Qadının payızı

Qadının payızı
9 sentyabr 2013
# 11:43

Payızı idi qadının. Yarpaq saçları saralmışdı. Qadın solmuşdu.

Sınmışdı əlləri, yanına düşmüşdü, dirsəklərindən asılı qalmış iplər yerə dəyirdi, qadın səhnəciyi qurtarmış marionet olmuşdu. İpləri yerə dəyirdi qadının.

Donurdu əlləri qadının. Buz bağlamış barmaqları bir təsəlli axtarırdı, böyük təsəlli. Çox böyük əlləri olan bir təsəlli. Barmaqlarına ev axtarırdı qadın, ovuc axtarırdı, böyük əllər dilənirdi.
Gözləri donmuşdu qadının. Bir cəsəd kimi, gəlincik kimi, rəsm əsəri kimi. Gözlərində bitib tükənməyən damcıları silmirdi qadın. Üzü islanırdı qadının. Hər üzünə dəyən küləkdə böyük əllərin qoxusunu axtarırdı qadın.


Əllərinə baxırdı, qadın.


Əllərinin içində əriyib yoxa çıxan adamı düşünürdü. Arzularına gülürdü qadın, ümidlərinə içirdi, söydüyü planlarına içirdi.


Siqaretinin tüstüsündə itirdiyi adama gülümsəyirdi. Elə hey gülümsəyirdi. Dəli olurdu qadın. Nəfəsi çatmırdı qadının, balaca ürəyi dözmürdü, bədəni yorulmuşdu, payızı idi qadının. Yağış yağırdı gözlərindən, aramsız yağışlar. Hönkürürdü qadın, yastığını qucaqlayıb, sevirdi.


Bir yelləncək istəyirdi, saçlarını, üzünü küləyin şillə kimi oxşayacağı bir yelləncək. Əllərindəki izləri görmək üçün bir yelləncək. Görüb utanacağı bir yelləncək. Görüb özündən üzr istəyəcəyi bir yelləncək.

Ruhunu geri istəyirdi qadın. Canını qurtarıb qaçmaq istəyirdi yaxasından yapışan böyük əllərdən.

Ölmək istəyirdi qadın, gözlərindəki damcılarla yağışın vəhdətində, üzərindəki izlərlə palçığın sevişməsində. Ölə bilmirdi qadın.

# 2421 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #