Kayahansız dünya - Qismət yazır...

Kayahansız dünya - Qismət yazır...
12 avqust 2015
# 10:15

Bu gün məşhur türk müğənni Kayahanın doğum gündür

Uşaqlığımın, yeniyetməliyimin müxtəlif dövrlərini oxuduğum kitablarla, dinlədiyim mahnılarla, baxdığım filmlərlə xatırlayıram. Amma deyəsən yaddaşımda ən çox özünə yer tutan görüntü – gah divanda oturmuş, gah masada əyləşmiş, gah da çarpayıda uzanıb kitab oxuyan insanların görüntüsüdür. Gözümü açandan gördüyüm kitab olub: babalarımın kitabxanası, atamın kitabxanası, əmilərimin kitabxanası, dayılarımın kitabxanası...

Əlbəttə, deyə bilmərəm ki, onların mənim qədər radikal kitab sevgisi olub, amma dəqiq bilirəm, hər şeyi təqlid edə-edə dünyayla tanış olduğum yaş dövründə mənə ən cazibədar, ən xarizmatik və sirli-sehrli gələn görüntü kitab oxuyan insan görüntüsü olub.

İndi düşünürəm ki, mənə kitablar qədər olmasa da, dayımın film kolleksiyası, atamın hər həftə “prokat”a götürdüyü yeni film kasetləri də təsir edib. Mən bu təsiri və o günləri artıq ağlımın kəsən vaxtında köhnə əşyaların içindən lentası korlanmış köhnə vhs kasetləri tapanda anladım, kimlər yox idi burda: Fellini, Bertoluççi, Kurosava, Hitçkok... Amma həm də Van-dam, Şvartszenegger, Ceki Çan, Brüs Li, Çak Norris, Çelentano...

Yaddaşıma hopan musiqiləri isə Kayahanın ölümündən sonra düşünməyə başladım. Bizimkilərin musiqidən başı pis çıxmır, anam piano məktəbini, böyük dayım tarı bitirib, mən xatırlamıram, amma deyirlər ki, rəhmətlik nənəm – atamın anası çox yaxşı saz çalırmış...

90-cı illərdə türk mahnıları kütləvi surətdə həyatımıza daxil olmuşdu deyə, ağına-bozuna baxmadan nəyə gəldi qulaq asırdıq; əvvəl fotolarını, sonra səslərini sevdiklərimiz vardı: Backstreet Boys, Spice Girls, Sting, Jenifer Lopez... və tam əksinə, əvvəl səsini, sonra fotolarını sevdiklərimiz vardı həyatımızda: Sezen Aksu, İbrahim Tatlısəs, Sibel Can, Tarkan, Kayahan... Dilini başa düşdüklərimizin səsinə daha həssas idik.

Həmin illərdə əvvəlcə audio kasetlərdən, sonra “Sara” radiosundan başqa ölkələrin sədalarına qulaq verirdik. Və əlbəttə ki, peyk antennalarının həyatımıza girməsi ilə baxdığımız xarici televiziya kanalları da bizi formalaşdırmağa başlamışdı. Yadıma gəlir ki, o illərdə axşamlar tez-tez işıqlar sönürdü, mən də “Bosh” markalı ilk mobil telefonumun radiosunu açır, qulaqcıqlarımı taxır, bəzən işıq yananacan, bəzən isə telefonun batareyası bitənəcən musiqiyə qulaq asırdım. Bir-birinin qadın-kişi variantı olan “Backstreet Boys” və “Spice Girls” kimi pop qruplarını, Latın Amerikasının bütün enerjisini özündə ifadə edən və o vaxtlar təzə-təzə filmlərə də çəkilməyə başlayan Jeniffer Lopezi, bugün də mənə hədsiz zövq verən, inanılmaz sintez duyğusuna sahib olan, gerçək estet Stingi, Can Dündarın deyimiylə, bəstələri türk xalqının “alt şüuru” olan hüznlü mahnıların kraliçası Sezen Aksunu, arabesk deyilən, mənə görə isə etno-folklorik musiqi xəttinin ustası İbrahimi Tatlısəsi, ilk dönəmində türk sənət musiqisi ilə popun sintezinə can atan, sonra oriental tonları qabarıqlaşan Sibel Canı, əvvəlcə Amerika musiqisinə meyl etsə də, sonradan öz gerçək üslubunu tapan, türk musiqisinin ən əski, qiymətli tərəflərini çağdaş musiqinin imkanları ilə birləşdirən, Sezen Aksudan inanılmaz gözəl bəstələr alaraq dünya çapında sənətçiyə dönüşən Tarkanı, böyük şairlərin sözlərinə yazılmış mahnıları şeirə layiq böyüklükdə ifa edən, rus estradasının əfsanəvi liriki Alla Puqaçovanın nəğmələrini də həmin illərdə tanıdım, sevdim, içimə hopdurdum.

Kayahan isə mənə ilk baxışdan çox da fərqli görünməmişdi. Sonra get-gedə onun təkcə bəstələrini yox, həm də obrazını sevməyə başladım. Həmişə mənə elə gəlib ki, Kayahan məhlədə rastımıza çıxan gülərüz dayılar kimi, ya da bayram günlərində qapımızı döyüb bizə qonaq gələn hansısa qohumumuz kimidir, yəni əlçatmaz deyil, sadədir, dəbdəbəsizdir, həm də ağayanadır.

Bir dəfə müsahibədə Kayahana sual vermişdilər ki, Serdar Ortaçı yeni dövrün ozanı sayırlar. Kayahan cavab vermişdi: “Serdar istedadlı oğlandı. Amma ozanlıq daha çox dinləti tələb edir, oynatı yox.” Bu misalı boşuna çəkmədim. Kayahan o musiqiçilərdən idi ki, öz mahnılarının təkcə musiqisini yox, həm də sözlərini özü yazırdı və bu hədsiz çətin, təhlükəli yolda həmişə çox yaxşı işlərə imza atırdı. Təhlükəli deyirəm, çünki canında ədəbi duyumu, söz hissiyatı olmayanların musiqiyə söz yazması əcaib nəticələr verə bilər. Türk musiqisi doludur bu cür kuryozlarla. Amma Kayahan həm də usta söz yazarıydı. Ötəri xatırladığım bəndləri, misraları yazsam, bəs edər məncə, çünki dinləmək lazım: “Yandımı bu postaneler, yıkıldımı yoksa...”; “Geceler bir sıfır önde..”;“Usul-usul yavaşca şöyle, sokul bana, sokul, kal öyle, sıram gelib hayatım bitince, bu elmanın yarısı olmayacak...”; “Akşamları imzaladım göz yaşlarımla...”; “Kiracıyız bu dünyada...”; “Atın beni denizlere...”; “Geceler, katran karası geceler...”; “yine şişe bitecek...” və s.

Kayahanın albomlarından birinin sloqanı təxminən beləydi: “Yolu sevgidən keçən hər kəslə bir gün hardasa mütləq buluşacağıq.” O, yaşadığı köyün adından tutmuş – Sevgi köyü, qızlarına qoyduğu adlara qədər – birinin adı Bəstə, o birininki Əsli Könül – bu şüara sadiq qaldı.

Kayahan qızına xitabən yazdığı “Bugün aslında bayram” mahnısında çox məşğul olmağından, ailəsindən uzaqda qalmasından, əslində bayramın gəlməsindən danışır və araya qəribə şəkildə bir misra salır: “Barış amcan da gitti.” Barış Mançonun ölümünə təəssüf kimi oxunan bu misra, bir-birə mahnıda Barış adını elə qəribə şəkildə metaforaya çevirir ki, çox sadə sözlərin təkrarından ibarət olan və ilk baxışdan hədsiz dərəcədə şəxsi görünən mahnı tamam ayrı mənalara bürünür.

Dediyim kimi, sanki ailəmizin bir üzvü, hər an qapımızı döyüb gələcəkmiş kimi məhrəm, səmimi görüntüsü olan Kayahan ustanın vəfatından xəbər tutanda, bir yazıya yerləşməsi mümkün olmayan şeyləri xatırladım, gözlərim yaşardı.

***

Balıkesirdə qəribə bir köy var; hər köşəsində bir şeirin, bir bəstənin adı əbədiləşən Sevgi köyü. Bu köydə “Gecələr” prospekti ilə “Mavilim” prospektinin kəsişdiyi tində, “Hülyam” dalanında Kayahan yaşayırdı bir zamanlar. Bugün həmin köyün bütün küçələri, bütün prospektləri onun mahnı ilə adlanır.

Nə deyim, Kayahanları azalır dünyanın, başımız sağ olsun!

2015

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #