Sinəmizə baxanlar

Sinəmizə baxanlar
16 oktyabr 2012
# 07:00

Səhər tezdən işə və ya dərsə gedəndə metroda başımızın üstündə dayanıb sinəmizə baxmağa cəhd edən, arxa cibinə əzişdirilmiş 40 vərəq dəftər soxub siqaret çəkərək, özünü xəyallarındakı döyüş filminin qəhrəmanı sayan, “El-Classico”dan sonra 7 və ya 10 yazılan formada auditoriyaya daxil olan gənclərə tələbə oğlanlar deyilir.

Yanaşmam çox subyektiv görünsə də, çoxlarının ümumiləşdirməsi ilə üst-üstə düşəcək. İstisnalar – şəxsi maşınının açarını əlində oynadaraq auditoriyaya girən maçolar, küçədə əlindəki kitabdan ayrıla bilməyib oxuya-oxuya yolu keçən eynəklilər, səhər rastlaşa bilməyəcəyimiz – qayıblarını gözə alıb yatağında erotik yuxular görən tələbələr də var.

Bu gənclərə baxanda həmişə xəyala dalıram-görəsən gələcəklə bağlı planları varmı, ailə həyatıyla bağlı yataqdan başqa nə düşünürlər, Vətən, səngər haqqında nə fikirləşirlər, dünyada baş verən iqtisadi-siyasi dəyişikliklər haqqında hansı təsəvvürlərə malikdirlər? Bu zaman önümdəki gəncin ehtiraslı baxışlarıyla, ya da spontan oxşaması (ceyraaan, dooşaaan, gözəəəl) ilə rastlaşıram.

Mənim təsəvvürümdə millətin, dövlətin gələcəyi bu rembolardan, messilərdən, çe gevaralardan asılıdı. Gülməlidi hə? Amma gələcək nəslin ataları bu gənclərdi. Onlardan uşaqları “Ata, Balzak kimdi?” və ya “Azərbaycanın əzəli sərhədləri hansı torpaqları əhatə edirdi?”, - soruşacaqsa, o zaman üzlərində yaranacaq ifadəni indidən təsəvvür edirəm. Cavab yüz faiz belə olacaq: “Google-a bax”, “Anandan soruş”, “Boş-boş suallar vermə”. Yox, maarifləndirmə lazımdı deməyəcəyəm, çox absurd olar. Əslində mən problemi qoyub, onun həlli yollarını göstərənlərdən deyiləm. Buna cəhd də etməyəcəyəm. Problem isə sadədir. Seks həyatı olmayan gənc maçoların fantaziyalarını qarşılarına çıxan ilk xanımla xəyali olaraq işə salması, ilk fürsətdə toxuna biləcəyi, özünü sürtə biləcəyi qıza avtobus və ya metroda “təsadüfən toxunmasından” təbii nə ola bilər? Qoyun otaran, övladının şəxsiyyət kimi formalaşmasına öz qapaz və təpikləriylə mane olan atadan, evdə yemək bişirməkdən, serial izləməkdən, “Toy olsun”a baxmaqdan başqa qayğısı olmayan anadan törəyən bu gənclərin həyatla bağlı təsəvvürləri məhdud da olmalıdı.

Yadıma bir hadisə düşdü. Bir dəfə “Sahil” metrosunda vaqondan düşəndə idman formasında belində çantası olan oğlanlardan biri qolumdan “təsadüfən” dartıb arxaya çəkdi. Geri dönüb oğlanı acıladım:

- Siz hansı cürətlə mənə toxunursuz? Siz gələcəyin atasısız, siz əsgər olub mənim, mənim kimilərin müdafiəsində dayanacaqsız. Hərəkətinizə nə ad verirsiz? Utanırsız heç?

Oğlanın üz ifadəsinin qəflətən dəyişdi.

Cavab sadə oldu:

- Bacı, elə bildim urussan, bağışla.

Hə, sevindirici haldır. Uşaq elə bilib urusam. Təbii ki urusa toxunmaq olar, SSRİ də vaxtında bacılarımıza toxunub. Bacısı olduğumu görən kimi üzr istədi.

Ürəyim doludu, əslində tələbə oğlanlar mövzusu geniş mövzudu. Məni narahat edən bir məsələ də onların xanımlara müraciət formasıdır. Ola bilər bu çoxları üçün sadə görünür, amma bu gənclər insanlara “siz” müraciətini qavraya bilmir. Hətta hərdən eşitdiyimiz “az” xitabını da onlar uydurub deyə düşünürəm.

Ədalətsizlik olmasın deyə çox az rast gəlinən, kökü kəsilməkdə olan tələbə oğlanlardan da danışmaq istəyirəm. Normal dünyagörüşünə sahib olan, səhər dərsə gedib, axşam işləyərək illik təhsil haqqını ödəyən, ailəsini saxlayan, başıaşağı, qabiliyyətli tələbələr də var. Bax, o tələbələri ayırd etmək çətin olmur. Utancaq, qayğılı, düşüncəli simalar. Bu gəncləri görəndə qucaqlamaq, sığallamaq istəyirsən. Qəribə səslənsə də analıq duyğuları oyanır elə bil, ya da aşiq olmaq istəyirsən. Amma zərərverici təbiətə maliksizsə, belələrindən uzaq durmanız məsləhətdi, yoxsa sizinlə bağlı qurulan puç olmuş arzuların ağırlığını həmişə çiyninizdə hiss edərsiz.

Hörmətlə: bacınız Rəfiqə

# 7561 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #