İsa peyğəmbərin bağlanan kitabxanası

İsa peyğəmbərin bağlanan kitabxanası
13 dekabr 2019
# 15:18

Son günlər sosial şəbəkələrdə gündəm mövzusu bir qədər dəyişdi. İstəməzdim kitab və kitab mağazaları bu cür gündəmə gəlsin. Bundan əvvəl də üzücü xəbərlər eşitmişdik və nə təəssüf ki, sayı onsuz da az olan mağazaların qapılarına qıfıl vuruldu nəticədə.

İllərdi ölkədəki kitaba və nəşriyyat işinə olan biganəlik oxucuları və kitabçıları yordu. Müəyyən bir azlıq var ki, onlar cibindəki son pulu da kitaba xərcləyir, hər ay xərclərinin arasında mütləq bir-iki kitab almağı salır. Tərcümə prosesinin astagəlliyi, daha doğrusu olmaması onlayn kitab sifarişi ilə məşğul olan saytların yaranmasına ehtiyac yaratdı. Təxminən, bu cür sayt və səhifələrin sayı 2010-cu ildən sonra daha artdı. Türkiyədən, Rusiyadan, Amerikadan kitablar sifariş olunurdu. Bəzi oxucular ədəbi gündəmi izləyir, bütün yeni kitabları nəşr olunandan on-on beş gün sonra bu saytlar vasitəsi ilə əldə edirdilər. İndi də gömrük problemi bu işlərə əngəl oldu. Əlbəttə, ölkədə çox az adamın kitab almasını nəzərə alsaq, kitab satışındakı ƏDV və rüsum xərcləri kitabçıları motivasiyadan salırdı. Keçən il də, ondan əvvəl də bu problemlər yaşandı və üfiqdə ümid görünməməkdədir. Bu il yenə.

Həştaqlar paylaşıldı, statuslar yazıldı, müəyyən mənada sosial şəbəkə üzərindən məsələ gündəmə gətirildi. Ümid eləyək ki, “həppi end”lə bitsin bu məsələ. Mən bağlanmaq təhlükəsi yaşayan, az qala bütün tələbələrin tanıdığı məşhur kitab mağazası “Kitab Al” və onun kitabçısı İlkin haqqında danışacam.

Gallery

Biz ona İsa peyğəmbər deyirdik, amma daha çox Yezidə oxşayır. İçi tərtəmiz bir kitabçıdır. Bakıda hər yeddi tələbədən səkkizinin ona borcu var. Səbirli adamdı, ayın sonuna qədər gözləyir. Dükana girəndə “Borcunuzu qaytarın!” posteri adamın vicdanını ağrıtsa da, gülər üzlü və salamından sağ oluna qədər zarafatı əksik olmayan kitabçı söhbətləri ilə borcumuzu unutdurur. Həqiqətən, İlkinin kitab mağazası müqəddəs yerdir. Orda edilən söhbətlərin yarısı bəlkə də elmlər akademiyasında edilmir. Hər təbəqədən gənclər, fərqli ideologiyanın daşıyıcıları, fərqli mütaliə zövqü olanlar, aristokratından tutmuş əli təsbehlisinə qədər hamı gəlib-gedir ora. İlin bütün günündə kitabları iyirmi faiz endirimlə satdığı üçün endirim kampaniyası keçirmir. Məşhur mağazaların endirim aksiyasına buna görə həmişə gülüb. Ədəbi mühitdən gələnlər çox olduğu üçün az qala hamısı haqqında danışacağı bir əhvalat var. Müsahibə alacam, orda danışacaq.

“Kitab al” Azərbaycanda ən aktiv və ən məşhur onlayn kitab satışı mağazasıdır. Tarixini bilmirəm, bircə ondan xəbərdaram ki, yarandığı gündən İlkin Abdullayevin öz övladı kimi yanaşdığı bu mağazanın istər satış, istərsə də çatdırılmasından narazı qalan olmayıb. Mağaza təpədən-dırnağa şəkillərin içindədir. Elə bir məşhur yazıçı, filosof, aktyor, fikir adamı yoxdu ki, şəkilləri mağazanın divarlarını tanımasın.

Bir dəfə mağazanın damından pişik balalarını düşürtdüyünü gördüm. Deyirdi, səslərini eşitdim. Ağır çəkisi ilə ağaca əziyyət verə-verə pişiyi balalarına qovuşdurmuşdu. Öz pişiyi isə başqa aləmdi.

Gallery

Mağazanın bağlanma səbəbi aydındı. Ölkədə iki əlin barmaq sayından az olan kitab mağazalarının bu cür acınacaqlı vəziyyət yaşaması heç də xoş deyil. İlləri kitab satışında ƏDV-nin ləğvi haqqında fikirlər səslənsə də, ünvana çatmır, ya da kitab adı gələndə lazımi qurumlar qulaqlarını bağlayır. Bakıda kitab satışı ilə məşğul olmaq xeyriyyə işiylə əlləşmək kimi bir şeydi. İlkinin kirayə xərcləri, vergilər, gömrük rüsumları olmasa, kitabları havayı paylayar. Kitabçılıq, nəşriyyat işini camaat kitab oxusun deyə üzərinə götürən gənc xeyriyyəçi deyirəm ona.

Pulum oldu-olmadı girib maaşımın yarısı qədər nisyə kitab alıb çıxıram mağazadan. Kitablar haqqında elə ürəkdən danışır ki, qapının ağzında özümə verdiyim söz də yadımdan çıxır.

Əvvəllər yazar kimi özünü sınayan, bir ədəbi quruplaşmanın fəal üzvü olan İlkinin mütaliəsi və zövqü həmişə mənə xoş gəlib. Elə gün olub ki, mağazaya girib kitablara baxa-baxa dörd-beş saat söhbət etmişəm. Onun sayəsində kəşf etdiyim kitablar və müəlliflər də az deyil.

Nədi bu adamın kuryerlərindən çəkdiyi, bir Allah bilir, bir də özü. Mənə deyir, bir sən qalmısan mənim yanımda işləməyən. Əslində, kitab işində işlədiyim üçün bu işin nə qədər ünsiyyətdən asılı olduğunun fərqindəyəm. İlkini və kitabxanasını sevdirən isti, səmimi münasibəti oldu.

Bu cür mağazaların, bu cür kitabçıların fəaliyyəti uzun ömürlü olmalıdır. Getdikcə itirməkdə olduğumuz mütaliə vərdişlərimizi bir az onlar yaşadır. Dəstək olmaq isə asandı. Bir kitab almaq.

Gallery

Kitabın olduğu yer müqəddəs yerdir. Ora mədəniyyətin nəfəs alıb-verdiyi kiçik guşədi. İsası da var. Daha nə lazımdı bizə?!

“Kitab Al”ın nəşr etdiyi kitablar, apardığı piar işləri dəyərindən az diqqət görsə də, İlkin yorulmur. O, cəmiyyəti, yaşadığı toplumu qəbul eləmiş adamdı. Bilir ki, gördüyü işlərin qədir-qiymətini bu şəhərdə almayacaq, yenə də bir oxucu üçün olsa belə işləyir. Bu günlərdə, vəziyyətin dalan dirəndiyi vaxtlarda da kitab sifarişi alır, kitab çatdırır. Şəhərdə kitab paylayan bir İsa peyğəmbər var.

İlkin də, “Kitab Al” da dəyərlidir, hələ bizə lazımdı. Nəinki o, digər kitab mağazaları da, kitab köşkləri də. Kitab olmayan cəmiyyət əvvəl-axır batmağa məhkumdur.

# 3287 dəfə oxunub

Müəllifin son yazıları

# # #