Auditoriyada qız qrupdaşlarımın üst-başından, boyun-boğazından fışqıran ucuz və şirin ətir qoxusu qarışmışdı dünən içdiyim arağın iyinə. Ürəyim bulanırdı. Müəllim ədəbiyyat tarixindən mühazirə oxuyurdu. Pəncərədən günəşə baxırdım. Qonşu korpusun damında iki-üç sərçə atılıb-düşürdü. Xoşbəxt idilər.
Dünəni xatırladım. AYB-də hansısa dılğır şairin kitab təqdimatından sonra dəstəylə qalxmışdıq bir mərtəbə yuxarı. Yavan kolbasanın daha qalın kəsilmiş dilimləri hörmət əlaməti olaraq səbəbkarın nimçəsinə qoyulmuşdu. Sonra şit tərifə start verilmişdi. Hər üç vəzndə şeirlər oxunmuşdu. Hədiyyə olaraq səbəbkara hərə bir mövzu bağışlamışdı. Məclisin sonunda şairi qaldırmışdılar ayağa, yanaqlarından öpüb “böyük şair” epitetini biçarənin üstünə qusmuşdular. Başından aşağı damcılayan tərif yağışına çətir tutmaq istəməyən şairin surəti gəldi gözlərimin önünə. Səhər günəşində qızınan sərçələr kimi qayğısız və xoşbəxt idi Anarın şairi...
Qapı döyüldü. Müəllim mühazirəsinə ara verdi. Gələn bala dekanıydı. Dedi ki, gəl mənimlə, dekan səni görmək istəyir. Yaşlı, ağır kişiydi dekanımız. Başını aşağı salıb qabağındakı vərəqə nəsə yazırdı mən içəri girəndə. Otaqda tək deyildi. Dekan sağ əlinin şəhadət barmağıyla yanında dayanmış qızı göstərib dedi:
- Bu qız bizim tələbədi. Şeir yazır. Mən oxudum , xoşuma gəldi. İstəyirəm sən də baxasan yazılarına.
Qıza göz gəzdirdim. Arıq, ortaboylu, qara qız idi. Cins şalvarının dizləri torbalanmışdı. Ağ koftasının yaxası, qolları tiftiklənmişdi. Boğazına sarıdığı sarı şarfın üstündə bala quşlar cikkildəşirdi. Əksər şairələr kimi pis gündəydi. Qasığında bit öldürənlər ordusundan yenicə tərxis olunmuşdu sanki. Üst-başına etdiyim bir neçə saniyəlik ekskursiyamı bitirib mənə uzatdığı əlini aldım əlimin içinə. Təndirdən yenicə çıxmış Dağlı çörəyi kimi istiydi əlləri. Şairə ciddi görkəm alıb özünü təqdim elədi:
- Fəridə Durğuzante.
Üzdən sakit görünsəm də eşitdiyim bu qəribə təxəllüsə daxili orqanlarımın ağız-ağıza verib hırıldadığını hiss eləyirdim. Otaqdan çıxanda şairəyə təklif elədim ki, gedək oxu zalına, nə göstərəcəksə orda baxım. Razılaşdı. Kimsə yoxdu oxu zalında. Keçib arxada oturduq. Oturan kimi başladı çantasını eşələməyə. Bir kitab çıxarıb uzatdı mənə. Kitabın adı “Həsrət qoxuyan illər” idi.
Kitabdakı şeirlər sevgi, ayrılıq, xəyanət, vətən deyib yaxa cırırdı. Bu şeirlərin pafosuna nəfəs yetişdirmək mümkün deyildi. Gördüm bir şeirdə yazıb:
Çinar kölgəsində mənə dediyin
Şirin sözlərini unudacağam.
Həsrətlə orama-burama baxan
Qəmli gözlərini unudacağam.
Vətən haqda yazdığı şeir daha cəsarətliydi:
Sürüş vətənimdən ey qarı düşmən,
Yoxsa sərt şəkildə işləm edəcəm.
İnan mənə, harda keçsən əlimə
Səni tutub dişləm-dişləm edəcəm.
Kitabı qatlayıb qaytardım şairəyə. Yalandan dedim ki, maraqlı şeirlərdi. Yenidən baş vurdu çantasına. Bir xeyli eşələndi. Sonra məndən qələm istədi. Çıxarıb qələmimi uzatdım şairəyə. Kitaba ürəyindən keçənləri yazıb mənə hədiyyə eləmək istəyirdi. Birdən əl saxlayıb qələmi apardı ağzına. Dedim, elə eləməyin. Qələmimin başını kimsə dişləyəndə xoşuma gəlmir. Ağzından çıxartdığı qələmi koftasının qoluna silib yazısını tamamladı. Hədiyyə üçün təşəkkür elədim. Dərindən nəfəs alıb soruşdu:
- Siz AYB-nin üzvüsünüz?
Dedim, həri. Bərk həyəcanlandı. Dedi ki, mən heç vaxt AYB-də olmamışam. Dedim, istəyirsiz aparım sizi, gedin görün. Sevincindən az qaldı boynuma sarılsın. Bir çox şeydən bixəbər olan bu el şairəsi Yazıçılar Birliyini müqəddəs məbədgah bilirdi, mənisə həmən məbədgahın rahibi...
Birliyin pillələrini qalxanda qoca bir şairlə rastlaşdıq. İki nəfər qoluna girmişdi ki, yıxılmasın. Huşu özündə deyildi. Qocalıq hər şeyi unutdurmuşdu üzü üzlər görmüş şairə. Yanımdakı şairəni həyəcandan əsmə tutmuşdu. Yaşarmış gözlərlə “Natəvan” klubunun seyrinə daldı. Mən təcrübəli ekskursovod kimi rastımıza çıxan hər şey barədə şairəni məlumatlandırmağı özümə borc bilirdim. Rəsul Rzanın, Məmməd Rahimin ədəbiyyat yolunda çəkdikləri işgəncələrdən, məruz qaldıqları haqsızlıqlardan danışdım. Şairə sözümü yarıda kəsib məndən ayaqyolunun yerini soruşdu. Yerini nişan verdim. Tualetdən çıxanda üzündə, gözündə qəribə ifadə vardı. Səbəbini soruşdum. Sən demə kimsə işini görəndən sonra sifonu çəkməyi unudub. Dedim burda işləyənlərin demək olar ki, hamısı qocalardı. Sifon çəkmək nədi, hərdən əllərini yumağı belə unudurlar. Birtəhər sakitləşdi. Sonra ədəbiyyatdan, şeirdən danışdıq. Məndən bir şeir oxumağımı xahiş elədi. Pıçıltım qızın qulağını qıdıqladı:
Qıçını qaldir asimanə
İşıqlansın hər dağ-dərə...
Birdən gözüm Səməd Vurğunun əli təsbehli şəklinə sataşdı. Sanki ustad deyirdi ki, belə istedadsızlara o cür gözəl və mənalı şeirlər oxumağa dəyməz. Şairə məndə olan şeiriyyətə heyran-heyran baxırdı. AYB-dən çıxanda axşam düşmüşdü. Bakının amansız küləyi bizi ayrılığa tərəf sürükləyirdi...