Kulis.Az Ernest Heminqueyin “Təmiz, işıqlı yer” hekayəsini Qan Turalının tərcüməsində təqdim edir.
Artıq gec idi və kafedə ağacın yarpaqları işığın qabağını kəsdiyindən kölgədə qalan qoca kişidən başqa hamı getmişdi. Gecənin rütubəti gündüzün toz-torpağını təmizləmişdi. Qoca gecənin yarısına qədər kafedə oturmağı sevirdi, çünki kar idi. Gecə ətraf sakitləşəndən sonra özünü başqa cürə hiss edirdi. İçəridəki iki ofisiant qocanın bir az sərxoş olduğunu bilirdi. Daimi müştəri olmasına baxmayaraq qoca çox içəndə hesabı ödəmədən çıxıb gedirdi. Buna görə də ofisiantlar onu gözdən qoymurdular.
Ofisiantlardan biri “keçən həftə özünü öldürmək istəyirmiş” dedi.
- Niyə?
- Çarəsizlikdən.
- Nə dərdi var?
- Heç.
- Haradan bilirsən?
- Varlı adamdı...
Ofisiantlar kafenin qapısının yanında, divara söykənmiş masada oturub küləyin xəfif yellətdiyi ağacların kölgəsindəki oturan qocadan başqa hamının getdiyi terrasa baxırdılar. Küçədən hərbçi ilə qız keçirdi. Elektrik dirəyinin işığı hərbçinin çiynindəki paqonu işıqlandırdı. Qızın başı açıq idi, əsgərin yanında sürətlə addımlayırdı. Ofisiantın biri “patrullar tutacaq” dedi.
- Əsgər istədiyini eləyibsə, sonra tutsalar da nə vecinə?
- Burdan aralana gərək, patrullar tutacaq, beş dəqiqə qabaq keçdilər.
Kölgədə oturan qoca kişi stəkanla boşqabı taqqıldatdı. Gənc ofisiant qocanın yanına getdi.
- Nə istəyirsən?
- Bir brendi də ver.
- Sərxoş olacaqsan...
Qoca ofisianta baxdı, ofisiant getdi. Yoldaşına - “Bütün gecə oturacaq, - dedi, - yuxum gəlir, üçdən tez yata bilmirəm, gərək keçən həftə özünü öldürəydi”.
Ofisiant brendi şüşəsini və stəkan altlığını götürüb qocanın stoluna getdi. Stəkanı brendi ilə doldurdu. Qocaya “keçən həftə özünü öldürməli idi” dedi, qoca da əliylə “bir az da tök” işarəsini verdi. Ofisiant stəkanı elə doldurdu ki, içki daşıb stola yığılmış altlıqların üstünə töküldü. Qoca təşəkkür elədi. Ofisiant şüşəni apardı. Stolda, yoldaşının yanında oturdu.
- Sərxoş oldu.
- Hər gecə sərxoşdur.
- Niyə özünü öldürmək istəyib?
- Mən haradan bilim?
- Necə eləyib?
- Özünü asıb.
- Kim xilas eləyib?
- Bacısı qızı.
- Niyə xilas eləyiblər ki?
- Günaha batmağından qorxublar.
- Nə qədər pulu var?
- Çox.
- Səksən yaşı olar.
- Məncə də səksən olar.
- Kaş tez dura. Heç vaxt üçdən tez yata bilmirəm. O vaxt adam yatar?
- Getmir. Burda oturmaq xoşuna gəlir.
- O, təkdi, amma mən tək deyiləm. Arvadım yataqda məni gözləyir.
- Vaxtilə onun da arvadı varmış.
- İndi arvadı olsa da ona xeyri olmazdı.
- Yox. Arvadı olsaydı daha yaxşı olardı.
- Bacısı qızı yəqin baxır ona. Dedin o, xilas eləyib.
- Bilirəm, mən bu qədər qocalmaq istəmirəm, qocalar pis olur.
- Hamısı deyil, bu adam təmiz, nurlu adamdı, heç nəyi dağıdıb-tökmədən sakitcə içir, baxsana...
- Baxmaq istəmirəm, kaş durub gedə, bizə bir qram hörməti yoxdu.
Qoca stəkanın arxasından meydana, sonra isə ofisiantlara baxdı. Stəkanı göstərərək “bir brendi də süz” dedi. Tələsən ofisiant onun yanına gəldi. Axmaqların sərxoşlarla və yad adamlarla danışarkən etdiyi kimi natamam cümlələr qurub “daha içki yoxdu, bağlayırıq” dedi. Qoca “birin də süzün” desə də ofisiant əskiylə stolun kənarını silib “yoxdu, qurtardı” sözlərini təkrarladı.
Qoca ayağa qalxıb stəkan altlıqlarını saydı, cibindən dəri portmanat çıxartdı, hesabı ödəyib yarım peso da çaypulu qoydu. Prospektlə gedərkən ofisiant ona baxırdı. Bir az səndirləsə də məğrurluqla addımlayan çox qoca adama...
Tələsməyən ofisiant “Kaş bir az da içəydi... Niyə qoymadın?” dedi. Kafeni bağlayırdılar.
-Saat heç üçün yarısı da olmamışdı.
-Evə getmək istəyirdim.
-Bir saat da qalsaydı nolardı ki?
-Ona fərq yoxdu, amma mənə fərqi çoxdu.
-Bir saat bir saatdır.
-Sən də qoca kişi kimi danışırsan, brendi alıb evində də içə bilər.
-Eyni şey deyil.
Arvadı olan ofisiant da “düz deyirsən” deyib yoldaşına haqq verdi. Haqsızlıq eləmək istəmirdi, sadəcə tələsirdi.
- Həmişəki vaxtdan tez evə getməkdən qorxmursan?
- Məni təhqir edirsən?
- Yox, zarafat edirəm.
Tələsən ofisiant metal qapını bağlayıb “mən özümə inanıram, özümə güvənirəm” dedi. Yaşlı ofisiant isə “gəncsən, özünə inanırsan, işin var, maaşın var, hər şeyin var” deyə cavab verdi.
- Bəs sənin nəyin əskikdi?
- İşdən başqa hər şey əskikdi məndə.
- Məndə nə varsa səndə də var.
- Yox, mənim özümə inamım yoxdur, həm də cavan deyiləm.
- Az danış, qapını kilidlə.
Qoca ofisiant: “Mən də gecə yarısına qədər kafedə oturanlardanam. Yatmaq istəməyənlərdən, gecələr işığı yanılı qoyanlardanam”.
- Mən isə evə gedib yatmaq istəyirəm.
Qoca ofisiant: “Biz səninlə elə fərqliyik ki.” Artıq getməyə hazır idi: “Bu gənclik və özünəinam məsələsi deyil. Hərçənd ikisi də gözəl şeylərdi. Hər gecə kafeni istəməyə-istəməyə bağlayıram, birdən bir müştəri gələr deyə”.
- Dostum, gecə səhərə qədər açıq olan yerlər var.
- Başa düşmürsən, bura təmiz və gözəl kafedi, yaxşı işıqlandırılıb, çox gözəl işıqlardı, həm ağacların da kölgəsi var.
-Gecən xeyrə.
- Xeyrə qarşı.
İşığı söndürüb öz-özünə danışmağa başladı: “İşıq vacib idi, amma yer də təmiz və gözəl olmalıydı. Musiqi lazım deyil. Dəqiq! Lazım deyil. Barın qarşısında saatlarla otura bilməzsən, amma burda olar. Niyə qorxdu? Bu qorxu ya da ürkü deyil. Yaxşı bildiyi heçlik idi. Hamısı heçdir, bu adam da bir heçdir. İstədiyi yaxşı və işıqlı bir yerdi, bir az da təmizlik, səliqə-sahman, bəziləri belə yerlərdə yaşasalar da bunu bilməzlər, amma o bilir. Cənnətdəki heçimiz, bizə heçliyimizi ver, gündəlik heçliyimiz ver, bu dünyada da, o dünyada da heçliyimizi ver, heçliklərimizi heç et, bizi heç günündən qurtar və bizi heçdən qoru.” Gülümsədi və parlaq qəhvə aparatı olan bir barın qarşısında dayandı.
Barmen ondan nə istədiyini soruşdu. O “heç” dedi. Barmen “daha bir başdanxarab” deyib getdi.
Ofisiant “Kiçik fincan” dedi.
Barmen stəkanı doldurdu.
Ofisiant: “İşıq yaxşıdı, parlaqdı, amma aparat gərək cilalanaydı.”
Barmen ona baxdı, amma cavab vermədi. Söhbətləşmək üçün çox gec idi.
Barmen “Bir stəkan da içirsən” deyə soruşdu.
Ofisiant təşəkkür edib getdi. Barları və meyxanaları sevməzdi. Təmiz, işıqlı yer başqa şey idi. İndi çox düşünmədən evinə gedib yatağa uzanacaq, ancaq sabaha yaxın yuxuya gedə biləcəkdi. Öz-özünə “yəqin yuxusuzluqdandı, indi çox adamda belə olur” deyəcəkdi.
1933