Nobel Akademiyası Ədəbiyyat mükafatının qalibi Bob Dilanla bağlı açıqlama yayıb. Kulis.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə Bob Dilan komitəyə mükafatı şəxsən almaq istədiyini, lakin daha əvvəl tərtib edilmiş proqramının buna imkan vermədiyini bildirib.
Akademiyanın baş katibi Sara Denius Bob Dilanın göndərdiyi məktubda Nobel mükafatını görə böyük qürur hissi keçirdiyini də vurğulayıb.
Sara Denius Bob Dilanın qərarına hörmət etdiyini bildirib: “Əlbəttə ki, Nobel Bob Dilanda da qalacaq. Son illərdə müxtəlif səbəblər ucbatından Doris Lessinq, Harold Pinter, Elfrida Yelinek də mükafatın təqdim edilmə mərasimində iştirak etməmişdi”
Nobel Akademiyasının sabah məsələ ilə bağlı geniş məlumat yayacağı gözlənilir.
Bob Dilan 13 oktyabrda "Böyük Amerikan musiqi ənənələri daxilində yeni poetik ifadələr yaratdığına görə" Nobel Ədəbiyyat mükafatına layiq görülmüşdü. Lakin onun məsələ ilə bağlı heç bir açıqlama verməməsi Nobel Akademiyasına hörmətsizlik kimi qiymətləndirilmişdi.