Sultan Əbdülhəmid Şerlok Holmsdan niyə qorxurdu? - QAN TURALI YAZIR...

Sultan Əbdülhəmid Şerlok Holmsdan niyə qorxurdu? - <span style="color:red;">QAN TURALI YAZIR...
23 yanvar 2017
# 08:30

Hər nə qədər qeyri-intellektual (İntellektuallıq haqqındakı videomuzu xatırlayın) görünsə də mən detektiv ədəbiyyatı sevirəm.

Bununla belə özümü yaxşı bir detektiv oxucusu saymıram.

Amma uşaq vaxtı oxuduğum Konan Doyl və onun özündən məşhur qəhrəmanı bütün mütaliə illərim ərzində mənimlə olub.

Bizim vaxtımızda bir uşaq ensiklopediyası vardı.

Aliyə yazandan deyildi, ciddi ensiklopediya idi.

Nazım Hikməti ordan tanımışdım misal üçün.

Elə o ensiklopediyanın detektiv məqaləsində bir yer vardı.

Yazmışdılar ki, detektivə aludə olmaq insanı mütaliədən uzaqlaşdırır, oxucu detektivdən başqa heç bir şey oxuya bilmir.

Mənim də ətrafımda olan iki cüt, bir tək detektiv kitab vardı, onları oxuyub bitirmişdim, ona görə də ədəbiyyatdan uzaqlaşa bilmədim, əksinə detektivdən uzaqlaşdım.

Amma illər keçsə də Şerlok Holmusun əlimə keçən bütün kitablarını oxudum.

Türk dilində bir neçə cildlik Şerlok seriyası vardı, hər şənbə gəlib birini alır, növbəti həftəyə qədər bitirib gələn həftə başqasını alırdım.

Şerlok serialını da çox sevirdim, amma son seriyalarında xeyli qarışdırıb məhv ediblər təmiz.

Nəsə…

Yaman uzun bir giriş oldu.

Şerlok bu girişi ikinci cümlədən kəsərdi.

Sözüm başqa idi əslində.

Konan Doyl haqqında bir Şerlokvari hadisədən danışacam.

Türkiyədə çap olunan detektiv ədəbiyyat jurnalı “221B” Şerlok Holmsa həsr olunub.

Jurnalda ən maraqlı məqalələrdən biri “qanlı sultan” adlandırılan türk sultanı Əbdülhəmidin Şerlok Holmasa olan sevgisi haqqında idi.

Məlumdur ki, Əbdülhəmid hakimiyyəti dövründə ölkədə nəhəng bir xəfiyyə şəbəkəsi qurmuşdu.

Onun zamanında çuğulçuluq heç bir zaman olmadığı qədər aktual idi.

Hətta bir lətifə danışır: İki adam görüşür və hər biri bu söhbəti yuxarıya raport verir. Onların ikisi də xəfiyyədir.

(Bəxtiyar Vahabzadənin “İki qorxu” poeması da bu haqdadır, qəribə faktdır)

Image result for Konan Doyl

Keçən həftə “Hürriyyət”də Mehmet Yılmaz dediyim jurnal məqaləsindən söz salıb bir sual verdi: “Padşah eşq romanlarını çox sevsəydi sizcə ölkə başqa cürə idarə olunardı?”

Bunlar qəliz məsələlərdir, bunlara baş qoşa bilmərəm mən.

Amma onu deyim ki, Stalin sevgi filmlərinə baxıb ağlayırmış.

Sentimentallıq qəddarlığa maneə deyil ki…

Müşfiqi öldür, sonra da nakam sevgi filminə baxıb dəsmal götür.

Belə...

Jurnalı deyirdim axı.

Hə, demək Əbdülhəmid haqqında çıxan xarici nəşrləri izləmək üçün sarayda tərcümə bürosu yaradıb.

Sarayın abunə olduğu “Strand” jurnalının 1901-ci il aprel nömrəsində Konan Doylun “Boş ev” hekayəsi çap olunur.

Həmin hekayə tərcümə edilərək sultana təqdim edilir.

Sultan da hekayəni bəyənərək digər hekayələri də istəyir.

İki tərcüməçi dayanmadan Şerlok hekayələrini tərcümə etməyə başlayırlar.

İşə İngiltərənin Türkiyədəki səfiri ser Henri Vud da qoşulur.

Və bir gün Artur Konan Doyl İstanbula dəvət olunur.

Şerlokvari əhvalat da bu səfərlə bağlıdır.

Səfir bu haqda belə yazır: “Mənim də iştirak etdiyim tədbirdə Əbdülhəmid Konan Doyla Məcidiyə ordenini təqdim etdi”.

Konan Doyl isə padşah tərəfindən qəbul edilmədiyini, özünə və arvadına orden verildiyini yazır.

Konan Doyl sultanla görüşdümü? Bəlli deyil. Hər şahid başqa cür xatırlayır.

Gözəl bir ədəbiyyat oxucusu, eyni zamanda padşahın fəxri yavəri olan Henri Vuds səhv xatırlaya bilərdimi?

Bəs Konan Doyl necə? Türk sultanı ilə görüşdüyü halda görüşmədiyini necə qeyd edərdi? Ağlasığmaz deyilmi?

Əlimizdə üçüncü dəlil də var, amma ona keçməmiş ilk iki dəlili Şerlok kimi analiz edək.

Səfir bunu xatirələrində, yazıçı isə gündəliyində yazıb.

Məlum məsələdir ki, gündəlik daha inandırıcıdır, çünki hadisənin baş verməsi ilə yazılması arasında fərq burada minimumdur.

Xatirələr isə bəzən on il sonra da yazıla bilir.

Arxivə baş vuran tədqiqatçılar isə Konan Doyl və arvadına orden verilməsi haqqında qeyd tapırlar.

Keçək üçüncü sübuta...

Əslində bu sübutu mənbə də adlandırmaq olmaz, söhbət romandan gedir.

Müəllif Yetvard Otyan Türkiyənin ilk detektiv yazıçılarından biridir.

Roman 1911-ci ildə yazılıb. Əsərdə sənədli materiallardan da istifadə olunub. İnsan adları reallıqdakı ilə eynidir. Əbülhəmidin bir neçə xəfiyyəsi öldürülür və qatili tapmaq üçün sultan saraya Şerloku dəvət edir.

Romanın bir yerində isə Konan Doylun İstanbula səfəri haqda söhbət açılır.

Konan Doyla sultanın adından orden təqdim edilir, ancaq o qəbul eləmir.

Bir neçə gün İstanbulda qalan və yaranmış vəziyyətə görə çox narahat olan yazıçı sultanın yaxın adamlarına ağız açır.

Sultan ona böyük məbləğdə pul göndərir, amma yenə də onu qəbul etmir.

Yazıçının variantına görə, sultan Konan Doylun sarayı görəcəyindən və bunu öz romanlarında yazacağından çəkinib.

Hər halda bu da onun fikridir.

Sual isə açıq qalır: Konan Doyl Əbdülhəmidlə görüşdümü?

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

# # #