Kulis.Az amerikan yazıçı Uilyam Saroyanın “Hörmətli xanım Qarbo” adlı qısa hekayəsini təqdim edir.
Hörmətli xanım Qarbo, güman edirəm, başımdan yaralandığım, daha doğrusu, başımın partladığı Detroyt tətili haqqında olan xəbər filmində məni görmüsünüz. Mən Fordun fabrikində işləməmişəm, amma dostum tətildən danışanda, həmin gün bekar olduğuma görə, ona qoşulub hadisə yerinə getdim. Beş-altı nəfər yığışıb söhbət eləyirdik. Yaxşı eşidə bilməsəm də, hərdən qulağıma müxalif söz-söhbət dəyirdi.
Ağlıma gəlməzdi ki, nə isə hadisə baş verə bilər. Film çəkənlərin gəldiyini görəndə, sevindim. Bəxt üzümə gülmüşdü. Filmə çəkilmək çoxdankı arzum idi. Ortalıqda vurnuxub fürsət axtarırdım. Yaraşıqlı idim, filmdə yaxşı görünəcəyimi bilirdim. Çəkiliş vaxtı işimin öhdəsindən yaxşı gəlsəm də, min təəssüf: o kiçik qəza məni bir həftəlik xəstəxana yatağına saldı.
Xəstəxanadan çıxar-çıxmaz, evimizin yaxınlığındakı kinoteatra baş çəkəndə həmin filmin nümayiş edildiyini gördüm. Bilet alıb, filmə baxdım. Gözəl idi, həqiqətən, gözəl idi. Diqqətlə baxmısınızsa, yadınızda qalmalıyam: qaçaqaç başlayanda papağı düşən göy, yun kostyumlu cavan oğlan mənəm.
Yadınıza düşür? Sifətim filmdə yaxşı düşsün deyə, başımı dörd-beş dəfə ora-bura çevirmişdim. Hər halda, gülümsəyəndə görmüsünüz. Məni həmişə maraq götürüb ki, görəsən, gülümsəyəndə necə görünürəm? Öz dilimdən eşitsəniz də, vallah, həqiqətdir, inanın mənə: filmdə lap yaxşı düşmüşəm.
Adım Feliks Otriadır, italyanam. Litsey məzunuyam, ingilis dilini isə buranın yerli camaatı kimi bilirəm. İtalyanca da danışıram. Bir az Rudolf Valentinoya, ya da Ronald Colmana oxşayıram. İstəyirəm, Çeçil B. De Milla, yaxud başqa böyük prodüserlərdən biri məni seçib görsün ki, filmləri üçün gərəkli adamam.
Başımdan yaralananda huşumu itirdiyimə görə, çəkiliş meydançasındakı hadisələri sonradan - filmə baxanda gördüm. Tətildəki gözyaşardıcı qaz, təzyiqli su və bu kimi şeylər adi şeylərdir. Amma filmi üç gündə 11 dəfə izlədim və əminliklə deyirəm: o tünlükdə nə tətil iştirakçısı, nə də heç bir polis mənim qədər gözə dəymir, qabağa çıxmırdı.
Xahiş edirəm, bunu işlədiyiniz şirkətə çatdırın. İnanıram, uğur qazanacağam. Ölənə qədər sizə minnətdar olaram, Qarbo xanım! Güclü səsim var və eşqə düşən kişi rolunu çox gözəl oynaya bilərəm. Ümid edirəm, mənə kiçik bir yaxşılıq edəcəksiniz. Kim bilir, bəlkə gələcəkdə sizinlə eyni filmdə oynadıq?!
Hörmətlə, Feliks Otria.
Tərcümə: Qan Turalı