Fəxri Uğurlu: Yetkin üslubun müasirlik sınağı - Qan Turalı yazır

Fəxri Uğurlu: Yetkin üslubun müasirlik sınağı - <span style="color:red;">Qan Turalı yazır
14 dekabr 2015
# 12:07

Azərbaycan ədəbi mühitində iki tip yazıçı var. Birincisi ədəbi mühitin yazıçılarıdır. Onların qabiliyyətini, istedadını ədəbi mühitdə hamı təsdiq edir, yeri gələndə onları nümunə göstərir. Fəxri Uğurlu da bu cür yazıçılardandır. İkinci tip isə ədəbi mühitdə birmənalı qəbul olunmayan yazıçılardır ki, onlara da ən yaxşı misal keçən yazımızın baş qəhrəmanı Seymur Baycandır.

Fəxrinin bir yazıçı kimi qibtə ediləsi cəhətləri çoxdur. Yaxşı mütaliə, gözəl yazı manerası, illərin təcrübəsindən çıxmış üslubu, formalaşmış təfəkkür tərzi... Fəxri Azərbaycan dilinin elə bir qatını tapıb və o qatda yazır ki, bu qatı təsəvvür etmək belə bir çox yazıçımızın ağlına gəlməmişdir. Üslubu nəzərə çatdırmaq üçün bu cümləyə baxaq: “Dərvişin xatirəsi üzü yas tükü gətirmiş qəmli kişilərin çiynindəki taxta beşikdə bəxtəvər-bəxtəvər yırğalanırdı”. Görün, cəmi bir cümlədə nə qədər dəqiq müşahidə (yas tükü, xatirələrin yırğalanması və s.) var və bu müşahidələr necə də dəqiqliklə bir cümlənin içinə salınıb.

Bu cür yazıçılar haqqında adətən belə deyirlər: Usta yazıçıdır. Doğrudan da Fəxri Uğurlunun üslubunda bir ləngər, bir usta ədası və kamil bir yazıçının dəst-xətti aydın şəkildə görünür. Və onu da mütləq qeyd etmək lazımdır ki, bu cür kamil üslub Azərbaycan nəsrinə öz adını yazmış yazıçıların belə arzuladığı bir üslubdur.

Marsel Prust yazırdı: “Üslub bəzilərinin hesab elədiyi kimi bəzək-düzək, ya da texnika məsələsi deyil. Üslub rəssamlar üçün rəng nədirsə odur, yazıçı baxışının keyfiyyətidir, birinin görüb digərlərinin görə bilmədiyi bir dünyadır. Sənətçinin bizə verdiyi həzz yeni bir dünyanı, yeni bir aləmi tanımağımızdır”.

Bu mənada da Fəxri Uğurlunun üslubu həm dilimizin yeni bir sifətini, indiyənə qədər görmədiyimiz yeni bir üzünü bizə göstərir. Biz Aya baxır, lakin Ayı bütün tərəflərini görə bilmirik. Kosmosdan çəkilən rəsmlər olmasaydı biz Ayı bütün bucaqlardan müşahidə edə bilməyəcəkdik. Fəxrinin də üslubu, dili məhz belədir, danışdığımız və yazdığımız dilin yeni imkanlarını bizə göstərir.

Fəxri Uğurlunun “Hekayələr” kitabındakı on iki hekayə bizə dilin yeni qatlarını, üslubun yeni görsənişlərini göstərir. Bu düzdür. Lakin biz bu hekayələrdə düşüncənin yeni qatına, qədim mətnlərin müasir oxusuna şahid oluruqmu? Məncə, Fəxri Uğurlunun əsas problemi də budur.

Aktuallıq ədəbiyyatın mühüm xüsusiyyətlərindəndir. Aktuallıq heç də o demək deyildir ki, neftçilərlə bağlı faciə oldu, dərhal bu barədə bir roman yaz. Aktuallıq çox daha mürəkkəb bir kateqoriyadır.

Adətən biz klassiklər haqqında deyirik ki, onlar daim aktualdırlar. Bu doğrudan da belədir. Lakin bu fikir klassik əsərlərin yazıldığı dövrdə aktual olmadığı mənasına gəlmir. Çünki mahiyyət etibarı ilə hər əsər öz zamanının ruhunu əks etdirməli, ona müvafiq olmalı və zamanın qaldırdığı mənəvi suallara cavab axtarmalıdır.

Fəxri Uğurlu kitabında çox maraqlı bir yol seçib. Kitabda qədim rəvayətlər yenidən yazılıb. Özü də rəvayətlərin çoxu həm də yazılı ədəbiyyatın mövzusudur, misal üçün “Şeyx Sənan”, “Leyli və Məcnun”. Lakin bütün bu yenidən yazılmalarda zamanın ruhu yoxdur. Bu yazılmalar üslubu və dili nəzərə almasaq XIX əsr ədəbiyyatında da yazıla bilərdi. Yəni, qədim rəvayətlərə bu cür yanaşma əsla XXI əsr ruhunun, təfəkkürünün ifadəsi deyildir.

Qətiyyən belə düşünmürəm ki, müasir dövr üçün məcnunluq, ya da şeyxsənanlıq aktual mövzu deyil. Və qətiyyən də düşünmürəm ki, bu mövzuları zamanın ruhuna uyğun şəkildə yazmaq mümkün deyil.

Köhnə ideyaların bir müddət sonra yenidən aktuallaşması faktdır. Misal üçün, sufilik XIX əsrdə olmadığı qədər XXI əsrdə aktualdır. Ya da Avropada buddizm sürətlə yayılır. Lakin Bakıxanovun sufiliyə baxışı ilə Orxan Pamukun baxışı arasında fərq var. Həmin fərq də dövrün, zəmanənin dünyagörüşlərinin fərqidir. Ya da Avropada yayılan buddizmlə Tibet buddizmi arasında fərq çoxdur, çünki Avropa təfəkkürü buddizmi başqa cür qavrayır və bu qavrayış Tibet düşüncəsi ilə ziddiyyət təşkil edir. Bu mənada mövzu nə qədər qədim olursa olsun yazıçı ona modern bir ruhla yaxınlaşmalıdır. Fəxri Uğurlu hekayələrində çatışmayan əsas cəhət də məncə müasirlik duyğusudur. Fəxrinin bayaq qeyd etdiyimiz ictimai diqqət qazanmamasının səbəbi də çox güman ki, elə bu müasirlik məsələsindədir.

Bir də fəlsəfəçilik məsələsi. Ədəbiyyat əlbəttə ki, fəlsəfi dərinliyi olan incəsənət növüdür, hətta bəlkə bu kontekstdə birincidir. Lakin birmənalı şəkildə fəlsəfəni ədəbiyyatın fövqünə qaldırmaq da yolverilməzdir, çünki ədəbiyyat da eynilə fəlsəfə kimi dünyanı dərk etmək vasitələrindən biridir. Bunlar məlum məsələlərdir. Naməlum olan isə Fəxri kimi peşəkar bir yazıçının əsərin ideyasını çox açıq şəkildə ortaya qoyan fəlsəfi dialoqlar qurmasıdır. Misal üçün, “İsgəndərin qanunu” hekayəsi qanunun fəlsəfi mahiyyətinə dair mübahisələrə həsr olunub. Yazıçı açıq şəkildə ifadə etdiyi bu mətləbləri sətiraltına salmaq, mətnin nüvəsinə oturtmaq haqda düşünmür. Sadəcə olaraq fəlsəfi biliyini dialoqlarla xərcləyir və onlarla yazıçı kimi rəftar etmir. Bu meyl bir çox hekayələrdə olsa da qeyd elədiyim hekayədə xüsusilə qabarıq görünür.

Yazımı “Dərviş” hekayəsindən seçdiyim bir parça ilə bitirmək istəyirəm: “Aha, deməli yol ayrıcındasan, bütün yollar sənə öz yolun kimi görünür. Bir azdan ya sən yolu seçəcəksən, ya da yol səni...”

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

# # #