Kulis.az Nazim Hüseynlinin şeirlərini təqdim edir.
SƏN DÜNYAYA NƏ VERMİSƏN?
Özünü hey öyən adam,
Dünyamızı söyən adam,
Dünya pisdir deyən adam,
Sən dünyaya nə vermisən?
Dünya səni bəsləyibdi,
Yediribdi, süsləyibdi,
Dürüstlüyə səsləyibdi,
Sən dünyaya nə vermisən?
Zülüm gördün hayqırdınmı,
Zalım gördün hayqırdınmı,
Sorun gördün hayqırdınmı,
Sən dünyaya nə vermisən?
Şeytanla əl tutan bizik,
Əyri yolu gedən bizik,
Dünyanı pis edən bizik,
Sən dünyaya nə vermisən?
Xeyir ilə şər sarışıb,
Yaxşı yamanla barışıb,
Saflıq çirkabla qarışıb,
Sən dünyaya nə vermisən?
Cəhənnəmə döndərmişik,
Alçaltmışıq, endirmişik,
Körpüləri yandırmışıq,
Sən dünyaya nə vermisən?
Leş axtaran qarğa çoxdu,
Oğrulara arxa çoxdu ,
Haqqa düşmən darğa çoxdu,
Sən dünyaya nə vermisən?
Qiblən bəlli, tuşun bəlli,
Təvəllüdün, yaşın bəlli,..
Məzarın, baş daşın bəlli,
Sən dünyaya nə vermisən?
Əlləşirsən yerlə, göylə:
Dünya böylə, zaman böylə,
Bir özünə sual eylə,
Sən dünyaya nə vermisən?
Dünya mənəm, sənsən, bizik,
Çoxu əyri, azı düzük,
Nə eyləsin dünya yazıq,
Sən dünyaya nə vermisən?
DOĞULMAĞA DƏYƏR DÜNYA
Qoxusunu duymaq üçün,
Laylasından doymaq üçün,
Dizinə baş qoymaq üçün
Doğulmağa dəyər dünya!
Uzaq düşmək, ayrılmaq var,
Həsrətindən qovrulmaq var,
“Ana!” deyib sarılmaq var,
Doğulmağa dəyər dünya!
Sevdiyinə varmaq üçün,
Ürəyini vermək üçün,
Bir çiçəyi dərmək üçün,
Doğulmağa dəyər dünya!
Öz yuvanı qurmaq üçün,
Öz nəslini vermək üçün,
Qulluğunda durmaq üçün,
Doğulmağa dəyər dünya!
Övlad, nəvə baldan şirin,
Möcüzəsi Göyün, Yerin,
Çox olsa da qayğı, sorun,
Doğulmağa dəyər dünya!
Bir kasıbı güldürməkçün,
Yıxılanı qaldırmaqçün ,
Göz yaşını sildirməkçün,
Doğulmağa dəyər dünya!
Yollarına zülmət çöksə,
Dövran səni dara çəksə,..
El yanında başın diksə,
Doğulmağa dəyər dünya!
Elə dayaq olmaq üçün,
Bir yol, cığır salmaq üçün,
“Vətən!”-deyib ölmək üçün,
Doğulmağa dəyər dünya!
İÇİM SEVGİ İLƏ DOLU
Haqq uğrunda oyaq olam,
Yıxılana dayaq olam,
Ayaqsıza ayaq olam,
İçim sevgi ilə dolu!
Günəş göydən işıq saçar,
Yerdə qönçə güllər açar,
Balasını ana qucar,
İçim sevgi ilə dolu!
Bir ev yansa sızıldaram,
Bir quş donsa sızıldaram,
Budaq sınsa sızıldaram,
İçim sevgi ilə dolu!
Vətən-eşqim, nurum mənim,
Yarım mənim-yarım mənim,
Övlad, nəvə varım mənim,
İçim sevgi ilə dolu!
Gözəl, hər çağ gözün gülsün,
Bəxtin gülsün, üzün gülsün,
Şirindil ol, sözün gülsün,
İçim sevgi ilə dolu!
Ağ kəfənə bürüsələr,
Məzarlığa yürüsələr,
Üstüm örtüb zarısalar...
İçim sevgi ilə dolu!
BƏNÖVŞƏTƏK BOYNU BÜKÜK QALMISAN
Bir dəstə bənövşə uzatdın mənə,
Mat qaldım qoxuya, duruşa, günə,
Götürüb təşəkkür eylədim sənə,..
Bənövşə vermisən, ürək almısan,
Bənövşətək boynu bükük qalmısan.
Hardasan, ayrılıq dərdimi dərdin,
Sənin nə yaşın var bu dərdi dərdin,
Ötən yaz sən mənə bənövşə verdin,
Yoxsa bənövşədən sən dərd çalmısan,
Bənövşətək boynu bükük qalmısan.
...Səni sevmədiyin kəsə veriblər,
Zor ilə nəs oğlu nəsə veriblər,
Baiskar kəslər qan qusa, veriblər,
Dörd divar içində dustaq olmusan,
Bənövşətək boynu bükük qalmısan.
HAMIDAN DA VƏTƏN ÜSTÜN
Nə mən üstün, nə sən üstün,
Döyüşlərə gedən üstün,
Yağıyla cəng edən üstün,
Hamıdan da Vətən üstün!
Qıydı igid cana-üstün,
El borcludur ona-üstün,
Oğlu şəhid ana üstün,
Hamıdan da Vətən üstün!
Ömrü şamtək sönən üstün,
Qazi kimi dönən üstün
Düşmənləri yenən üstün,
Hamıdan da Vətən üstün!
Planları cızan üstün,
Yağıları əzən üstün,
Zəfərləri yazan üstün,
Hamıdan da Vətən üstün!
ŞƏHİD VERMƏSƏK
Kölə olluq, qul olluq,
Ayaq altda çul olluq,
Əsir ölkə, el olluq
Şəhid verməsək!
Xarıbülbül ağlayar,
Naləsi qəlb dağlayar,
Bulaqlar qan çağlayar
Şəhid verməsək!
Şuşanı fəth etməzdik,
Kəlbəcərə getməzdik,
Zəngəzura çatmazdıq
Şəhid verməsək!
Necə torpaq alardıq,
Necə qalib olardıq?
Xankəndisiz qalardıq
Şəhid verməsək!
Araz dərdi bitərmi,
Həsrət sona çatarmı,
Xalq birliyə yetərmi
Şəhid verməsək!
Vətənimiz hürr olmaz,
Bütöv olmaz, bir olmaz,
Bizə Yerdə yer olmaz
Şəhid verməsək!
MƏNƏ İTKİN DEMƏYİN
Qarabağ savaşında itkin düşmüş əsgərlərimizə
Evdən küsüb getməmişəm,
Eldən küsüb getməmişəm,
İtməmişəm, batmamışam,
Mənə itkin deməyin.
Ön səngərdə durmuşam mən,
Savaşlara girmişəm mən,
Neçə düşmən vurmuşam mən,
Mənə itkin deməyin.
Çox amansız döyüş getdi,
Vaxt yetişdi, ömür bitdi,
Əsgər dostlar uçub getdi,
Mənə itkin deməyin.
Düz sinəmdən yara aldım,
Qan itirdim, yerdə qaldım,
“Vətən”-deyib şəhid oldum,
Mənə itkin deməyin.
Erməninin bitməz oynu,
Sındırılsın gərək boynu,
Yerim ana torpaq qoynu,
Mənə itkin deməyin.
Yellər çınqıl, qum gətirib,
Şəllər özün tez yetirib
Üstüm örtdü-iz itirib,
Mənə itkin deməyin.
Azərbaycan-evim, Vətən,
Mən yurda bir qurban gedən,
Sayılmayım şəhid nədən,
Mənə itkin deməyin.
Atam, anam, bacım, gülüm,
Dağım, daşım, obam, elim,
Vətən, sizə qurban olum,
Mənə itkin deməyin.
AZƏRBAYCAN BAYRAĞI
Keçmişlərdən dikəlir,
Min illərdi yol gəlir,
Arxasınca el gəlir,
Azərbaycan bayrağı!
Zirvələrə dikiləndi,
Önündə diz çöküləndi,
Tabutlara büküləndi,
Azərbaycan bayrağı!
Bir məşəldi-gur, sönməz,
Yüksəlibdi, heç enməz,
Qələbəsiz geri dönməz
Azərbaycan bayrağı!
Qarabağa el-el dönür,
Səcdəsinə dağlar enir,
Xankəndidə dalğalanır
Azərbaycan bayrağı!
Ana Təbriz yolun gözlər,
Göyçə sənə baxıb sızlar,
Dərbənd həsrət, zaman izlər,
Azərbaycan bayrağı!
Hifz eyləsin daim xuda,
Əydirmərik heç vaxt yada,
Uğrunda can olsun fəda,
Azərbaycan bayrağı!