Kitabxanada öpüşmək

Kitabxanada öpüşmək
20 noyabr 2015
# 11:00

Ofisiant sol qolunun üstə sahmanladığı podnosdan araq şüşəsini nida işarəsi kimi süfrəyə endirəndə, əmim oğlu bayaqdan nöqtəsini qoya bilmədiyindən uzatdığı cümlənin ətəyinə vergül salıb yapışdı butulkanın boğazından. Bir qədər qolaylandığından faşist tankına qumbara atmağa hazırlaşan partizanları xatırladan əmim oğlu möhkəm-möhkəm silkələdiyi araq şüşəsini işığa tutub ekspert gözüylə bir müddət baxandan sonra rəyini açıqladı: “İndiki araqlar araq deyil.”

Qohumuma bələdəm. Bilirəm ki, barəsində müsbət rəydə olmadığı yandırıcı mayedən bir-iki qədəh gillədib başlayacaq yaddaşını havalandırmağa. Əvvəl məktəb illərindən yadında qalan bir əhvalat danışacaq. Bu əhvalatda pəncərə qabağına boy sırası ilə düzülüb yağan qarın tamaşasına duran qızlar olacaq və həmin qazdan ayıq qızlar onlarla eyni pəncərədən qara baxmaq istəyən oğlanları yaxın buraxmayacaqlar. Burma-burma yağan qardan savayı heç nəyin fərqində olmayan Aynurun boynunun arxasından qara baxmaq üçün növbəyə duracaq oğlanlar. Pəncəsi üstə qalxacaq Aynur. Açıq pəncərədən əlini uzadıb yuxulu qar dənələrini toppuş ovcunda əridəcək və hər dəfə dabanının döşəmədən bir neçə santimetr aralı düşdüyünü hiss eləməyəcək mal qızı mal. Bəlkə də hiss eləyəcək...

Sonra əmim oğlu səsini qısıb adını heç vaxt dilinə gətirmədiyi qızdan danışacaq. Danışacaq ki, onunla universitetin oxu zalında tanış olmuşdum. Bir neçə ay olardı ki, telefonla danışırdıq. Son telefon danışığında Axundov kitabxanasında görüşməyi vədələşdik. Xoşbəxt olmaq üçün yaddaşından qurtulmalısan. Amma mən heç nəyi unuda bilmirəm. Həmin gün dəqiq yadımdadı. Məndən tez gəlmişdi görüş yerinə. Kitabxananın gediş-gəliş daha seyrək olan küncünə çəkildik. Ayaqqabılarım nimdaş olduğundan ayaqlarımı qızın ayaqları arasında gizləyib onu sevdiyimi pıçıldadım. Qızın başı sinəsindəydi. Susurdu. Bu dəm sınıq-salxaq yaşlı bir qadın peyda oldu sol böyrümdə. Dedi, gedin, öpüşməyə başqa yer tapın, insanlar bura kitab oxumağa gəlir. Sözünün vecə alınmadığını görüb donquldana-donquldana uzaqlaşdı. Deyəsən, zəmanəni söyürdü.

Bu yerdə sözünə ara verəcək əmim oğlu. Dolu qədəhi başına çəkib əlini süfrəyə uzatmadan keçmişi ilə “zakuska” eləyəcək. Boğazının yolunda topalanan qəhəri pərən-pərən salıb başlayacaq yarıda kəsdiyi xatirəsinin arxasını danışmağa: “Qız dinib-danışmırdı. Mən də susmuşdum. Səssizlikdən bezib “sevirəm” sözünü yenidən pıçıldadım. Qız başını qaldırıb soruşdu ki, bu çəkmələrlə sənə soyuq deyil? Həmin gün yerə bir-iki barmaq qar düşmüşdü. Mən qarı da unutmuşdum, soyuğu da. Amma qızın bu sualından sonra üşüdüyümü hiss elədim. O gündən nimdaş ayaqqabı geyməyi özümə qadağan eləmişəm.”

Söhbətini tamamlayıb titrəməsi kəsmək bilməyən əlləri ilə siqaret yandırıb uzaqlara baxacaq əmim oğlu. O uzaqlara ki, orda qarın soyuğu yerdən daha çox insanların ürəyindədir...

# 2379 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #