar köçəcək bir gün” misrasıyla özümü ovutmaq istəyirdim atam ölən gün.

Həmin əncir ağacını rəhmətlik kişi ilə bir yerdə əkmişdik. Budaqları, gövdəsi kövrək olsa da, fevralın damarda qan donduran şaxtasına sinə gərib sağ-salamat gəlib çıxmışdı mart ayına. Ancaq atamı özü ilə gətirə bilməmişdi...

Anamın yaşlı gözlərindən məni gizləmək üçün əncir ağacı əyriş-üyrüş budaqlarından nə gəlmişdisə, eləmişdi. Tək qalıb yaddaşımda dalğalanan atamın səsini eşitmək istəyirdim. O səs diriydi. Ölməmişdi hələ.

Əmim oğlu gəlib kəsdirdi başımın üstünü. Bu dalda yerdə tək oturmağıma bir xeyli irad tutandan sonra başladı yenicə dünyaya gəlmiş uşağının şirinliyindən, dəcəlliyindən danışmağa. Lap sonda üz-gözünü turşutdu, dartındı, gücəndi. Mənə deyəcəyini birtəhər yadına salanda sir-sifəti düşdü qaydasına. Dedi, ət yavan düşüb, 10 kilo quyruq lazımdı. Siqaret yandırıb tüstüsünü üfürdüm əmim oğlunun üzünə. Bunun bir növ “rədd ol burdan” komandası olduğunu anlayıb səsini kəsdi. İncik addımlarla gedib girdi yas çadırına. Böyük əmimin mənə tərəf gəldiyini görüb qalxdım ayağa. Bir-iki lüzumsuz sualını cavablandırandan sonra atamın qardaşı üzünü tutdu xəfif buludlarla naxışlanmış göy üzünə. Qəhərdən boğula-boğula dedi ki, dərviş vacibdi. Mütləq bu məclisdə məddahdan-zaddan olmalıdı. Dərviş məsələsində onunla həmfikir olduğumu görən əmim razılıq əlaməti olaraq saqqallı çənəsini qaşıdı. Mən də bilirdim məclisə bəzi şeylərin lazım olduğunu. Ancaq bu dəqiqə atamın itkisini yaşamaq istəyirdim. Quyruq və dərviş girmişdi araya. Əmimin dərviş oxutmaq istəyinin odunda kədərim quyruq kimi əriməkdəydi.

Atamın məclisində də vəziyyət başqa məclislərdə olduğu kimiydi. Yenə hacılar keçmişdi yuxarı başa. Kərbəlayılar hacılardan bir-iki nəfəs aralıda əyləşmişdi. Məşədilər elə yerdə oturmuşdu ki, onları yüksək rütbəli möminlərlə heç kəs tay-dəyişik salmasın. Dövləti çox olduğuna görə o biri dindarlardan daha artıq hörməti olan Hacı Salman oturmuşdu səri-məclisdə axundla yan-yana. Hansısa dini məsələni sual eləmişdi. Axund da səsinə yaltaqlıq qatıb sağ ayağın niyə sol ayaqdan daha fəzilətli olduğu barədə izahat verirdi Hacı Salmana. Hamı bilirdi ki, hacının yuxarı başda oturmağa ləyaqəti yoxdu. Səbəbi o idi ki, bir ay əvvəl Tamara xalanın kiçik oğlunu basmışdılar dama. Tamara xala son çarə kimi kəndin aşağısındakı 6 sot torpağı çıxarmışdı satışa. Gözünə döndüyüm bu mömin hacı da su qiymətinə almışdı həmin torpağı. Yazıq arvadı qoymuşdu daməndə...

Kimsə dedi, molla əmi, amin! Molla ağzını Hacı Salmanın qulağından çəkib başladı dörd bir yana salavat göndərib yaxından-uzaqdan gələnlərin əmvatına fatihə hədiyyə eləməyə. Sonra aş gəldi ortaya. Məclis əhlinə qulluq eləyənlərin əl-ayağı həyəcandan az qalırdı bir-birinə dolaşsın. Başqa vaxt küçədə görəndə salam verməyi özümüzə sığışdırmadığımız birisi “qara gətir” deyib ərklə dayım oğlunun üstünə çımxıranda məni gülmək tutdu...

Əncir ağacının altında oturmuşdum yenə. Atamla birgə əkdiyimiz ağac ilk dəfəydi bar gətirirdi. Qabığı o qədər kövrək idi ki...

# 1491 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #