Sırğa taxmağın faydaları

Sırğa taxmağın faydaları
31 mart 2016
# 12:02

“Orijinal görünməyə çalışır”.

Bu artıq ittihamdır.

Kitab oxuyur ki, orijinal görünsün.

Saçını uzadır ki, orijinal olsun.

Sırğa taxır ki, desinlər orijinaldı.

Bu məsələ sadə məsələ də deyil.

Çünki…

Sürü əxlaqı ilə yaşayan adamlar üçün orijinallıq dözülməzdir.

Fərdilik də qəbulolunmazdı.

“Hamı necə, mən də elə”.

Ağ qarğaların nəsibi ölümdür ancaq.

Buna görə də hər cəmiyyət fərqliləri əzməyə çalışır.

Və heç kim bu sualı özünə vermir: “Orijinal görünməyin nəyi pisdir?”.

Bir oğlan sırğa taxmaqla özünü yaxşı hiss edirsə bu səni niyə narahat edir?

Sənin qulağına taxmır ki, sırğanı.

Həəə…

Burda bir məsələ də var.

Məsələ odur ki, fərqli görünmək istəyən adamların təfəkkürü və şüuru da heç orijinal deyil.

Hamıya aid etmək olmaz, amma ümumən belədir.

Yenə də heç nə dəyişmir.

Lap dəb xatirinə sırğa taxsın, lap mod olduğu üçün kitab oxusun, saçını uzatsın…

Bütün dəyişiklikləri inqilabçılar etmir ki…

Dəblər də cəmiyyəti dəyişir, onu mühafizəkarlıqdan xilas edir, monotonluğunu öldürür, bozluğun üstünə rənglər çiləyir.

Bir gün təqlid edən adam sabah artıq özünü tapır.

Özünü tapmağın yolu mütləq təqliddən keçir.

Həyatda da bu belədir, yaradıcılıqda da.

Bütün böyük işləri özünü tapmaq istəyən, bunun üçün cəmiyyətin təzyiqlərini gözə alan, ona sinə gərən adamlar görüblər

Ona görə də…

Lap olsun dəb xatirinə…

Sırğanı da tax…

Küçədə iç pivəni…

Saçını uzat…

Hamı kimi olma.

Özün ol.

Milyonlara bənzəməkdənsə yüzlərə, minlərə bənzə.

Belədə özünə daha yaxın olursan.

Necə deyirdi şair?

“Sən özünə qayıdanda böyük olursan”.

Eynən o cürə!

# 957 dəfə oxunub

Müəllifin son yazıları

# # #