Breyvik kimlərin qəhrəmanıdır?

Breyvik kimlərin qəhrəmanıdır?
9 aprel 2013
# 13:29


“Mühakimə etməyin ki, mühakimə olunmayasız”

İsa Məsihi (Matfeyin “İncil”i; 7:1)

“İnancı olan bir nəfər sadəcə maraqları olan yüz min nəfərə bərabərdi”

“Qəddarca olduğunu bilirəm, amma Norveçi dəyişməliydim”

“Borca çevrilmiş duyğunu heç bir hisslə müqayisə etmək olmaz”

Andres Breyvik

Mühakimə etməyi hər birimiz sevirik. Kifayət qədər məlumatımız olmadan, mətbuatın yalanlarından bixəbər, qarşı tərəfin arqumentlərini dinləmədən gözümüzü yumub ağzımızı açırıq. Bəzən dinləməkdən belə qorxuruq, hamı belə deyirsə, belədir, deyə. XXI əsrin “psixopatı”, “qəssabı”, “terroristi”, “canisi” belə dinlənilməyə layiqdi.

7 milyardı lərzəyə salan Anders Breyviki tanıyırsız? 77 nəfərin öldürüldüyü, 242 insanın yaralandığı böyük hadisənin müəllifini deyirəm, Oslodakı terrorist damğasını yemiş yaraşıqlı cavan oğlanı, 1516 səhifəlik manifestin yazarı, minlərlə gəncin divarlarını fotolarıyla bəzəyən alman simalı norveçli oğlanı. Gəlin onu tanıyaq.

1979 təvəllüdlü bu oğlanın anası tibb bacısı, atası diplomatdı. Varlı ailədə böyüyüb və etdiyi hərəkəti bir çoxlarının sosial problemlərlə bağlaması axmaqlıqdı. 1990-cı illərdə iki böyük qüvvənin müharibəsinə son qoyulmasıyla açılan sərhədlər, genişmiqyaslı miqrasiyalar, dini, irqi qarşıdurmaların neoliberalizmi dirçətldiyi dövrlərdə Breyvik Oslo ətrafında müxtəlif məktəblər dəyişirdi. O televizorda iki Almaniyanın birləşməsi, Körfəz savaşı, Orta Şərqin qanlı savaşları, yayılmaqda olan dəhşətli terror aktları, qorxuducu çarşab və saqqalarıyla yaddaşlardan silinməyən müsəlmanlar, islam dininin qarşısı alınmaz şəkildə yayılmasını izləyə-izləyə böyümüşdü.

İrqçilik hazırda dünyanın ən böyük və gülməli problemidi. Olsun, niyə də olmasın? Ağıllı bir adam deyib ki, irqçiliyə də ən az qaradərililər qədər nifrət edirəm. Bu da kimlərinsə həyat prinsipidi, kimlərinsə nifrətinin xaricə vurma metodudu, kimlərisə ittiham etmək metodu. Andersin etdiklərinin əsas səbəbi irqçilik idi, millətçilik idi, amma iki kəlməylə o böyük amalı izah etmək olmaz əlbəttə.

Breyvik bunu niyə etdi? Manifestinə nəzər salsaq görərik ki, bütün incəlikləriylə o bu qətliamın səbəbini, nifrətinin mənbələrini, ideyalarını öz ardıcıllarına açıq-aşkar yazıb. Manifest “Avropanın Azadlıq Bəyannaməsi” yazısıyla başlayır. Haşiyəyə çıxsam da, manifestdə ən çox diqqətimi cəlb edən hissəni paylaşmaq istəyirəm. Atatürkdən bəhs edən hissədə deyilir: “Atatürk ABŞ-ı səssizləşdirmək üçün insan hüquqlarını, dünyəvi dəyərləri ön plana çəkdi, bu təqdirəlayiq idi, amma bununla o yatmış islam dünyasını oyatdı və onları öz üzərinə yönəltdi. Atatürk bacarmadı, çünki şəriəti islamdan ayırmaq mümkün deyil”.

Manifestin ilk hissəsində marksizmin yüksəlişi və Berlinə sancılan sovet bayrağı var. Bu bayraq milyonlarla insanın ürəyinə çəkilmiş dağ olmuşdu, Breyvik də onlardan biriydi. Alman xalqının marksizmdən öncəki rahat yaşayışıyla marksizmin gətirdiyi fəsadlar və itkilərin nümayişindən sonra, birinci hissədən marksizmə nifrətini tutarlı arqumentlərlə əsaslandırır.

Bu dövrdən millətçiliyin, irqçiliyin lazım olmayan, uydurma tərəflərinin göstərilməsində BBC-nin xüsusi rolunun olduğunu vurğulayır. Kommunist xolokostunun 100 milyondan çox qurbanı olduğunu qeyd edir və bundan sonra multikulturalizm vasitəsilə islamın, şərq millətlərinin hökmranlığından faktlar gətirir.

Sülh dini adlandırılan islamın doktrinasına əsaslanaraq bir sitat gətirir “islam uğrunda kafirləri öldürmək olar”, qlobal cihaddan, açıq-saçıq geyiminə görə öz doğma ölkəsində müsəlmanlar tərəfindən döyülən 750 000 qadından, terror aktlarından, Avropada sürətlə yayılan islam dini və onun radikal tərəfdarlarından bəhs edir. Öz irqinə Puatya döyüşünü, necə müsəlmanları Avropada irəliləməyə imkan vermədiklərini xatırladır. Charles Martel, Rodrigo Diaz de Vivar, Richard the Lionheart, Tsar Nicholas kimi sərkərdələrin fəaliyyəti haqda qısa yazılarla tarixi yada salır, millətini, qanını, irqini, dinini müdafiə etmək istədiyini və insanları bu mübarizədə ona qoşulmağa səsləyir.

Statistikaya əsaslanaraq 2025-ci ildə Qərbi Avropanın əksəriyyətinin, 2050-ci ildə isə bütün Avropanın müsəlmanlarla dolacağı və onlar tərəfindən idarə olunacağını bildirir. Manifestin hamısını burda yazmaq istərdim, amma əsas seçmə hissələrlə kifayətlənmək daha məqsədəuyğundur. Breyvik, milyonlarla xristianı, ağ insanı narahat edən fikirləri dilə gətirməklə qalmır, çoxlarının utopik xəyallarını qurduğu hadisəni də reallaşdırır.

“Bura mənim Vətənimdi! Öz torpaqlarına qayıt, hər kəs öz vətənində sevilir!” - yadınıza 1933-cü il Almaniyası düşdü, hə? Mənim də. Breyvikin məhkəmədə əlləri açılan kimi verdiyi sağçı salamını çoxları “sieg heil”- nasist salamı kimi tanıdandan sonra o, məhkəməyə növbəti gəlişində bu salamdan imtina etdi, çünki neonasist damğasıyla mühakimə olunmaq istəmirdi. Manifestində faşist olmadığını bəyan etsə də onu faşistlər faşist, nasional sosialistlər nasist, rasistlər rasist adlandırıb özlərinə yeni lider elan etdilər.

Breyvik Avropada çoxdan söndürülən radikal millətçi ruhunu yenidən yandırdı. Məhkəmədəki çıxışında: “Sonradan yaranacaq böyük barbarlığın önünü indi törətdiyim kiçik barbarlıqla almağımda elə də böyük bir qüsur yoxdu. Yanlış olduğunu bilirəm, amma peşman deyiləm, yenə olsa yenə edərdim” –demişdi.

***

Həbsindən sonra təkadamlıq kamerada saxlanılan Breyvikə dünyanın müxtəlif yerlərindən on minlərlə dəstək və evlənmə təklifləri yazılmış məktublar göndərilir. Manifestində rus yürüşlərini pisləsə də, onlara olan antipatiyasını gizlətməsə də, bu məktublardan bəziləri Rusiyadan yazılır.

Norveçdən yazılanlarsa cənab Breyviki lap ruhlandırıb. Həmvətənləri ona səninlə fəxr edirik deyib, ilahiləşdiriblər. Ona dəli deyə bilərik, qınaya, ittiham edə bilərik, amma inancı olan bir insan idi, illərlə planlaşdırdığı bir məqsədinə nail oldu, bütün dünyanı şoka saldı, ardıcıllar yaratdı.

Qatili belə qiymətləndirmək lazımdı. Yəqin Çepmen Mark Devidin - Con Lennonun qatilinin arqumentini çoxları xatırlayır. “Tarixə düşmək üçün öldürdüm” - dedi, düşdü də. Vikipediyada özünüz haqqında oxuya bilməzsiniz, amma Devidin adı çoxdan orda var. Pis ya da yaxşı, bu anlayışların nisbi olduğu bir dünyada yaşayırıqsa, Breyvik niyə də qəhrəman olmasın?

# 2736 dəfə oxunub

Müəllifin son yazıları

# # #