Vladimir Nabokov bütün zamanların ən qalmaqallı romanlarından olan “Lolita”nın önsözündə erotik ədəbiyyatı lağa qoyaraq Markiz de Sadvari romanlar haqqında istehzayla belə yazır: “Axırda bağbanı da yanlarına çağırırlar.” Bu, sonradan “Leydi Çatterleyin sevgilisi” kimi romanlarda da, porno filmlərdə də qarşımıza çıxan məşhur klişeyə işarədir. İllək keçdikcə həm erotik romanlarda, həm də filmlərdə “bağban klişe”si tibb bacısına, müəllimə, polisə, ustaya və s. çevrildi. Bir zamanlar yenilik olan, erotizm sayılan obraz klişeləşib pornoqrafikləşdi. Klişe – pornoqrafiyadır.
Sovet adamlarından çox eşitmişəm: qımışa-qımışa deyirlər ki, biz o vaxt “Min bir gecə nağılları”nı, “Dekameron”u gizlincə oxuyurduq. Elə xeyli problemin də kökü burdadır, vaxtında erotizmin mahiyyətinə varmamağın fəsadları indiyəcən bizi lənət kimi təqib edir. Öz aramızdı, guya “Min bir gecə”də, “Dekameron”da gizlincə oxunası nə var axı?! “Min bir gecə nağıllar”ı bir tərəfiylə universal motivli iç-içə hekayələr danışdığı üçün maraqlıdırsa, o biri tərəfdən əhvalat nəql etmək, hekayə danışmaq, yəni təhkiyə sənəti ilə ölüm qorxusu arasındakı inanılmaz oxşarlıqdan bəhs etdiyi üçün dəyərlidir. “Dekameron” isə vəbadan qaçan üç kişi, yeddi qadının bir-birinə danışdığı kilsənin “rəsmi əxlaq”ını mötərizə içinə alan cəsarəti ilə qiymətlidir. Bizim bugünkü televiziya proqramları bu əsərlədən daha pornoqrafikdir, üz qızardandır, bu proqramların yanında “Min bir gecə nağıllar”ı da, “Dekameron” da aşağısı “Əxlaqi-Nasiri”dir.
Təkcə “ən erotik orqan beyindir” deyən sapioseksualların yox, xeyli şairin, romançının, filosofun fikrincə, erotizmin dərk olunması ilə azadlıq arasında birbaşa əlaqə var. Qapalı cəmiyyətlərin qapalı dönəmlərində üç-dörd hərfli sözlər – cinsi orqanların adları, onların təsviri həzz yarada bilər. Amma yetkin cəmiyyətin yetkin fərdi üçün həzzin səbəbi bu cür leksik görməmişlik yox, azad və yaradıcı ifadə tərzi olmalıdır. Səhnənin açıq-saçıqlığından zövq almaq pornoqrafiyadır, yazıdan zövq almaq erotizm.
Söhbət erotikadan gedəndə, əlbəttə, onun pornoqrafiyadan fərqini, sərhədlərini ayırd etmək lazımdır. Burda Umberto Ekoya müraciət etməliyik, çünki onun fikrincə, uzunçuluq pornoqrafiyadır. Bu, çox qəribə təsbitdir, çünki balaca yanlış anlama ilə “Hərb və sülh”, “Uliss”, “İtmiş zamanın axtarışında” kimi romanlar da həmin kateqoriyaya girə bilər. Bəs niyə belə deyil? Eko “uzunçuluq” deyəndə nəyi nəzərdə tutur? Böyük alim pornoqrafiyanı izah etmək üçün gündəlik dildən, yəni ünsiyyət dilindən bir nümunə verir: Təsəvvür edin ki, bir dostunuz zəng edib soruşur: nə vaxt gəlirsən? Sən də “on dəqiqəyə ordayam” deyib dəstəyi asırsan. Bu sadə cümlənin içində deyilməyən başqa şeylər də var. Belə ki, məsələn, “hazırlaşacam, dişlərimi yuyacam, saçımı darayacam, şalvarımı ütüləyəcəm, ayaqqabımı mazlayacam…” da deyə bilərdin, amma deməmisən. Hər şeyi deməyə ömür çatmaz, bircə “on dəqiqəyə ordayam” demək kifayətdir. Eko kommunikasiya nəzəriyyəsindən gətirdiyi bu misalı bədii əsərlərin qurulmasına da şamil edir. Bir əsərdə yaratmağa çalışdığınız obrazın, ya da hərəkətin hər tərəfini yazmağa çalışmaq pornoqrafiyadır və bu, erotizmə ziddir. Bir anlıq porno filmləri xatırlayanda, bu misal daha aydın olur. Məncə, bizdə içində bircə vulqar söz belə olmayan, hətta əxlaqiliyə iddialı yüzlərlə pornoqrafik şeirlər, hekayələr, romanlar yazılır, filmlər çəkilir. Çünki məsələ açıq-saçıq səhnələrdə və sözlərdə deyil, zövqdə, ifadə tərzində, peşakarlıqdadır. Zövqsüz açıq-saçıqlıq bizi uzağı orqazma təşviq edəcək, həqiqi erotizm isə yazıya qoşulmaqda, onu dərində hiss etməkdədir.
Orxan Pamuk “Məsumiyyət muzeyi” romanında qəhrəmanlarının sevişməsini təsvir edərkən təxminən belə yazır: pəncərə açıq idi və çöldəki torpaq meydançada futbol oynayan uşaqların söyüşlərini eşidirdik, birdən anladıq ki, onların söyüşlərini divanın üstündə etməklə məşğuluq. Və ardıncı bitmiş seksual aktın ifadəsi gəlir: bir uşaq bir konserva qutusuna bir təpik atdı, bir qağayı çığırdı, bir fincan qırıldı, çinar ağaclarının yarpaqları küləkdə xışıldadı… Vəssalam. Mənə görə mətnin sehrli cazibəsi içində eyni anda baş verməsə də, eyni anda baş vermiş kimi təsvir edilən bu yaşam qırıntısı istənilən açıq-saçıq səhnədən daha erotikdir.
İnsanın öz cinsəlliyini azad şəkildə yaşadığı, hətta bunun azadlıq, yaxud köləlik məsələsi olduğunu düşünmədən özünü rahatca ifadə etdiyi Antik Yunanıstandan bu yana baxanda, cinsəlliyin, seksin, erotizmin niyə qadağalar zonasına salındığını başa düşmək elə də çətin deyil. Erotikanı əvvəlcə dini qurumlar nəzarətə götürdü, sonra isə aristokratiya onu öz monopoliyasına aldı, yasaq lüks oldu. Ovidinin “Sevgi sənəti” kitabından başlayaraq Petroninin “Satirikon”una, ordan isə cəngavər romanslarının məşhurlaşdığı dövrəqədərki mənzərəyə diqqətlə nəzər yetirəndə bunu aydın görmək olur. Cəngavər romanslarında artıq kişi mərdliyinin simmetrik qarşılığı qadın bəkarətidir. Dünya yaranandan bəri həmişə qanunpərəst idarəçilər bu qarşısıalınmaz enerjini, nəzarətə gəlməyən gücü kontrol etmək istəyiblər, amma bacarmayıblar, uzağı “tərbiyəli erotizm” tipində formullarla müvəqqəti yumşaldıblar. Elə burdan da pornoqrafiya doğulub. Məncə, pornoqrafiya erotizmin qadağan olunmasıdır.
Erotizm adlı o coşub-çağlayan enerji, möhtəşəm daxili vulkan kəbini azadlıqla kəsilmiş incəsənətin alın yazısıdır. Nə qədər sənət var, erotizm azadlığın soyadı olacaq. Məsələn, dünyada hansı qüvvə Lorkanın bu misralarının qarşısında dura bilər:
“… toxundum mürgülü məmələrinə,
nəğməli çiçəklərin budaqlarıtək
döşlərin üzümə açıldı…”
Sim-sim.az