Rəfiqə Məmmədova yazır
Qız uşağı deyəndə ağla gələn ilk şey əlində “Barbie” olan, çəhrayı paltar geyinən, küsəndə oyuncaq ayısını qucaqlayan qızcığaz olur. Cavan qızların geyiminə, telefonuna, saçlarına baxıb tez bir zamanda böyüməyi arzulayan bu qızcığazlar dilə gətirməsələr də hələ uşaqlıqdan öz gələcək toy günləri, hamını valeh edəcək ağ, əsrarəngiz gəlinlikləri haqda arzular qururlar.
Ağ atlı şahzadədən çox onlara öz toy günləri, gəlinlikləri maraqlı olur. Günü-gündən böyüyən o balaca əlləri saracaq şahzadə xəyalı rahat buraxmır bu qızcığazları. Onlar məhəbbətin nə olduğunu bilmirlər. Onlar sevişməyin nə olduğunu bilmirlər. Onlar hansı proseslərdən keçib dünyaya gəldiklərini bilmirlər.
Amma ayaqqabısını qoyub qaçan Göyçək Fatmanın şahzadəsi, 7 cırtdanın əllərindən Ağbənizi xilas edən və onu öz öpüşüylə əbədi yuxudan oyadan “princ” bu qızları xəyallar qurmağa, arzulamağa, uydurmağa və inanmağa məcbur edir.
Vaxt keçir, gün sonunda əlüzyuyanda yuyulan makiyajla axıb gedir bir-bir arzular. Dəyişən hər saç rəngində bir ümid ölür. Böyüdükcə həyat təcrübəsi artır, ümidlər basdırılır, eqomuzun göz yaşlarıyla mübarizəsi başlayır.
Elə ilk aşiq olduğun adama sahib olduğun hər şeyi qurban vermək hirsi baş qaldırır içində və sən bunu edirsən. Bütün qəlbinlə, gücün çatdığı qədər inanırsan, sevirsən, axmaq kimi sevirsən. Onun hər təbəssümünü görəndə yanında oyanmaq üçün xəyal qurursan, hər toxunuşunda oğlunuza oxuyacağın kitabların siyahısını tutursan, hər birlikdə bişirdiyiniz yeməkdə özünü onun xanımı kimi hiss edirsən, bir neçə saatlıq da olsa evlilik oyununa dalırsan, hər onu qucaqlayanda tanrıya dua edirsən ki, onu mənə aşiq elə. Elə bilirsiz etmir? Edir bəzən.
Gün gəlir qurduğun xəyalların uçqununun altında can verirsən. Gün gəlir oyuncaqlarını qarşına qoyub axır vaxtlar onlara göstərdiyin biganəliyə görə üzr istəyirsən.
Gün gəlir sən başa düşürsən ki, uşaqlıqdan bütün ətrafındakılar, bütün cizgi filmləri, bütün nağıllar sənə yalan deyib.
Bir gün dərk edirsən ki, oxuduğun onlarla kitab, universitetə sənəd verəndə topladığın ballar, izlədiyin tarixi filmlər sənə kömək etmək iqtidarında deyil. Bax, həmin gün, bütün gözəlliyin, ağlın, dünyagörüşün əli – qolu bağlı səndən üzr istəyir, sənsə xəyalındakı gəlinlikdən.